Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri
həll etməyə qadir bir ordudur
Bu gün Azərbaycan
sözün əsl mənasında, bölgədə ən
yüksək mövqelərə malik bir ölkədir. Əlbəttə,
bu mövqeni şərtləndirən mühüm amillər
vardır. Bu amillər böyük iqtisadi potensial və
güclü ordudur. Güclü ordu güclü dövlət
deməkdir. Bizim məqsədimiz güclü ordu
yaratmaqdır. Biz bunu edirik, yaradırıq, biz daha da möhkəm
orduya malik olacağıq.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
yaradılması müstəqil Azərbaycanın dövlət
quruculuğunun mühüm nailiyyətlərindən biridir. Milli Ordumuzun
yaradılmasının tarixi əslində Azərbaycanın
müstəqilliyinin, suverenliyinin salnaməsidir.
Azərbaycan Milli Ordusunun əsası
hələ XX əsrin əvvəllərində qoyulmuşdur.
Bu, bizim tariximizdə çox əlamətdar və
yadda qalan siyasi hadisə idi. 1918-ci ildə müstəqil Azərbaycan
Demokratik Respublikası yarandıqdan sonra onun Milli Ordusu da
yaradıldı. Dövlətin dövlət olması
üçün Milli Ordunun təşəkkül tapması ən
vacib amillərdən biridir. Çünki ordu Vətəni
müdafiə edir, yadelli düşmənlərdən
qoruyur. Güclü, qüdrətli ordusu olmayan
dövlət uzun müddət öz müstəqilliyini qoruya
bilməz. 1918-ci ildə öz müstəqilliyini elan etmiş
Azərbaycan Xalq Cümhuriyyətinin uzun müddət
yaşaya bilməməsinin əsas səbəblərindən
biri də güclü, qüdrətli orduya malik olmaması
idi.
1991-ci ildə Sovet
İttifaqının dağılması nəticəsində
Azərbaycan öz dövlət müstəqilliyini yenidən
bərpa etdi. Həmin vaxt ən zəruri vəzifələrdən
biri Milli Ordunun yaradılması idi. Əfsuslar olsun ki, o
dövrdə hakimiyyətə rəhbərlik edənlər Azərbaycanın
milli, nizami ordusunu yarada bilmədilər. Ordu quruculuğu
prosesi tamamilə unudulmuşdu. Vahid ordunun
olmaması üzündən Azərbaycan məğlubiyyətlərə
uğrayır, Ermənistanın təcavüzü
qarşısında aciz qalır, torpaqlarımızı
itirirdik. Ölkədə yaranmış anarxiya, xaos və
özbaşınalıqdan istifadə edən ayrı-ayrı
şəxslər sərhəd bölgələrindəki əsgər
və zabitləri öz ətraflarında cəmləşdirərək
mövqelərini möhkəmləndirməyə
çalışırdılar. Müxtəlif adamlara xidmət
göstərən özünümüdafiə batalyonları
isə əhalidə xof yaradır, bəzən isə erməni
separatçıları ilə əlaqəyə girərək
çirkin işlərlə məşğul olurdular. Belə
özbaşınalığın və
başıpozuqluğun acı nəticəsi nəhayət ki,
1993-cü ildə özünü açıq şəkildə
büruzə verdi. AXC-Müsavat
cütlüyünün Milli Qəhrəman səviyyəsinə
qaldırdığı korpus komandiri, polkovnik Surət
Hüseynov başçılıq etdiyi silahlı qoşun
birləşmələrini sərhəd bölgəsindən
ayıraraq paytaxta, hakimiyyətin üzərinə yönəltdi.
Nəticədə öz silahlı qüvvələrimiz
qarşı-qarşıya gəldi... və qardaş qanı
töküldü.
Xalqın təkidli
tələbi və xahişi ilə 1993-cü ilin iyununda yenidən
siyasi hakimiyyətə qayıdan, ümummilli lider Heydər Əliyev
ordu quruculuğu prosesini vacib və zurəri məsələ
kimi diqqət mərkəzində saxladı. Ulu öndər qətiyyətlə
deyirdi ki, Azərbaycan Respublikası özünü müdafiə
etməyə qadir
orduya malik olmalıdır. 1991-1993-cü illər ərzində
hər gün döyüş bölgələrindən şəhid
cənazələri gətirilirdi. Azərbaycan xalqı bu illər
ərzində on mindən çox şəhid vermişdi.
Yüzlərlə igid döyüşçümüz Vətən
uğrunda gedən vuruşlarda yaralanmış,
sağlamlığını itirmiş, ağır bədən
xəsarətləri almışdı. Bütün bunlar
orduda vahid komandanlığın olmamasının acı nəticələri
idi.
1991-ci ilin sentyabr
ayında Azərbaycan Respublikasının Ali Soveti Müdafiə
Nazirliyinin və həmin ilin oktyabr ayında isə Silahlı
Qüvvələrin yaradılması haqqında qanun qəbul
etsə də, nizami ordu yaradılmadı. O zamankı ölkə
rəhbərliyinin düşüncəsinin məhsulu olaraq
özünümüdafiə ərazi taburları yaradıldı və bunun da son aqibəti
hamımızın yadındadır.
Ümummilli lider Heydər Əliyevin
Azərbaycan xalqı qarşısında ən böyük
xidmətlərindən biri də nizami, Milli Ordunu
yaratmasıdır. Məhz ulu öndərin
müstəsna fəaliyyəti nəticəsində Azərbaycanda
ordu quruculuğu prosesi çox sürətlə
aparıldı. Ümummilli lider erməni
işğalçılarının aramsız atəş
açmalarına baxmayaraq, səngərlərdə Azərbaycan
əsgərləri ilə çiyin-çiyinə dayandı,
onlara ürək-dirək verərək
ruhlandırdı, mənəvi dayaq, etibarlı arxa oldu. Zaman
keçdikcə Azərbaycan Silahlı Qüvvələrini
özünümüdafiə dəstələrindən beynəlxalq
standartlara cavab verən, vahid komandanlıqdan idarə olunan
qüdrətli hərbi struktura çevirdi. Orduda vəziyyət
köklü surətdə dəyişdi. Ulu öndər o zaman
çıxışlarının birində demişdir: “Azərbaycanın
dövlət quruculuğunda əsas yerlərdən biri
güclü ordumuzun yaradılmasıdır... Azərbaycan
bir tərəfdən Ermənistanın təcavüzünə
məruz qaldığına, ikinci tərəfdən təkcə
bu gün yox, gələcəkdə də həmişə
öz torpaqlarını, öz mənafelərini qorumaq
üçün güclü orduya malik olmalıdır”.
Ordu quruculuğu prosesinin sürətlənməsi
Azərbaycanın sülh danışıqlarında mövqelərini
daha da möhkəmləndirdi. Böyük tarixi
şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi sayəsində
Azərbaycanda Silahlı Qüvvələrin Hərbi
Akademiyası, Təlim və Tədris Mərkəzi, Azərbaycan
Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik
Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik
Məktəbi, Azərbaycan Dövlət
Tibb Universitetinin nəzdində hərbi tibbi fakültə,
orta hərbi tibb məktəbi, habelə Cəmşid
Naxçıvanski adına Hərbi Lisey yaradıldı.
2001-ci ilin avqust ayında Azərbayan Silahlı Qüvvələrinin
həyatında çox əlamətdar, tarixi hadisə baş
verdi. İlk dəfə olaraq Azərbaycan Ali Hərbi Məktəbinin
müasir standartlara uyğun proqramla hazırlanmış məzunlarının
ilk buraxılış mərasimi keçirildi. Bu, NATO
standartlarına keçmiş hərbi təhsil sisteminə
müvafiq hazırlıq almış ilk zabit kadrlarımız
idi. Bu, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu
prosesində, Milli Ordu yaradılması sahəsində gərgin
əməyinin bəhrəsi idi.
Azərbaycan
Respublikası ilə NATO arasında fərdi əlaqələndirmə
proqramı əsasında Silahlı Qüvvələrimizin
nümayəndələri NATO-nun hərbi məktəbləri,
kollecləri və başqa strukturlarında keçirilən
sülhməramlı kurslarda, Avropada təhlükəsizlik sahəsində
əməkdaşlıq, adi silahlara nəzarət, böhran vəziyyətini
idarəetmə, ətraf mühitin mühafizəsi, inteqrasiya
proseslərinin genişləndirilməsi və digər tədbirlərdə
iştirakı Milli Ordumuzun peşəkarlığını
daha da artırmışdır.
Ümummilli liderin ideyalarını
layiqincə həyata keçirən möhtərəm
Prezidentimiz İlham Əliyev ordu quruculuğu prosesini daha da
sürətləndirdi. Ordunun güclənməsi
üçün lazım olan bütün imkanlardan səmərəli
istifadə olundu. Möhtərəm Prezidentimiz də mütəmadi
olaraq cəbhə bölgələrində dayanan əsgərlərlə
səngərlərdə görüşür, Azərbaycan
Ordusunun hansı səviyyədə olmasını şəxsən
müşahidə edirdi. Ali Baş Komandan bir daha əmin olurdu
ki, orduda ruh yüksəkliyinin artırılması, peşəkarlıq,
müasir standartlara uyğunlaşma prosesi çox sürətlə
gedir. Bununla yanaşı, Milli Ordumuzun
maddi-texniki bazasının möhkəmləndirilməsi də
ciddi nəzarətdə saxlanılırdı. Müqayisə
üçün diqqətə çatdırım ki, son
beş il ərzində Azərbaycanın hərbi xərcləri
10 dəfədən çox artmış və hazırda 2
milyard dolları ötmüşdür. Son bir neçə
il ərzində ölkədə müasir tələblərə
cavab verən çox güclü hərbi sənaye kompleksi
yaradılıb. Dövlət başçımızın sərəncamı
ilə Müdafiə Sənayesi Nazirliyinin yaradılması bu
baxımdan diqqəti daha çox cəlb edir. Hərbi sənaye
kompleksinin yeni tərkib hissəsi olan zavodların
açılmasından sonra ölkəmizdə bu sahədə
istehsal olunan məhsullar dünya standartlarına uyğundur.
Möhtərəm Prezidentimizin rəhbərliyi altında Azərbaycanın
hərbi potensialının gücləndirilməsi, beynəlxalq
standartlara cavab verən müasir ordunun yaranması və Milli
Ordumuzun daha da qüdrətlənməsi üçün xeyli
iş görülmüşdür. Artıq işğal
altında olan torpaqlarımızı azad etməyə qadir
nizami ordumuz var. Biz Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 90-cı ildönümü münasibətilə
Bakıda — Azadlıq meydanında keçirilən hərbi
parad zamanı da bunun şahidi olduq. Təkcə Azərbaycan
xalqı deyil, dünyanın əksər ölkələri
müstəqil dövlətimizin necə güclü, qüdrətli
orduya malik olduğunu müşahidə etdi. Hərbi
paradda Silahlı Qüvvələrin bütün qoşun
növlərinin, hərbi birlik və birləşmələrin,
hərbi tədris müəssisələrinin, həmçinin
qanunvericilikdə nəzərdə tutulan başqa silahlı
birləşmələrin 4510 nəfərlik şəxsi heyəti,
210 modernləşdirilmiş hərbi texnika,
döyüş vertolyotları, təyyarələri, gəmiləri
və qayıqlar iştirak edirdi. Bu möhtəşəm tədbir
möhtərəm Prezidentimiz İlham Əliyevin, qüdrətli
şəxsiyyət Heydər Əliyev ideyalarına sədaqət
və ehtiramının təcəssümü idi. Həmçinin
Azərbaycan Silahlı Qüvvələrinin güc və
qüdrətinin nümayişi idi. Hərbi
paradın keçirilməsindən bir gün sonra ölkəmizə
səfərə gəlmiş NATO baş katibinin Cənubi
Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi
Robert Simmons dövlət başçımızla
görüşərkən Azərbaycan- NATO əməkdaşlığının
hazırkı vəziyyəti və
perspektivlərindən məmnunluqla söhbət açmış,
hərbi paradın yüksək səviyyədə
keçirildiyini vurğulamış və bu münasibətlə
Prezident İlham Əliyevi təbrik etmişdir. Ümumiyyətlə,
NATO nümayəndələrindən hər hansı biri
ölkəmizə səfər edərkən Azərbaycan
Silahlı Qüvvələrinin bu nüfuzlu qurumun
standartlarına uyğunlaşdırılması istiqamətində
görülən işləri yüksək qiymətləndirmişdir.
Azərbaycan əsgər və zabitlərinin sülhməramlı
qüvvələrin tərkibində Kosovoda, İraqda və Əfqanıstanda
yüksək fəallıq gbstərmələri də NATO əməkdaşları
tərəfindən müsbət dəyərləndirilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan Ordusunun beynəlxalq standartlar,
xüsusilə NATO səviyyəsində inkişafı
üçün bütün zəruri addımlar
atılır. Ordu quruculuğunun, peşəkarlığın
daha da artırılması üçün mühüm əhəmiyyət
kəsb edən tədbirlər müvəffəqiyyətlə,
ardıcıl surətdə həyata keçirilir. Təsadüfi
deyildir ki, bu gün orduda fərarilik halları tamamilə
aradan qaldırılıb.
Hazırda Azərbaycan Silahlı
Qüvvələri müasir texnika ilə təchiz edilmiş,
Vətənin müdafiəsinə daim hazır vəziyyətdə
olan yüksək nizam-intizama malik bir ordudur. Buna baxmayaraq, ordu
quruculuğu prosesi uğurla davam etdirilir. Bu gün Azərbaycan
Ordusu sözün həqiqi mənasında bölgədə ən
güclü ordudur. Güclü ordu güclü dövlət
deməkdir. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri
həll etməyə qadir bir ordudur.
Əliqismət Bədəlov
Xalq qəzeti.- 2009.- 25 avqust.- S. 3.