Azərbaycanın neft strategiyası davamlı iqtisadi
inkişafın qarantıdır
Müasir dövr
dünyada daha çox qloballaşma proseslərinin sürətlənməsi,
inteqrativ əlaqələrin daha da güclənməsi ilə
xarakterizə olunur. Eyni zamanda, XXI əsr həm də
davamlı inkişaf əsri kimi qəbul edilir. Məhz bu
baxımdan bir çox elm adamları, müxtəlif ölkələrin
alimləri davamlı inkışafa keçid məsələsinin
tamamilə qlobal xarakter daşıdığını
vurğulayırlar.
Qloballaşan dünyada
isə davamlı inkişafın təmin edilməsi daxili və
xarici amillərin qarşılıqlı əlaqəsindən
asılıdır. Müasir dövrdə bu meyl ÜDM
artımının xarici iqtisadi amillərlə şərtlənməsini
tələb edir. Davamlı inkişafın nəzəri-praktiki
əhəmiyyəti iqtisadi səmərəliliyin təmin
edilməsi, sosial müdafiə və ekoloji təhlükəsizlik
kimi məsələlərinə kompleks şəkildə
yanaşılması, eləcə də bütün
bunların vahid prinsiplər sistemində birləşdirilməsidir.
İstər davamlı iqtisadi inkişafın təmin edilməsi
və iqtisadiyyatın qloballaşması, istərsə də
milli iqtisadiyyatda müşahidə edilən inkişaf proseslərinin
tarazlaşdırılması hazırda iqtisad elmindən və
iqtisadçılardan təcili həllini tələb edən
aktual problemlərdən biri hesab olunur. Bu baxımdan da milli
iqtisadiyyatın qloballaşması, davamlı iqtisadi artım və
tarazlı inkişaf problemlərinin qarşılıqlı təhlili
daha məqsədəuyğun hesab edilir. Təbii ki, söhbət
qloballaşmadan və dövlətlərin bir-birinə
inteqrasiyasından gedirsə, bu prosesləri nəqliyyat əlaqələri,
tranzit xidmətləri olmadan təsəvvür etmək
qeyri-mümkündür. Başqa sözlə desək,
aparıcı inteqrativ əlaqələrdən olan nəqliyyat
əlaqələri həm də davamlı iqtisadi
inkişafın mühüm amili kimi qəbul edilə bilər.
Ümumiyyətlə, hər bir ölkənin nəqliyyat
sisteminin vəziyyəti, coğrafi mövqeyi və tranzit
imkanları onun dünyaya inteqrasiyasında və iqtisadi
inkişafında mühüm rol oynayır. Bu baxımdan
ölkəmizin əlverişli coğrafi mövqeyi onu Avropa və
Asiya dövlətləri arasında obyektiv olaraq iqtisadi və
geosiyasi körpü rolunu oynamağa vadar edir və
respublikamızın beynəlxalq tranzitdə yaxından
iştirakına şərait yaradır. Hal-hazırda isə
TRASEKA, TACİS, İNOQEYT və s. iri regional layihələrin
reallaşması ölkəmizin gələcəkdə tranzit
xidmətlərindən daha çox faydalanmasına səbəb
ola bilər. Bunun üçün Azərbaycanda beynəlxalq
standartlara uyğun tranzit xidmətləri potensialının formalaşdırılması
zəruridir.
Öz mahiyyətinə
görə tranzit – nəqliyyat vasitəsi və yükün
ölkə ərazisindən keçdiyi yol boyunca yük sahibi
və daşıyıcısına milli
daşıyıcı, ekspeditor, rabitə şirkətləri
tərəfindən göstərilən nəqliyyat xidmətlərinin
məcmusudur. Bu xidmətlərin çeşidi yerli nəqliyyat
müəssisələrinin inkişaf səviyyəsındən
və göstərilən xidmətlərin keyfiyyətindən
asılıdır. Bundan başqa, tranzit ölkə nəqliyyat
sisteminin infrastruktur sahələrinin də inkişafına
böyük təkan verməklə nəqliyyat vasitələrini
yanacaqla təmin edən məntəqələrin, iaşə
və ticarət xidmətlərinin, nəqliyyat vasitələrinin
təmiri və onlara servis xidmətlərinin göstərilməsi
kimi müvafiq sahələrin də geniş inkişafına
şərait yaradır. Doğrudur, tranzit imkanlarının
artırılmasına və beynəlxalq tələblərə
uyğun potensialın yaradılmasına yönəldilmiş
tədbirlər böyük kapital qoyuluşu tələb edir.
Tədqiqatlardan məlum
olur ki, dünya təcrübəsində tranzit yalnız
iqtisadi deyil, həm də dövlətin beynəlxalq aləmdə
yerini müəyyənləşdirən siyasi amil kimi də
qiymətləndirilir. Eyni zamanda, keyfiyyətli tranzit xidmətləri
dövlət büdcəsinin formalaşmasında da
mühüm rol oynayır. Araşdırmalar göstərir ki,
dünyanın Avstriya, Almaniya, Səudiyyə Ərəbistanı,
Baltikyanı dövlətlər və s. kimi bir sıra ölkələri
öz əlverişli coğrafi mövqelərindən istifadə
edərək tranziti milli büdcələrinin əhəmiyyətli
gəlir mənbəyinə çevirə bilmişlər. Ümumiyyətlə,
tranzit potensialına malik olmaq və bu potensialdan yararlanmaq istəyi
müasir dünyada demək olar ki, dinamik inkişaf edən hər
bir dövlətin strateji məqsədlərinə aiddir. Ancaq
nəzərə almaq lazımdır ki, bu məqsədə
çatmaq üçün ölkənin malik olduğu təbii
potensial, onun coğrafi mövqeyi və s. kimi amillər
mühüm əhəmiyyət kəsb edir.
Bu gün milli
iqtisadiyyatın təşəkkülündə və formalaşmasında
respublikamızın vahid nəqliyyat sisteminin bir qolu olan boru kəməri
nəqliyyatı prioritet əhəmiyyət kəsb edir. Təbii
ki, burada əsas səbəb ölkəmizin ixrac
potensialının əsasını neft və neft məhsullarının
təşkil etməsidir. Neft respublikamızın ən zəngin
təbii sərvətidir və onun ölkə
iqtisadiyyatının inkişafında əvəzsiz rolu
vardır. Bünövrəsi ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulan böyük neft strategiyası
1994-cü ilin sentyabrında 15 dövlətdən 33 şirkətin
iştirakı ilə imzalanan “Əsrin müqaviləsi”nin
reallaşması üçün labüd şərait
yaratdı. Sonra bu çoxlarının inanmadığı,
dövlətimizin siyasi, iqtisadi və s. cəhətdən
inkişafına önəmli təkan verəcək,
ümummilli lider Heydər Əliyevin adını
daşıyan Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəməri
istismara verildi. Tezliklə bu əsas ixrac kəməri
özünün yüksək rəqabətqabiliyyətliliyi,
səmərəliliyi, təhlükəsizliyi və s. kimi cəlbedici
xüsusiyyətləri ilə neft ixrac edən digər
dövlətlərin də diqqətini cəlb etdi və
Qazaxıstan dövləti də öz neftinin bu kəmərlə
nəql edilməsi barədə müqavilə imzaladı. Bu
isə bir daha sübut edir ki, Azərbaycan Respublikası BTC əsas
ixrac neft kəmərindən həm hasil edilən neftin
dünya bazarlarına çıxarılması ilə, həm
də tranzit xidmətləri göstərməklə bəhrələnəcəkdir.
Təbii ki, “Əsrin
müqaviləsi” adı ilə bütün dünyada
tanınmış bu müqavilənin imzalanması, eləcə
də onun gerçəkləşməsi müstəqil Azərbaycanın
iqtisadi inkışaf konsepsiyasını təşkil edən
və böyük siyasətçi olan ulu öndər Heydər
Əliyev tərəfindən işlənib hazırlanan neft
strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Azərbaycanın “Əsrin müqaviləsi”ndən başlanan
yolu haqqında ümummilli lider Heydər Əliyev demişdir:
“1994-cü ildən Azərbaycan dövləti
özünün yeni neft strategiyasını həyata
keçirir və bu strategiyanın da əsas mənası, əsas
prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən,
o cümlədən neft və qaz sərvətlərindən
Azərbaycan xalqının rifahı naminə daha da səmərəli
istifadə etməkdən ibarətdir”.
Ötən dövrdə
Heydər Əliyevin bilavasitə iştirakı ilə
Bakıda, həmçinin dünyanın ən iri
paytaxtları olan Vaşinqton, Moskva, London, Parisin möhtəşəm
saraylarında xarici ölkələrin neft şirkətləri
ilə 21 neft sazişi imzalanmışdır. Bu gün həmin
sazişlərin həyata keçirilməsində
dünyanın 14 ölkəsinin 30 neft şirkəti
iştirak edir. Bu sazişlərdə Azərbaycanın neft-qaz
sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində
sərmayə qoyuluşu nəzərdə tutulmuşdur ki,
bunun da əksər hissəsi artıq ölkəmizə
investisiya şəklində qoyulmuşdur. Hazırda Azərbaycan
Respublikasının karbohidrogen ehtiyatları, bütün
kateqoriyaları üzrə 4 milyard tondan çoxdur ki, bu da
ölkəmizin dünyanın ən iri neft regionları
sırasında olduğunu göstərir.
1999-cu il aprelin 17-də
müstəqil Azərbaycanın tarixində fövqəladə
əhəmiyyətli daha bir hadisə baş vermişdir. Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev,
Gürcüstan Prezidenti Eduard Şevardnadze və Ukrayna
Prezidenti Leonid Kuçmanın iştırakı ilə
Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz
sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir.
“Çıraq” yatağından
hasil olunan neftin Supsa limanından dünya bazarlarına
ixracına başlanmış və beləliklə, bir əsrə
yaxın fasilədən sonra ilk dəfə olaraq Azərbaycan
nefti şimala yox, qərbə istiqamət
götürmüşdür. O dövrdən keçən
müddət ərzində Azərbaycan Respublikasının
siyasi, iqtisadi, sosial və digər sahələrində
müşahidə edilən inkişaf prosesi növbəti dəfə
ümummilli lider Heydər Əliyevin uzaqgörənliyini, onun
siyasi, iqtisadi, kommersiya və s. göstəricilərin dəqiq
hesablanmış balanslı və Azərbaycanın
uzunmüddətli strateji maraqları üzərində
qurduğu çoxvariantlı ixrac strategiyasının əsaslı
və ən optimal olduğunu bir daha sübut etdi.
Bu gün “Əsrin
müqaviləsi”nin imzalanmasından 15 ilə yaxın vaxt
ötür. Bu, tarix üçün çox kiçik zaman kəsiyi
olsa da, Azərbaycan dövlətinin iqtisadi inkişafı və
beynəlxalq nüfuzunun artırılması baxımından
mühüm hadisələrlə yaddaşlara həkk
olunmuşdur. Azərbaycanın müstəqillik salnaməsinə
qızıl hərflərlə həkk olunan və xəyalları
gerçəkləşdirən bu illər Heydər Əliyevin
neft strategiyasının təntənəsıni bütün
dünyaya nümayiş etdirdi. 1994-cü il sentyabrın 20-də
Bakının “Gülüstan” sarayında “Xəzər dənizinin
Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli”
yataqlarının dərinlikdə yerləşən hissəsinin
birgə işlənməsi və neft hasilatının pay
bölgüsü haqqında” Azərbaycan Respublikasının
Dövlət Neft Şirkəti ilə dünyanın
tanınmış neft şirkətləri arasında tarixi sənəd
imzalandı. Bu, Azərbaycan Respublikasının imza
atdığı ilk beynəlxalq neft anlaşması idi və
ilk gündən adı, tarixi önəmi və gələcəyə
hesablanmış strateji mahiyyəti ilə müstəqillik
salnaməmizdə ən layiqli yerini tutdu. Bu müqavilə
ümummilli lider Heydər Əliyevin Azərbaycanın nurlu
sabahına işıq saçan neft strategiyasının əzəmətli
səhifəsi idi. Təəssüf ki, bu layihəni əfsanə,
xəyal adlandıranlar, reallaşacağına inanmayanlar, onu əngəlləmək
üçün dəridən-qabıqdan çıxanlar da
yetərincə idi. Amma layihənin müəllifi ümummilli
lider Heydər Əliyev hər şeyə rəğmən
özünün qətiyyətli, uzaqgörən siyasətini
addım-addım həyata keçirməyə başladı.
Hazırda Azərbaycan
iqtisadiyyatı ümummilli lider Heydər Əliyevin
yaratdığı təməl üzərində hərtərəfli
və dinamik inkişaf edir. Bu gün ölkədə
mühüm qlobal proqramlar, irimiqyaslı layihələr,
müxtəlif sahələri əhatə edən
çoxsaylı dövlət proqramları həyata
keçirilməkdədir ki, bütün bunlar da ən ümdə
məqsədə - Azərbaycan dövlətinin iqtisadi
qüdrətinin, nüfuzunun artmasına, beynəlxalq aləmdə
ədalətli mövqeyinin təmin olunmasına, eləcə
də ölkədə davamlı iqtisadi inkişafın bərqərar
edilməsinə xidmət edir.
Artıq Azərbaycan Respublikası
beynəlxalq aləmdə zəngin neft-qaz ölkəsi olmaqla
yanaşı, həm də güclü tranzit potensialına
malik bir ölkə kimi də bölgədə liderliyini inamla
davam etdirir. Ölkə iqtisadiyyatındakı dinamik proseslər
daha da güclənir, güclü sənaye potensialı yaranır,
sosial problemlərin həlli istiqamətində görülən
tədbirlər öz bəhrəsini verir. Dövlətimizin
BTC, Şərq-Qərb, Şimal-Cənub, Bakı-Tbilisi-Qars və
digər iri layihələrdəki iştirakdan əldə
etdiyi uğurları artıq iqtisadi durumda aydın hiss etməkdəyik.
Ulu öndər Heydər
Əliyevin adını daşıyan BTC təkcə Azərbaycan
üçün deyil, ümumilikdə beynəlxalq aləmdə
enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində
ölkəmizlə uğurlu tərəfdaşlıq edən
dövlətlər üçün də müstəsna əhəmiyyət
kəsb edən bir layihədir. Məhz belə layihələrin
həyata keçirilməsi, ölkə daxilində də
infrastruktur sahələrin təkmilləşdirilməsi zərurəti
yaratmışdır. Bu gün infrastruktur layihələrinə
dövlət büdcəsindən ayırmaların ilbəil
yüksək templə artması Heydər Əliyev iqtisadi
strategiyasının uğurla davam etdirilməsini və
dövlət başçısı cənab İlham Əliyevin
bu məsələyə necə böyük həssaslıqla
yanaşdığını sübut edən bir göstəricidir.
Əgər 2006-cı ilin dövlət büdcəsində
investisiya layihələrinin maliyyələşdirilməsinə
600 milyon manat ayrılmışdırsa, 2007-ci ildə bu rəqəm
1,5 milyard manat, 2008-ci ildə isə infrastruktur layihələrin
həyata keçirilməsi 3 milyard manat təşkil
etmişdir ki, bu da Azərbaycan hökumətinin bu sahədə
yeniləşməyə xüsusi diqqət yetirdiyini sübut
edir. Ötən il üçün ayrılmış vəsait
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramında nəzərdə tutulmuş məqsədlərin
gerçəkləşdirilməsınə, ilk növbədə,
infrastrukturun yeniləşdirilməsinə yönəldilmişdir.
Ölkədə
genişmiqyaslı tikinti-abadlıq, sosial-mədəni quruculuq
işlərinin həyata keçirilməsi, yolların
abadlaşdırılması, eyni zamanda, Bakı şəhərində
nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədilə
yeni körpülərin, yolayrıcılarının,
yeraltı keçidlərin tıkintısi, mədəniyyət
və incəsənət abidələrınin bərpası,
yeni məktəblərin, səhiyyə ocaqlarının
inşası və dıgər mühüm tədbirlər məhz
investisiya xərclərinin artırılması sayəsində
mümkün olmuşdur. Bütün bunlar da, ilk növbədə,
ölkə vətəndaşlarının firavan
yaşayışına xidmət edir. Təbii ki, əldə
edilən nailiyyətlərin başlıca səbəblərindən
biri də Azərbaycanın tranzit potensialının
artırılması və bundan səmərəli istifadə
edilməsidir.
Ölkədə
müşahidə edilən sürətli iqtisadi inkişaf nəqliyyat
sektorunda daha qabarıq şəkildə nəzərə
çarpır. Dövlət başçısının rəhbərliyi
ilə nəqliyyat sektorunda aparılan quruculuq işlərinin
və infrastruktur layihələrin nəticəsidir ki,
hazırda Azərbaycan Respublikasında nəqliyyat sektorunun
müasir səviyyədə qurulması, infrastruktur sahələrin
təkmilləşdirilməsi, yeni yolların və yol
ötürücülərinin tıkintisi istiqamətində
iri beynəlxalq, regional və yerli layihələr həyata
keçirilməkdədir. Respublikamızda magistral avtomobil
yollarının beynəlxalq standartlara uyğun yenidən
qurulması, qədim İpək Yolunun bərpası,
regionlarda beynəlxalq səviyyəli hava limanlarının
inşası, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum
qaz kəmərlərinin çəkilişi,
Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun tikintisinə
başlanılması, paytaxt Bakı şəhərində
bir-birindən yaraşıqlı, möhtəşəm
körpülərin və digər yol ötürücülərinin
istifadəyə verilməsi nəqliyyat sektorunun
imkanlarını xeyli genişləndirmişdir. Nəqliyyat
sektorunda əldə edilmiş uğurlar digər iqtisadi
göstəricilərdə də öz əksini tapır. Başqa
sözlə desək, nəqliyyat sektorunda qazanılmış
uğurlar ümumi iqtisadi göstəricilərin
artımına da şərait yaratmışdır. Son
dövrlər ölkəmizin sosial və iqtisadi sahədə əldə
etdiyi uğurlar bunun bariz nümunəsidir. İndi hamı
aydın görür ki, Azərbaycanda özəl sektor sürətlə
inkişaf edir, ölkədə yeni iş yerləri
açılır. Azərbaycan hakimiyyəti son illər
ixracyönümlü sahibkarlığın inkişaf etdirilməsi
istiqamətində ardıcıl tədbirlərini davam etdirir.
Ona görə ki, istehsal sahələrinin artımı yeni
iş yerləri yaratmaqla yanaşı, həm də məhsul
təklifini artırmaqla rəqabətin güclənməsinə,
keyfiyyət artımına və nəhayət yeni bazarların
axtarışına təkan verir, bu da öz növbəsində,
ixrac potensialını yüksəldən amildir. Ölkəmizin
davamlı iqtisadi inkişafını xarakterizə edən
göstəricilərin siyahısını genişləndirmək
olar. Ancaq tam əminliklə qeyd etmək lazımdır ki,
minbir zəhmətlə başa gələn və əsası
ümummilli lider Heydər Əliyev tərəfindən “Əsrin
müqaviləsi” ilə qoyulmuş neft strategiyası Azərbaycanın
ümumi iqtisadi strategiyasının formalaşmasına və
bu strategiyanın uğurla həyata keçirilməsinə zəmin
yaratmışdır. Statistik araşdırmalar və
müşahidələr sübut edir ki, Azərbaycanın
Şərq-Qərb, Şimal-Cənub və s. iri layihələrdə
iştirakı bölgədə təhlükəsizliyin və
sülhün qarantı, davamlı iqtisadi inkişafın təmınatçısı
kimi həyati əhəmiyyət kəsb edir. İldə 50
milyon ton Azərbaycan nefti nəql edəcək BTC
dünyanın enerji layihələri arasında çox
mühüm yer tutur və XXI əsrin ilk nəhəng enerji
layihəsidir. Son illər həyata keçirilən davamlı
uğurlu iqtisadi islahatlar və
düşünülmüş xarici siyasət bu nəticəyə
gəlməyə əsas verir ki, “Üç dənizin əfsanəsi”
adlanan BTC neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərləri
kimi, Qars-Tbilisi-Bakı dəmir yolu və digər layihələr
də tezliklə reallaşaraq Azərbaycanın daha da qüdrətli
dövlət olmasını təmin edəcək və
ölkənin davamlı iqtisadi inkişafının
qarantına çevriləcəkdir.
Aqil Əsədov
Xalq qəzeti.- 2009.- 25 avqust.- S. 1; 2.