90 il xalqın xidmətində

 

Xalq qəzeti-90

 

Xalqımızın XX yüzillikdə keçdiyi mürəkkəb və şərəfli tarixi yol hələ də özünün fundamental obyektiv tədqiqini gözləyir. Bununla əlaqədar olaraq ümummilli liderimiz, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin 1996-cı il aprelin 6-da ümumxalq nümayəndələri toplantısında “Xalqın birliyi və həmrəyliyi dövlətçiliyimizi daha da möhkəmləndirməyin həlledici amilidir” adlı yekun nitqində söylədiyi kimi “Azərbaycanın çoxəsrlik tarixi var. ... XX əsr bəşər tarixində çox görkəmli yer tutur. Hər bir ölkə, hər bir xalq XX əsrdə öz xalqı, ölkəsi üçün nələr əldə etdiyini, nələr itirdiyini əsrin sonuna qədər yekunlaşdırmalıdır. Biz Azərbaycanın XX əsr tarixini yazmalıyıq. XX əsrdə keçdiyimiz yolu araşdırmalıyıq, tədqiq etməliyik. Nə əldə etdiyimizi, nə itirdiyimizi müəyyən etməliyik. Bu, bizim ümumi vəzifəmizdir. Alimlərimizin, tədqiqatçılarımızın qarşısında duran vəzifədir. Biz bunu etməliyik”.

Yaşadığımız mərhələnin mühümlüyü barədə danışan ümummilli liderimiz Heydər Əliyev 1997-ci il yanvarın 31-də Azərbaycan EA-nın aparıcı alimləri ilə görüşündə demişdir: “70-ci illərdə mən dəfələrlə Elmlər Akademiyasının qarşısında vəzifə qoymuşdum ki, Azərbaycanın tarixi yazılmalıdır. Amma bu gün mənim haqqım var deyəm ki, tarixçilərimiz bu vəzifəni yerinə yetirmədilər, Azərbaycanın tarixi yazılmalıdır. Bizim tarixçiləimiz bir tərəfdən çəkişmə ilə məşğul oldular, hərə öz konsepsiyasını irəliyə aparmağa çalışdı. Amma Azərbaycanın tarixi yazılmalıdır. Alimlərimizin, tarixçilərimizin günahından yox, o vaxtkı ümumi ideologiyanın təsiri, yaxud bu ideoloqiyanın tələbi ilə yazılan tarix də, şübhəsiz ki, indi bizi qane edə bilməz” .

Azərbaycan Respublıkasının Prezidenti cənab İlham Əliyev də dəfələrlə Azərbaycan tarixınin, o cümlədən XX əsr tarixinin hərtərəfli tədqiqinə diqqət yetirilməsini vurğulamışdır.

Ümummilli liderimiz Heydər Əliyevin haqlı iradından sonra tarixçilərimiz 7 cildlik “Azərbaycan tarixi”ni nəşr etdirdilər. Bir çox qaranlıq məqamların üzərinə işıq saldılar. Amma bu “qaranlıq məqamlar” o qədər çoxdur ki, onların yeni baxımdan ətraflı və obyektiv tədqiqinə hələ uzun illər vaxt lazım olacaq.

Azərbaycan tarıxınin ən zəngin dövrlərindən biri olan 1920-1928-ci illər ölkədə xalq təsərrüfatının bərpasını əhatə edən dövrdür. Azərbaycan Respublikasının bugünkü gerçəkliyi tədqiqatçılarımızın qarşısında həmin dövrdə xalq təsərrüfatının bərpasını, mədəniyyət və maarifin, əhalinin intellektual səviyyəsinin inkişafını hərtərəfli öyrənməyə imkan verən tədqiqat əsərləri yaratmaq vəzifəsini qoyur.

20-ci illərin tarixi təcrübəsinin öyrənilməsinin elmi-nəzəri və praktiki aktuallığı həmin illərlə bu günümüzün qarşısında duran vəzifələrin – keçid dövrü üçün xarakterik olan dağılmış xalq təsərrüfatının bərpası, dövlət strukturlarının təkmilləşdirilməsi, siyasi və iqtisadi suverenliyin təmin olunması, səmərəli xarici siyasət və xarici iqtisadi əlaqələrin qurulması, mədəniyyət sahəsində zəruri tədbirlərin həyata keçirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, xüsusilə də indiki erməni təcavüzü və böyük dövlətçilik iddialarından çıxış edən bəzi dövlətlərin Azərbaycana qarşı müxtəlif səpgili iddialarının qarşısının alınması – oxşar xarakterindən irəli gəlir.

Ərzaq və sənaye mallarının yerli istehsalının kəskin çatışmazlığı və qiymətlərin son dərəcə baha olması şəraitində yeni yanaşma metodları əsasında qərəzsiz olaraq 20-ci illərin bərpa, mədəni quruculuq və repressiyalar tarixinin öyrənilməsinin bugünkü tariximiz üçün böyük siyasi, nəzəri və praktiki əhəmiyyəti var. Məhz indi – siyasi müstəqillik şəraitində xalqımızın yerli istehsal məhsulları ilə tam təmin edilməsi məsələsi tam kəskinliyi ilə gündəlikdə durur. Bu məsələnin həllində xalq kütlələrinin ideya-siyasi fəallığının artırılmasında, onların şüuruna təsir edilməsində, ictimai fikirin – əfkari ümumiyyənin yaradılmasında, yeni həyatımızın qurulmasında xalqın güc və imkanlarının səfərbərliyə alınması və təşkilində qüdrətli vasitə sayılan mətbuatın təbliğat və təşviqat, eləcə də təşkilatçılıq rolunun öyrənilməsinin əhəmiyyəti çox vacibdir. Xüsusilə də indiki şəraitdə – gənc demokratik Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi prosesində milli dövlətçilik və iqtisadi inkişaf siyasətinin təbliği və reallaşdırılmasında mətbuatın rolunun əhəmiyyəti son dərəcə böyükdür. Əfsuslar olsun ki, bu gün bir neçə mətbuat orqanı istisna olmaqla, qalanları bu sayaq mühüm təbliğatdan uzaqdırlar, dedi-qodu, münasibətləri araşdırma və s. bu kimi işlərlə məşğuldurlar. Onların dilimizi bərbadlaşdırma baxımından “fəaliyyətlərinə” dair isə deməyə söz də tapılmır...

1921-1928-ci illərdə ölkəmizin xalq təsərrüfatının bərpası üzrə bir çox məsələlərin həllində, iqtisadiyyat məsələlərinin təbliğində AK(b)P MK və BK-nın orqanı olan “Kommunist” qəzeti az rol oynamamışdır. Yarandığı ilk gündən gərgin vəziyyətdə ölkədə qalmış vətənpərvər əhvali-ruhiyyəli ziyalıları ətrafında cəmləşdirən “Kommunist” qəzeti Vətənimizin xalq təsərrüfatının bərpa və inkişaf etdirilməsi, dövlət orqanları və mətbuatın nüfuzunun yüksəldilməsi uğrunda yorulmadan mübarizə aparırdı.

“Kommunist” kütlənin siyasi və mənəvi tərbiyəçisi kimi fəaliyyət göstərirdi. Bu qəzet həmişə tarixi hadisələrin mərkəzində olmuş, xalq kütlələrinə müsbət təsir göstərmiş, respublikanın gündəlik həyatında baş verən bütün məsələlərin həllində siyasi rəhbərliyin mühüm təbliğat vasitəsi olmuşdur. Bir məsələni unutmaq olmaz ki, bu qəzet orqanı olduğu rəhbər təşkilatın siyasətini yerinə yetirməyə borclu idi, onun vəsaiti ilə nəşr olunurdu, amma bununla belə o, milli təəssübkeşliyini heç vaxt unutmamış və həmişə bunun cəzasını çəkmişdir.

Qəzetin səhifələrində digər məsələlərlə yanaşı, xalq təsərrüfatının bərpası və inkişafı məsələləri də mühüm yer tuturdu. Həmin dövrün mətbuat təcrübəsinin indiki şəraitdə xalq təsərrüfatının bərpası və inkişafı sahəsində nəhəng proqramların yerinə yetirilməsi, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiya olunması, məşhur “İpək yolu”nun yenidən canlandırılması, respublikamızda aparılan möhtəşəm quruculuq işlərinin təbliği sahəsində əhəmiyyəti böyükdür.

Ölkəmizin xalq təsərrüfatının yeni – keçmiş sovet respublikaları üçün qeyri-adi olan bazar iqtisadiyyatına keçid şəraitində, Rusiya hərbi və siyasi dairələrinin hərtərəfli dəstəklədiyi Ermənistanın təcavüzü ilə ərazilərimizin 20%-dən artığının itirilməsi şəraitində, bir milyondan artıq vətəndaşımızın qaçqına çevrildiyi və həm kənd təsərrüfatı, həm də sənayedə işçi qüvvəsi balansının pozulduğu, əkin sahələrinin, maldarlığın, üzümlüklərin və bağların sıradan çıxdığı bir şəraitdə 20-ci illərin xalq təsərrüfatının bərpası üzrə təcrübəsinin öyrənilməsi aktuallıq kəsb edir.

Təbii ki, o dövrdəki bir çox statistik məlumatlar və faktiki materiallar yeni baxış və yeni analiz tələb edir. Həmin illərdə xırda müvəffəqiyyətlər şişirdilir, “milli siyasətdə qələbə” kimi təqdim edilirdi. Bütün uğursuzluqlar isə respublika daxilində “millətçi burjua qruplaşmalarının təzahürü” kimi qələmə verilirdi. Yalnız son illərdə nəşr olunan bir sıra əsərlərdə yeni baxışlar diqqəti cəlb edir. İlk belə nəşrlərdən E.İsmayılov, C.Həsənov və T.Qaffarovun yazdıqları “Azərbaycan tarixi” dərsliyini, T.Qaffarovun “Azərbaycan tarixi (1920-1921)” kitabını və F.İbişovun “Azərbaycan kəndində sosial-siyasi proseslər (1920-1930)” adlı fundamental monoqrafiyasını göstərmək olar.

Tədqiqatçılar müxtəlif mətbuat orqanlarına bir mənbə kimi kifayət qədər tez-tez müraciət edirlər. Bu qəbildən istər keçmiş ittifaq miqyasında, istərsə də Azərbaycan miqyasında xeyli tədqiqat işi aparılmış, bu və ya digər məsələnin işıqlandırılmasında mətbuatın rolu araşdırılmışdır. Azərbaycan mətbuatı, o cümlədən “Kommunist” qəzeti də ayrı-ayrı tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Bu qəbildən C.Məhərrəmlinin, N.İmanquliyevin, R.Bayramovun, Q.İsmayılovun adlarını çəkmək olar. “Kommunist” qəzetinin ərəb əlifbası ilə nəşr olunduğu dövr isə tam şəkildə yalnız bizim tərəfimizdən öyrənilmişdir. Tədqiqat prosesində heç bir arxivdə və digər mətbu orqanlarda olmayan, yalnız “Kommunist” qəzetinin səhifələrində özünə yer tapmış çox dəyərli faktlar və materiallar üzə çıxarılmışdır. Məsələn, 20-ci illərdə qonşu respublikalarla bizim aramızda adicə vergi ödənişində böyük fərq var idi. 1923-cü ildə adambaşına bir gürcü 1 rubl 11 qəpik, erməni - 1 rubl 45 qəpik vergi ödəyirdisə, bir azərbaycanlı 2 rubl 32 qəpik ödəyirdi. Növbəti illərdə həmin rəqəm fərqi daha da artırdı. Ümumrespublika üzrə vergiyə də nəzər salaq: qondarma Zaqafqaziya Federasiyasının illik vergisinin 51,7%-ni Azərbaycan, 37,7%-ni Gürcüstan, 10,6%-ni Ermənistan ödəyirdi. Əslində isə Azərbaycan həmişə vergini az qala ikiqat ödəmiş, Gürcüstan və Ermənistan isə bir dəfə də olsun vergi planını yerinə yetirməmişlər. Onların planı Azərbaycanın hesabına ödənilirdi. Zaqafqaziya Federasiyası büdcəsinin bölüşdürülməsində də həmişə Azərbaycana qarşı haqsızlıq edilib, ona çatası vəsaitlər Gürcüstan və Ermənistan arasında halal mal kimi bölüşdürülübdür. Təkcə 1923/24-cü təsərrüfat ilində aparılmış bölüşdürməyə əsasən büdcə vəsaitinin 55%-i Gürcüstanın, 35-40%-i Azərbaycanın (bu rəqəm qəsdən yayğın göstərilir), 11%-i isə Ermənistanın payına ayrılır. Əslində nəzərdə tutulan faizlər bir kənarda qalır, nəqd vəsaitlə bölgü belə aparıldı: 254 min rubl Gürcüstana, 267 min rubl Ermənistana, 210 min rubl isə Azərbaycana verilirdi. Büdcədən əlavə ayrılmış 445 min rublun 435 min rublu Gürcüstan və Ermənistana, yerdə qalan 10 min rublu isə Azərbaycana verilirdi. Bir daha təkrar edirik ki, bu materiallar yalnız “Kommunist” qəzetinin səhifələrində saxlanılıb. Heç bir arxivdə belə məlumata rast gəlinmir. Üstəlik, bu məlumatı yazdığına görə “Kommunist” qəzeti ciddi tənbeh edilmişdi.

“Kommunist” qəzeti qısa müddət ərzində bütün Cənubi Qafqazın aparıcı dövri nəşrlərindən birinə çevrilmişdi və SSRİ-nin iri şəhərlərində, bir sıra xarici ölkələrdə xüsusi müxbirləri var idi.

Azərbaycanın bütün qəzalarında və şəhərlərində qəzetin müxbir məntəqəsi var idi. O dövrdə partiya və dövlət səviyyəsində hərtərəfli dəstəklənən fəhlə və kəndli müxbirləri də onunla fəal əməkdaşlıq edirdilər. Ölkədə və xaricdə baş verənlər haqqında gecə saat 2-dək əldə edilən ən son məlumatlar qəzetin səhifələrində yerləşdirilirdi. Dövlət xadimləri, aparıcı şair və yazıçılar, jurnalistlər, istehsalat qabaqcılları və başqaları tez-tez “Kommunist” qəzetinin səhifələrində çıxış edirdilər.

Qəzet abunə haqqının miqdarından asılı olaraq pulsuz, az ödənişli əlavələrə malik idi, üstəlik ödənişi kiçik hissələrlə üç dəfəyə həyata keçirmək mümkün idi. Müəllim, tələbə, qırmızı əsgər, kəndli və həmkarlar üzvlərinə güzəştlər edilirdi, yəni onlar qəzetin dəyərinin 1/5-nin ödənilməsindən azad edilirdilər. Qəzet tərəfindən kənd təsərrüfatına dair nəşr olunan ədəbiyyat kəndlilər arasında pulsuz paylanılırdı.

“Kommunist” qəzeti özünün inkişafı və təkmilləşməsi üçün kifayət qədər çətin bir yol keçmişdir, hərçənd ki, respublika partiya rəhbərliyi tərəfindən ona qarşı həmişə qərəzli və ayrı-seçkilik mövqeyi tutulmuşdur. Bununla belə, bu qəzet qısa vaxt ərzində sovet hakimiyyətinin ilk illərində aparıcı sayılan və bütün hakimiyyət orqanları tərəfindən hərtərəfli dəstəklənən “Bakinski raboçi” qəzetinin səviyyəsinə yüksələ bilmişdi.

“Zarya Vostoka” qəzeti 1924-cü il 7 may nömrəsində yazırdı ki, “Əgər türkcə “Kommunist” qəzeti nəşrinin əvvəlki illərində çox zəif idisə, indi, demək olar ki, bütün SSRİ-də ən yaxşı qəzetlərdən biridir”.

Zəngin rəqəm və faktiki materiallara əsaslanan yeni mənbələrin ilk dəfə olaraq bizim tərəfimizdən elmi dövriyyəyə daxil edilməsi və onların hərtərəfli analizi sayəsində 20-ci illərdə “Kommunist” qəzetinin təşəkkülü və inkişafı mənzərəsi konkret faktlarla təsvir edilir.

 

İlk addımlar

 

Cəmiyyətin ictimai, mənəvi-tərbiyəvi və iqtisadi həyatında mətbuatın rolu və yeri çox böyükdür. Sovet hakimiyyətinin ilk illərində sovet mətbuatının təşəkkülü prosesində “Kommunist” qəzetinin səhifələrində yerli partiya komitələri və sovet orqanlarına, onların rəhbərlərinə (bəzən adları ilə), fəhlə və kəndli müxbirlərinə, bütün oxuculara ünvanlanan çağırışlar dərc edilir, yerli təcrübənin qəzet səhifələrində geniş və hərtərəfli işıqlandırılması üçün konkret məsələlər üzrə öz düşüncə, mülahizə və fikirləri ilə bölüşmələri təklif olunurdu.

Sovet hakımiyyəti illərində qəzet minlərlə insanı öz ətrafında birləşdirmiş, onlarda gözəl gələcəyə və xoş əhvali-ruhiyyəyə inam oyatmış, ziyalılarımızın ən yaxşı nümayəndələrinin bılik və bacarığını öz ətrafında cəmləşdirmişdi. Qəzet ölkənin gündəlik həyatından geri qalmamağa çalışırdı.

“Kommunist” qəzetinin ilk nömrəsi 1919-cu il avqustun 29-da, cümə günü bolşeviklər partiyasının gizli mətbəəsində 4 səhifədə çap olunmuşdu. Bu nömrə, demək olar ki, bütünlüklə dünya inqilabı məsələlərinə həsr olunub və dünya zəhmətkeşlərini inqilab uğrunda mübarizədə fəhlə sinfinin qabaqcıl rolunu daha da gücləndirməyə çağırır. Tarixi ədəbiyyatda “Kommunist” qəzetinin ilk nömrəsinin redaktorunun kimliyi barəsində fıkir ayrılığı mövcuddur. “Kommunist” qəzetinin tədqiqatçısı C.Məhərrəmli hesab edir ki, qəzetin redaktoru Ə.H.Qarayev olmuşdur, amma bu halda fikrini təsdiqləyən hər hansı bir dəlilə istinad etmir. Azərbaycan Sovet Ensiklopediyasının I və III cildlərində, “Azərbaycan Kommunist partiyasının tarixi oçerkləri”ndə (Baku, 1985, t. I, s. 429), Ruhulla Axundovun “Seçilmiş əsərləri”ndə (Bakı, 1977, s. 4, 17), “Kommunist-50” yubiley nəşrində (Bakı, 1969, s. 39) , Q.Mədətovun “Ruhulla Axundov” kitabında (Bakı, 1983, s. 14) və s. əsərlərdə göstərilir ki, “Kommunist” qəzetinin həmin sayının redaktoru Ruhulla Axundov olmuşdur.

1923-cü il mayın 26-da Azərbaycan K(b)P MK “Kommunist” qəzetinə təklif edir ki, bütün jurnalistlər və mətbuat işçiləri barəsində MK-nın Təbliğat-təşviqat şöbəsinə ətraflı məlumat versin. “Kommunist” qəzetinin o vaxtkı redaktoru Ruhulla Axundovun imzası ilə göndərilən geniş məlumatda onun özünün keçmiş jurnalistlik fəaliyyətindən bəhs olunarkən “Zəhmət sədası” (1917), “Bakı Şurasının əxbarı” (1918) və s. qəzetlərin nəşrində göstərdiyi xidmətləri sadalanır (ARPİİ SPİHDA, f. 1, siy. 235, iş 94, v. 174, 175).

Qəzetin müntəzəm nəşrinə 1920-ci il aprelin 30-dan başlanıldı. Ruslar Azərbaycanı işğal etdikdən sonra bolşeviklər “Azərbaycan” qəzetinin Kolyubakin, 37 (indiki N.Rəfibəyli küçəsi) ünvanda yerləşən redaksiya və mətbəəsini tutub, onu “Revkomun mətbəəsi” (İnqilab komitəsinin mətbəəsi) adlandırdılar. Həmin mətbəəni 1921-ci il mayın 22-dən 4¹-li mətbəə, 1924-cü ilin avqustundan isə “III İnternasional mətbəəsi” adlandırdılar. Türkcə “Azərbaycan” və rusca “Azerbaydjan” qəzetlərinin nəşri dayandırıldı, onların əvəzində əvvəlcə türkcə, bir neçə gün sonra - 1920-ci il mayın 1-dən isə həm də rusca “Kommunist” qəzetlərinin nəşrinə başlanıldı. Qəzetin başlığında göstərilirdi ki, o Sovet Respublikası Müvəqqəti Hərbi-İnqilabi Komitəsinin və Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin nəşridir. Sonralar qəzet “Azərbaycan Sovet Sosialist hökuməti İnqilab Komitəsi fəhlə, kəndli, qızıl əsgər və dənizçilər Şurasının orqanı”na çevrildi. “Kommunist” qəzeti Azərbaycan K(b)P MK Siyasi və Təşkilat Bürosunun qərarı ilə 1921-ci il aprelin 13-dən Azərbaycan İnqilab Komitəsinin (Azrevkomun) və Bakı Sovetinin, “Azərbaycan füqərası” isə Azərbaycan K(b)P MK və BK-nın orqanı elan edildilər. I Sovetlər qurultayı tərəfindən Azərbaycan İnqilab Komitəsinin 1921-ci ilin mayından ləğv edilməsindən sonra Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (AzMİK) təsis edildi və bu dövrdən “Kommunist” qəzeti Azərbaycan K(b)P MK və BK-nın, AzMİK və Bakı Sovetinin, “Azərbaycan füqərası” isə Azərbaycan K(b)P MK-nın orqanı oldular və 1921-ci ilin sonlarında “Azərbaycan füqərası”nın adı dəyişdirilib “Azərbaycan xəbərləri” qoyuldu, amma təxminən bir ay sonra bu qəzetin nəşri tamamilə dayandı. Belə bir vəziyyətdə “Kommunist” qəzetinin daha da gücləndirilməsi qərara alındı və 1922-ci ilin yayında AHİŞ-in mətbu orqanı olan “Zəhmət” qəzeti onunla birləşdirildi, qəzetin bütün vəsaitləri “Kommunist” qəzetinə verildi. Bu qəzetlərin birləşməsi 1922-ci il iyulun 1-də həyata keçirildi. Bununla əlaqədar “Kommunist” qəzetinin səhifələrində geniş təbliğat aparıldı.

Kağız qıtlığı ilə əlaqədar olaraq ilk vaxtlar “Kommunist” qəzeti kiçik həcmdə, 2 səhifədə, müxtəlif rəngli, üzərində çoxlu nöqtələri və kiçik xətləri olan aşağı keyfiyyətli bükü kağızında çap edilirdi ki, bu da nöqtə və xətlərin sayından tam asılı olan ərəb əlifbasında nəşr olunan qəzetin oxunuşunu xeyli çətinləşdirirdi. Üstəlik həmin illərdə ərəb əlifbası ilə mətn yığan linotip maşınları yox idi, qəzetin bütün səhifələri əl ilə, boşluqlar da nəzərə alınmaqla hərf-hərf yığılırdı və bunun da nəticəsində, təsadüfən də olsa, mətndə səhvlərə yol verilirdi, sözlərin, bəzən də bütöv cümlənin mənası dəyişirdi. Qəzetin əməkdaşları - həm jurnalistlər, həm də fəhlələr isə rusca nəşr olunan qəzetlərin işçilərinin sayından az idilər, onların aldıqları məvacib də rəsmi olaraq rusca nəşr olunan “Bakinski raboçi” və “Kommunist” qəzetlərinin əməkdaşlarının məvaciblərindən bir neçə dəfə az idi.

Qəzetin ayrı-ayrı natamam komplektləri M.F.Axundov adına Dövlət Kitabxanasında, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxivlər İdarəsinin, Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivinin, Bakı Dövlət Universitetinin, Azərbaycan MEA Azərbaycan Tarixi Muzeyinin kitabxanalarında, Azərbaycan MEA Mərkəzi Elmi Kitabxanasında, Azərbaycan MEA Əlyazmalar İnstitutunda saxlanılır. Bütün komplektlərdə onlarla nömrələr çatışmır, bəzən isə ayrı-ayrı illər üzrə nömrələr tapılmır. Qəzetin nisbətən tam komplekti Moskvada keçmiş Lenin adına kitabxanada saxlanılır. Qəzetin 1920-1928-ci illər üzrə bir neçə komplekti “Kommunist” qəzetinin redaksiyasından 1964-cü ildə Azərbaycan KP MK-nın qərarına uyğun olaraq Azərbaycan MEA Mərkəzi Elmi Kitabxanasına verilmişdir.

 

Redaktorlar

 

20-ci illərin əvvəllərində “Kommunist” qəzetinin redaktorları çox tez-tez vəzifələrindən uzaqlaşdırılır, başqaları ilə əvəz edilirdilər. Bu, yüksək dairələrdə mövcud olan intriqalarla, bağlı idi. Aşağıdakı cədvəldə 1920-1931-ci illərdə redaktorların fəaliyyət dövrünü diqqətinizə çatdırırıq. Məlumatlar arxiv sənədlərindən və “Kommunist” qəzetinin 1920-ci il aprelin 30-dan 1928-ci il dekabrın 31-dək olan nömrələrindən götürülmüşdür.

 

Redaktorluq dövrü Redaktorun adı, soyadı və atasının adı

30.04.1920 – 19.08.1920 Qarayev Əliheydər Ağakərim oğlu

20.08.1920 – 29.03.1921 Yusifzadə Ağababa Əsgər oğlu

30.03.1921 – 15.04.1921 Talıblı Böyükağa Mirqasım oğlu

18.04.1921 –16.10.1921 Redaksiya heyəti*

02.05.1921 – 02.01.1922 Cəbiyev Həbib Pircan oğlu

03.01.1922 – 18.04.1922 Qarayev Əliheydər Ağakərim oğlu

19.04.1922 –18.05.1922 Redaksiya heyəti**

19.05.1922 –19.07.1923 Axundov Ruhulla Əli oğlu

20.07.1923 –23.07.1923 Cəbiyev Həbib Pircan oğlu

24.07.1923–11.10.1923 Redaksiya heyəti***

11.10.1923 –17.03.1924 Cəbiyev Həbib Pircan oğlu

18.03.1924 – 09.05.1924 Qarayev Əliheydər Ağakərim oğlu ****

10.05.1924 – 27.07.1927 Cəbiyev Həbib Pircan oğlu *****

23.07.1927 – 20.11.1927 Redaksiya heyəti

21.11.1927 – 1931 Qasımov Yusif İbad oğlu, Əhməd Triniç

 

* Qəzet 1921-ci il aprelin 18-dən oktyabrın 16-dək “Redaksiya heyəti” imzası ilə çıxıb, lakin Azərbaycan K(b)P MK-nın siyasi və təşkilat şöbəsinin 1921-ci il mayın 2-də keçirilən iclasında göstərilir ki, “Azərbaycan füqərası” və türkcə “Kommunist” qəzetinin redaktoru vəzifəsinə H.Cəbiyev təyin edilir.

** Qəzet 1922-ci il aprelin 19-dan mayın 18-dək “Redaksiya heyəti” imzası ilə çıxıb, 1922-ci il aprelin 18-də isə Azərbaycan K(b)P MK Rəyasət Heyəti Ruhulla Axundovu qəzetə redaktor təyin edib.

*** Azərbaycan K(b)P MK-nın qərarına uyğun olaraq 1923-cü il avqustun 20-dən 1923-cü il oktyabrın 7-dək qəzetin redaktoru Həbib Cəbiyevi Məmməd Səid Ordubadi və Əhməd Triniç əvəz etmişlər.

**** Azərbaycan K(b)P MK Rəyasət Heyəti 1924-cü il martın 17-də Ə.H.Qarayevi, 1924-cü il mayın 10-da isə H.Cəbiyevi redaktor təyin etmişdir, qəzet isə 1924-cü ilin aprelində də H.Cəbiyev tərəfindən imzalanmışdır.

***** 1927-ci ilin yazı və yayında H.Cəbiyev Almaniyada müalicə olunurdu, amma qəzet həmin dövrdə də onun imzası ilə nəşr olunmuşdur.

 

 

(ardı var)

 

MƏHƏRRƏMOV E.Ə.,

 

MƏHƏRRƏMLİ A.E. 

 

Xalq qəzeti.- 2009.- 25 avqust.- S. 4.