Dərdini içində dağ edən şair...

 

Gözümüzün önündə Eldar adlı, İsmayıl soyadlı, Göyçə yaralı, Qarabağ, Zəngəzur ağrılı, Bağanis Ayrım yanıqlı, Xocalı dərdli, Dərbənd, Təbriz, Borcalı haraylı böyük bir şair yaşayır. Ağrısı yarasına sarınıb, göz yaşı dərdini yuya bilmir. Baxışı od parçası kimi içini yandırır.

Əlləri ulu Tanrının ətəyindən tutmaq üçün Vətən ağrısını ömrünə nərdivan edib. Səsi nə Allaha, nə soyuq sifətli, namərd, daşürəkli insanlara çatır. Müqəddəs babalarımızın sümüyü kimi sızlayır, göyüm-göyüm göynəyir. Vətən fəryadı ildırım kimi çaxır. Bəzən dünya onun gözündə süngüyə taxılan körpə balalarımız kimi qan bələyinə dönür. Qarabağ dərdi altında inləyir. Qəzəbini amansız dünyanın murdar sifətinə çırpıb Vətən - vay, yurdum yuvam vay, elim, obam vay — deyir. Xocalı yarası üstündə, sanki, ağı deyir:

 

İllərdi bu çılğın, dəli könlümdə,

Ağlayır, kiriyir Qarabağ dərdi.

Yanağım üstündə axıb sellənir,

Gözümdə quruyur Qarabağ dərdi.

 

Başı zaman-zaman bəlalar çəkmiş, tarixi daşların, qayaların üstünə qanla yazılan, torpağı qıyma-qıyma doğranıb yadlara Vətən olan bir xalqın Eldar adlı şairini heç nə ram edə bilmir. Sinəsi qəzəb odundan alışır. Adama elə gəlir ki, o birdən ya bir ovuc torpağa, ya bir üskük külə dönüb dəli küləklərin qanadı üstündə heçliyə sovrular. Bəli, Eldar əsl şairdi. Fikri oddan, sözü alovdan yoğrulan bu mərd, alicənab və olduqca milli şairimizin könül rübabı Vətən və xalq, yurd-yuva, gorgah həsrəti üstündə köklənib.

Onun qeyrət ünvanlı türk kökü bu ulu torpağın bağrında nəhəng palıd kimi kök atıb. Bu palıdın kökü Eldarın poetik andı, əqidəsi, inamı və nəhayət onun ölməz sənət dünyasıdır. Eldar təpədən-dırnağa qədər Vətən qanlı, torpaq siqlətli əbədi yaşar şairimizdir. Onun poetik dünyası təlatümlü, qaynar, coşqun, sərt və düşmənə nifrətlə dolu bir sənət odudur. Eldarın mənfur düşmənə tuşlanmış qələmi misri qılıncdan itidir. Eldar İsmayıl haqlı olar “Türkün bir düşməni var” şeirində yazır:

 

Qəmlənmə,

İnsanların dönüklüyündən,

Bir şirin həyatın

Sönüklüyündən!..

Gündüzün qaranlıq adlı,

Günəşin dumanlıq adlı

Öz düşməni var.

 

Şair şeirə burada nöqtə qoymur. Mətləbi dağ etmək istəyir. Kiçik bir şeirdə ağıllı təzadlar yaradır. Oxucuya tam aydın olsun deyə, fikirlərinin poetik qüdrətinə rəvac verir. Türkün ən xəbis, hiyləgər, yaltaq, ikiüzlü düşməni olan bədniyyət ermənilərin düşmən obrazına bir az da aydınlıq gətirir. Şair fikrinin poetik həllini aşağıdakı kimi yekunlaşdırır:

 

Bu belə dünyadı

Hər yaxşının

Bir yamanı var!

Hər böyük qüdrətin

Kor şeytanı var.

Sən də bilməlisən

Sənin balan da,

Atam oğlu,

Türkün erməni adlı

Bir düşmanı var!..

 

Eldar İsmayıl ümidli, inamlı, saf əqidəli şairdir. Boş, mənasız, işıqsız, inamsız sözə rəvac vermir. Nə yazırsa, onu ürəyinin qanı ilə rəngləyir. Sözünün poetik gücü insanda Vətənə, xalqa məhəbbət hissi aşılayır. Eldar bir şair kimi şeirin bütün janrlarında böyük mətləblərin kökünə işıq salır. Sözü-sözə, fikri-fikrə mahir sənət cərrahı kimi tikir. Ən kal, duyğusuz oxucunu belə riqqətə gətirə bilir. Hər kəsin milli ruhunu, naqarramış yaddaşını cilalayır. Sanki, insana həyat dərsi keçir, ona kimliyini anladır. Oxucuya diqtə edir ki, haqqın evi fələyin əliylə də talan ola bilməz. Halal ocağın odu-közü min il ötsə də sönməz. Belə ocağın üstündə qalanan yad, düşmən ocağı heç vaxt közərməz. Üfürdükcə keçər. Tüstüsü yad naxələfin öz gözünü kor edər. Şair bu real həqiqəti “Alınmaz ki, alınmaz” qoşmasında sənətkarlıqla poetikləşdirir:

 

Arxalanma fit səsinə arxanın,

Haqqın evi talanmaz ki, talanmaz!

Min il ötsə, halal ocaq yerində,

Yad ocağı qalanmaz ki, qalanmaz.

Böhtanınla məni qatma sırana,

Abrın olsun, bütöv demə parana.

Yurd bölməklə məlhəm umma “yarana”,

Belə çarə bilinməz ki, bilinməz.—

 

Bu şeirin siyasi odu-közü yurdumuzu bölən, sinəmizə Göyçə, Qarabağ, Zəngəzur, Vedi dağı çəkən yaramaz, satqın, milli xəyanətkarlara və imperiya cəlladlarına tuşlanan söz gülləsidir. Şeirin sonluğu daha tutarlı ifadələrlə zəngindir. Şair sinəsindən püskürən qisas andına söykənib. Xalqı misri qılınc kimi kəsərli olmağa səsləyir. Odla oynayan namərd qonşumuzun burnunu ovub, bir yolluq azad nəfəs almağı müdrikcəsinə tövsiyə edir. Milyon illik tarixi olan müqəddəs Vətənin ağrısını, acısını ömrü boyu çəkməyə müsəlləh əsgər kimi hazır olan şair. Sanki, millətin qulağına hayqırır ki, hərbə-zorba ilə donuz darıdan çıxmaz. Qarabağ adlı qalanı azad etmək üçün milli qeyrətlə düşmənə qəzəb qılıncı birləşməlidir. Şair şeirinin hər bəndində bu anda sadiq qalır:

 

Namərd qonşu imkan tapsa od yapar,

Odla oynar, kül üfürər, köz qapar,

Quyu qazar, şər axtarar, söz qapar,

Can da desən dolanmaz ki, dolanmaz!

Mənə gəlsin ana yurdun qadası,

Bəd gözlərə bıçaq olsun ziyası

Qarabağın qoç Koroğlu qalası

Belə qala alınmaz ki, alınmaz!

 

Eldar İsmayıl bütün varlığı ilə milli qanlı, cəsarətli, təəssübkeş, düşmənə nifrət və qəzəb kini heç zaman sönməyən alovlu vətəndaşdır. O, tarixin amansız gedişlərinə bu yanlış tarixi yazan sarı imperiya cəlladlarına, türk dünyasının taun xislətli erməni düşmənçiliyinə qarşı olduqca sərt və mübarizdir. Eldar İsmayıl bu xalqın, bu müqəddəs keçilməz, əsrarəngiz torpağın təmiz qanlı, qılınc kəsərli, coşqun ruhlu şair oğlu olaraq heç vaxt qaysaq bağlamayan yaramızın ağrısına dözə bilmir. Kirpiyindən dırnağına qədər sızlayır. Haqq dünyasını haraylayır. Dünyanı Xocalı yasına dəvət edir. Xocalı yarasını bağrına basıb, dəhşətli anlar keçirir. “Xocalı dərdi haray”... şeiri də bu dözülməz, sağalmaz yaranın qanından süzülüb, şair ürəyini az da olsa ovundura bilir. O həqiqətin gözünün içinə dik baxır. Bədii sorğular, suallar içində haqq-ədalət hakiminə dönür:

 

Bu milləti qırdıran kim, qıran kim?

İgidləri kürəyindən vuran kim?

Bilinmirsə kim müttəhim, kim hakim...

Xocalının dərdi haray, ay haray!..

Bədən getdi, qol doğrandı, baş dindi

Göz ovuldu, göy ağladı, yaş dindi.

Torpaq yandı, yurd dağıldı, daş dindi,

Xocalının dərdi haray, ay haray!..

 

İrili-xırdalı 30-dan artıq dərin məzmunlu, yüksək poetik qayəli şeirlərin, poemaların, roman, povest, hekayə və publisistik yazıların müəllifi olan istedadlı şairimizin “Xocalının dərdi haray” toplusu bütöv bir milli ağrıdan yoğrulub. Hər misra, hər söz, hər kəlmə bir şair ömrünün qantel ağırlığındadır. Əlbəttə, Eldar İsmayıl kimi şairin hər şeirinə ayrıca işıq salmaq, onun fikir yükünü dəyərləndirmək bizim üçün əsl vətəndaşlıq borcu olardı. Ancaq sevimli şairimizin şeirlərinin poetik sirrini daha geniş açmaq üçün ədəbi namuslu, istedadlı bir tədqiqatçıya ehtiyacımız var. Eldar İsmyılın şeir kökü torpağın dərin qatlarına işləyir. O nə yazırsa yazsın, ürəkdən, vicdanının səsiylə, qanının rəngiylə, amalının böyüklüyü ilə yazır. Şairin “Gözümüz dünyada nələr görmədi”, “Tez-tez dönüb deputatam deyən kişi”, “Qeyrət günüdü”, “Dəyir”, “Köhnə kişilər”, “Şuşa düşdü yadıma”, “Haralısan deyə-deyə”, “Bizi bölgələrə bölənə lənət”, “Bu torpağı kim alacaq”, “Türk olmaq çətindi bu məmləkətdə”, “Ulu Tanrım”, “Hara gedirsən”, “Qarabağ düyünü”, “Hazır ol qisasa, hazır ol, xalqım” başlıqlı şeirlərin hər biri çox-çox böyük, təsirli, mənalı, sənətkarlıq baxımından tərifə layiq poetik külçələrdi. Bu şeirlər oxucunu silkələyən, özünə qayıt, qisasını al ruhunda yazılıb. Şairin ürək qanı, can yanğısı ilə yazılan bu şeirlərinin üstündən sükutla keçmək olsa-olsa insafsızlıq ola bilər:

 

Bu gün namus günü, mürvət günüdü,

Qalxın igidlərim qeyrət günüdü.

Ölüm-dirim günü, cürət günüdü,

Şəhidlər qanını yerdə qoymayın,

Qurtarın vətəni, darda qoymayın!

Qoruyun igidlər, hara Vətəndi,

Sinədə sızlayan yara Vətəndi.

Bura Azərbaycan, bura Vətəndi,

Qurtarın Vətəni, darda qoymayın!

 

Bəzən ağzıgöyçəklər deyirlər: şairlərimiz Qarabağ dərdindən az yazırlar. Kaş belələri gözünə iri eynək taxıb, küt beyinlərini, kəm-kəsirli ağıllarını cilalayıb Eldar İsmayıl kimi Vətən yanğılı, qeyrətli şairimizin ağrılı şeirlərini, roman və povestlərini diqqətlə oxuyaydılar. Baxın, Vətənin yaraları üstündə şair necə göynəyir, necə sızlayır, necə göz yaşı tökür, ən əsası necə kövrək, dəyərli, həssas, mənalı, intiqam ruhlu, yurda qayıdış səsli gözəl şeirlər yaradır. Bu şeirlər dönə-dönə oxunmalı, həyəcan siqnalı kimi mütəmadi ekranlardan düşməməlidir. Halbuki, Eldar İsmayılın təbirincə desək, bir cılız, yarıçılpaq “müğənni” qıza ekranlarda ayrılan vaxt qədər Qarabağ faciəsinə yer ayrılmır:

 

Bir dərvişəm, yurd ünündə,

Qollarım bağlı önündə,

Qarabağın bu günündə

Öl deyirsən, necə ölüm?

 

Və yaxud, “Dəyir” şeirində şair həm açıq, həm də üstüörtülü mənada milli dönükləri, qərb bayquşu kimi ulayan beynisoyuq insanları alov tək qarsır:

 

Beynin dəyişib çoxusu,

Qərb yönlü olub yuxusu,

Yad havanın kif qoxusu,

Bu başı boşlara dəyir!

 

Eldar İsmayılın ən ağrılı yeri bölgəçilikdi. Şairə görə “haralısan” sözü ömrümüzə-günümüzə, bütün mənəvi dünyamıza qara yara kimi kök atıb:

 

Gəlin daha “haralısan” sözünü qanaq,

Azərbaycan torpağına ürəkdən yanaq.

 

Maraqlıdır, Eldar İsmayılın mövzu seçiminin əksəriyyəti milli ağrı-acılarımızın bağrından qopan yanıqlı, göynərtili əks-sədadır. Şair kəsərli ifadələrlə bu behişt timsallı Vətənin hamıdan çox suyunu içən, çörəyini yeyən, ən təmiz havasını udan insanları qeyrətə, haqqa, inama, milli özünüdərkə çağırır. Onlara həqiqi əsgər olmağı, vətəni göz bəbəyi tək qorumağı arzu edir.

Qeyd etdim ki, Eldar İsmayılın bütün şeirləri ayrı-ayrılıqda poetik təhlilə cəlb ediləsidir. Bu şeirlər sinəsinə Vətən boyda dağ çəkilən həssas, kövrək, həm coşqun təlatümlü, sözü kəsərli, mübariz şairimizin həyat devizi, məslək hayqırıqlarıdır. O türk olaraq üç min ildən artıq yaşı olan bu müqəddəs Vətənin övladıdır. Onun yeddi arxa dönəni, bütün nəsli-nəcabəti nəhəng palıdlar tək torpağa kök atıb, qaya kimi monolitləşib, dağlar qədər uca və məğrur olub və olacaqdır. Məhz buna görə də Eldar İsmayıl soya-kökə qayıtmağı, bir ocaq oduna-közünə qızınmağı hər kəsə tövsiyə edir:

 

Gedib ulu Göyçə, Vedi, İrəvan,

Hanı Laçın, Şuşa, hanı Zəngilan?

Sağında-solunda dayanıb düşman,

İtirə-itirə hara gedirsən?!

 

Deyirlər əsl şairin gözünü oysan kirpikləri çalınmaz. Şair millət dərdkeşi, xalq ruhunun poetik tərənnümçüsüdür. Xalqa gələn zaval hər kəsdən öncə şairə gəlir. Eldar kimi şairlər xalq dərdinin ən həssas borometridir. “Hazır ol” şeiri,zənnimcə, himn kimi səslənir. Şair bu şeirində xalqı, milləti bir daha birliyə, qisasa çağırır:

 

Çağır Təbriz qalxsın, Mərənd oyansın,

Hər mahal, hər oba, hər kənd oyansın,

Borçalı yerisin, Dərbənd oyansın

Hazır ol, qisasa hazır ol, xalqım!

 

Bu şeirlərin poetik yükü Murovdan, Savalandan ağır, mənası isə yaralarımızın sayı qədər ağrılı, sızıltılı və çəkilməzdir. Çox təəssüf!.. Qədim Oğuz yurdu İrəvandan, Qarabağdan keçə bilməyən yollar yaralı əsgər kimi üzü üstə düşüb, gorgahlarımız dağılıb, qəsri-qalalarımız uçub, türk nəfəsli evlərimiz ölüb, tabutlarını qaldıra bilmədik. Orda hər gün, hər gecə dünyəvi ağrısını xəyalən sinəsinə basan Eldar İsmayıl adlı bir şair yol gedir. Torpağı qan qoxulu, göyləri tutqun, yolları bağlı, gözləri ağlar görə-görə. Ancaq o varlığı qədər inanır ki, mütləq ulularımızın qəbri uyuyan Oğuz yurduna qayıdış köçü başlayacaq!

 

 

Əhməd Ə.

 

Xalq qəzeti.- 2009.- 23 avqust.- S. 6.