Xalqın və dövlətçiliyin mətbu tribunası olmaq böyük şərəfdir

 

Ötən 90 ildə bu qəzet həyatımızın güzgüsü, dövrün ən əhatəli salnaməsi olmuşdur

 

Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır...

Bu gün qəzet müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır.

 

HEYDƏR ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

25 avqust 1994-cü il

 

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin ardınca milli dövlətçilik tariximiz üçün xüsusi önəm daşıyan bir sıra hadisə və faktların da əlamətdar ildönümlərini qeyd etmək şərəfinə nail olmuşuq. Azərbaycan Milli Mətbuatının 134 illik tarixində ən uzunömürlü gündəlik anadilli qəzet olan “Xalq qəzeti”nin “Kommunist” adı ilə nəşrə başlamasından 90 il keçir. Bu 90 il mətbuat tariximizin əvvəlki 44 ili və günümüzədək olan sonrakı dövrləri ilə qırılmaz tellərlə bağlıdır. Özünəqədərki milli jurnalistika təcrübəsi və ənənəsi üzərində yaranıb inkişaf edən bu qəzet avanqard rolu və ardıcıl fəaliyyəti ilə milli mətbuatımızın əsl peşəkarlıq məktəbinə çevrilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı demokratik şəraitdə parlamentin sosial-demokrat fraksiyası fəallarının Ruhulla Axundovun redaktorluğu ilə 1919-cu il avqustun 29-da “Kommunist” adı ilə buraxdığı qəzet dünyada və Azərbaycanda baş verən mürəkkəb tarixi-siyasi hadisələrin gedişi nəticəsində 1920-ci ilin 30 aprelindən o vaxt ölkənin ilk rəsmi dövlət nəşri olan “Azərbaycan” qəzetini əvəz edən ictimai-siyasi orqan kimi 72 il fəaliyyətini davam etdirdi. Düz 72 il sonra Azərbaycana kənardan gətirildiyi kimi, kənardan da tarixin arxivinə atılan kommunist rejimi süquta uğrayanda qəzetin kollektivi xalqa xidmət amalını dövlət müstəqilliyi şəraitində də davam etdirmək məramı ilə fəaliyyətini “Xalq qəzeti” adı altında davam etdirməyə qərar verdi.

Ötən 18 ildə xalqımıza, dövlətçiliyimizə xidmət məramını uca tutan yaradıcı kollektiv qəzetin əvvəlki 72 ildə milli varlığımızın yaşadılması, məmləkətimizin tarixi tərəqqisi, respublikamızda sivil dəyərlərin bərqərar olması ilə bağlı öyünclü səhifələrinə, gərəkli ənənələrinə dayaqlanaraq 90 illik yubileyini jurnalistikamızın silinməz-pozulmaz bir hadisəsinə, çox önəmli bir faktına çağdaş reallıqlar baxımından nəzər salmaq fürsəti hesab edir. 90 yaşının tamamında 26249 nömrəsi işıq üzü görən “Xalq qəzeti” Azərbaycanın ən uzunömürlü qəzeti olmaq qismətini yaşayır. Bu tarix nadir bir kəmiyyət və keyfiyyət göstəricisi olaraq, 134 il əvvəl ilk anadilli qəzetimiz “Əkinçi”nin yaranmasından sonra milli jurnalistikamızın ən əhəmiyyətli fakt və hadisəsi sayıla bilər.

Doğrudan da, “Xalq qəzeti”nin 90 yaşının tamam olması, istər-istəməz, 1919-cu ilin 29 avqustundan əvvəlki və sonrakı mətbuat tariximizi yada salır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbu tribunası olan “Azərbaycan” qəzeti “Əkinçi” ilə başlayan, “Şərqi-Rus”, “Həyat”, “Açıq söz” kimi milli-məfkurəvi qəzetlərdə, “Molla Nəsrəddin” kimi azərbaycançılıq məktəbində formalaşan dövlətçilik ideologiyasının, istiqlal məramnaməsinin daşıyıcısı kimi ərsəyə gəlmişdi. 1920-ci ilin 30 aprelində “Kommunist” qəzeti bu mətbu statusu devrilmiş birinci respublikadan ikinci respublikaya keçid şəraitində bir estafet kimi qəbul etmişdi.

Təsadüfi deyil ki, eyni redaksiya, eyni yaradıcı heyət Bakıda Kolubyakin küçəsində (indiki Nigar Rəfibəyli küçəsi) Adamovların binasında aprel ayının 27-də “Azərbaycan” qəzetinin sonuncu nömrəsini, 30-da isə “Kommunist” qəzetinin bolşevik hakimiyyəti dövründə ilk nömrəsini buraxmışdı. Dəyişən qəzetin adı, redaksiyanın lövhəsi, ideya-siyasi yönümü olmuşdu. Redaktor Üzeyir Hacıbəylini isə bolşevik Əliheydər Qarayev əvəz etmişdi. Qəzetin rəsmi xarakteri, görkəmi və dizaynı, müəlliflərinin əksəriyyəti, dil-üslub və yaradıcılıq xüsusiyyətləri olduğu kimi qalmışdı. Günlər keçdikcə Mirzəbala Məmmədzadə, Cəfər Cabbarlı, Xəlil İbrahim, Fərhad Ağazadə, Nemət Bəşir, Əlabbas Müznib, Məmmədəli Sidqi kimi müəlliflərin sırasına Məmməd Səid Ordubadi, Həbib Cəbiyev, Əhməd Bədi, Böyükağa Talıblı, Ağababa Yusifzadə kimi yeni yazarlar qoşulurdu. İlk illərdə Nəriman Nərimanov başda olmaqla milli hökumətin rəhbərləri Ə.Qarayev, R.Axundov, M.B.Qasımov, S.Ağamalıoğlu, D.Bünyadzadə, Q.Musabəyov, H.Sultanov və b. qəzetdə yazıları ilə fəal çıxış edirdilər.

İkinci respublika dövründə — Azərbaycan SSR 1922-ci ildə zorla SSRİ-yə daxil edilənədək qəzetin fəaliyyətində milli dövlət quruculuğu məsələləri geniş işıqlandırılır, müstəqillik ab-havası az-çox duyulurdu. Azərbaycana ixrac edilmiş kommunist rejiminə sahib çıxmış yerli inqilabçı liderlərin özləri belə Moskvanın artan təzyiqlərini qəzetdə açıq-gizli narazılıqla qarşılayır, yazılarında yalan vədlərə inamsızlıq göstərirdilər. 1922-ci ilin 25 aprel nömrəsində Ruhulla Axundovun Bakı neftindən bəhs edən “Aləmi bəzər, özü lüt gəzər” adlı kəskin ruhlu yazısı baş məqalə yerində çap olunmuşdu.

O dövrdə Müsavat partiyasının gizli özəyinə rəhbərlik edən Mirzəbala Məmmədzadə qəzetdəki demokratik ruhlu, istiqlal düşüncəli yazılarla çıxış edirdi. Onun ana dilində ali təhsilin inkişaf etdirilməsi ilə bağlı silsilə yazıları ictimai-siyasi mühitdə ciddi əks-səda doğurmuşdu. Təbrizdən Bakıya gələn Cəlil Məmmədquluzadə redaksiya ilə sıx əlaqə saxlayır, bəzi hekayə və felyetonlarını burada çap etdirirdi. Üzeyir Hacıbəyli də redaksiyadakı həmkarları və dostları ilə ünsiyyətini davam etdirirdi.

Dövrün tanınmış ədib-publisistlərinin iştirakı ilə hazırlanan “El ədəbiyyatı həyatdan doğar” başlıqlı silsilə səhifələr qəzetə çoxlu oxucu qazandırırdı. Tarixi irsə qayğıkeş münasibət, milli varlığımızın aktual məsələləri ətrafında elmi-mədəni, ədəbi-bədii diskussiyalar da qəzetin populyarlığını artırırdı. Elmi, ədəbi-bədii qurumların yenicə yaranmağa başladığı bir dövrdə bir sıra mədəni-siyasi aksiyalar “Kommunist”in təşəbbüsü və ideya rəhbərliyi altında həyata keçirilirdi. 1925-ci ildə “Əkinçi” qəzetinin 50 illiyi Azərbaycan milli mətbuatının yarım əsrlik yubileyi kimi “Kommunist” qəzetinin hamiliyi ilə respublikada geniş qeyd olunmuşdu. Redaksiya “Əkinçi-50" adlı ayrıca kitabça da nəşr etmişdi. Kütləvi savadlanma, əlifba islahatı, qadın azadlığı, türkoloji məsələlərdə də “Kommunist” qəzeti mərkəzi təbliğat ruporu rolunu oynayırdı.

İlk illərdə qəzetin nəşr tarixi 1920-ci ilin aprelindən hesablanırdı. 1929-cu ildə Əliheydər Qarayevin və Ruhulla Axundovun təşəbbüsü ilə onun ilk nömrəsinin 1919-cu ildə işıq üzü görməsi əsas götürülərək başlanğıc tarix geriyə çəkilmiş və qəzetin 10 illik yubileyi təntənə ilə qeyd olunmuşdu. Yubiley münasibətilə Azərbaycan hökumətinin qərarı ilə redaksiyaya ikimərtəbəli mülk (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin indiki binası) bağışlanmışdı. Yeri gəlmişkən, bildirək ki, redaksiya 1960-cı ildə indiki binasına köçənədək orada fəaliyyət göstərmişdir. Sonrakı illərdə qəzetin 20 illik və 50 illik yubileyi, 10 mininci nömrəsinin çapdan çıxması respublikada böyük mətbuat bayramına çevrilmişdi.

Qəzetin 90 illik yubileyi günlərində keçilən yola milli mətbuatımızın demokratik ənənələri, xəlqilik və dövlətçilik məfkurəsi baxımından nəzər saldıqca bir sıra diqqətçəkən məqamları da yada salmaq zərurəti yaranır.

72 il “Kommunist” başlığı ilə işıq üzü görmüş qəzet XX əsrin axırlarında Azərbaycanda yüksələn xalq hərəkatının, torpaqlarımızın müdafiəsi uğrunda mübarizənin tərəfində olmaq məramını ifadə edərək 1991-ci il avqustun 27-dən sonra “Xalq qəzeti” adı ilə fəaliyyətini davam etdirmişdir. Qəzet öz tarixinin yeni dövrü sayılan son 18 ildə Azərbaycanda müstəqil dövlət quruculuğunun layiqli təbliğatçısı, milli məfkurənin, azad sözün və demokratik dəyişikliklərin fəal müdafiəçisi olmuşdur.

1920-ci ildə Azərbaycanın sovetləşməsindən sonra kommunist sisteminin respublikada yerli dildə əsas mətbuat orqanına çevrilən qəzet, tarixən çətin situasiyalarla üzləşsə də, öz sözü ilə həmişə xalq işinə, mədəni və iqtisadi yüksəlişə dayaq olmuşdur. XX əsrin əvvəllərində müxtəlif qəzet-jurnallarda yetişib formalaşmış milli yazarlarımızın bir hissəsi sovet dövründə bu qəzetin redaksiyasında cəmləşmişdir. Redaksiya illər boyu anadilli nəşrlər üçün təcrübəli kadrlar hazırlayan məktəbə çevrilmişdir. Qəzetə ilk onildə o dövrdə yaxşı tanınan Ruhulla Axundov, Əliheydər Qarayev, Böyükağa Talıblı, Həbib Cəbiyev, Ağabala Yusifzadə kimi ictimai-siyasi xadimlər rəhbərlik etmişlər. Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı kimi mötəbər qələm sahibləri redaksiyanın əməkdaşları olmuşlar. XX əsrin 20-ci illərində böyük Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”i bu qəzetin köməyi ilə fəaliyyətini davam etdirmişdir. O dövrdə yeni əlifbaya keçilməsi kimi tarixi-mədəni bir hərəkatda redaksiya təşkilati-təbliğati bir mərkəz və təcrübə məktəbi rolu oynamışdır.

Ötən əsrin 30-cu illərində sovet hakimiyyətinin “sənayeləşmə—kollektivləşmə—mədəni inqilab” formulu üzrə apardığı sosializm quruculuğu qəzetin səhifələrində geniş işıqlandırılmış, şəhərdə və kənddə baş verən dəyişikliklər ciddi müzakirə mövzusu olmuşdur. Sosializm quruculuğunun ifrat meylləri, məşum 1937-ci ilin fəlakətləri də qəzetdən yan keçməmişdir. Qəzetin milli düşüncəli yazarları illər boyu sıxışdırılmış, hətta repressiya olunmuşlar. Təsadüfi deyil ki, redaksiyanın milli mənafeyə, Azərbaycanın köklü maraqlarına sadiq əməkdaşları, böyük məfkurəyə bağlı müəllifləri, eləcə də ilk redaktorlarının əksəriyyəti repressiya maşınından yaxa qurtara bilməmişlər. Bütün bunlara baxmayaraq qəzet cəmiyyətdə populyarlıq qazanmış, geniş quruculuq işlərini, mədəniyyətimizin yüksəlişini obyektiv əks etdirən, sevilən, sayılan bir orqan səviyyəsinə yüksəlmişdir.

1941-45-ci illər Böyük Vətən müharibəsində Azərbaycan xalqının cəbhədə və arxada göstərdiyi misilsiz rəşadət, faşizm üzərində tarixi Qələbədə respublikamızın xidmətləri də qəzetin səhifələrində xronikal əksini tapmışdır. 30-cu illərdə milli ədəbi dil quruculuğu zəminində formalaşmış mətbuat üslubu, milli jurnalistikamızın sənətkarlıq uğurları bu dövrdə parlaq, döyüşkən publisistika nümunələrinin ərsəyə gəlməsinə təkan vermişdir. O illərdə “qələmi süngüyə çevirmiş” milli ədəbiyyatımızın tanınmış nümayəndələri qəzetin səhifələrində bədii-sənədli sözün gözəl nümunələrini yaratmışlar. Müharibənin dəhşətləri, xalqımızın hünəri və dözümü, ədalətli sülhün qalib gələcəyinə möhkəm inam qəzetin bu dövr fəaliyyətinin əsas mövzuları olmuşdur.

Müharibədən sonrakı böyük ruh yüksəkliyi, xalq təsərrüfatının inkişafı, elmi-mədəni nailiyyətlər, xüsusən, yeni şəhərlərin salınması, sənaye nəhənglərinin yaradılması, bölgələrin dəyişən həyatı qəzetdə hərtərəfli işıqlandırılmış, uğurlar və nöqsanlar diqqətdən yayınmamışdır. Bu dövrdə professional jurnalist kadrlarının hazırlanmasına başlanması redaksiyada istedadlı, gənc qələm sahiblərinin sayını artırmış, dil-üslub, redaktə, planlaşdırma, obyektivlik, texniki buraxılış və operativlik səviyyəsi yüksəlmişdir. 50-ci illərdən başlayaraq qəzetin respublikanın partiya təşkilatından əlavə, həm də ali qanunvericilik və icra strukturlarının orqanı olması onun əhatəliyini və rəsmi statusunu artırmış, həyata müdaxilə və onu əksetdirmə miqyasını genişləndirmişdir. Nəticədə qəzet daha geniş dairələrə yayılmış, onun tirajı kütləviləşərək yüz minlərlə nüsxəni ötmüşdür.

Bu illərdə qəzetə Əli Vəliyev, Rza Quluyev, Xasay Vəzirov, İsrafil Nəzərov, Ağababa Rzayev kimi təcrübəli qələm sahibləri redaktorluq etmişlər. Şəxsiyyətə pərəstişin nəticələrinin aradan qaldırılması, sovet cəmiyyətindəki nisbi mülayimləşmə, dekorativ demokratikləşmə qəzeti cəmiyyətin həyatına daha da yaxınlaşdırmışdır. Tənqidi yazılara müəyyən qədər yer verilməsi oxucuların redaksiyaya müraciətlərini çoxaltmışdır. O dövrdən başlayaraq hər il qəzetə yüz minlərlə oxucu məktubu gəlmiş, onun xeyli hissəsi dərc olunmuş, əksəriyyəti cavablandırılmışdır.

Qəzetin sovet hakimiyyəti illərində ən səmərəli fəaliyyət dövrü, geniş xalq tribunasına çevrilməsi, quruculuq prosesi ilə sıx təması ümummilli lider Heydər Əliyevin 1969-cu ilin iyununda respublika rəhbərliyinə gəlişi ilə başlanmışdır. Yeri gəlmişkən deyək ki, bu böyük dövlət xadiminin iştirak etdiyi və ana dilində çıxış etdiyi ilk yubiley tədbiri qəzetin 50 illiyi ilə bağlı Akademik Dövlət Dram Teatrında keçirilən təntənəli mərasim olmuşdur. Həmin çıxışında Azərbaycan rəhbəri qəzetin yarıməsrlik fəaliyyətinə yüksək qiymət vermiş, onun qarşısında yeni vəzifələr qoymuşdur.

O dövrdən start götürən hərtərəfli inkişaf, respublika rəhbərinin misilsiz quruculuq fəaliyyəti, əzəmətli proqram və layihələrin reallaşdırılması qəzetin səhifələrində yüksək vətəndaşlıq qayəsi və prinsipiallıqla əks olunmuşdur. Yeni direktivlər, qazanılan uğurlar, genişmiqyaslı yeniləşmə, rifahın yüksəlməsi qəzeti də məzmunca dəyişdirmiş, fəallaşdırmışdır. Ulu öndər Heydər Əliyevin fəal həyat mövqeyi “Qoy ədalət zəfər çalsın!” devizi altında Azərbaycana yeni həyat vermiş, onu ittifaq dövləti miqyasında ən qabaqcıl sənaye və kənd təsərrüfatı respublikasına çevirmişdir. Bu yüksəliş xalqımızın böyük oğlu Heydər Əliyev Moskvaya sovet dövlətinin rəhbərliyinə aparılanadək davam etmişdir.

Təəssüf ki, sonrakı təşəbbüssüz, xalq işinə böyük enerji ilə xidmət edə bilməyən, milli maraqlara biganə rəhbərlərin dövründə respublikada yaranan geriləmə prosesi qəzetin də fəaliyyətinə təsir göstərdi. Bədnam “Qorbaçov yenidənqurması”nın cücərtdiyi bəlalar qəzeti arzuolunmaz situasiyaların məngənəsində sıxmağa başladı. 1988-ci ilin fevralında Dağlıq Qarabağda separatçı hərəkat baş qaldıranda redaksiya kollektivi milli oyanış və respublikanın ərazi bütövlüyünün qorunması uğrunda xalq mübarizəsinə rəğbətini gizlətmədi. Qəzetə bilavasitə qəyyumluq edən cəsarətsiz respublika rəhbərlərinin yaratdığı əngəllər xalqın haqlı narazılıqlarının, tələblərinin qəzetdə əks-səda verməsinə mane ola bilmədi. 1988-ci ilin noyabrında çap edilmiş “Topxana harayı” adlı yazı geniş xalq hərəkatına təkan verdi, onun sözün həqiqi mənasında, başlanğıc günü oldu.

Sonrakı 3 ildə respublika rəhbərliyinin xalqa zidd siyasəti, mərkəzi Moskva hökuməti qarşısında təslimçilik mövqeyi bir çox hallarda qəzetin xalq hərəkatı ilə geniş həmrəylik göstərməsinə mane olurdu. Lakin kollektivin inadı, əzmi ilə düşmənlərin hiylələri, qanunsuz əməlləri, yaxınlaşan fəlakətlərin ab-havası qəzetdə hər vasitə ilə öz əksini tapırdı.

1990-cı ilin Qanlı yanvarı qəzet kollektivi üçün də sərt həqiqətləri meydana çıxardı, kommunist rejiminin qanlı mahiyyətini aşkarladı və xalqımızın tarixi nicat gününə hazır olmasının zəruriliyini anlatdı. O günlərdə hərbi komendantın sərt senzurasına, əngəllərə baxmayaraq törədilmiş vəhşiliklər qəzet vasitəsilə ictimaiyyətə çatdırılır, cinayətkarlar lənətlənirdi. Sonrakı 1 il 8 ayda qəzet rejimin tribunası olmaqdan imtina etdi, suverenlik uğrunda mübarizəni dəstəklədi. Beləliklə, “Kommunist” qəzeti orqanı olduğu Azərbaycan Kommunist Partiyasının buraxılmasından 20 gün əvvəl bu addan imtina etdi, xalqa həqiqi xidmət yolunu tutdu və fəaliyyətini “Xalq qəzeti” adı ilə davam etdirdi.

Qarabağda hərbi əməliyyatların başlaması ilə qəzetdə müharibə xronikası geniş yer tutdu, döyüşçülərimiz qələbəyə ruhlandırıldı. Xocalının, Şuşanın, Laçının süqutu və sonrakı illərdə digər rayonların işğalı “Xalq qəzeti”nin səhifələrində obyektiv əksini tapdı, xalq itirilmiş torpaqların tezliklə geri qaytarılması uğrunda mübarizəyə səsləndi.

Bu faciələrin dalğasında hakimiyyətə gələn təcrübəsiz, ziyankar AXC—Müsavat hakimiyyətinin əksər milli-mənəvi dəyərlər kimi, 73 illik anadilli rəsmi bir nəşrə də laqeyd, bəzən də qərəzli münasibəti nəticəsində “Xalq qəzeti” 1992-ci ildən müstəqil ictimai-siyasi qəzet kimi redaksiya kollektivi tərəfindən buraxıldı, uzun illərin sadiq oxucuları tərəfindən müdafiə olundu. Bu dövrdə qəzet müstəqil ölkənin ağrı-acılarına biganə qalmadı, professional idarəçiliyin zəruriliyini cəmiyyətə çatdırmağa çalışdı.

1993-cü ilin iyununda vətəndaş qarşıdurmasının ölkəni fəlakətə sürüklədiyi günlərdə xalq ümummilli lider Heydər Əliyevə pənah aparanda, onu hakimiyyətə qaytaranda “Xalq qəzeti” bu tarixi Qayıdışı fəal dəstəklədi. Ulu öndərin ölkədə vəziyyəti sabitləşdirməsi, müstəqil dövlət quruculuğunu və radikal islahatları həyata keçirməsi, keçmişin dəyərlərinə böyük qayğı və qədirbilənliklə yanaşması “Xalq qəzeti”nə də yeni dövrdə nicat verdi, onun demokratik cəmiyyətdə layiqli yerini təmin etdi.

Ümummilli lider Heydər Əliyevin keçmiş epoxa barədə dediyi aşağıdakı sözlər haqsız qınaqlara son qoydu: “Biz hamımız həmin dövrdə yaşayır və onun stereotiplərindən kənara çıxa bilmirdik. Çıxmağa imkan da yox idi, çünki o zaman yazıçı da, alim də, adi adam da belə hesab edirdi ki, başqa cür ola bilməz. Ona görə də kiminsə döşünə döyməsi mənasızdır. Belələrinin özləri də o zaman bu cür yazmışlar. Bu bizim tariximizin reallığıdır. Onu təhrif etmək olmaz... O dövrdə yaşayan və Azərbaycan mədəniyyətini, ədəbiyyatını inkişaf etdirən adamlara indi irad tutmaq olmaz, bu, günahdır”.

1994-cü ilin avqustunda “Xalq qəzeti”nin 75 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti Heydər Əliyevin redaksiya kollektivinə göndərdiyi təbrikdə də qəzetin fəaliyyətinə yüksək qiymət verilmişdi: “Uzun müddət ”Kommunist" adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur... Bu gün qəzet müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır". Bu yüksək qiymət kollektivi müstəqil dövlət quruculuğu prosesində fəal iştiraka, böyük öndərin apardığı geniş islahatlar proqramının layiqli təbliğatçısı olmağa daha da ruhlandırdı.

Milli-mədəni inkişafda varisliyi, ənənələrdən istifadəni təmin edən bu böyük insanın “Xalq qəzeti”ni yenidən himayə etməsi Prezidentin İşlər İdarəsinin və redaksiya heyətinin həmtəsisçiliyi ilə onun sonrakı uğurlu fəaliyyətinə yol açdı. 1995-ci ilin 13 noyabrından “Xalq qəzeti” yeni qüvvə ilə dövlətçiliyimizə, xalq maraqlarına xidmətə başladı. Ötən 14 ildə qəzet, həqiqətən, yeni bir salnamə yaratmışdır. Bu, ümummilli lider Heydər Əliyevin yeni Azərbaycan yaratmaq strategiyasının — şərəfli bir tarixin parlaq əksidir.

“Xalq qəzeti”nin 90 yaşı tamam olur. Bu zirvədə onun himayədarı ölkədə azad, demokratik mətbuatın inkişafına böyük Heydər Əliyev qayğısını davam etdirən ölkə Prezidenti İlham Əliyev, dayağı qədirbilən xalqımız, oxucularımızdır. Qarşıdakı əzəmətli quruculuq proqramları, həlli vacib problemlər, torpaqlarımızın azadlığı uğrunda mübarizə, müstəqilliyimizdən qaynaqlanan daha xoş günlər bu qocaman qəzetin kollektivinin dəyişməz hədəfi, önəm verdiyi mövzular olacaq.

Mürəkkəb, mübarizələrlə dolu tarixi dövrlərdən keçib gəlmiş 90 yaşlı qəzet acılı - şirinli günlərimizin, milli mətbuat tariximizin inkişafının, jurnalistikamızın uğurlarının güzgüsü olmuşdur. Dövlət müstəqilliyimizlə reallığa çevrilən azad, demokratik mətbuat quruculuğuna sivil jurnalistika təcrübəsi ilə qoşulan “Xalq qəzeti” gündəlik ictimai-siyasi nəşr kimi ölkəmizin çoxsaylı qəzetləri cərgəsində milli xarakterini ləyaqətlə qoruyub saxlayır, cəmiyyətin rəsmi tribunası rolunu uğurla davam etdirir, geniş oxucu kütləsi arasında nüfuzunu artırır. Bu gün də belədir, sabah da belə olacaq!

 

 

Həsən HƏSƏNOV

 

Xalq qəzeti.-2009.-29 avqust.-S. 3.