“Xalq qəzeti” ümummilli tribunadır

 

Bugünkü çoxsəsli, rəngarəng Azərbaycan mətbuatının bir çox görkəmli nümayəndələri “Xalq qəzeti”nin yaradıcılıq məktəbini keçmişlər.

 

Heydər ƏLİYEV,

 Ümummilli lider

 

XIX yüzilliyin ikinci yarısında Şimali Azərbaycanın mədəni həyatının ən mühüm hadisəsi Azərbaycan dilində dövri mətbuatın meydana gəlməsi idi. Milli mətbuatımızın banisi, maarif və tərəqqi yollarına işıq salan, geniş dünyagörüşlü, fenomenal insan Həsən bəy Zərdabi 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk sayını çapdan çıxarmışdı. Əsrin sonunadək Azərbaycanda mətbuat ilk addımlarını atmışdı. XX əsrin əvvəlləri isə mətbuatımızın tarixində mühüm mərhələni təşkil etmişdir.

“Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin”, “Azərbaycan” və digər nəşrlər dövlətçilik və müstəqillik anlayışlarını oyatmış, xalqın taleyində mühüm rol oynamışdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə, iki ilə yaxın bir vaxt kəsiyində Bakıda, Tiflisdə, Gəncədə və başqa inzibati-mədəni mərkəzlərdə ideya istiqamətlərinə görə bir-birindən fərqlənən 80-dən çox qəzet və jurnal çıxmışdı. Bunların 39-u Azərbaycan türkcəsində, 44-ü rus və başqa dillərdə nəşr olunurdu. Belə qəzetlərdən biri 1919-cu il avqustun 29-da birinci nömrəsi “Kommunist” adı ilə işıq üzü görən, sonrakı 70 ildə kommunist ideologiyasının təbliğatçısı olmasına baxmayaraq, həm də geniş quruculuq işlərini, elmin və mədəniyyətin inkişafını, Azərbaycan kəndinin sosial-iqtisadi simasının dəyişməsini ictimaiyyətə çatdırmaqda müstəsna rol oynayan indiki “Xalq qəzeti”dir.

Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra da rəsmi gündəlik nəşr kimi fəaliyyətini davam etdirən qəzet yeni tarixi şəraitdə də xalqın arzu və istəklərini əks etdirir, xoşbəxt, firavan həyat uğrunda mübarizədə ona bələdçilik edir. Bu yolda qarşıya çıxan maneələrin dəf edilməsində, mətbuatımızın milli ideallara sadiqlik nümayiş etdirməsində qəzet yenə də nümunə göstərir.

Xalqımızın böyük ziyalıları və tanınmış xadimləri Ruhulla Axundov, Həbib Cəbiyev, Ağababa Yusifzadə, Böyükağa Talıblı, Əli Vəliyev, Rza Quliyev, Xasay Vəzirov, İsrafil Nəzərov, Ağababa Rzayev, Rəşid Mahmudov, Cəmil Əlibəyov, Tofiq Rüstəmov və başqaları bu qəzetin redaktorları olmuşlar. Məmməd Səid Ordubadi, Tağı Şahbazi, Cəfər Cabbarlı, Seyid Hüseyn, Məmmədəli Sidqi, Mir Cəlal Paşayev, Süleyman Məlikov, Şəmsəddin Abbasov, Xəlil İbrahimov kimi təcrübəli qələm sahibləri bu qəzetlə əməkdaşlıq etmişlər. Görkəmli fırça ustaları Əzim Əzimzadə və Hüseyn Əliyev uzun illər onun rəssamı olmuşlar. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Əhməd Cəmil bir çox şeirlərini ilk dəfə bu qəzetdə dərc etdirmişlər. Televiziyanın, elektron medianın olmadığı bu dövrdə xalqımız əsasən bu qəzetin vasitəsilə Üzeyir Hacıbəyov, Səttar Bəhlulzadə, Mirzə İbrahimov, Fikrət Əmirov, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Mikayıl Hüseynov, Mikayıl Abdullayev, Qara Qarayev, Bülbül, Rüstəm Mustafayev, Niyazi, Rəşid Behbudov, Lətif Kərimov, Kamil Əliyev, Tofiq Quliyev və daha yüzlərlə görkəmli şəxsiyyətlərimizi tanımış və sevmişdir.

Mürəkkəb, mübarizələrlə dolu tarixi dövrlərdən keçib gəlmiş bu qocaman qəzet acılı-şirinli günlərimizin, milli mətbuatımızın inkişafının güzgüsü olmuşdur. Ən böyük uğurlarımızı ilk növbədə “Kommunist” qəzeti yaymışdır. Ən böyük çətinliklərimizi, ən ciddi qüsurlarımızı çəkinmədən, cəsarətlə “Kommunist” qəzeti üzə çıxarıb. “Dəyirmi stol” söhbətləri, incəsənət yenilikləri, elmi-texniki tərəqqi ilə bağlı materiallar, quruculuq məsələləri, mövcud nöqsanlar, ekologiya məsələləri və s. kimi həyatın müxtəlif sahələrini əhatə edən yazıları biz bu qəzetin səhifələrində oxumuşuq. Qəzet yarandığı gündən dilimizin, ədəbiyyatımızın və ümumilikdə mədəniyyətimizin keşiyində durmuşdur. Ana dili və onun təmizliyi, yazı mədəniyyətinin inkişafı qəzetin daimi mövzularından olmuşdur. “Kommunist” bütün tarixi mərhələlərdə hadisələrə ciddi meyarlarla yanaşmış, hay-küyə və emosiyalara uymamışdır.

İkinci Dünya müharibəsi zamanı qəzet xalqımızın oğul və qızlarının döyüş meydanlarında göstərdikləri qəhrəmanlıqdan, arxa cəbhədə əmək adamlarının hünərindən, xüsusilə düşmən üzərində qələbəyə misilsiz töhfə vermiş Bakı neftçilərinin fədakarlığından bəhs edən salnamə yaratmışdır. Qələbədən sonrakı illərdə qəzet öz fəaliyyətinin istiqamətini dəyişərək diqqəti quruculuq işlərini sürətləndirməyə, insanlara ruh yüksəkliyi aşılamağa yönəltmişdir. Bu illərdən başlayaraq qəzetin redaktoru olmuş Əli Vəliyev, Rza Quliyev, Xasay Vəzirov, İsrafil Nəzərov, Ağababa Rzayev, Rəşid Mahmudov və digər görkəmli qələm sahibləri eyni zamanda Azərbaycan mətbuatının inkişafında xüsusi xidmətləri olan təşkilatçı insanlar kimi jurnalistika tariximizə düşmüşlər.

1969-cu il iyulun 14-də respublikaya rəhbər seçilən xalqımızın böyük oğlu Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda mətbuatın yeni inkişaf dövrü başlayır. Ulu öndər öz dərin biliyi, işgüzarlığı, prinsipiallığı, hadisələri düzgün qiymətləndirmək və buna uyğun hərəkət etmək bacarığı ilə Azərbaycanı az bir vaxtda SSRİ-nin tərkibindəki respublikalar arasında ön sıraya çıxardı. Onun qətiyyəti sayəsində qısa müddətdə respublikamızda yüzlərlə fabrik, zavod inşa olundu, yeni istehsalat sahəsi yaradıldı. Təbii ki, həmin dövr “Kommunist” qəzetinin də tarixində mühüm bir mərhələni təşkil edir. Çox əlamətdar bir haldır ki, ulu öndərin respublika rəhbəri kimi iştirak etdiyi və doğma ana dilində çıxış etdiyi ilk yubiley tədbiri “Kommunist” qəzetinin 50 illiyi ilə bağlı Azərbaycan Dövlət Akademik Dram Teatrında keçirilən təntənəli mərasim olmuşdur.

Ulu öndərin rəhbərliyi ilə yeni tikilən müəssisələr, neft istehsalının artırılması üçün görülən tədbirlər, kənd təsərrüfatının inkişafına göstərilən diqqət barədə qəzetdə müntəzəm yazılar verilirdi. İnsanlara qayğı və bunu təmin edənlərin əməyinin işıqlandırılması adamları daha yaxşı işləməyə ruhlandırırdı. Bununla yanaşı, qəzet israfçılığı, bürokratizmi, ölkədə gedən quruculuq işlərinə mane olan bütün mənfi halları, çatışmazlıqları da kəskin tənqid edir, insanların yaradıcılıq təşəbbüsünü daim dəstəkləyirdi. Görkəmli elm, mədəniyyət və incəsənət xadimləri bu qəzetin səhifələrində söz deməyə xüsusi maraq göstərirdilər. Ümumiyyətlə, ötən əsrin 70-80-ci illərində həyata keçirilən genişmiqyaslı işlərin nəticəsi olaraq insanların sosial rifahının hansı səviyyəyə yüksəlməsini biz “Kommunist” qəzetinin həmin illərdəki nömrələrinə baxmaqla aydın görə bilirik.

Qarabağ münaqişəsi ilə başlanan xalq hərəkatı, müstəqillik uğrunda mübarizə dövründə qəzetin simasında müstəqil mövqeyi olan bir mətbu orqanını görürük. Bu münaqişənin ilk vaxtlarında dərc olunmuş məşhur “Topxana harayı” adlı yazı yuxarıların iradəsindən asılı olmayaraq dərc olunan materiallardan biri idi. “Azadlıq” meydanında keçirilən etiraz aksiyaları barədə əhatəli xəbər və reportajların verilməsi isə qəzetin xalq azadlıq hərəkatına verdiyi dəstəyin təzahürü idi. 20 Yanvar faciəsindən dərhal sonra qəzetin “Səhər” adlı əlavəsində bu hadisəni törədənləri lənətləməsi və respublikada yaranmış real vəziyyət haqqında xalqı obyektiv məlumatlandırması mətbuat tariximizin unudulmaz hadisəsidir. Bütün bunlar qəzetin ölkəmizin və xalqımızın ictimai-siyasi həyatında oynadığı əhəmiyyətli rolu bir daha yada salır.

Sovetlər Birliyi dağıldıqdan sonra müstəqilliyin ilk illərində ölkədə cərəyan edən mürəkkəb hadisələrlə bağlı yaranmış ağır ictimai-siyasi vəziyyətdə “Xalq qəzeti”, bütövlükdə, öz simasını və mövqeyini qoruyub saxlaya bilmişdir. Əlamətdar haldır ki, dövlət quruluşunun dəyişməsinə baxmayaraq, “Xalq qəzeti” və onun kollektivi bu nəşrin tarixin arxivinə göndərilməsinə imkan verməmişlər. Məhz mətbuatın təməl prinsiplərinə sədaqət və yüksək peşəkarlıq qəzetin ölkə mediasındakı nüfuzunu qorumuş və onun ciddi, sanballı nəşrlər sırasındakı yerini dəyişməmişdir. Prinsipial yönü və peşəkarlığı ilə ölkə mətbuatının onilliklər boyu avanqardına çevrilən qəzet həm şərəfli ənənələrin daşıyıcısı olmuş, həm də daim yeniləşən və modernləşən KİV sistemində müasir təmayüllərin, yeni yaradıcı istiqamətlərin müəllifinə çevrilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması Azərbaycanı müstəqil dövlət kimi məhv olmaq təhlükəsindən xilas edərək, ölkəni quruculuq və tərəqqi yoluna çıxarmaqla yanaşı, azad mətbuatın inkişafı üçün də hərtərəfli şərait yaratmışdır. Müdrik dövlət xadimi Heydər Əliyev bütün dövrlərdə mətbuata daim böyük diqqət və qayğı göstərmiş və cəmiyyətin həyatında onun rolunu yüksək qiymətləndirmişdir. “Xalq qəzeti” də ulu öndərimizin başçılığı ilə Azərbaycanda gedən hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu, cəmiyyət həyatının bütün sahələrini əhatə edən geniş islahatlar prosesinin informasiya təminatında fəal rol oynamış və yenə ön sırada olmuşdur.

Ermənistanın Azərbaycana qarşı illərdən bəri davam edən hərbi təcavüzü, torpaqlarımızın işğalı, yurd-yuvasından didərgin salınmış bir milyondan çox soydaşımızın ağır taleyi, erməni şovinistlərinin böhtan və iftiradan savayı heç nəyə söykənməyən həyasız təbliğat kampaniyasının ifşası, tariximizin müəyyən dövrləri barədə həqiqətlərin açılması “Xalq qəzeti”nin səhifələrindən düşməyən mövzulardır.

Hazırda “Xalq qəzeti” gündəlik ictimai-siyasi nəşr kimi cəmiyyətin rəsmi tribunası rolunu uğurla davam etdirir, geniş oxucu kütləsi arasında nüfuzunu artırır. Dərc olunan materiallar oxuculara, xüsusilə də gənclərə milli ruh, vətənpərvərlik hissi aşılayır, regionda və dünyada baş verən ictimai-siyasi, mədəni və digər proseslər qəzetdə ardıcıl işıqlandırılır. Bəzi hallarda dilimizə etinasız, məsuliyyətsiz münasibətin şahidi olsaq da, “Xalq qəzeti”nin öz ənənəsinə sadiq qalaraq, ana dilimizə həssaslıqla yanaşması təqdirəlayiqdir. Səhifələrində elm və mədəniyyətimizin müxtəlif problemlərinə geniş yer ayırması, ədəbi dil normalarına düzgün riayət etməsi, milli - mənəvi dəyərlərə diqqət və qayğı ilə yanaşması “Xalq qəzeti”ni digər mətbu orqanlardan fərqləndirir. Eyni zamanda öz işinə sevgi və məsuliyyətlə yanaşan jurnalistlərin cəmləşdiyi bu qəzetdə informasiyanın obyektiv verilməsinə, hüquqi-etik normalara və müəlliflik hüququnun qorunmasına ciddi riayət olunur .

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi daxili və xarici siyasət kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü işlər bu qəzetin aparıcı mövzusudur. Dövlət başçısının rəhbərliyi ilə hazırda Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, regionda lider dövlətə çevrilməsi, xalqın rifahının yüksəlməsi üçün görülən məqsədyönlü tədbirlər, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun daha da artması qəzetdə obyektiv işıqlandırılır.

Qəzetin səhifələrində qanunlar, fərmanlar və digər normativ akt və sənədlər müntəzəm dərc edilir və onların şərhi verilir. Bu baxımdan əhalinin bütün təbəqələri arasında “Xalq qəzeti”nin böyük hüquqi maarifləndirici əhəmiyyəti vardır. Sələfi olan “Kommunist” qəzetindən bütün müsbət keyfiyyətləri götürən “Xalq qəzeti” həm də problemlərin həllinə kömək göstərən nəşr kimi qəbul olunur.

Əminəm ki, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan “Xalq qəzeti” bundan sonra da müstəqil, sivil, inkişaf etmiş Azərbaycan dövlətinin möhkəmlənməsi prosesində yaxından iştirak edəcək, elmimizi, mədəniyyətimizi, dilimizi, adət-ənənələrimizi layiqincə təbliğ edəcək. “Xalq qəzeti” kollektivini yubiley münasibətilə təbrik edir, ona xalqın qəzeti olaraq qalmağı arzu edirəm.

 

 

Xanhüseyn KAZIMLI

 

Xalq qəzeti.-2009.-28 avqust.-S.2.