Heydər Əliyev
fenomeni və Azərbaycan dövlətçiliyi
Dövlətin beynəlxalq
koordinatlar sistemində tutduğu mövqe onun
aşağıdakı parametrlərə hansı səviyyədə
uyğun gəlməsi ilə ölçülür:
coğrafi şərait, əhalinin sayı, təbii ehtiyatlar,
iqtisadi güc, müdafiə qüdrəti, milli əxlaq.
Bu parametrlərdən
savayı, daha bir son dərəcə əhəmiyyətli
fenomenin dövlətin statusunun təyinatında rolu əvəzsizdir.
Bu fenomen konkret dövlət liderinin şəxsiyyəti ilə
bağlıdır. Xarizmatik lider təhlükə altında
olan dövlətin xilaskarı funksiyasını yerinə
yetirir, onun sonrakı inkişafının təminatçısı
olur. Həmin funksiyanı Rusiyanın tarixində Böyük
Pyotr, Prussiyanın tarixində Böyük Fridrix,
ABŞ-ın tarixində Corc Vaşinqton və Avraam Linkoln,
Türkiyənin tarixində isə Böyük Atatürk həyata
keçirmişdir. Azərbaycanın çağdaş
tarixində isə bu fenomen Heydər Əliyevin adı ilə
bağlıdır.
Heydər Əliyev
feonomeninin məzmun və mahiyyətini ehtiva edən
çoxsaylı əsərlər və tədqiqat işləri
yazılmışdır. Zaman keçdikcə daha samballı
araşdırmalar meydana gələcəkdir. Bu, aksiomadır.
Nurlu və işıqlı insan olan Heydər Əliyevin siyasi
fəaliyyətinin öyrənilməsində
mümkünsüzlüyün haradan qaynaqlanmasının
motivlərini, zənnimcə, anlamaq mümkündür. Bu, bəlkə
də onunla bağlıdır ki, Tanrı fitrən nurlu
yaratdığı bəndələrini məhz özünəbənzər
cizgilərlə fərqləndirir. Heydər Əliyev də
Tanrının səxavət payı ilə
mükafatlanmış Böyük azərbaycanlıdır. O,
çağdaş Azərbaycan dövlətçiliyinin
banisidir. Azərbaycan dövləti, əslində Heydər Əliyevin
şah əsəridir. Dövlətimizin dünyanın perspektiv
geosiyasi konfiqurasiyasında yerinin və statusunun müəyyənləşdirilməsində,
onun fiziki mövcudluğunu belə sual altına almış
çoxsaylı təhlükə və qəsdlərin aradan
qaldırılmasında Heydər Əliyev fenomeninin rolu intəhasızdır.
Məhz Heydər Əliyev ölkə prezidenti olaraq Azərbaycanın
bütövlüyünün təminatçısı
olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev cənubda qondarma “Talış Muğan
Respublikası”nın, şimalda isə
“Sadval”çıların separatizminin qarşısını qətiyyətlə
ala bilmişdir.
Prezident Heydər Əliyevin
ABŞ-a ilk rəsmi səfəri zamanı ona bu dövlətin
ən məşhur 4 prezidentindən biri olmuş
(C.Vaşinqton, T.Cefferson və F.D.Ruzvelt ilə birlikdə)
Avraam Linkoln (1861-1865) büstünün
bağışlanması təsadüfi deyil, böyük rəsmi
əhəmiyyəti olan hadisədir. Prezident A.Linkoln
ABŞ-ın bütövlüyünün qorunması naminə
separatçı Cənub ştatları ilə (11 ştat)
bütün hakimiyyəti dövründə mübarizə
aparmalı olmuş (vətəndaş müharibəsi) və
nəticədə ölkə miqyasında 600 mindən
artıq itkilərin verilməsinə baxmayaraq, dövlətçiliyin
məhvinin qarşısını ala bilmişdir. Amerikalılar
indiyədək seçdikləri 43 prezidentdən yalnız 4-nə
heykəl qoyublar. Həmin prezidentlərdən biri də məhz
A.Linkolndur. Zənnimcə, ABŞ-ın Azərbaycan prezidentinə
olan xüsusi münasibətlərinin motivlərini də elə
məhz bunda axtarmaq lazımdır.
Bu gün ümummilli
liderimiz Heydər Əliyev cismən aramızda olmasa da, onun hər
birimizin qəlbində alovlandırdığı məşəl
bir mayaka çevrilərək bələdçimiz olur, bizi
Azərbaycan dövlətinin tərəqqisi naminə yeni-yeni
zəfərlərə ruhlandırır. Onu da qeyd etmək
lazımdır ki, ulu öndərin ən layiqli siyasi varisi,
onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin respublikamızın tərəqqisi naminə
gördüyü işlər və bu illər ərzində əldə
etdiyimiz nailiyyətlərin qazanılması istiqamətində
apardığı daxili və xarici siyasət nəticəsində
ölkəmizin nüfuzu günbəgün artır.
Sona Məmmədbəyova
Xalq qəzeti.- 2009.- 27 avqust.- S. 3.