Gəncədə sahibkarlarla görüş
Ölkədə
sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni
iş yerlərinin və müəssisələrin
yaradılması, əhalinin sosial rifah halının
yaxşılaşdırılması “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
prioritet istiqamətlərindəndir.
Dövlət
Proqramına uyğun olaraq, sahibkarlığın
inkişafına dövlət dəstəyinin gücləndirilməsinə,
iş adamlarının maarifləndirilməsinə,
sahibkarların investisiya layihələrinin həyata
keçirilməsi üçün maliyyə
imkanlarının yaradılmasına (güzəştli kreditlərin
verilməsi və ya payçılıq qaydası ilə bu
layihələrin reallaşdırılmasında iştirak etməklə)
yönəldilmiş tədbirlər həyata keçirilir.
Avqustun 21-də Gəncə
şəhərində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi
və Azərbaycan İnvestisiya Şirkətinin təşkilatçılığı
ilə “Sahibkarlığa dövlət dəstəyi”
mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə İqtisadi
İnkişaf Nazirliyinin,
Gəncə Şəhər
İcra Hakimiyyətinin,
Azərbaycan İnvestisiya
Şirkətinin və
onun törəmə şirkəti olan “Xəzər” Beynəlxalq İnvestisiya Şirkətinin,
Bakı Fond Birjasının nümayəndələri,
həmçinin Gəncə-Qazax iqtisadi rayonunda kənd təsərrüfatı, infrastruktur,
logistika, turizm və s. sahələrdə fəaliyyət
göstərən 100-ə
yaxın sahibkar iştirak etmişdir. Əvvəlcə “Azərbaycan
Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
Dövlət Proqramının
(2004-2008-ci illər)” uğurlu
icrasına həsr olunmuş film nümayiş etdirilmişdir.
Sonra konfrans öz işinə başlamışdır. Tədbiri giriş
sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Eldar Əzizov Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
islahatlardan, Gəncənin
inkişafına göstərilən
diqqət və qayğıdan danışmış,
Gəncə-Qazax regionunun investisiya qoyuluşu üçün
əlverişli imkanlara
malik olduğunu vurğulamışdır.
İqtisadi İnkişaf
Nazirliyinin Sahibkarlığın
inkişafı siyasəti
şöbəsinin müdiri
Zaur Qasımov Azərbaycanda özəl bölmənin inkişafına
dövlət dəstəyinin
daha da gücləndirildiyini,
bu sahəyə ölkə rəhbərliyi
tərəfindən böyük
diqqət və qayğı göstərildiyini
vurğulamış, regionlarda sahibkarlığın inkişafı
istiqamətində görülən
işlər barədə
məlumat vermiş, eləcə də Gəncə-Qazax iqtisadi rayonunda sahibkarlığın inkişafı
imkanlarından bəhs
etmişdir.
Konfransda Azərbaycan
İnvestisiya Şirkətinin,
Bakı Fond Birjasının, “Xəzər
Beynəlxalq İnvestisiya
Şirkəti”nin nümayəndələri, həmçinin
regionda fəaliyyət
göstərən şirkətlərin
təmsilçiləri təqdimatlarla
çıxış etmişlər.
Tədbir çərçivəsində
regionda fəaliyyət
göstərən iş
adamları ilə görüşlər keçirilmiş,
onlara biznes ideyalarının formalaşdırılması
və reallaşdırılması
istiqamətində Azərbaycan
İnvestisiya Şirkəti,
eləcə də onun törəmə şirkətləri ilə
fəal əməkdaşlıq tövsiyə
edilmişdir.
Sonra konfrans
iştirakçıları Gəncə şəhərində
fəaliyyət göstərən
“NAA Agrotara” MMC ilə
“Xəzər” Beynəlxalq
İnvestisiya Şirkəti
arasında 2009-cu ilin iyun ayında imzalanmış və 5,5 milyon manat həcmində
investisiya qoyuluşunu
nəzərdə tutan
müqaviləyə əsasən
inşa olunmuş soyuducu anbarların fəaliyyəti
ilə tanış olmuşlar.
Hazırda kompleksdə
yeni müasir avadanlıqların quraşdırılması
həyata keçirilir.
Kompleksdə yenidənqurma
işlərinin aparılması
ildə 25 min ton meyvə-tərəvəzin, eləcə
də digər kənd təsərrüfatı
məhsullarının saxlanılmasına
imkan verəcəkdir.
V.Bayramov
Xalq qəzeti.- 2009.- 27 avqust.- S. 4.