Hacıqabul: əhalinin sosial müdafiəsi daha da gücləndirilir

 

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, şübhəsiz ki, öz bəhrəsini verir. Bu, ilk növbədə insanların, xüsusilə də aztəminatlıların yaşayış tərzində özünü göstərir. Əlamətdar haldır ki, Hacıqabul rayonunda da bu sahəyə xüsusi diqqət və həssaslıqla yanaşılır. Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsinin müdir əvəzi Hacıağa Qasımovun bildirdiyinə görə, rayonda əmək pensiyaçılarının sayı 7068 nəfərdir. Onlardan 4572-si yaşa, 1574-ü əlilliyə, 922-si isə ailə başçısını itirməyə görə pensiya alır.

Sosial sığorta ayırmaları üzrə proqnoz tapşırıqların artıqlaması ilə yerinə yetirildiyini xüsusi vurğulayan H.Qasımovun sözlərinə görə, bir rüb ərzində əmək pensiyalarının ödənilməsi üzrə təqribən iki milyon (bir ay üçünsə altı yuz altmış altı min) manata yaxın vəsait sərf edilir. Bu məbləğin bir milyon yeddi yüz on altı min manatı işləməyən, iki yüz səksən dörd min manatı isə işləyən əmək pensiyaçılarına xərclənir. Həmçinin əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləlik və doğuma, yeni doğulmuş, eləcə də üç yaşınadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlər mütəmadi olaraq təyinatı üzrə xərclənir. Bütün bunların ölkə başçısı İlham Əliyevin vətəndaşlara göstərdiyi diqqət və qayğının birbaşa təzahürü olduğunu və bu sahədə işlərin müasir tələblər səviyyəsində qurulması üçün DSMF-nin və rayon icra hakimiyyətinin yaratdığı əlverişli şəraiti minnətdarlıqla qeyd edən H.Qasımov əminliyini də bildirdi ki, ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” sözləri məhz bu günümüzün gerçəkliyidir və buna görə də təqaüdlər gələcəkdə də artırılacaq.

Bu gün Azərbaycan Respublikasında orta pensiyanın 100 manat səviyyəsində olduğunu və ildən-ilə artdığını deyən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Xalis Həsənovun bildirdiyinə görə, Mərkəz ümumilikdə 4842 nəfərə müxtəlif növlər üzrə sosial müavinət xidmətləri göstərir. Sosial pensiya üzrə 606 nəfərə, ailə başçısını itirməyə görə 186 ailəyə (370 uşağa), ümumi səbəbdən əlilliyə görə 802 nəfərə, uşaqlıqdan əlilliyə görə 334 nəfərə, 164 nəfər müharibə iştirakçısına, Milli Qəhrəman və şəhid ailələri və dövlət qulluqçuları — 35 nəfərə sosial müavinətlərin vaxtında və problemsiz ödənilməsi üçün bütün zəruri tədbirlər görülür. Aztəminatlı ailələrə dövlət qayğısının təzahürü kimi 2006-cı ilin iyul ayının 1-dən ünvanlı dövlət sosial yardımı mexanizminin işə salındığını bildirən mərkəzin direktoru ilin əvvəlindən bu məqsədlə 1214 ailənin müraciət etdiyini, 1047-sinin müraciətinin qeydiyyata alındığını, 980 ailəyə ÜDSY təyin olunduğunu da nəzərə çatdırdı. Şəhid ailələrinin, müharibə və Çernobıl qəzasının nəticəsinin aradan qaldırılması iştirakçılarının, pensiyaçıların müxtəlif müalicə sanatoriyalarında müalicə olunmaları üçün də vəsaitlər xərclənmişdir. X.Həsənov bildirdi ki, son illər Hacıqabul rayonunda inkişaf göz qabağındadır, həyat canlanır, yeni-yeni müəssisələr işə salınır, iş yerlərinin sayı artır. Sözsüz ki, bütün bunlar da əhalinin güzəranına müsbət təsir göstərir.

Əlbəttə, əhali bütün müavinətlərini plastik kartlar vasitəsilə bankomatlardan alır. Hacıqabulda bu işi şəbəkəsinə və kapitalına görə ölkənin ən nüfuzlu banklarından olan “Kapitalbank” həyata keçirir. “Kapitalbank”ın rayon şöbəsinin müdiri Ayət Nadirovun məlumatına əsasən, hazırda rayonda 11611 nəfər plastik kartdan istifadə edir. Bankın özündə, əhalinin sıx yaşadığı yerlərdə — Heydər Əliyev prospektində və Muğan qəsəbəsində üç bankomat quraşdırılıb. Yaxın gələcəkdə Rəncbər, Qubalı, Atbulaq, Qızılburun kəndlərinin əhalisinin rahatlığını təmin etmək məqsədilə Navahı qəsəbəsində də bankomat quraşdırılacaq. Əhalinin bankomatlar vasitəsilə pullarını alması üçün heç bir problem yoxdur. Bankomatlar baş idarə və yerli bank tərəfindən nəzarətdə saxlanılır və texniki problemlərin yaranmaması üçün bütün zəruri tədbirlər görülür. A.Nadirov xüsusi vurğuladı ki, müştərilərin etimadını doğrultmaq əsas prinsipimizdir və zənnimcə, işimizlə buna nail olmuşuq. Dövlət başçımız, möhtərəm İlham Əliyevin fəaliyyətinin əsas xəttini insanların sosial rifahını daha da yaxşılaşdırmaq təşkil edir və biz də bunu özümüzə örnək seçmişik.

 

 

Səməd Hüseynoğlu

 

Xalq qəzeti.- 2009.- 27 avqust.- S. 5.