90 il xalqın xidmətində
(əvvəli qəzetin 25 , 26 və
27 avqust tarixli saylarında)
1925-ci ilin noyabrından 1926-cı ilin aprelinədək, yəni cəmi 6 ay ərzində “Kommunist” qəzetinin səhifələrində 18820 (!) müxbir yazısı dərc olunmuşdu.
1922-ci ildə qəzetdə qəzalardan
göndərilmiş 116 kəndli müxbirinin yazısı,
1923-cü ildə isə 74 kəndli müxbirinin 404
yazısı çap olunmuşdu. Əgər 1923-cü ilin
ikinci yarısında (6 ay ərzində) fəhlə-kəndli
müxbirlərindən 4160 məktub
alınmışdırsa, təkcə 1927-ci ilin 4 ayı ərzində
10060 məktub alınmışdı.
Fəhlə-kəndli müxbirləri
yazılarını öz adları və ya o dövrlərdə
qəbul olunduğu kimi təxəllüsləri ilə
imzalayırdılar. Bu təxəllüslərin bir qismi C.Məhərrəmli
tərəfindən müəyyənləşdirilmişdir.
“Kommunist” qəzetinin ilk fəaliyyət göstərdiyi illərdə
burada çalışan hörmətli mətbuat xadimimiz Qulam
Məmmədli ötən əsrin əvvəllərindən
70-ci illərədək bir dövrü əhatə edərək
Azərbaycan mətbuatı üzrə təxəllüslərin
dəqiqləşdirilməsi sahəsində çox
böyük iş görmüş və 1977-ci ildə
“İmzalar” adlı kitab çap etdirmişdir. İmzaların
bir qismi də bizim tərəfimizdən müəyyənləşdirilmişdir.
Respublikada fəhlə-kəndli
müxbirləri hərəkatının daha da genişləndirilməsində
“Kommunist” qəzetinin redaktoru Həbib Cəbiyevin təşəbbüsü
ilə çağırılmış I Azərbaycan fəhlə-kəndli
müxbirləri qurultayının böyük rolu olmuşdur.
O, əvvəlcə Azərbaycan K(b)P MK-da mətbuat nümayəndələrinin
müşavirəsini keçirmiş, qurultaya hazırlıq
görmüşdü. Qurultaya hazırlıq müşavirələri
Ruhulla Axundovun ümumi sədrliyi ilə 1924-cü il iyunun 18-də
keçirilmiş və qərara alınmışdı ki,
qurultay sentyabrın 15-dək çağırılsın.
Triniç, Rəhmanov, Şahbazov, Çaqin və
Qepşteyndən ibarət 5 nəfərlik büro
yaradılmışdır. 19 bənddən ibarət tezislər
hazırlanmışdı. Qurultay 1924-cü il oktyabrın 2-dən
6-dək keçirilmişdir. Qurultayda 250-dək nümayəndə
iştirak etmişdir. Nümayəndələrin yarıdan
çoxu qəzaların payına düşürdü.
Fəhlə-kəndli müxbirləri
hərəkatı barədə İ.Ə.Eminbəyli məruzə
etmişdi.
Qurultay aşağı təşkilatlara
tövsiyə edirdi ki, yaşlı bitərəf kəndliləri,
xüsusilə də yoxsulları və muzdurları kəndli
müxbirləri sıralarına qəbul etsinlər.
Kəndli müxbirlərinin
savadını artırmaq məqsədi ilə təklif
olunurdu ki, divar qəzetlərinin və mərkəzi və qəza
qəzetləri redaksiyalarının nəzdində dərnəklər
təşkil edilsin. “Kommunist” qəzeti redaksiyasında da dərnək
təşkil olunmuş, onun şəhər rayonları
üzrə bölmələri yaradılmışdır.
Müxbirlər müsəlmanların istirahət günü
olan cümə günlərində toplaşırdılar. Qəzalarda
da belə dərnəklər yaradılmışdı. Həmin
dərnəklərdə fəhlə-kəndli müxbirlərinə
insanlarla ünsiyyət yaratmağı, nədən və necə
yazmağı, materialı necə əldə etməyi öyrədirdilər.
Təklif olunurdu ki, bir yazıda
yalnız bir mövzu əhatə olunsun, dürüst məlumatlara
əsaslanılsın, ara sözlərinə inanıb, qələmə
əl atmasınlar.
Qurultay fəhlə-kəndli
müxbirlərinin yerli və partiya təşkilatları tərəfindən
törədilən təqib və
özbaşınalıqlardan müdafiə olunması məsələsinə
xüsusi diqqət yetirdi. Bunun üçün Fəhlə-kəndli
müxbirlərinin Azərbaycan bürosu yaradıldı və
onun Rəyasət Heyəti seçildi. “Kommunist” qəzetindən
büroya Səfər Məmmədli (Lənkəran), Rəyasət
Heyətinə isə Əziz Nuri, Məmmədqulu Əlixanov
(Azərbaycan bürosunun katibi), Abdulla Şərifov daxil
oldular.
Qəzetin səhifələrini təsadüfi
- xaltura materiallarından xilas etmək, eləcə də fəhlə-kəndli
müxbirlərində sərbəstliyi tərbiyə etmək
məqsədi ilə klubun nəzdindəki dərnəklərdə
onların məruzələri dinlənilirdi. Məsələn,
fəhlə müxbiri Əhməd Bədəlzadənin
“Türk işçi mətbuatının tarixi” və
Qasım Tahirin “Hamilik məsələləri” məruzələri
dinlənilmişdi.
Moskvada fəhlə-kəndli
müxbirləri hərəkatını daha da inkişaf etdirmək
üçün 1924-cü ilin dekabrında “Pravda” və
“Raboçi korrespondent”in nəzdində fəhlə-kəndli
müxbirlərinin II Ümumittifaq müşavirəsi
çağırıldı. Bu müşavirəyə Leninin
bacısı M.İ.Ulyanova rəhbərlik etdiyindən, ona
xüsusi diqqət verilirdi. “Naməlum” səbəblərdən
müşavirədə təmsil olunmaq üçün
“Kommunist” qəzetinin nümayəndələrinə yer verilməmişdi.
M.İ.Ulyanovanın şəxsi köməkliyi ilə
“Kommunist” qəzetinə təmsil olunmaq üçün
xüsusi yer ayrıldı və fəhlə müxbiri Əziz
Nuri müşavirənin rəyasət heyətinə
seçildi.
Qəzetin həm birlikdə, həm
də ayrı-ayrılıqda, bəzən də qəzalar
üzrə müşavirə və konfranslarının
keçirilməsi ənənə halını aldı.
Qəzet qəza müxbirləri
üçün zona müşavirələri də təşkil
edirdi. Məsələn, 1927-ci il aprelin 21-də Poylu-Dərbənd
dəmiryolu xətti boyunca yerləşmiş qəzaların
kəndli müxbirlərinin konfransı keçirilmişdir.
Burada divar qəzetlərinin sərgisi də təşkil
olunmuşdu.
Hələ 1921-ci il fevralın
21-də kəndli müxbirlərinin fəaliyyətini gücləndirmək
məqsədi ilə Azərbaycan K(b)P MK qəza partiya komitələrinə
və qəzetlərin redaksiyalarına təsdiq olunmuş təmimnamə
göndərmiş və tələb etmişdi ki, kəndli
müxbirlərini yerli inzibati və digər ünsürlərin
hədə və təzyiqlərindən qorusunlar. Bundan əlavə,
qəza işçilərinə kömək məqsədi ilə
4 mühazirədən ibarət - 1) “Kəndli müxbirləri
və onların əsas vəzifələri haqqında”, 2) “Kəndli
müxbirlərinin təşkilat məsələləri
haqqında”, 3) “Tərbiyə işləri və təqiblərdən
müdafiə haqqında”, 4) “Divar qəzetləri haqqında”
- “Kəndli müxbirləri hərəkatı üzrə
mühazirələr konspekti” nəşr edilmişdi.
Ümumittifaq fəhlə-kəndli
müxbirləri hərəkatının aparıcı təşkilatçılarından
olan “Pravda” qəzeti redaksiyasının katibi
M.İ.Ulyanovanın 1926-cı il martın 7-də Bakıya gəlməsi
Azərbaycan fəhlə-kəndli müxbirləri
üçün böyük hadisəyə çevrildi.
Müxtəlif səviyyələrdəki çoxsaylı
görüşlər və çıxışlardan sonra
M.İ.Ulyanova martın 10-da 500 nəfərdən artıq fəhlə-kəndli
müxbirlərinin iştirak etdiyi müşavirədə
çıxış etdi və III Ümumittifaq fəhlə-kəndli
müxbirləri müşavirəsində həll ediləcək
əsas vəzifələrdən danışdı.
1927-ci ilin əvvəllərində
respublikanın müəssisə, təşkilat və kəndlərində
900-dək divar qəzeti, 10 minədək fəhlə-kəndli
müxbirləri nəşri və divar qəzeti, 160-dək fəhlə-kəndli
müxbirləri dərnəyi var idi.
Fəhlə-kəndli müxbirlərinin
sıralarının sürətlə artması və həmin
dövrdə partiya və dövlət məmurlarının
onları ifşa və tənqid edən müxbirləri
açıq təqib etməkdən çəkinmələri
onu bildirir ki, o illərdə fəhlə-kəndli müxbirləri
hərəkatının inkişafı üçün kifayət
qədər əlverişli şərait
yaradılmışdı.
Kəndə doğru
O dövrün ən mürəkkəb
və çətin məsələlərindən biri
dövri mətbuatın kənd yerlərinə
çatdırılması idi. Bu məsələ o qədər
ciddi idi ki, onun həlli qəzetlərin imkanları xaricində
idi. “Kommunist” qəzeti Ə.Bədinin imzası ilə
yazılmış “Növbəti vəzifələrimiz” məqaləsində
göstərirdi ki, “bu gün əsas
çatışmazlıqlarımızdan biri kəndlilərlə
normal əlaqənin olmamasıdır. Ona görə də
poçt işçilərinin qəzaların mərkəzdən
uzaq olması izahatlarını ciddi qəbul etmək olmaz. Bu səbəb
deyil. Poçt işçilərini işdə fəaliyyətə
gətirmək lazımdır”.
Həm poçt işçiləri,
həm də yerli hakimiyyət nümayəndələri bəzən
elə hərəkət edirdilər ki, onları
mübaliğəsiz cinayətə bərabər saymaq olar. Məsələn,
Quba qəzasının Rustov İcraiyyə Komitəsi sovetinin
sədri Əsədulla Cəfərzadə milisin köməyi
ilə abunəçilər üçün nəzərdə
tutulan qəzetin alverçilərə və
dükançılara satışını təşkil
etmişdir.
Hətta Bakı kəndlərinə
qəzet gec, bəzən həftədə bir dəfə
çatdırılırdı. Bəzi yerlərdə qəzetin
çatdırılması o qədər pis təşkil
olunmuşdu ki, abunəçilər qəzetin 50-60 nömrəsini
birdən alırdılar. Məsələn, Quba qəzasının
Xudat dairəsində, Göyçay qəzasında və
başqa yerlərdə qəzet pudlarla yığılır və
dükanlara göndərilirdi. Bunun əsas səbəblərindən
biri Azərbaycanda poçt-teleqraf sisteminin son dərəcə
pis təşkil olunması və respublika rəhbərliyinin
belə “xırda” işlərlə maraqlanmağa
imkanının olmaması idi.
1924-cü ildə Azərbaycanda
55 poçt-teleqraf müəssisəsi, 1 teleqraf və 1
yardımçı idarə, cəmisi 57 müəssisə
var idi. Müqayisə üçün deyək ki, həmin
dövrdə qonşu Gürcüstanda 164 poçt-teleqraf
müəssisəsi var idi. Ona görə də qəzetlər
şimal rayonlarına (Quba, Qusar) 4-5 gün gec, cənub (Biləsuvar,
Lerik) rayonlarına isə ən yaxşı halda 6-8 və ya
daha gec müddətə çatdırılırdı.
Respublikanın ən ucqar bölgələri haqqında
danışmağa isə dəyməzdi. Bu məsələnin
həlli üçün ümumdövlət səviyyəsində
iş görmək lazım idi. ZaqMİK, AzMİK və Azərbaycan
K(b)P MK-nın köməkliyi ilə 1925-ci ildə qəzalarda
69 yeni poçt şöbəsi açıldı və
yalnız bundan sonra kəndli müxbirlərin yaxından
köməkliyi sayəsində vəziyyət bir qədər
yaxşılaşdı.
Qəzetdə dərc olunan material
- rəsmi sənəddir
Bütün qəzetlərin redaksiyalarına tapşırılmışdı ki, çap edilməyən yazıların səbəblərini imkan daxilində izah edə biləcək xüsusi rubrika yaratsınlar. “Kommunist” qəzeti bu üsuldan hələ 1923-cü ildən istifadə edirdi. “Poçta qutusu” və “Cavablarımız” rubrikalarında yazıları dərc olunmayan müəlliflərə bunun səbəbi qısaca izah edilirdi. Məsələn, “Kommunist” qəzetinin 1923-cü il 16 may tarixli nömrəsində yazılırdı: “Yoldaş Şamilova: Sizin tamamlanmamış məqaləniz üç müxtəlif mövzunu - kooperativləri, torpaq işini və kəndlilərin həyatında iqtisadi siyasəti əhatə edir. Əgər yazılarınızı hər sahə üzrə ayrıca yazsanız və yazılarınızı tamamlasanız, dərc edərik”. Başqa yazı: “Cavanşirdə - Yulduza: Sizin yazı imzasız olduğundan (yəni müəllifin soyadı, adı və ünvanı olmadığından) dərc olunmayacaq”.
Məktublar bəzən təkrarçılığa, faktların olmamasına, yubanmasına, əsassızlığına və ya ictimai maraq kəsb etmədiyinə görə çap olunmurdu.
Təbii ki, bu və ya digər səbəbdən yazıların çap olunmaması fəhlə-kəndli müxbirlərinin fəallığının inkişafına müəyyən dərəcədə mənfi təsir göstərirdi. Müxbirlərin bir çoxu hətta redaksiyadan küsür və yazmaqlarına xitam verirdilər. Qəzet fəhlə-kəndli müxbirlərinin incikliklərinə yumorla yanaşır, onları yenidən ruhlandırmağa çalışır və əməkdaşlığı davam etdirməyə çağırırdı. Bəzən küsmüş müxbirlərə bayatılar, felyetonlar və şerlər həsr edirdilər. Məsələn:
Bundan sonra şu “Kommunist” qəzetəsinə bir xəbər
Yazmamağa and içmişəm, söz vermişəm özümə.
Nə barədə yazıramsa, düzəldib çap edirlər,
Yazdığımı çap etmirlər, baxmayırlar sözümə.
Və ya:
Demək bizdən küsmüsən, ay təcrübəsiz əməkdaş,
Əbəs, əbəs. Bu hərəkət yakışarmı heç sana?
Kəmsavadsan, yazdıqların düzəlməzsə, a yoldaş
Yazı yazmaq üsuluyla olarsanmı aşina?
Fəhlə-kəndli müxbirləri hərəkatı bütövlükdə həm müxbirlərin fəallığına, həm də onların vasitəsi ilə geniş xalq kütlələrinə böyük təsir göstərmişdi. Savadsızlığın ləğv olunması yolundakı təbliğat və təşviqat işlərində bu hərəkatın rolu əvəzedilməzdir. Bununla belə, 30-cu illərin ikinci yarısında daha da genişlənmişdir - xəbərçiliyin, çuğulluğun, böhtançılığın, rüsvayetmənin ilkin rüşeymlərini bu hərəkatda müşahidə etmək o qədər də çətin deyil. Təkcə onu demək kifayətdir ki, 1925-ci ilin ikinci yarısı və 1926-cı ilin birinci yarısında prokurorluq orqanlarının göstərilən dövr üzrə apardıqları təhqiqatların 50%-i məhz kəndli müxbirlərinin mətbuatda dərc olunmuş yazılarına əsasən başlanılmışdır.
Müxbirlərin bəziləri öz şəxsi məqsədləri və mənfəətləri, yaxud da, sadəcə olaraq kiminsə paxıllığını çəkdikləri, şəxsən xoşları gəlməməsi səbəblərindən, bəzən də özlərini kimlərəsə göstərmək naminə ayrı-ayrı adamlara böhtan atır, onları şərləyirdilər. Məsələn, Göyçay qəzasının Sağırlı kəndindən Mürvət Qurbanov adlı birisi “Kommunist” qəzetində “Komsomol bayrağı altında qolçomaq ocağı” adlı yazı dərc etdirir. Cəmi üç gün sonra məlum olur ki, müəllif xoşuna gəlməyən adamlara böhtan atıb. Və ya Nərimanabaddan olan Nüsrət Tapdıqlı adlı bir başqası eyni yolu tutub. O, qızını və ya bacısını ona vermək istəməyən şəxslərin hamısına böhtan atıb. Oxu daşa dəyən adaxlı, demək olar ki, kənd sakinlərinin hamısını şərləyib, amma sonda ifşa edilib.
“Bakinski raboçi” qəzetinin fəhlə müxbiri Gəncədə həmkarlar təşkilatı işçisinə böhtan atır və az sonra işdən qovulur. “Bakinski raboçi” qəzeti isə, məsələyə aydınlıq gətirmədən tələb (!) edir ki, həmin müxbir 24 (iyirmi dörd!) saat ərzində öz işinə bərpa edilsin".
“Bakinski raboçi”dən fərqli olaraq “Kommunist” qəzeti öz fəhlə-kəndli müxbirlərinə qarşı çox tələbkar idi. Məsələn, M(əmmədqulu) Əlixanovun imzası ilə dərc olunan “İşçi müxbirləri və növbəti vəzifələrimiz” adlı məqalədə deyilirdi ki, bizim imkanları məhdud mətbuatımız üçün vicdanlı və doğruçu müxbirlər lazımdır", “Müxbirlər arasında ləyaqətsiz ünsürlər” adlı məqalədə isə qəzet yazırdı ki, “sıralarımızı zərərli ünsürlərdən, mətbuatı öz qərəzli və şəxsi məqsədləri üçün istifadə edənlərdən təmizləmək lazımdır”.
“Qotur müxbir - rədd ol sıralarımızdan” yazısında tələb olunurdu ki, yalançı müxbirləri çap olunmaq imkanlarından məhrum etmək, eləcə də onları xəbərdar etmək lazımdır ki, barələrindəki sənədlər prokurorluq orqanlarına göndəriləcək".
Fəhlə müxbirləri Məcid Bağırov və Qədirovun davranışı ilə bağlı “Kommunist” qəzetinin Şubanı kənd fəhlə müxbirləri bürosuna məsələ çıxarılır. Onlar dəqiqləşdirilməmiş materialları qəzetə göndərmişlər və buna görə də cəzalandırılıb töhmət almışlar.
Elə hallar da olmuşdur ki, bəzi fəhlə-kəndli müxbirləri bir neçə yazı dərc etdirdikdən sonra lovğalanıb öyünməyə başlamış, insanları qəzetlərdə barələrində rüsvayçı yazılar dərc edəcəkləri ilə hədələmişlər. Məsələn, Lenin dairəsindən olan fəhlə müxbiri Hüseyn Fikri (təxəllüsü “İşçi müxbiri”) belə davranışına görə fəhlə-kəndli müxbirlərinin yoldaşlıq məhkəməsinə cəlb olunmuş və 1926-cı il aprelin 30-da ona 6 ay müddətində qəzetdə çap olunmaq qadağan edilmişdi. Başqalarına ibrət olsun deyə, yoldaşlıq məhkəməsinin qərarı qəzetdə dərc olunmuşdu.
Bununla belə, qəzet tez-tez öz səhifələrində fəhlə-kəndli müxbirlərinin təqiblərdən və repressiyalardan müdafiə olunması məsələsini qaldırır, müvafiq instansiyalara müraciət edirdi. Azərbaycan K(b)P MK-nin yerlərə 12 yanvar 1923-cü il tarixli təmimnamə göndərməsinə, ZaqXKS-nin 1924-cü ilin sonunda fəhlə-kəndli müxbirlərinin müdafiə olunması barədə dekret verməsinə baxmayaraq, onların təqibi davam edirdi. Müvafiq təşkilatlarda dəfələrlə kəndli müxbirlərinin təqib olunması, izlənilməsi, sıxışdırılması və döyülməsi məsələlərinə baxılmışdır. Belə hallar Lənkəran, Nuxa və digər qəzalarda baş vermişdi. Elə hallar da olmuşdu ki, nəinki partiya və sovet işçiləri, hətta qəza milis rəisi də kəndli müxbirlərindən tələb etmişdi ki, yazılarını qəzetə göndərməzdən əvvəl yoxlanılmaq üçün onun yanına gətirsinlər.
Kəndli müxbirlərinin kütləvi şəkildə təqib olunmasına 1923-cü ilin ikinci yarısından başlanılmışdı.
Təqiblərin qarşısının alınması və günahkarların cəzalandırılması məqsədi ilə prokurorluq orqanları işə qarışdılar və onların nümayəndələri mətbuatda bu barədə çıxışlar etməyə başladılar. Məsələn, “Çoxlarına xəbərdarlıq. Prokuror nəzarəti və kəndli müxbirləri” məqaləsində Bakı şəhər prokurorunun müavini Məmmədəmin Ramazanzadə bütün təqibçilərə xəbərdarlıq edərək bildirirdi ki, “kəndli müxbirlərindən əl çəkin...”. O, xatırladırdı ki, Cinayət Məcəlləsinin 88-ci maddəsinin 4-cü bəndinə əsasən təqibçilər məsuliyyətə cəlb olunacaqlar, kəndli müxbirlərinin yazılarına diqqət yetirməyən və cavab verməyən rəhbərlər isə Cinayət Məcəlləsinin yuxarıda göstərilən, eləcə də 108-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb ediləcəklər.
Azərbaycan K(b)P BK-nin Rəyasət Heyəti 1924-cü il yanvarın 30-da partiya özəklərinin fəhlə-kəndli müxbirləri yazılarına nəzarət etmək cəhdlərini araşdırmış və onu qadağan etmişdir.
Qəzetin redaksiyası öz fəhlə-kəndli müxbirlərinə kömək etmək məqsədi ilə 1924-cü il iyunun 13-də Bakı Soveti inzibati şöbəsinin müdiri, Şəki və Bakı prokurorunun iştirakı ilə müşavirə keçirdi və onlar hər bir konkret hal üçün konkret tədbirlər görürdülər.
Bu, o qədər ciddi bir məsələ idi ki, Azərbaycan K(b)P MK 1924-cü il sentyabrın 29-da “Kəndli müxbirlərinin təşkilatlanmasına dair tədbirlər və onlara qarşı hər hansı repressiyanın tam aradan qaldırılması haqqında” qərar qəbul etmişdi.
“Kommunist” qəzeti belə hesab edirdi ki, mətbuat səhifələrində dərc olunan hər hansı bir yazı və material bütövlükdə prokurorluğa rəsmi müraciət hesab olunur. Məhz buna görə də prokurorluq orqanları fəhlə-kəndli müxbirlərinin yardımından bəhrələnə və onları təqiblərdən qoruya bilər.
Kəndli müxbirləri də yerlərdə öz qüvvələrini birləşdirmək imkanları arayırdılar. Onlar birləşərək qəza kəndli müxbirləri bürosu yaratmışlar. Məsələn, Lənkəranda “Kommunist”, “Bakinski raboçi”, “Kəndçi qəzetəsi” və yerli “Kəndçi qəzetəsi” ilə ümumi yığıncaqda qəza bürosunu yaratdılar. Qəza partiya komitəsi isə onlara qəza miqyasında təqiblərə qarşı qəzet kampaniyası aparmağa kömək etmişdi.
1924-cü ilin yazından başqa qəzalarda da belə bürolar yaradılmışdı. Bu onunla bağlı idi ki, həmin dövrdən etibarən kəndli müxbirlərinin təqib olunmasında yeni mərhələ müşahidə olunmaqda idi. Bununla əlaqədar olaraq AzMİK Rəyasət Heyəti bütün xalq komissarlıqlarına, icraiyyə komitələrinə, Bakı Sovetinə, Naxçıvan MSSR və DQMV MİK-lərinə təmim sərəncamı göndərərək, yerli bürokratlara qarşı ən ciddi tədbirlərin görülməsini tələb etmişdir.
“Kommunist” və “Bakinski raboçi” qəzetləri qərara almışdılar ki, özlərinin birgə qüvvələri ilə bürokratlara qarşı mübarizə aparsınlar və kəndli müxbirlərinin müdafiəsi məqsədilə bütöv səhifələri buna həsr edirdilər. Bunun üçün qəzetlərin hər ikisində “Qəza və kəndli müxbirlərinin müdafiəsinə” rubrikası açılmışdır.
Bir sıra hallarda yerli partiya və sovet rəhbərlərinin göstərişi ilə kəndli müxbirləri həbs olunur və ya tutduqları vəzifələrindən azad edilirdilər. Məsələn, Lənkəranda “Kommunist” qəzetinin kəndli müxbiri Məmmədəli İsmayılov həbs olunmuş və yalnız Azərbaycan K(b)P MK mətbuat şöbəsinin müdaxiləsindən sonra azadlığa buraxılmışdı. Maştağada “Kommunist” qəzetinin Azərbaycan LKGİ BK-nın Rəyasət Heyətinə məktubla müraciətindən sonra vəzifəsindən azad edilmiş kəndli müxbiri işinə bərpa edilmişdi. İndiki Bakıxanov qəsəbəsində “Oradakı” təxəllüslü fəhlə müxbiri (nə qədər paradoksal olsa da, fəhlə-kəndli müxbirlərinin əksəriyyətinin təxəllüslərini məhz onların təqib olunmalarına görə müəyyənləşdirə bilmişik) təqibə məruz qalmışdı. Bununla əlaqədar olaraq “Kommunist” qəzeti prokurora müraciət etmiş və lazımi yardım almış, təqib olunan fəhlə müxbiri “Oradakı” - Nağı Cəfərov isə sonralar ən yaxşı müxbirlərdən biri olmuş və redaksiyanın vəsaiti hesabına Moskvaya ali jurnalist təhsili almağa göndərilmişdir.
Bəzən müvafiq instansiyalardakı ayrı-ayrı vəzifəli şəxslər fəhlə-kəndli müxbirlərinin adlarını açıqlamaqla bir tərəfdən onların təqib olunmalarına, digər tərəfdən isə cinayətlərin gizlədilməsinə şərait yaradırdılar. Ona görə də Respublika Ali Məhkəməsi bu cür fəaliyyətin cinayət hesab edilməsi və günahkarların Cinayət Məcəlləsinin 104-cü maddəsinin “b” və 117-ci maddəsi ilə cəzalandırılması barədə qərar qəbul etmişdi.
(ardı var)
Elmar MƏHƏRRƏMOV
Xalq qəzeti.-2009.-28 avqust.-S.3.