Azərbaycan – özbək ədəbi əlaqələrinin
yeni mərhələsi
Filologiya elmləri namizədi
Almaz Ülvinin (Almaz Binnətovanın) “Azərbaycan – özbək
ədəbi əlaqələri” (dövrlər, simalar, janrlar,
təmayüllər) monoqrafiyasını son illərdə
yazılmış ən layiqli əsərlərdən biri
kimi dəyərləndirmək istərdim.
İlk baxışda demək
olar ki, hüdudsuz görünən və mürəkkəb nəzəri
araşdırma olan bu əsərin strukturu bütünlüklə
konkret tarixi, sosial və ictimai şəraitlərin təsiri
altında formalaşan Azərbaycan – özbək ədəbi əlaqələrinin
qanunauyğunluqlarını izləməyə yönəldilib.
Ona görə
hüdudsuz ki, faktiki material yetərincə çoxdur. Müəllif
öz tədqiqatına qədim dövrlərdən
başlayır və tarixi ardıcıllıqla bu əlaqələrin
müasir dövrümüzə qədər olan inkişaf
yollarını tədqiq edir, yəni 600 ili.
Bu mövzuda ədəbiyyatların
mövcud bol təmas nöqtələrini araşdırmaq,
onları mümkün qədər elmi cəhətdən əsaslandırmaq
müəllifin mühüm vəzifələrindən biridir.
Azərbaycan –
özbək ədəbi əlaqələrini qədim
dövrlərdən etibarən hərtərəfli və ətraflı
işıqlandırmaq, bu əlaqələrin mənbəyini
açmaq, formalaşmış ənənələrin
tarixini izləyərək ədəbiyyatşünaslığın
hazırkı meyarları və nəzəri əsasları
baxımından təhlilə
çəkmək – bütün bunlar mürəkkəb məsələlər
olsa da, şərəfli işdir və bugünkü gün
kifayət qədər aktualdır.
Həm Azərbaycanın,
həm də Özbəkistanın elmi-tənqidi ədəbiyyatında
bu problemlə bağlı araşdırmalar (onlardan Firudin bəy
Köçərli, İsmayıl Hikmət, Mir Cəlal
Paşayev, Məmməd Arif Dadaşzadə, Həmid
Araslı, Vahid Zahidov, İzzət Sultan, Natan Mallayev, Ləziz
Kayumov, Pənah Xəlilov, Xəlil Rza Ulutürk, Cənnət
Nağıyeva, Qulamhüseyn Əliyev, Vaqif Arzumanlı, Ənvər
Cabbarlı, Akif Bağırov, Yaşar Qasımov və
başqalarını göstərmək olar) aparılsa da,
müstəmləkə zülmündən qurtulan türkdilli
xalqların öz köklərinə, milli mədəniyyətlərinə maraq göstərdikləri, öz milli nailiyyətlərini
və mənəvi sərvətlərini heç bir təzyiq
olmadan ləyaqətlə qiymətləndirməyə can
atdıqları müasir mərhələdə doğma ədəbiyyatı
qədim dövrdən başlayaraq öz mədəniyyəti,
dünyagörüşü və özünəməxsus
ənənələri ilə yeni mövqedən dərk etmək
və tədqiq etmək məqsədəuyğundur.
Bu baxımdan toxunulan problem yeni dövrün ən aktual problemidir. Problemin aktuallığı tarixin keçid dövrü və türk xalqları ədəbiyyatının güclü inkişafı ilə şərtlənir.
Araşdırılan problemin indiyə qədərki ədəbiyyatşünaslıq sahəsində olan təcrübəsini dərindən öyrənən müəllif bu aspektdə mövcud işlərin geniş elmi icmalını verir. Beləliklə, Almaz Ülvinin yuxarıda göstərilən tədqiqatçıların nəzəri qənaətlərinə istinad edərək və arxalanaraq Azərbaycan – özbək ədəbi əlaqələrinin mərhələli təhlilini verməklə bu prosesin inkişaf dinamikasını və təkamülünü izləyir.
Özündən əvvəlki tədqiqatçılardan fərqli olaraq, müəllif bu problemi tamamilə başqa aspektdən, daha cəsarətlə və inamla nəzərdən keçirir. Belə ki, monoqrafiya yeni bir dövrdə, suverenlik şəraitində yazılıb və yeni mövqelərdən araşdırılır. İşin təkcə aktuallığı deyil, eləcə də yeniliyi məhz bununla bağlıdır.
Son illər nüfuzlu elmi jurnalların səhifələrində filologiya elmləri namizədi Almaz Ülvinin məqalələri çox dərc olunub. Bu məqalələr bizi özbək ədəbiyyatının ayrı-ayrı nümayəndələri ilə – “Qafur Qulam və Azərbaycan”, “Nəvainin əsərləri Azərbaycan dilində”, “Nəvai ədəbi şəxsiyyəti və irsi Azərbaycan ədəbiyyatşünaslığında”, “Maqsud Şeyxzadə – iki xalqın oğlu”, “Molla Nəsrəddin” və özbək satirik ədəbiyyatı”, “Özbək ədəbiyyatşünaslığında Nizami, Nəsimi və Füzuli ənənələrinin öyrənilməsi”, “Azərbaycan – özbək folklor əlaqələrinin tədqiq edilməsi”, “Səməd Vurğun özbək poeziyasında”, ”Azərbaycan – özbək mədəni əlaqələri tarixindən”, “Cənnət Nağıyeva - nəvaişünas alim”, ”X.R.Ulutürk özbək ədəbiyyatının tədqiqatçısı və tərcüməçisi kimi” və digərləri ilə tanış edibdir. Bu məqələlərdən belə qənaətə gəlmək olar ki, “Azərbaycan – özbək ədəbi əlaqələri” (dövrlər, simalar, janrlar, təmayüllər) monoqrafiyasının müəllifi özbək ədəbiyyatı ilə çoxdan və yetərincə ciddi məşğul olur. Bu prosesin son nəticəsi olduqca böyük bir dövrü əhatə edən Azərbaycan – özbək ədəbi əlaqələrinin çox dəqiq və mərhələlər üzrə izlənildiyi monoqrafiya oldu. Öz inkişafını XX yüzillikdə tapan XV-XIX əsrlər klassik ədəbiyyatına da müəllif tərəfindən xüsusi diqqət yetirilir.
O, Əlişir Nəvai və Ə.Çolpandan başlayaraq Həmzə Həkimzadə Niyazi, Abdulla Qədiri, Qafur Qulam, Maqsud Şeyxzadə, Zülfiyyə, Abdulla Qəhhar və başqa ədiblərin yaradıcılığına qədər həm poeziya və nəsri, həm də dramaturgiyanı dərindən tədqiq edir və bu zaman Azərbaycan ədəbiyyatı ilə olan əlaqələrini üzə çıxarır.
Filologiya elmləri namizədi Almaz Ülvinin özbək dilini bildiyini və özbək ədəbiyyatını tərcümə vasitəsilə deyil, orijinaldan öyrəndiyini də onun üstünlüklərindən hesab etmək olar. Bununla da o, təkcə özbək yazıçılarının yaradıcılığını öyrənməyib, həm də xalqlarımızın məişət, əxlaq, mədəniyyət, dil və nəhayət, dini cəhətdən nə qədər yaxın olduğunu dərindən dərk etməyə və duymağa müyəssər olub. Bu, onların ümumi köklərə malik olduğunu bir daha sübut edir.
Almaz Ülvinin inamla və peşəkarcasına Azərbaycan – özbək ədəbi əlaqələrinin çoxşaxəliliyindən bəhs etdiyi geniş faktik materiala əsaslanan məqalələri, monoqrafiyası, topluları onu yuxarıda adı çəkilən alimlərlə bir sıraya qoyur.
Müəllif tərəfindən çox böyük bir dövrün əhatə edilməsinə baxmayaraq, faktik materialın bolluğu ona qətiyyən mane olmur. Filologiya elmləri namizədi Almaz Ülvi yüksək peşəkarlıqla, kompleks formada, heç bir gərginlik olmadan, böyük inamla fundamental və diqqətəlayiq əsər təqdim edə bilib.
Araşdırılan materiala əsaslanaraq, monoqrafiya giriş, 5 fəsil və nəticədən ibarətdir: “Azərbaycan – cığatay (özbək) ədəbi əlaqələrinin təşəkkül dövrü”; “Poeziyanın inkişaf mərhələləri və ədəbi əlaqələr”; “Yeni təmayüllər və Türküstanda bədii nəsrin inkişafı”; “Dramaturgiya - teatrın tarixi və ədəbi ənənələr”; “İstiqlal idealı və ədəbi əlaqələrin yeni dövrü”.
Bu problemin öyrənilməsində əhəmiyyətli prinsiplərdən biri dövrlər və ənənələrdir.
Tədqiqatın əsas metodu müqayisəli-tipoloji analiz metodudur. Monoqrafiya mövzu, ideya və motivlərin adlarının çəkilməsinin özünəməxsus modeli üzrə qurulub. İşdə Azərbaycan və özbək ədəbiyyatının təmasının ən köklü məqamlarını üzə çıxarmağa səy göstərilib. Belə ki, müəllif araşdırmalar zamanı qəhrəmanlıq və məhəbbət dastanlarının məzmununda xeyli ümumi cəhətlər aşkar edir, məsələn: “Alpamış” - “Koroğlu”, “Şeybani xan” - “Leyli və Məcnun”, “Tahir və Zöhrə” - “Fərhad və Şirin” və s. Yaxud da müəllif bu nöqteyi-nəzərdən Nizaminin “Xəmsə”sini və onun təsiri altında yazılan Nəvainin “Xəmsə”sini nümunə göstərir. O, həmçinin Nizaminin təsiri ilə ölməz əsərlər yaradan Lütfi, Xarəzmi, Durbək, Atayi, Səkkaki və başqalarının adlarını çəkir. Müəllif Nizaminin “Sirlər xəzinəsi” poemasının təsiri altında eyniadlı “Məxzən ül-əsrar” əsərini yaradan və eynən Nəvai kimi, Nizamini öz ustadı və müəllimi sayan Heydər Xarəzmidən bəhs edir. Beləliklə, o, geniş faktik materialda əsaslı olaraq özbək ədəbiyyatında Nizami ənənələrinə toxunur.
Filologiya elmləri namizədi Almaz Ülvi eyni şəkildə Nəsiminin də özbək ədəbiyyatına təsirindən danışır və Nəvai yaradıcılığında Nəsimi ənənələrindən bəhs edən Cənnət Nağıyevanın araşdırmaları ilə öz mühakimələrini gücləndirir. Müəllif Lütfinin yaradıcılığında da Nəsimi ənənələrini müşahidə edir.
Monoqrafiyada Füzuli ənənələrinin özbək ədəbiyyatına təsiri məsələlərinə də müəyyən yer ayrılıb.
“Molla Nəsrəddin” satirik jurnalının ənənələrini müəllif satirik özbək ədəbiyyatında müşahidə edir. Cəlil Məmmədquluzadənin və Mirzə Ələkbər Sabirin Özbəkistanın üç görkəmli şairinə - Səidəhməd Siddiqi Əcziyə, Məhəmmədşərif Sufizadəyə və Həmzə Həkimzadə Niyaziyə təsiri də tədqiqatçının diqqətindən kənarda qalmayıb və s.
Monoqrafiyanın məzmununu danışmağa lüzum görməyərək, yalnız onu qeyd edək ki, Səməd Vurğun və Cəfər Cabbarlının da özbək ədəbiyyatına təsiri bu planda əks olunub. Məhz bu yolla müəllif bir ədəbiyyatın digərinə təsiri və onların əlaqələri probleminin qoyuluşunda və çözülməsində bəzi tipoloji oxşarlıqlar tapmağa çalışıb. Məhz bu yolla müəllif ədəbi əlaqələr probleminin xüsusilə dərindən nəzərdən keçirildiyi Azərbaycan və özbək yazıçılarının əsərlərində ideya-mövzu ümumiliyini üzə çıxarmağa müyəssər olub. Bu proses XX əsr dramaturgiyasında və nəsrində xüsusilə güclənib. Göstərilən dövrdə Azərbaycan nəsrinin ideya-mövzu ümumiliyinin öyrənilməsi müəllifə bu problemə iki milli ədəbiyyatın kəsişməsində baxmaq imkanı verir.
Beləliklə, filologiya elmləri namizədi Almaz Ülvi apardığı tədqiqatda Azərbaycan və özbək ədəbiyyatları arasında paralellər tapmağa çalışır, başqa sözlə, o, Azərbaycan və özbək ədəbiyyatlarının materialı əsasında ədəbi əlaqələr problemini həll etməyə qərar verərkən, çox hallarda Azərbaycan və özbək müəlliflərinin prinsipial məqsəd, vəzifə və problemlərinin ümumi təmas nöqtəsi olduğunu ardıcıl və müfəssəl şəkildə sübut etməyə çalışır.
Monoqrafiyada bədii tərcümə probleminə müəyyən yer ayrılıb. Şübhəsiz, giriş, beş fəsil və nəticədən ibarət olan monoqrafiya başlıca vəzifəsi Azərbaycan ədəbyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı, həmçinin, Azərbaycan – özbək ədəbi əlaqələri probleminə müasirlik mövqeyindən yeni baxış və yeni anlam olan mövzunu bütünlüklə açmağa iddia etmir.
Bu tədqiqat işi həm tarixi-faktik materialın zənginliyinə, həm də qənaət və nəticələrin əhəmiyyətinə görə bütövlükdə gözəl təəssürat oyadır. Onu qeyd edim ki, tədqiqatın arxasında yalnız böyük və gərgin zəhmət deyil, eləcə də mövzuya dərin maraq və materialı gözəl bilmək də dayanır.
Filologiya elmləri namizədi Almaz Ülvinin yenicə nəşr etdirdiyi “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında” adlı irihəcmli elmi almanaxını da onun böyük işinin davamı kimi dəyərləndirə bilərik.
Lyüdmila Səmədova
Xalq qəzeti.- 2009.- 25 avqust.- S. 5.