Milli jurnalistika
məktəbi
Uzun illərdən bəri milli jurnalistika məktəbi olmuş, avanqard bir nəşr kimi respublika mətbuatına bayraqdarlıq etmiş “Xalq qəzeti” (keçmiş “Kommunist” qəzeti) 18 ildir ki, dövlət müstəqilliyi, söz azadlığı dövründə fəaliyyətini uğurla davam etdirir. Sovet dövründəki 72 illik fəaliyyəti də nəzərə alınmaqla, bu qəzet 90 illik zəngin jurnalistika salnaməsidir. Qəzetin 90 yaşının tamam olması milli jurnalistikamızın önəmli bir hadisəsidir.
90 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin söz və mətbuat azadlığı sahəsində yaratdığı demokratik şəraitdə ilk nömrəsi çap olunan, 1920-ci ilin aprelində dövlət quruluşu dəyişəndə ilk rəsmi qəzetimiz “Azərbaycan”ın estafetini davam etdirən “Kommunist” qəzeti anadilli ictimai-siyasi nəşr kimi həmişə xalqımızın gündəlik həyatı ilə çox sıx bağlı olmuşdur. Bu qəzet jurnalistikamızın inkişafında, məmləkətimizdə sivil dəyərlərin artmasında öz sözü, çıxışları ilə misilsiz xidmətlər göstərmişdir.
Onilliklər boyu qəzet Azərbaycanda ədəbi-publisistik yaradıcılığa, elmi-mədəni proseslərə yön vermiş, respublikanın ən təcrübəli, nüfuzlu jurnalistlərinin çalışdığı bir mətbuat ocağı olmuşdur. Qəzetdə çalışan milli məfkurəyə bağlı yazarlar sistemin ideoloji yasaqları çərçivəsində belə daim gələcək suverenliyimizə inanmış, xalqı mənəvi cəhətdən bu işıqlı sabaha hazırlamağa çalışmışlar.
Özündən əvvəlki demokratik mətbuatımızın ən yaxşı yaradıcı ənənələrinə sadiqlik göstərən, professional qəzet buraxmaq təcrübəsi formalaşdıran “Xalq qəzeti” ötən dövrdə mötəbər jurnalistika məktəbi, milli-mənəvi dəyərlərimizə bağlı mətbuat ocağı kimi tanınmışdır. 1988-ci ildən milli oyanış, ərazilərimizin bütövlüyünün qorunması və suverenlik uğrunda mübarizəyə tərəddüdsüz qoşulmuş redaksiya kollektivi dövlət müstəqilliyi qazanmağımızdan sonra fəaliyyətini davam etdirmək haqqı və səlahiyyəti qazanmışdır.
Gündəlik ictimai-siyasi nəşr kimi “Xalq qəzeti” ölkənin rəsmi həyatını ardıcıl işıqlandırmaqla, ümummilli proseslərdə fəal iştirakı ilə demokratik cəmiyyətdə öz rolunu və mövqeyini uğurla müəyyənləşdirmiş, sabit oxucu auditoriyası qazanmışdır. Milli birlik, həmrəylik, tərəqqi və quruculuğa çağırış, mətbu sözün təsirli olmasına çalışmaq bu qocaman qəzetin çağdaş simasını müəyyən edir.
Qəzetin yaradıcı kollektivi ölkənin media həyatında fəal iştirak edir, jurnalistikada professionallığın artırılmasına nümunəvi xidmət göstərir. Redaksiya dediyi söz üçün məsul olması, jurnalistlərin peşə-davranış kodeksinə ardıcıl əməl etməsi ilə də seçilir və bu cəhət cəmiyyətdə onun nüfuzunu artırır.
Bayram günündə ən uzunömürlü qəzetimizin kollektivini ölkə jurnalistlərinin məramını və iradəsini ifadə edən Azərbaycan Mətbuat Şurası İdarə Heyəti və öz adımdan səmimi-qəlbdən təbrik edirəm, bu nəşrdə çalışan həmkarlarımıza Vətənimizdə azad, demokratik mətbuatın inkişafı naminə böyük uğurlar arzulayıram. Qoy bu qocaman qəzetin sözü-söhbəti həmişə təravətli və xeyirli olsun!
Əflatun AMAŞOV
Xalq qəzeti.-2009.-29 avqust.-S. 2.