Xalq qəzetimənim qəzetimdir

 

“Xalq qəzeti”nin (keçmiş “Kommunist” qəzeti) 90 yaşının tamam olması Azərbaycan jurnalistikasında çox ciddi bir hadisədir. 134 illik mətbuat tariximizdə heç bir dövri nəşrə belə bir uzunömürlük nəsib olmamışdır. Bu qəzet 90 ildir ki, xalqımıza ictimai məzmun daşıyan sözlə xidmət göstərir. “Xalq qəzeti” anadilli jurnalistikamızın uzun bir dövrünün zəngin salnaməsidir. Respublikamızın son 90 illik həyatı bu qəzetin səhifələrində silinməz, pozulmaz tarixə çevrilmişdir.

Ömrümün 96-cı ilində 90 yaşlı bir qəzet barədə söz deyərkən bütün şüurlu həyatım yada düşür. Oxuyub-yazmağı bacarandan — 1922-ci ildən bu qəzetin oxucusuyam. Tanıdığım, sevdiyim insanların bir çoxu bu qəzetlə bağlı olmuşdur. Qəzetin ilk redaktorları Ruhulla Axundovu, Əliheydər Qarayevi, Həbib Cəbiyevi, Böyükağa Talıblını və başqalarını yaxından görüb-tanımışam. Sonrakı redaktorlardan Əli Vəliyevlə, Rza Quliyevlə, Xasay Vəzirovla, İsrafil Nəzərovla, Ağababa Rzayevlə, Rəşid Mahmudovla, Ramiz Əhmədovla, Cəmil Əlibəyovla və onlardan sonra gələnlərlə sıx ünsiyyətim, yaradıcılıq əlaqələrim olub.

Mən bu redaksiya ilə həmişə dost olmuşam. “Xalq qəzeti”, necə deyərlər, mənim qəzetimdir. Onun səhifələrində hekayələrim, məqalələrim çap olunub. Mənim özüm barədə də bu qəzetdə çox yazılıb. Mən bu qəzetdən həmişə öyrənmişəm, faydalanmışam. Bu gün də onun nömrələrni izləyirəm, uğurlarına sevinirəm. Qəzetin müstəqillik dövründə də yaşaması, mövqeyini və nüfuzunu qoruması məni ürəkdən sevindirib. Hətta həvəslənib qocaman yaşlarımda ötüb-keçənlər barədə onun səhifələrində silsilə yazılar da yazmışam.

Xalq qəzetirəsmi istiqaməti, rəhbər orqanlara bağlılığı ilə yanaşı, həmişə xalq həyatına, milli problemlərə həssas olmuşdur. Ana dilimizin milli mentalitetimizin qorunmasında bu qəzetin rolu misilsiz olmuşdur. Qəzet bu amalına indi sadiqdir. Mən inanıram ki, tarixi sınaqlardan çıxmışXalq qəzeti”nin 100 yaşı da, 150, 200 yaşı da olacaq. Bu qəzet milli bir qəzet kimi həmişə xalqımıza doğru yol göstərəcək.

Sevimli qəzetimin 90 yaşını da görməkdən böyük məmnunluq duyuram. Əlamətdar yubiley münasibətilə qəzetdə çalışan dostlarımı, onun bütün kollektivini, sadiq müəlliflərini, qədirbilən oxucularını ürəkdən təbrik edirəm. Qoy bu yubileyin sevinci redaksiyaya könül xoşluğu bəxş etsin, yeni uğurlar gətirsin!

 

 

Qılman İLKİN

 

Xalq qəzeti.-2009.-29 avqust.-S. 2.