Qloballaşma və milli dövlətlərin mənafeləri

 

(əvvəli ötən sayımızda)

 

Təbiidir ki, bu uyğunsuzluq özünü müxtəlif ölkələrdə müxtəlif dərəcədə göstərir. Çünki milli dövlətlər qloballaşma proseslərini müxtəlif dərəcədə həll ediblər, müxtəlif “çəkiyə” malikdirlər, qlobal bazarlardan müxtəlif dərəcədə “fayda” və ya “zərər” əldə edirlər. Bütün bunlar isə mənafelər arasında ziddiyyətin yaranmasını labüd edir. Çünki xarici satış bazarlarından, xarici maliyyə ehtiyatlarından, texnoloji və idarəçilik təcrübəsindən güclülər daha çox istifadə edə bilirlər. Ona görə də əsas makroiqtisadi göstəricilər arasında fərq bir çox hallarda artmaqda davam edir.

Ona görə də qloballaşmanın ümumbəşəri əhəmiyyət kəsb edən problemlərindən biri bu prosesin ölkələr arasında inkişaf səviyyəsi baxımından olan kəskin fərqə necə təsir etməsi, qloballaşmanın faydalarının ölkələr arasında necə bölünməsi problemidir.

Müasir mərhələdə heç bir dövlət həmin proseslərdən kənarda qala bilməz. Lakin getdikcə daha çox dərk edilir ki, bəşəriyyətin inkişafı üçün həyati əhəmiyyət kəsb edən qloballaşmanın faydaları qeyri-bərabər bölüşdürülür. Müasir beynəlxaq siyasi-iqtisadi sistemində azsaylı inkişaf etmiş sənaye ölkələri aparıcı rol oynayır. Texnoloji və informasiya inqilabları iqtisadi inkişafın xarakterini dəyişmişdir. Qabaqcıl sənaye ölkələri və müəyyən dərəcədə orta inkişaf səviyyəsinə malik olan ölkələr üçün rifah səviyyəsinin artırılmasında yeni imkanlar daha çox yaranmışdır.

Bununla yanaşı, tədqiqatlar göstərir ki, ziddiyyətli mahiyyəti və sosial-iqtisadi nəticələrinə baxmayaraq, XX əsrdə baş vermiş elmi-texniki inqilablar inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatı ölkələrinin sosial-iqtisadi tərəqqisinə ciddi təsir göstərmişdir. Faktlar da bunu əyani şəkildə sübut edir. Belə ki, sənaye istehsalı XX əsr ərzində inkişaf etməkdə olan ölkələrdə 21, 9 dəfə artdığı halda, inkişaf etməkdə olan ölkələrdə 62, 1 dəfə artmışdır. Yalnız son 30 il ərzində (1970-2000-ci illər) sonuncuların sənaye istehsalı 55 dəfə artmışdır.

İnkişaf etməkdə olan ölkələrdə sənayenin strukturunda da ciddi dəyişikliklər özünü göstərmişdir. XX əsrin ikinci yarısında inkişaf etməkdə olan ölkələrdə məhsul istehsalının strukturunda emaledici sənaye məhsullarının payı iki dəfədən çox artaraq 2000-ci ildə 55, 2 faiz təşkil etmişdir. Diqqəti belə bir cəhət cəlb edir ki, bu proses qloballaşmanın geniş vüsət aldığı 90-cı illərdə xüsusilə sürətlənmişdir.

Onu da nəzərə almaq lazımdır ki, həmin struktur dəyişiklikləri bəzi iqtisadçıların iddia etdikləri kimi heç də materialtutumlu və əməktutumlu sahələr hesabına baş verməmişdir. Belə ki, 1980-1998-ci illər ərzində inkişaf etməkdə olan ölkələrin ixracatında baza ehtiyatlarının (yanacaq nəzərə alınmasa) payı 50,8 faizdən 19 faizə enmiş, əməktutumlu hazır məhsulları isə müvafiq olaraq 21,8 faiz və 23, 2 faiz təşkil etmişdir. Həmin dövrdə ixracatda yüksək texnolojitutumlu məhsulların xüsusi çəkisi isə 11, 6 faizdən 31faizə yüksəlmişdir.

Sənaye ölkələrində yaranmış zəngin hazır texniki potensialdan istifadə edərək, zəif ölkələr öz inkişafını sürətləndirmək imkanına malikdirlər. Adambaşına məhsul istehsalı 1970-2000-ci illər ərzində inkişaf etmiş ölkələrdə 1,7 dəfə artdığı halda, inkişaf etməkdə olan ölkələrdə 2,5 dəfə çoxalmışdır. 2000-2006-cı illərdə isə ÜDM-in orta illik artım sürəti inkişaf etməkdə olan ölkələrdə inkişaf etmiş ölkələrə nisbətən xeyli yüksək olmuşdur.

Bununla yanaşı, real həyat göstərir ki, qloballaşmanın bəhrələrinin ilk olaraq güclü dövlətlər tərəfindən mənimsənilməsi nəticəsində inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında fərq azalmır, əksinə daha da artır. Bu haqda iqtisadi ədəbiyyatda kifayət qədər dəlillər və faktlar mövcuddur. Biz burada yalnız bir fakt üzərində dayanmağı məqdsədəuyğun hesab edirik: adambaşına düşən ÜDM inkişaf etməkdə olan ölkələrdə 1900-cü ildə ABŞ səviyyəsində 11,3 faiz təşkil etdiyi halda, 2000-ci ildə 10,7 faizə enmişdir.

Onu da qeyd etmək lazımdır ki, qloballaşmanın verdiyi imkanlardan bütün inkişaf etməkdə olan ölkələr eyni dərəcədə istifadə etmirlər. Dünya Bankının hesabatlarının birində göstərilir ki, aşağı gəlir səviyyəsinə malik olan Azərbaycan da daxil olmaqla 49 ölkədə adambaşına ÜDM 1995-ci ildə 700 dollardan az olmuşdur. Həmin göstərici üzrə bu dövlətlərin böyük əksəriyyəti ABŞ səviyyəsinə görə (1987-ci illə müqayisədə) xeyli geriləmişdir. Lakin kamil bazar iqtisadiyyatı mexanizmi yaradaraq qloballaşmanın üstünlüklərindən uğurla istifadə edən bir çox zəif inkişaf etmiş ölkələr isə (Cənubi Koreya, Tayvan, Honkonq, Sinqapur, Çin və s.) sosial-iqtisadi tərəqqi yolunda sürətlə irəliləyirlər. 2000-2006-cı illərdə bütün dünya üzrə ÜDM-in orta illik artım sürəti 2, 5-4, 8 faiz olduğu halda, bu ölkələrdə 7-8 faiz olmuşdur.

Nəticədə bu ölkələr arasında da təbəqələşmə sürətlənir. Onların arasında texnoloji inqilabların və yeni beynəlxalq iqtisadi-maliyyə mühitinin verdiyi üstünlüklərdən səmərəli istifadə edən ölkələr öz inkişaf səviyyələrinə görə sənaye ölkələri ilə aralarında olan fərqi aradan qaldırırlar. Lakin təbii istehsal amillərindən istifadəyə əsaslanan ölkələrdə vəziyyət ağır olaraq qalmaqda davam edir, onların dövlət borcları sürətlə artır, istehsalın strukturunda hasilat sənayesinin payı yüksək səviyyədə qalır.

Keçid iqtisadiyyatı ölkələrində mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan azad bazar iqtisadiyyatına transformasiya prosesinin tarixdə analoqu yoxdur və qloballaşma dövrünə təsadüf etdiyi üçün olduqca mürəkkəbdir. Bu ölkələrdə gedən proseslər iqtisadi münasibətlərin qloballaşmasının ayrılmaz tərkib hissəsidir. Qloballaşma dövründə isə dünyanın iqtisadi inkişafında ciddi dəyişikliklər baş vermişdir. İnformasiya inqilabı, kapital axınının beynəlmiləlləşməsi iqtisadi inkişaf modelində dərin keyfiyyət dəyişiklikləri yaratmışdır. Ticarətin və maliyyə bazarlarının liberallaşması bu ölkələr qarşısında yeni perspektivlər açmaqla yanaşı, yeni problemlər də yaradır. Bu ölkələrdə ticarətin liberallaşması və maliyyə vəziyyətinin sabitləşdirilməsi qapalı olan iqtisadiyyatın açıq iqtisadiyyatla əvəz olunması prosesi ilə paralel gedir. Bunun nəticəsində həmin ölkələr beynəlxalq əmək bölgüsünə daha çox cəlb edilir və onlarda xarici ticarət dövriyyəsi sənaye istehsalına nisbətən çox sürətlə artır.

Həmin ölkələrin gələcək taleləri üçün əhəmiyyətli olan məsələlərdən biri də odur ki, yerli və xarici sahibkarların milli bazarlara sərbəst daxil olmaları və fəaliyyət göstərmələri üçün şərait yaradılır. Kapital hərəkətinin liberallaşması isə həmin ölkələrin yeni yaranmağa başlayan bazarlarının dünya maliyyə bazarlarının tərkib hissəsinə çevrilməsinə səbəb olur. Xarici investorlar isə neft-energetika və maliyyə sahəsində daha çox fəallıq göstərirlər. Bu isə onlar tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına səbəb olmaqla bərabər, digər tərəfdən “asılı kapitalizm” adlanan hadisənin baş verməsi ehtimalını artırır.

Qloballaşma prosesləri dərinləşdikcə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasındakı münasibətlər “Vaşinqton konsensusu” adlanan sənəddə cəmləşmiş tövsiyələr (BVF, Dünya Bankı və digər beynəlxalq təşkilatların) əsasında formalaşmağa başlamışdır. Həmin sənəddə adı çəkilən ölkələrə tövsiyə edilir ki, onlar bank, xarici ticarət, xarici investisiyalar haqqında qanunvericiliyi daha da liberallaşdırsınlar, vergiləri və büdcə xərclərini ixtisar etsinlər, genişmiqyaslı özəlləşdirmə tədbirlərini həyata keçirsinlər, inflyasiyanın qarşısını qətiyyətlə alsınlar və maliyyə vəziyyətlərini sabitləşdirsinlər, xarici borcları restruksizasiya etsinlər. Bu tövsiyələr C.Stinqlisin göstərdiyi kimi, standart xarakter daşıyır və heç də istənilən müsbət nəticəni vermir: “BVF-nin bazarların özü-özlüyündə kənar müdaxilə olmadan səmərəli fəaliyyət göstərməsi kimi köhnəlmiş fikirlərə əsaslanan siyasi kursu bazar iqtisadiyyatının düzgün istiqamətləndirilməsinə və əhalinin maddi rifah halının yüksəldilməsinə səbəb ola biləcək arzu olunan dövlət müdaxiləsinə imkan yarada bilməmişdir. ”

İnkişaf etməkdə olan ölkələrdə mövcud köklü problemlərin həlli üçün inkişaf etmiş ölkələrin və beynəlxalq təşkilatların liberal görüşlərə əsaslanan tövsiyələri ciddi tənqidə məruz qaldığı üçün “Vaşinqton konsensusu”nun bir sira müddəaları yenidən nəzərdən keçirildi. Bu zaman liberal postulatların bir sıra radikal müddəalarından əslində imtina edildi və yeni islahat tədbirləri hazırlandı. Bu tövsiyələr (müəllifi C. Stinqlis) “Postvaşinqton konsensusu” adını aldı. Bu zaman əvvəl verilmiş tövsiyələr (məsələn, inflyasiyanın boğulması, dövlət mülkiyyətinin irimiqyaslı özəlləşdirilməsi, ticarət və maliyyə bazarlarının liberallaşdırılması, xarici borcların restruksizasiyası və liberal siyasətin digər “alətləri” vasitəsilə maliyyə sabitliyinin yaradılması) yenidən nəzərdən keçirildi. İnkişaf etməkdə olan ölkələrdə dövlət-bazar münasibətlərinə bu sənəddə yenidən baxıldı.

Sənaye cəmiyyətindən postsənaye cəmiyyətinə keçidin təkamül yolu ilə hərəkət etməsinə baxmayaraq bu proses ölkə daxilində ciddi disproporsiya və konfliktlər yaradır. Bu, özünü bir çox maddi istehsal sahələrinin məhsullarına dünya bazarlarında tələbin azalması ilə əlaqədar olaraq struktur və peşəkar işsizliyin artması ilə büruzə verir. Sənayeləşmə sürətləndikcə əksər sənaye sahələrində, xüsusən xidmət bölməsində azixtisaslı işçilərə tələbat da azalır. Cəmiyyətin yüksək bilik və təhsilə yiyələnmiş postsənaye hissəsi ilə azixtisaslı hissəsi arasında ziddiyyət yaranır və getdikcə dərinləşir.

Beləliklə, qloballaşma istər dünya miqyasında, istərsə də ölkə daxilində keyfiyyətcə yeni iqtisadi və maliyyə mühitinin formalaşmasına yol açmışdır. Mütəxəssislərin əksəriyyəti hesab edir ki, beynəlxalq iqtisadi münasibətlərin liberallaşması eyni tipli qanunlarla idarə olunan, vahid və yaxud yüksəkdönərli ödəmə vasitələrindən istifadə edilən vahid və yekcins qlobal bazar məkanının yaranmasını sürətləndirir. İqtisadiyyatın dövlət tənzimlənməsi nəticəsində ölkələrarası mövcud maneələr getdikcə aradan qaldırılacaqdır. Bu isə rəqabətin qlobal xarakter almasını təmin edəcək, dünya ehtiyatlarından daha səmərəli istifadə edilməsinə səbəb olacaqdır.

Qloballaşma proseslərinin həm ölkələr, həm də fəaliyyət sahələri baxımından qeyri-bərabər nəticələri təsirli milli dövlət modelinin formalaşdırılmasını və inkişaf etdirilməsini tələb edir. Bu baxımdan dövlətin 3 mühüm funksiyasının təkmilləşdirilməsi vacibdir:

1. Dövlətin texnoloji infrastruktur və insan kapitalının formalaşdırılması sahəsindəki strateji funksiyası. Qloballaşma prosesində ölkələrin texnologiya və insan kapitalı sahəsində infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

2. Dövlətin bazarları və rəqabət tənzimləyici funksiyası – dövlətin bazarları, xüsusən bank sistemini və maliyyə strukturunu tənzimləyən funksiyasının əhəmiyyəti son dərəcə artmışdır. Son dövrlərdə maliyyə sahəsində özünü göstərən dərin dünya böhranları (1998-2008) onu göstərdi ki, maliyyə sektorunda dövlətin tənzimləyici rolu zəif olan ölkələr həmin böhranlardan daha çox itki ilə çıxırlar.

3. Dövlətin bölgü sahəsindəki funksiyaları – qloballaşma prosesinin qeyri - bərabər gedişi istər ölkələr arasında, istərsə də ölkə daxilində gəlir bölgüsünün tənzimlənməsini tələb edir.

 

 

Dünyamalı Vəliyev,

Azərbaycan Universitetinin kafedra müdiri,

iqtisad elmləri namizədi

 

Xalq qəzeti.- 2009.- 27 avqust.- S. 3.