Sənədli kinomuzun klassikası

 

və yaxud bir filmin yaddaşından görüntülər

 

Sovet kinosunun klassiklərindən sayılan, “Romanovlar sülaləsinin süqutu”, “Böyük yol” (1927), “ll Nikolayın və Lev Tolstoyun Rusiyası” (1928), türkiyəli rejissor K.N.Çakuşun tamamladığı “Türkiyə yüksəlişdə” (1937) sənədli filmləri ilə kinoxronikaya yeni məna verən Esfir İliniçna Şubun 1947-ci ildə Bakı studiyasında öz ssenarisi əsasında rejissor kimi ərsəyə gətirdiyi “Arazın o tayında” sənədli filmi sonralar çoxsaylı suallar doğuracaq tarixi bir mərhələni ekrana gətirdi.

E.İ. Şubun “İran haqqında oçerk”, “Qəzvinə kömək”, “Təbriz”, “İran”, “İran Azərbaycanının paytaxtında”, “İrandakı Qırmızı ordunun yola salınması” sənədli filmlərindən və mövcud kinoxronikadan istifadə hesabına ərsəyə gətirdiyi film bütöv bir xalqın yaşadığı əraziləri ikiyə bölən çayın üzərindəki qədim körpülərin yüz ildən bəri gediş-gəliş üzünə həsrət qalmasının vurğulanması ilə başlanır.

Filmin ikinci rejissoru İsmayıl Əfəndiyevin oxuduğu ssenari mətni olduqca təsirlidir: “Araz çayı, sovet Azərbaycanı ilə İran Azərbaycanı arasındakı sərhəd buradan başlanır. Bu qədim körpülər uzaq zamanların yadigarıdır. İndi iki sahili bir-birindən ayıran bu körpülər bir vaxt vardı onları birləşdirirdi. Araz, bu söz nə qədər əziz və kədərlidir. Hər bir xalqın bu cür sözləri vardır. Tarixin vərəqlərinə yazılmış belə sözlər ötən günlərdən xəbər verir. Araz, Azərbaycanı ikiyə ayıran çay, xalqın böyük bir qismini yadlar əlində qoydun. Ellər, aşiqlər səni “göz yaşı” deyib çağırırlar”. Bu emosiyalı diktor mətninin Savalan dağının ətəyindəki sürülər, Muğan düzündən yaylağa gələn Şahsevən tayfasının məişəti, nehrə çalxanması, motal tutulması, lavaş bişirilməsi, xalq qəhrəmanlarının qayalara həkk olunmuş təsviri ilə təqdimolunması siyasi motivə zəmin hazırlayır.

Yerdən qaynayan mineral sularda sərinlənən yorğun yolçuların, dəvə karvanlarının, müasirliyi ilə qəribə görünən avtomobilin şossedə görünməsindən sonra yol kənarındakı Astara çəltik zəmilərinin təsviri ilə torpağın onu becərənlərə məxsus olmamasının vurğulanması, nəhayət ki, sosial problemi önə çəkir. Diktor mətnindəki “kəndlilər dilənçi bir ömür sürürlər. Ölkə zəngin, xalq isə fağır və avamdır. “Kəndlilər bol məhsul toplayır, lakin onun çoxu kəndlinin deyil, ərbabındır” cümlələri publisistik çaları gücləndirməklə bir ittiham kimi də səslənir. Tütün və çay plantasiyalarında çalışan qızların, meyvəli bağların təsviri ilə sosial ədalətsizlik vurğulanır. “Kişmiş karxanalarında bütün iş əl ilə görülür. Kişmişi damlarda qızmar günəş altında qurudurlar. Kim işdən qovulmaq istəmirsə, dolu kisələri bu ensiz nərdivanlarla tələsik yuxarı qaldırmalıdır. Tez ol, tez, yoxsa sabah ac qalarsan. Onlar ayaqyalın səhərdən axşamadək işləyirlər. Belə karxanalarda insan ən ucuz bir maşındır” cümlələri sadə zəhmətkeşlərin həyatına belə dramatik çalar qatmaq cəhdindən irəli gəlir. Yaylıq sexində uşaqların on dörd saat gərgin və yorucu bir ahənglə çalışmalarının, duz mədənindəki fəhlələrin ayaqyalın işləmələrinin diqqət mərkəzinə gətirilməsi həmin cəhdi davam etdirir. Keçmiş şöhrətindən söz açılan Təbriz şəhərində yoxsulluqla zənginliyin müqayisəli təsviri ilə bu şəhərin var-dövlətinin qarət edilib Tehrana aparılması əsaslandırıla bilməsə də, xüsusən, müxtəlif yaşlı şikəst, cır-cındır içindəki dilənçilərin portretləri yaddaşa həkk olunur.

Məşhur Təbriz xalılarının toxunub ərsəyə gəlməsi, azadlıq, istiqlaliyyət simvolu sayılan Ərk qalası, atəşpərəstlərin Üçgümbəz məbədi, Urmiyada Kərbəlayi Cədidin tikdiyi Saatlı məscid, təbrizli nəqqaş Şərəf Şahinin inşa etdiyi Cümə məscidi və Türkiyə ilə müharibələr aparması ilə yanaşı, dövrünün bir çox mühüm fərmanlarını azərbaycan dilində yazdırması xatırlanan, Səfəvi dövlətinin yaradıcısı, sərkərdə, dövlət xadimi, şair Şah İsmayıl Xətainin qılıncları sancılan Ərdəbildəki Şeyx Səfi məqbərəsinin nümayişi xalqın qədimliyini sərgiləyir.

Yeri gəlmişkən sovet dövründə təbliğinə icazə verilib dərsliklərə salınan tarixi şəxsiyyətlərdən Babək islama, Şah İsmayıl isə türklüyə qarşı vuruşmaları ilə təbliğat mexanizmini qane edirdi. Filmdə qədim kitablardakı nəqqaşlıq miniatür sənəti nümunələrində Firdovsinin “Şahnamə” kitabındakı bir rəsmin azərbaycanlılara mənsub olması faktı yetərincə əsaslandırılmayıb. Titrlərdəki “Azərbaycan xalqı öz vətənini müdafiə etmək üçün dəfələrlə qiyam etmişdir. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Koroğlu kimi qəhrəmanların adları qızıl hərflərlə tarixin səhifələrinə yazılmışdır. Əsrlər ötdükcə bu qızıl səhifələri yeni şərəfli adlar bəzədi. Bu qızıl səhifələrdə İran Azərbaycanındakı mübarizə rəhbərləri–Səttar xanın və onun silahdaşı Bağır xanın adları yazıldı” cümlələri şüarçılığı nümayiş etdirir.

1905-ci il rus inqilabı ərəfəsində Səttar xan, Bağır xan, sonralar altı il xarici irticaya qarşı çıxan Şeyx Məhəmməd Xiyabani hərəkatının sənədli fotolarla ekrana gəlişi üzərində 1945-ci ildə alman faşizmi üzərində qələbədən sonra mücadilənin gücləndiyini deyən diktor mətni siyasi sifarişi səciyyələndirir. 1945-ci ilin avqustunda ölkəni bürüyən mitinqlər, nümayişlər, fədai dəstələrinin yaranması, igid təyyarəçi Məhəmməd Agahi, Səttarxanın silahdaşı Qulaməli, adı dillər əzbəri Qulam Yəhya ilə yanaşı, Demokrat firqəsinin rəhbəri, demokrat əqidəsinə görə ömrünün on iki ilini Rza şah zindanlarında keçirmiş Pişəvərinin alovlu çıxışı reportaj metodunu önə çəksə də, Təbrizdə, Ərdəbildə, Fəratda, Miyanada vuruşan piyadaların, süvarilərin hücumları və təlim məşqləri müşahidə üsulu ilə həyata keçirilir. Milli hakimiyyətin yaranması ilə Azərbaycan dilinin dövlət statusu qazanması, qəzetlərin nəşrində özünün təsvir həllini tapır. Milli hökumətin başçısı Pişəvərinin, daxili işlər vəziri doktor Cavidin, torpaq vəziri doktor Mehtaşın, maarif vəziri şair Diriyənin, xalq qoşunları vəziri doktor Kavyanın, baş vəzirin müavini doktor Cavanşahlının təsvirləri sənədli personajları tarixin kino yaddaşına köçürür.

Milli hakimiyyəti qorumaq naminə kütləvi silahlanma prosesi ilə yanaşı, torpaq probleminin önə çəkilməsilə sonuclanır və 1946-cı ilin aprelində keçirilən kəndlilər qurultayında silahlanmaya çağıran Pişəvərinin: “İndi sizin boynunuzda böyük vəzifə durur. Bu aldığınız torpaqları saxlamaq və aldığınız azadlığı müdafiə etmək” xitabında torpaq amilinin azadlıqdan önə çəkilməsi kütlənin siyasi yetkinliyinin yetərincə olmadığını təsdiqləyir. Filmdə kəndlilərə torpaq paylanması prosesinin örpəkli qadınların, şadlanan uşaqların, yer şumlayanların, plov çəkən aşpazın, boşqabdakı arı şanının, paylanan almaların, “Cəngi” sədaları altında güləşən pəhləvanların təsvirlərilə zənginləşdirilməsi isə epizodu attraksionların montajı hesabına dolğunlaşdırır. Bu bayram əhval-ruhiyyəsi yaradan epizoda şairə Mədinə Gülgünlə Aşıq Hüseynin, Novruz bayramı münasibətilə Pişəvərinin açdığı süfrədə Səttarxanın qızının və:

 

Mən deyirəm, yurdumuza kəc baxanlar yox olsun,

Böhtan deyib adımıza şər yaxanlar yox olsun.

Xalqımızın igidliyi düşsün dildən dillərə,

Əməlləri yadigar tək qalsın eldən-ellərə.

Mən deyirəm, Azərbaycan qəhrəmanlar yurdudur,

Şücaətli Səttarxanlar, Bağırxanlar yurdudur.

Böyük qacar şahlarını yola salmış bu diyar,

Onun hər birinin qarşısında əcdadımın haqqı var.”

 

– şerini söyləyən şair Diriyənin önə çəkilməsi tarixi personacları hadisələrin mərkəzində saxlayır. Keçmiş Pəhləviyə, indiki Səttarxan xiyabanındakı nümayişdən sonra saz çalıb oxuyan uşaqların nəğməsi, rəqs ansamblının çıxışı audiovizuallığı artırsa da, xalq azadlığı şərəfinə “İyirmi bir Azər” medalının ilk nüsxəsinin Pişəvəriyə, daha sonra doktor Mehtaşa, prokuror Firudin İbrahimiyə, Keşmazərə, Cahanşahlıya, Şəbüstəriyə, Cavidə də təqdim olunması formal protokolu səciyyələndirir. ...Qızıl ordu İrana müharibə zamanı xidməti qoşunlarıyla daxil olmuş, qonşu İranın sərhədlərini təcavüzdən qorumuşdur... İran Azərbaycanı xalqı bəşəriyyəti alman faşizmi siyasətindən xilas edən Qızıl ordunu ən səmimi bir dost, ən mehriban bir qonaq kimi yola salır” kimi şüarçı cümlələrlə 1946-cı ilin baharında sovet hərbi qüvvələrinin yola salınmasndan sonra yeni tikililərin yaranması, şəhərin abadlaşdırılması, yolların salınması elektrik işığının gəlişi, vaxtilə təbrizlilər tərəfindən bağlanmış Həşminə mahud fabrikinin əsgərlərə geyim göndərmək məqsədilə xalqın ağır zəhməti sayəsində yenidən işə düşməsi, hələ çadrasını atmamış qadınların fabrikdə çalışmaları kimi dinc quruculuq işlərinin təsviri üzərində səkkiz ay ərzində yeni tipli xəstəxanaların, məktəblərin açılışının sadalanması informasiyanı dolğunlaşdırır.

Diktor mətnində İsmayıl Əfəndiyevin: “...Azadlıq. Bu qadınların uşaqlarına öz dilində təhsil almalarına imkan verən yenə də azadlıqdır. Hələ bu yaxınlaradək azərbaycanlı uşaqlar məktəbdə ana dilində danışdıqları üçün cəzalandırılırdılar. Bu gün isə onlar ana dilində şair Diriyənin şerini yazırlar” cümlələri gənc şair Balaş Azəroğlunun azad xalqın gələcəyini tərənnüm etməsi, Səttarxanın heykəlinin təsviri, zorxanadakı idman yarışları, Qazi Məhəmmədin başçılığı ilə kürdlərin nümayəndələrinin gəlişi informasiyanı zənginləşdirir.

1946-cı ilin fevralında Tehranda yeni hakimiyyətə gələnlərin İran Azərbaycanındakı milli-demokratik islahatı təsdiqləsə də, mərkəzlə danışıqlara gedən Pişəvərinin müqavimətilə müqavilənin pozulmasının, irticanın güclənməsilə azadlıq hərəkatının təhlükəylə üzləşməsinin təsvirdə deyil, diktor mətnində təqdimatı informasiya gerçəkliyini azaldır. 12 sentyabr 1946-cı ildəki son bayram təntənəsində ekranda görünən “Tehran ilə Azərbaycanın milli hökuməti arasında bağlanmış müqavilənamə Qəvam-əs-səltənə hökuməti tərəfindən xaincəsinə pozuldu” titrlərini oxuyan diktor bədbin finalı yaxınlaşdırır. Məhv edilən, öldürülən xalqın igid oğulları Məclis sədri Şəbüstərinin, general Kəbirinin, əyalət valisi doktor Cavidin, Firudin İbrahimin, atəşin natiq Azad Vətənin, Qazi Məhəmmədin, Kürdüstanda qoşun başçısı Məhəmmədhüseyn xanın məhv edilməsinin dar ağacları, yandırılan evlər, kitablar və nəhayət, alov içindəki beşiyin təsviri üzərində verilməsi audiovizuallığı gücləndirir. Finaldakı Araz üzərindəki körpü isə bədii çərçivəni səciyyələndirir.

13 noyabr 1947-ci il tarixli “Ədəbiyyat” qəzetindəki “Arazın o tayında” məqaləsində yazıçı-alim Mir Cəlalın: “Çox çəkmədən əhd-peymanı sındıran, öz vədinə, sözünə xain çıxan Qəvam-əs-səltənənin, bu ingilis casusunun cəza dəstələri İran Azərbaycanının şəhərlərinə dolmağa, əhaliyə divan tutmağa başladılar. Hitlerin 1933-cü ildə Berlində təşkil etdiyi kitab yanğınını İran faşistləri 1946-cı ildə Təbrizdə təşkil etdilər.... “Arazın o tayında” filmi parlaq bir həqiqəti göstərir. Azadlıq ideyası hər yerdə olduğu kimi Cənubi Azərbaycan zəhmətkeşlərinin də, sönməz arzu və yeganə idealları olmuşdur. İran irticaçıları yanğınlarda ancaq kağızları yandırırlar. İdealları yandırmaq olmaz!” cümlələri isə taleyini xalqı ilə bağlayan əsl ziyalının daxili üsyanına çevrilir.

25 noyabr 1947-ci il tarixli “Pravda” qəzetində az vaxt ərzində yüz min tamaşaçının seyr etdiyi bu film barədə A.Belokonun yazdığı “Arazın o tayında” məqaləsində “İran Azərbaycanının gənc demokratiyasının faciəli aqibəti qalib irticanın xalqın başına gətirdiyi müsibətləri dünyaya göstərsə də mürtəce qüvvələr sevinməyə tələsməsinlər. Onların xalq əleyhinə yönələn süngüləri və dar ağacları ilə yaratdıqları “qayda-qanun” möhkəm olmadığından tarix tərəfindən məhvə məhkumdur. Mübarizə davam edir. İran Azərbaycanı xalqının azadlığını yenidən qazanacağı zaman gələcəkdir” cümlələri isə gecikmiş və boğazdan yuxarı səslənir.

Bununla belə kinematoqrafın sahəsi kimi xalqın sevdiyi, formaca müxtəlif, məzmunca əhəmiyyətli sənədli kinonun sənətkarlarını sadalayaraq: “Mən inanmaq istərdim ki, bu zəncirin həlqələrində mənim “Arazın o tayında” filmimin də yeri olacaqdır” yazan Esfir Şubun 1948-ci ildə ölkənin kino rəhbərliyinə ünvanladığı “Neft” adlı ssenari planındakı: “Dəqiq montaj və çəkiliş planı olan bu sənədli filmdə (4-5 hissə) neftçi-fəhlənin həyatını, mühitini, ailəsini müşahidə edib öyrənməklə əsas mövzu yazılacaqdır” sətirləri ustad sənətkarın yenidən yurdumuza dönmək əzmini göstərir.

 

 

Aydın Dadaşov

 

Xalq qəzeti.- 2009.- 25 avqust.- S. 6.