Ömür vəfa etsəydi,
Vəfa Fətullayeva daha neçə-neçə rollar yaradacaqdı...
Vəfa xanım Fətullayeva
öz sənətinin vurğunu idi. Səhnəyə
çıxanda elə bil ona yeni həyat verirdilər. Şaqraq
gülüşü, şux yerişi, qeyri-adi səs tembri
onun qəhrəmanlarının da xarakterik xüsusiyyətləri
idi.
Onun tamaşalarından
insanlar həmişə
xoş əhval-ruhiyyə ilə çıxardılar. Vəfa xanım
səhnədə görünən
kimi alqış sədaları tamaşa zalını bürüyərdi,
özü də bu alqışlardan xoşlanardı. O, səhnədə
tamamilə başqalaşardı.
Anası, xalq artisti Hökümə xanımın şaqraq səsini xatırladardı
onun danışığı.
Rolları ilə yaşayırdı. Onları qəlbən sevirdi və hər birini öz həyatının bir parçası sayırdı. Onun atası xalq rəssamı Nüsrət
Fətullayev də sənətdə böyük
uğur qazanmış
fırça ustası
idi. Bəlkə elə ona görə
idi ki, Vəfa
öz rollarını
rəssam dəqiqliyi ilə canlandırardı.
Vəfa Fətullayeva
bütünlüklə öz
qəlbini sənətə
vermiş, milli mədəniyyətimizin inkişafının
xidmətində durmuş
sənətkar ailəsinin
– Fətullayevlərin davamçısı
idi.
Ailə də qurmuşdu. Hətta, teatrdan gedəcəyini də qət etmişdi. Ancaq özü qurduğunu özü də dağıtmalı oldu. Ailəsi onun aktrisa olmasını istəmirdi. Həyat yoldaşı da onu ev xanımı,
gələcək uşaqlarının
anası kimi qəbul edib ailə qurmuşdu. Vəfa bunu gözəl bilirdi. Amma şərti özü pozurdu. Görünür, Hökümə
xanımın cazibəsindən
qurtarmaq mümkün deyildi. Günlərin birində Vəfa Fətullayeva yenidən anasının yanına qayıdır. Hökümə
xanım Vəfanı
tək qızı kimi deyil, bir
rəfiqəsi, dostu, sirdaşı kimi sevirdi. O, Vəfasız yaşaya bilməzdi.
Vəfa xanım İncəsənət İnstitutunun
rejissorluq fakültəsinə
daxil olmuş, sonra isə teatrşünaslıq fakültəsinə
keçmişdi. Bu da belə olmuşdu.
Vəfa rəhmətlik
Məhərrəm Haşımovun
kursunda oxuyurdu. Bir müddət öz xarici görkəmini nəzarətsiz
buraxdığından Vəfa
birdən-birə kökəlir. Bu, Məhərrəm Haşımovun
da diqqətindən yayınmır. Və bir gün dərslərin
birində “Qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?” deyir. Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın
onsuz da tükdən asılı olan seçimini həll edir. O, bir müddət dərsə gəlmir. Və günlərin birində məlum olur ki, Vəfa
bu dəfə heç kimlə məsləhətləşmədən fakültəsini dəyişib...
Keçib teatrşünaslığa.
Hökümə xanımın
qəlbən, xəyalən
istədiklərini Milli
Dram Teatrının rejissoru Tofiq Kazımov gerçəkləşdirir.
Tofiq Kazımov “Məhv olmuş gündəliklər” əsərini
işləmək fikrinə
düşür. Və
Vəfanı da bu tamaşaya dəvət etmək istəyir. Hökümə
xanımın ürəyindən
olan bir xahiş edir ondan. Beləliklə, Vəfanın aktrisa taleyi Tofiq müəllimin
xeyir-duası ilə başlayır. Ona sonralar da
öz tamaşalarında
rol verir. Vəfanın anasına məktubunda Tofiq Kazımovun onun sənət taleyindəki yeri daha aydın
görünür. Qəzetlərdən
birində onun anasına yazdığı
bu məktub dərc olunmuşdu: “Salam, mənim əziz anam! Biz özümüzü çox yaxşı hiss edirik. Düzdür,
burda bir az istidir, amma
eybi yox, dözmək olar. Ana, narahat olma,
evlə bağlı dediyin bütün işləri çoxdan görmüşəm. Nənə
köynəyi çox
bəyəndi, sənə
minnətdardır. İndi
özünü pis hiss etmir və
tez-tez Nailə ilə 2-3 günlüyə
bağda olur. Mənim də işlərim pis getmir. Dünən Tofiqin yanında olmuşam. Məni çox yaxşı qarşıladı və biz oturub xeyli
dərdləşdik. Mən
ona hər şeyi dedim. Dedim ki, Gülgəzdən
sonra bir dənə də olsun xoşuma gələn rolum olmayıb. Dedim ki, əhvalım yaxşı deyil. Çox narahatam. O mənə dedi
ki, mənim yanımda özünü
çox günahkar hiss edir. Çünki
vaxtilə məni teatra gətirməyini özü səndən xahiş edib, amma indi bir
əsər də işləyə bilmir mənimlə. Bu sözlərindən sonra mən ona deyə
bilmədim ki, nəinki səndən,
o mənim özümdən də dəfələrlə teatra
gəlməyimi xahiş
edib. Mən başa düşdüm ki, o, hər
şeyi çox gözəl xatırlayır.
Yadına salmağa ehtiyac yoxdur. Dedi ki, məni
dəvət eləməyib
ki, indi mən belə narahat olam, əsəbləşəm.
Ana, deyim ki, onun özünün
əhvalı mənim
xoşuma gəlmədi.
O hətta görkəmcə
də dəyişib.
O özü də etiraf etdi ki,
indi bütün sahələrdə ona həmişəkindən daha
çətindir. Sonra
da dedi ki,
səndən ötrü
bərk darıxıb.
Səni görmək,
oturub söhbət etmək istəyir. O mənə məişət
qayğılarından, onu
narahat edən problemlərdən danışdı.
Xahiş etdi ki, ona tez-tez
baş çəkim və onunla söhbətə vaxt ayırım.
Qısası, biz həmin gün xeyli dərdləşdik. Sən təsəvvür edə bilməzsən ki, gənc aktyorlarımız
sənin üçün
nə qədər darıxıblar. Səni hər gün məndən soruşurlar,
salam göndərirlər.
Xahiş edirlər sənə çatdırım
ki, tez gələsən.
Yolunu səbirsizliklə
gözləyirlər. Sən
görərdin Moskvadan
qayıdanda onlar mənim üstümə necə düşdülər...
Qısası, onlar səni çox sevir və yolunu
gözləyirlər. Bütün
kollektivin sənə salamı var. Hələlik bu qədər. Məktubunu gözləyirəm. Mənə
görə narahat olma, tez-tez nənəgildə
oluram. Öpürəm.
Vəfa.”
Beləcə, teatra ilk addımını Vəfa 1970-ci ildə İlyas Əfəndiyevin
“Məhv olmuş gündəliklər” əsərində
Fəridə ilə atdı. Fəridə onun taleyini birdəfəlik
teatra bağladı.
Tamaşa müvəffəqiyyətlə
keçirdi. Vəfanın
səhnədəki hər
bir hərəkəti,
hər bir jesti, hər bir kəlməsi salonda tamaşaçılar
arasında oturan Hökümə xanımda
reaksiya doğururdu. O özü oynayırmış
kimi yerində sakit otura bilmirdi.
Özündə səhnə
həyatı üçün
heç bir qabiliyyət görməyən
və yalnız anasının istəyinə
zidd getməmək üçün belə bir addım atan qızının bu seçimində yanılmamasına onun da əmin olmasını
arzulayırdı Hökümə xanım. Vəfa anasının səhv etmədiyini, onu öz yerinə
layiqli davamçı
bildiyini başa düşməli, ona inanmalıydı. Vəfanın
gələcək səhnə
həyatının taleyi
indi Fəridədən
asılı idi. Bu rol, doğrudan
da, onun ürəyincə olmuşdu.
Sevə-sevə yaratmışdı onu.
“Məhəbbət
əfsanəsi”ndə
Şirini oynadı. Nazim Hikmətin bu əsərindəki Şirin həqiqətən
onun xarakterinə çox yaxın qadın idi və ona görə
də rol çox maraqlı alınmışdı.
“Sən yanmasan”, “Göz həkimi”, “Heç nədən hay-küy”, “İblis” tamaşalarında
yaratdığı xaraktercə
bir-birindən fərqli rolları ona böyük şöhrət gətirmişdi.
Televiziya tamaşalarında
da onun çox
qiymətli rolları vardır. “Alov” tamaşasını xüsusi
olaraq qeyd etmək lazımdır.
Vəfa xanım yaradıcılığının çiçəkləndiyi bir
dövrdə həyatdan
köçdü. Ancaq
arzuları çox böyük idi. Dünya və Azərbaycan klassiklərinin
bir çoxunun əsərlərində rollar
oynamaq barədə düşünürdü. Amma
bütün arzuları
yarımçıq qaldı.
Azərbaycanın əməkdar
aktrisası, Dövlət
mükafatı laureatı
Vəfa xanım Fətullayevanı xalqımız
həmişə xoş
xatirələrlə yad
edəcək.
Mükərrəmoğlu M.
Xalq qəzeti.- 2009.- 23 avqust.- S. 4.