90 il xalqın xidmətində
(əvvəli qəzetin 25 , 26, 27
və 28 avqust tarixli saylarında)
Ən yaxşı qəzet hansıdır?
İlk vaxtlar həm respublika rəhbərliyində,
həm də yerlərdə “aparıcı qəzet” kimi
“Bakinski raboçi”yə üstünlük verirdilər.
“Kommunist” qəzetinə isə ikinci dərəcəli kimi
baxır, oxumur və onun səhifələrində
qaldırılan məsələlərə reaksiya vermirdilər.
Yalnız redaksiyanın yorulmaz, çox çətin və
davamlı səyləri nəticəsində vəziyyət tədricən
yaxşılığa doğru dəyişməyə
başladı. 1923-cü ildən etibarən “Kommunist” qəzetinin
səhifələrində dərc olunan materiallar prokurorluq
orqanlarının diqqətini cəlb etməyə
başladı.
Respublika rəhbərləri əhaliyə
müraciətlə qəzetdə tez-tez çıxış
edirdilər. Məsələn, Bakı prokurorunun müavini Məmmədəmin
Ramazanzadə “Zəhmətkeşlərin nəzərinə”
adlı müraciətində bildirirdi ki, “indiyə qədər
”Bakinski raboçi”də olduğu kimi, bundan sonra “Kommunist” qəzetində
dərc olunan yazılar və materiallar da diqqət mərkəzində
olacaq və araşdırılacaqdır”.
Azərbaycan K(b)P BK XII
konfransı bütün təşkilatlardan məcburi qaydada
türkcə “Kommunist” qəzetinə diqqət yetirməyi tələb
edən qətnamə qəbul etmişdi. Həmin qətnamə
XIII konfrans tərəfindən də təsdiq olundu.
Qəzetin özü isə onu
oxumayan bürokratlara pamflet və felyetonlar həsr edirdi. “Təəssübkeş”
(Balaqədəş Səttaroğlu) imzası ilə
yazılmış həmin felyetonlardan birinin bir
parçasını oxucuların nəzərinə
çatdırırıq:
“Yazılsa həqqində nə,
heç etina eyləməz,
Çünki bilir doğrudur,
“yalandır bu” söyləməz.
Bildigin eylər yenə, o, bir şeyi dinləməz,
Yaxşı bilirsən özün, müdirdir əvvəl cənab.
İncimə, məktubuna verməsə həzrət cəvab.
Çünki savuqdur qanı, eyləməz əslən itab,
Bu barədə qəzetədə kimsəyə verməz cəvab”.
Tənqidi yazılara cavab verənlər tez-tez orada mövcud olan balaca xətalara istinad edir, “əsas məsələləri unudaraq” cavablarını əsassız təkziblər şəklində tərtib edir və cavablarının tezliklə dərc olunmasını tələb edirdilər. Məsələn, B(ağır) Hacızadənin imzası ilə dərc olunmuş “Cavablar və cavab yazanlar haqqında” məqalədə belələrinə xatırladılırdı ki, “həm yazılar, həm də cavablar müvafiq təşkilatların işlərinin yaxşılaşdırılması və sağlamlaşdırılması məqsədi ilə çap edilir. Ona görə də hər cür üsulla özünü doğrultma cəhdlərindən əl çəkib, çatışmazlıqları aradan qaldırmaq lazımdır”.
Qəzetin
respublikanın bütün qəzalarında olduğu kimi, Cənubi
Qafqaz və SSRİ-nin digər respublikalarında, eləcə
də bir sıra xarici ölkələrdə xüsusi
müxbirləri var idi. Moskva müxbiri kifayət qədər
böyük jurnalistika təcrübəsinə malik olan Əliəkbər
Heydərli idi. Fəhlə-kəndli müxbirlərinə
yardım məqsədi ilə o, hələ 1923-cü ildə
“Qəzetə və müxbirləri” adlı kitabça da nəşr
etdirmişdir.
Qəzet çalışırdı ki, dünyada baş verən hadisələr barədə informasiyanı öz oxucularına daha tez çatdırsın. Teleqraf və radio dalğaları ilə gecə saat ikiyədək müxtəlif agentliklərdən alınan informasiya qəzetin səhər nömrələrində öz əksini tapırdı. Bundan əlavə, qəzet xaricdə nüfuz sahibi olan və öz ölkələrinin rəhbər dairələrinə əli çatan, onların Şərq siyasətindən yaza bilən siyasi xadimləri və ya jurnalistləri axtarıb tapmağa çalışır, onlarla əlaqə yaradırdı. Qəzet iyirmidən artıq xarici ölkənin jurnalistləri ilə əməkdaşlıq edirdi. Məsələn, Yaponiya üzrə xüsusi müxbir Yaponiya KP MK-nın Baş katibi Sen Katayama, Böyük Britaniya üzrə müxbir ölkə parlamentinin üzvü Valton Nyubold (o, öz yazılarını Leninqrad dənizçilərinin vasitəsi ilə “Trud” qəzetinə göndərirdi, oradansa yazı Bakıya “Kommunist” qəzetinə çatdırılırdı), Fransa və Cənubi Avropa ölkələri üzrə Lui Joğe, J.Dorio, Pyer Russe, Afrika üzrə - Eyvon Conson, Türkiyə üzrə - M., İran üzrə - “Şirazi”, “Durnəvis” (“Uzaqdan yazan”), V.Petrin, Belçika üzrə - Benniqhauzen, Hindistan üzrə - A.Daqas, Almaniya üzrə - Otto Mareşke (Kominternin katibi), H.Menşi, Amerika üzrə - İ.İ.Amter və s. idi.
Qəzetin təşəbbüsü ilə “Kommunist”in fəhlə-kəndli müxbirləri “Freiheit” (“Azadlıq”) alman qəzeti ilə dostluq əlaqələri yaratmışdılar, alman qonaqlar Bakıya gəlmiş, “Kommunist” qəzetinin fəhlə-kəndli müxbirləri ilə görüşmüş və onlarla birgə konfrans keçirmişlər.
Dünyada ilk linotip?
Qəzetin əməkdaşlarının iş şəraiti son dərəcə çətin və gərgin idi. Buna işarə edən müəllif “Əbü-l-hövl” (S.Məlikov) “Biz necə işləyirik?” məqaləsində yazırdı: “Redaksiya işlərini yerinə yetirməkdən əlavə biz həm də tərcüməçilik edirik. Tərcüməçilər də tərcümə edirlər! ”Azərtac” rusca 30 səhifəlik informasiya göndərib, məsul işçilər - türklər də 150 səhifəlik 15 məqalə göndəriblər - hamısı da rusca, ixtisar etməyə də icazə vermirlər. Müxbir Mir Abbas (Mirbağırov) 6 intervü gətirib, hamısı da rusca. Bütün redaksiya tərcüməçilər kontorasıdır... Bax biz belə işləyirik”.
Yuxarıda deyildiyi kimi, qəzetin bütün mətni əl ilə yığılırdı, çünki ərəb əlifbası ilə sətri mətn yığan linotip hələ yox idi. Mətn yığanların əməyini yüngülləşdirmək məqsədi ilə Azərbaycan K(b)P MK Almaniya və Fransa ilə belə linotiplərin yaradılması haqqında danışıqlar apardı. Amma layihələr Azərbaycan dilinin tələblərinə cavab vermədiyindən həmin ölkələrə veriləcək sifarişlər ilk başlanğıcda ləğv edildi. Qərara alındı ki, ABŞ-la danışıqlar aparılsın. Bu məqsədlə “Kommunist”in redaktoru Ruhulla Axundov və “Bakinski raboçi”nin redaktoru Lifşits ABŞ-a ezamiyyətə göndərildilər. “Kommunist” qəzeti üçün ərəb ədifbası ilə sətri mətn yığan linotiplərin hazırlanması 1925-ci ilin yazında başa çatdı. Mövcud qüsurlar sifarişçi və istehsalçının ümumi səyləri ilə aradan qaldırıldı.
Bu, dünyada ərəb əlifbası ilə sətri mətn yığan ilk linotip idi və müsəlman Şərqində ərəb qrafikası ilə ilk sətri mətn Sovet Azərbaycanının sifarişi ilə yaradılmış linotipdə və Azərbaycan dilində yığılmış mətn olmuşdur. İlk yığılan mətn isə 1925-ci il mayın 5-də - S.İnqulovun bolşeviklərin mətbuat günündə çap olunmuş “Lenin və mətbuat” adlı məqaləsi idi.
Ən yaxşı qəzet, hər
halda...
“Kommunist” qəzeti maddi vəsait sarıdan da çox korluq çəkirdi. Qəzetə əsaslı yardım göstərilməsi üçün hələ R.Axundovun göndərdiyi ərizəyə uyğun olaraq Azərbaycan K(b)P BK Rəyasət Heyəti 1922-ci il aprelin 20-də “Bakinski raboçi” qəzetinə və bütün rusdilli partiya və sovet orqanlarına təklif etdi ki, sərəncamlarında olan hər cür informasiyanı türkcə qəzetlərə də, o cümlədən “Kommunist” qəzetinə də göndərsinlər. Azərbaycan K(b)P MK Rəyasət Heyəti isə özünün 1922-ci il 3 iyul tarixli iclasında qərara almışdı ki, “Kommunist” qəzetinin əməkdaşlarının məvacibi “Bakinski raboçi”nin əməkdaşlarının məvacibinə bərabərləşdirilsin. Bu barədə XKS və AzMİK-ə vəsaitin ayrılması üçün tapşırıq verildi. Bu məsələyə XKS-nin 1922-ci il dekabrın 26-da keçirilmiş iclasında da baxılmış və müsbət həll olunmuşdu.
Amma bütün bunlar yalnız müvəqqəti olaraq redaksiya əməkdaşlarının məvacibinin verilməsini yüngülləşdirmişdir, qəzetin nəşri ilə bağlı xərclər isə artmaqda davam edirdi. Məsələ burasındadır ki, göstərilən illərdə “Bakinski raboçi” linotip üsulu ilə yığılırdı, “Kommunist” qəzeti isə bütün hərflər və, hətta sözlərin arasındakı boşluqlar belə, əl ilə yığılırdı ki, bunun üçün də böyük yığıcılar kollektivi işə cəlb edilmişdi. Ona görə də qəzet naşirlərə xeyli borclu qalmışdı. Bundan əlavə, MK və XKS-nin yuxarıda göstərilən qərarlarına baxmayaraq, XKS-dən redaksiyaya 1923-cü ilin mart-iyun aylarının kəsirlərini ödəmək üçün ayrılmış vəsait - 100 min rubl qızıl pul redaksiyanın büdcəsinə köçürülməmişdi. Elə bu səbəbdən də redaksiya növbəti dəfə Azərbaycan K(b)P MK-ya yardım üçün müraciət etmişdi. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan dilində nəşr olunan “Kommunist” qəzetinə qısqanclıqla yanaşan, rəhbərləri qeyri-azərbaycanlı olan başqa təşkilatlar da, xüsusilə də “Azneft”, Mədənçilər ittifaqı, “Neft fondu”, Bakı Soveti müxtəlif hiylələrə və bicliklərə əl ataraq qəzet üçün nəzərdə tutulan vəsaiti verməkdən yayınırdılar. Bakı Sovetinin sədri Krılov isə Azərbaycan K(b)P MK-ya göndərdiyi məktubda birbaşa göstərmişdi ki, türkcə “Kommunist” qəzetinə bir qəpik də pul ödəməyəcək.
Respublikanın XKS-i 1924-cü il oktyabrın 28-də qərara almışdı ki, rəsmi məlumatlar “Kommunist” qəzetində də dərc olunsun və onlar qəzetə əlavə ediləcək “Hökumətin əmr və qərardadları”nda yerləşdirilsin. Bu məqsədlər üçün vəsait XKS tərəfindən aylıq subsidiya şəklində 1400 rubl həcmində verilməli idi.
Onu da qeyd edək ki, “Kommunist” qəzetindən fərqli olaraq “Bakinski raboçi”yə yardımlar artıqlamasilə vaxtlı-vaxtında ayrılır və özünə verilirdi. Bu azmış kimi “Bakinski raboçi” heç vaxt müəyyənləşdirilmiş maliyyə çərçivəsinə sığmamışdır. Bu məsələ nəticəsiz olaraq dəfələrlə Ümumittifaq K(b)P Zaqafqaziya Nəzarət Komissiyasının 1926-cı ilin sonunda və Azərbaycan K(b)P MK-nın 1928-ci il iyulun 9-da keçirdikləri iclaslarında araşdırılmış və təsbit edilmişdir ki, “Bakinski raboçi” qəzeti ona edilən bir sıra xəbərdarlıqlara, göstərişlərə və direktivlərə baxmayaraq, redaksiya onun üçün müəyyənləşdirilmiş smetaya sığmamış, aidiyyəti orqanların göstərişlərini heç vaxt yerinə yetirməmişdir”.
Bir halda ki, söhbət KP MK-nın və hökumətin “aparıcı” orqanı olan “Bakinski raboçi” qəzetindən düşdü, səthi olsa da, onun fəaliyyətini “Kommunist” qəzeti ilə müqayisə etmək pis olmazdı. Faktlara müraciət etmək üçün “Bakinski raboçi” qəzetini 1928-ci ilin iyununda təhqiq etmiş Ümumittifaq K(b)P MK-nın təlimatçısı Ksenofontovun tamamilə məxfi materiallarına nəzər yetirək. Beləliklə, 1928-ci il aprelin 7-də Ümumittifaq K(b)P MK-da müşavirə keçirilmiş, kənddə vəziyyət məsələsi müzakirə olunmuşdu, Bakıda isə həmin gün o dövr üçün çox aktual sayılan kolxoz quruculuğu mövzusuna dair müşavirə keçirilmişdi. “Bakinski raboçi” qəzetinin səhifələrində həmin məsələlərlə bağlı bircə kəlmə də dərc olunmayıb, hərçənd bunları geniş işıqlandırmaq onun birbaşa vəzifəsi idi. Həmin məsələlər yalnız “Kommunist” qəzetində işıqlandırılıb.
Ümumittifaq K(b)P XV qurultayı keçirilən günlərdə “Bakinski raboçi” qəzeti (qeyd edək ki, qəzetin redaktoru Lifşits xüsusi dəvətnamə ilə qurultayda iştirak edirdi, “Kommunist” qəzetinin redaktoruna isə belə dəvətnamənin verilməsinə qəti etiraz edilmişdi) partiya orqanı kimi qurultay materiallarını işıqlandırmaq əvəzinə, hər gün bulvar xarakterli, düşük məzmunlu - “Vırubovanın gündəliyi”, “Üç yorğa”, “Aksyutkanın məhəbbəti” kimi “ədəbi yazılar”ı bütöv səhifələrlə dərc etmişdi.
“Bakinski raboçi”nin səhifələrində 1920-ci ildən sonra Azərbaycana (Bakı istisna edilməklə) qəzetin ümumi həcminin cəmi 1 faizi ayrılırdı, axı bu qəzet təkcə Bakı Komitəsinin orqanı deyildi, hərçənd onun üçün ayrılan yer də cəmi 7 faiz idi. Göyçay, Bayıl, Quba, Karyagin, Lənkəran və s. partiya təşkilatları ilə bağlı Azərbaycan K(b)P MK tərəfindən qəbul olunmuş qərarlar “Bakinski raboçi”də dərc olunmayıb, onlar yalnız “Kommunist” qəzetinin səhifələrindədir.
Bununla yanaşı, “Bakinski raboçi” qəzeti bəzən mövcud olmayan dekretlər, qərarlar haqqında materiallar dərc edir, arzu ediləni gerçəklik kimi qələmə verirdi. Misal gətirək. AzMİK-in işlər müdiri özünün “Bakinski raboçi”yə göndərdiyi 1928-ci il 4 noyabr tarixli 330124 saylı məktubunda yazırdı: “Son dövrlərdə Sizin qəzet qəbul olunması AzMİK-ə ünvanlanan, amma əslində nəinki qəbul olunmamış, heç qəbul olunması da planlaşdırılmamış dekret və sərəncamlarla bağlı yazılar dərc edir. Biz bu barədə dəfələrlə Sizə yazıb, xahiş etmişik ki, belə qeyri-dürüst məlumatları haradan aldığınızı bizə bildirəsiniz, fəqət heç bir cavab almamışıq”. Belə iradlar başqa məktublarda da kifayət qədərdir.
Əgər “Bakinski raboçi” daha çox Moskvanın ruporu idisə, “Kommunist” qəzeti ondan fərqli olaraq respublika problemlərinə daha çox diqqət yetirmişdir, onun səhifələrindəki materialların əksəriyyəti Azərbaycan gerçəkliyinin, kənd və şəhər həyatının işıqlandırılmasına həsr edilib. Görünür, elə buna görə də partiya və dövlət rəhbər dairələrində “Bakinski raboçi”yə artıq diqqət verilirdi.
Aşağıdakı müqayisə cədvəli dediklərimizi əyani sübut edir: “Bakinski raboçi” qəzetinin Azərbaycan gerçəkliyinə laqeyd münasibəti “Kommunist” qəzetinin səhifələrində dəfələrlə tənqid olunmuşdur. Məsələn, sevimli yazıçımız, AzMİK-in katibi Tağı Şahbazinin (Simürğ) 7 aprel 1924-cü il tarixli “Mətbuatımıza yeni nəzərlər” məqaləsində deyilirdi: “”Bakinski raboçi”yə yalnız qıraqdan baxıldıqda bəlli olur ki, o Azərbaycan mərkəzinin orqanıdır... Belə ki, qəzetin 23 mart tarixli 65-ci sayında, 31 mart tarixli 71-ci sayında, 1 aprel tarixli 72 sayında və s. Azərbaycan həyatına dair (Bakısız) 10-15 sətirlik ikinci dərəcəli yazı - telefon xəttinin çəkilməsi və s. bu kimi məlumat dərc edilib... Onun səhifələrində kənd təsərrüfatı həyatına dair heç nə yoxdur. Azərbaycan kəndi yalnız ərzaq vergisi toplanan zaman yada düşür”.
“Bakinski raboçi” qəzetinin diqqətini Azərbaycan gerçəkliyinə hər hansı yolla cəlb etmək məqsədi ilə “Kommunist” qəzeti onu dəfələrlə ayrı-ayrı kampaniyaların - Sovetlərə seçkilərin keçirilməsi, vahid kənd təsərrüfatı vergisinin yığılması, kənd təsərrüfatı uduşlu istiqrazının təbliği və s. kampaniyalarda yarışlara dəvət etmiş, amma cavab almamışdır.
Bir məsələni qeyd etməyi özümüzə borc bilirik. “Kommunist” qəzeti əski əlifba (ərəb) ilə nəşr olunduğundan, tədqiqatçıların hamısı bir qayda olaraq, “Bakinski raboçi” qəzetinin çox da dürüst olmayan, əksər hallarda isə təhrif olunmuş və yarımçıq materiallarından istifadə edərək “bəhrələnirlər”. Tariximizi daha düzgün, təhrifsiz çatdıran “Kommunist” qəzetinə isə baxılmır. Bu səhvi mütləq düzəltmək lazımdır.
Digər qəzetlərə
yardım
“Kommunist” qəzetinin səhifələrində kənd təsərrüfatı və kənd həyatı ilə əlaqədar olan “Azərbaycan füqərası” (1921-1921), “Kəndçi qəzetəsi” və qəza qəzetlərinin fəaliyyətinə lazımınca diqqət yetirilirdi.
Azərbaycan K(b)P MK 1920-ci il iyulun 31-də qərar qəbul etmişdi ki, R.Axundovun redaktəsi ilə “Kənd füqərası”nın nəşrinə başlanılsın. “Kommunist” qəzetinin əməkdaşları da bunun üçün səfərbərliyə alınmışdılar. Tezliklə “Kənd füqərası” qəzetinin nəşrinə başlanıldı. Amma qəzeti əvvəlcə “Kommunist”in redaktoru Həbib Cəbiyev, sonra isə Sultan Məcid Əfəndiyev redaktə etdi. İstər həftəlik “Kənd füqərası”, istərsə də gündəlik “Azərbaycan füqərası” qəzeti sərbəstləşən kimi yalnız siyasi mövzularda yazılara üstünlük verib, kəndi unutdular. Az sonra onlar vahid bir qəzetdə “Azərbaycan füqərası” adı ilə birləşdirildilər və o Azərbaycan K(b)P MK və BK-nın orqanına çevrildi, “Kommunist” qəzeti isə Azərbaycan İnqilab Komitəsinin (Azrevkom) və Bakı Sovetinin orqanı oldu. “Azərbaycan füqərası”nın Azərbaycan K(b)P MK və BK-nın orqanı olmasına baxmayaraq, o dəfələrlə nəşr etdiyi yazıların tematikasının adına uyğun gəlməməsi ucbatından “Kommunist” qəzetinin tənqid obyektinə çevrildi. “Azərbaycan füqərası” da kənd həyatına, kənd problemlərinə laqeyd yanaşırdı və bunun nəticəsi olaraq 1921-ci il dekabrın 10-də Azərbaycan K(b)P MK-nın qərarı ilə onun adı dəyişdirilib “Azərbaycan xəbərləri” qoyuldu, lakin 1922-ci il yanvarın 27-də öz fəaliyyətini dayandırdı.
1923-cü il iyunun 16-da “Kommunist” qəzetinin bazası əsasında və əməkdaşlarının qüvvəsi ilə “Əkinçi qəzetəsi” adlı yeni kəndli qəzetinin nəşrinə cəhd göstərildi. Amma cəmi bir nömrə buraxıldı, lazımi baza və jurnalist kadrlarının yoxluğu ucbatından qəzetin nəşrini davam etdirmək mümkün olmadı.
Xüsusi kəndli qəzetinin zəruriliyini əsaslandıran “Kommunist” qəzeti “Bizə kəndli qəzetəsi lazımdır” adlı redaksiya məqaləsində yazırdı ki, “indi kəndimiz nəşr olunan qəzetələrin yalnız 20 faizini alır, hərçənd əhalimizin 80 faizdən artıq hissəsi kənddə yaşayır... Mərkəzi qəzetlər həmkarlar ittifaqları barəsində, siyasətdən, fəhlələrdən yazır, kəndlilərə isə kənd təsərrüfatı, özlərinin həyatları barədə qəzetə lazımdır. Onu da nəzərə almaq lazımdır ki, qəza qəzetələri bu mənada onların tələbatlarını ödəmək qabiliyyətinə malik deyil”.
Yalnız Azərbaycan K(b)P MK-nın işə ciddi qarışmasından sonra qəzetin nəşri baş tutdu. “Kommunist” qəzetinin bir sıra əməkdaşları “Kəndçi qəzetəsi” adlanan yeni qəzetin nəşrini təşkil etmək üçün səfərbərliyə alındı. Bunlardan Ə.H.Qarayev (redaktor), H.Zeynallı, R.Axundov və M.Əlixanovu göstərmək olar. “Kommunist” qəzeti hər gün “Kəndçi qəzetəsi”nin təbliğatını aparır, kəndliləri və qəza işləri ilə əlaqədar adamları abunə yazılmağa çağırırdı. O bu qəzetin proqramını öz səhifələrində dərc edib, onunla əməkdaşlıq etmək istəyənlərdən “Kommunist” qəzetinin redaksiyasına müraciət etmələrini istəyirdi.
Müəyyən ləngimədən sonra “Kəndçi qəzetəsi” nəhayət ki, 1923-cü il oktyabrın 12-dən həftədə iki dəfə 2 min nüsxə tirajla çıxmağa başladı. Qəzetin səhifələri aqronom təbliğatlarına və respublikanın kənd təsərrüfatı həyatına həsr edilirdi.
“Kommunist” qəzetinin səhifələrində “Kəndçi qəzetəsi”nin hər bir nömrəsinin məzmunu haqqında məlumat verən gündəlik guşə açılmışdı. Bundan əlavə, qəzet özünün bütün qəza və rayon müxbirlərinə tapşırmışdı ki, “Kəndçi qəzetəsi”nə əməli köməklik göstərmək məqsədi ilə ona qəzalardan yazılar və informasiyalar göndərsinlər, hamilik edən fəhlələrə isə təklif etmişdi ki, “Kəndçi qəzetəsi”ni alıb kəndlərə göndərsinlər. “Kəndli qəzetəsi”ni (qəzet 1924-cü ilin sonundan 1932-ci ilə kimi belə adlandı, 1932-ci ildən 1935-ci ilədək “Azərbaycan kolxozçusu”, həmin dövrdən SSRİ dağılana qədər isə “Sovet kəndi” adlanmışdı) gücləndirmək məqsədi ilə dəfələrlə “Kommunist” qəzetinin əməkdaşları səfərbərliyə alınmışdı.
“Kommunist” qəzetinin səhifələrində qəza mətbuatına da xeyli diqqət yetirilirdi. O qəza qəzetləri ilə ünsiyyət yaratmağı özünə borc bilir və hesab edirdi ki, belə münasibətlər olmazsa, onda mətbuat geridə qalmış kəndə doğru irəliləyə bilməz, qəza mətbuatı isə inkişaf etməz. “Kommunist” qəzetinə görə “qəza mətbuatı öz bölgəsində əsl kəndli qəzetəsinə çevrilməlidir. Bu onun vəzifəsıdir”.
Müxtəlif illərdə qəzalarda həftəlik “Yeni Gəncə” (1922-ci ildən), “Şəki fəhləsi” (1922-ci ildən), “Şərq qapısı” (1922-ci ildən - Naxçıvan), “Ağdam şöləsi” (1923-ci ildən), “Yeni dirilik” (1922-ci ildən - Quba), “Zaqatala kəndçisi” (1923-ci ildən), “Qırmızı Muğan” və s. qəzetlər nəşr olunurdu. Hər həftə “Kommunist” qəzetinin səhifələrində həmin qəza qəzetləri haqqında əməkdaşlardan M.S., “Əbü-l-hövl” (Süleyman Məlikov), Kaf, Ayn Kaf, A.Kazım, Ə.Kərimzadə (Akif Kazım və Əli Kərimov), M[üseyib] Şahbazov, Əhməd Bədi (Triniç), Əlif. Əlif. (İbrahim Eminbəyli və Əsəd Əyubi), N., Z.N., Zinətulla, Nuşirəvanov, Z.N-v. (Zinətulla Nuşirəvanov), Əjdər Süleymanzadə, Mahmud Xanbudaqov və s. imzaları ilə yazılar dərc edilirdi.
“Kommunist” qəzeti onların fəaliyyətini hərtərəfli xarakterizə edirdi. Onun fikrincə, qəza qəzetlərinin ən yaxşısı “Yeni dirilik”, “Zaqatala kəndçisi”, “Ağdam şöləsi” və “Qırmızı Muğan” idi, “Yeni Gəncə” və “Şəki fəhləsi” qəzetləri isə daha çox siyasi mövzuda yazırdılar. “Şəki fəhləsi”nin bir sayında yerin 3/4-ü Puankare, Lloyd-Corc və dünya siyasətinə həsr olunmuşdu. “Kommunist” qəzeti dəfələrlə “Şəki fəhləsi”nin bu mövqeyini tənqid etmiş və göstərmişdir ki, onun vəzifəsi tamam başqadır. Məsələn, “Qəza qəzetələrinin vəzifələrinə dair” məqalədə “Şəki fəhləsi”nin mövzu seçimindəki düzgün olmayan mövqeyini tənqid etmiş və onun simasında başqalarını da başa salmağa çalışmışdır ki, “Qəza mətbuatının vəzifəsi dünyadakı siyasi hadisələri geniş işıqlandırmaq deyil, bir nömrədə Puankareyə bir neçə məqalə həsr etmək deyil, onun vəzifəsi yerli həyatın daxili məsələlərini həll etməkdir”.
“Kommunist” qəzeti, eyni zamanda, öz səhifələrində qəza mətbuatının acınacaqlı vəziyyəti ilə bağlı dəfələrlə məsələ qaldırmışdır. Məsələn, “Azərbaycan qəzalarında qəzet işinin təşkili” məqaləsində oxuyuruq: “Şriftlər çatışmır. ”Qırmızı Muğan” və “Şərq qapısı” kimi qəzetələrin müxtəlif ölçülü cəmi iki kassa şrifti var” . Həmin qəzetlərə başqa yolla köməklik göstərə bilməyən “Kommunist” qəzeti öz kasıb fondunda olan şriftlərin bir hissəsini təmənnasız onlara vermişdi.
Mədəniyyət, incəsənət və ədəbiyyat, iqtisadiyyat, xalq təsərrüfatının bütün sahələrinin bərpası və inkişafı məsələləri, xüsusilə də neft və kənd təsərrüfatının bərpası, həmkarlar hərəkatı, partiya-komsomol işləri, hamilik hərəkatı, qənaət rejimi, beynəlxalq həyata dair və s. məsələlər “Kommunist” qəzetinin səhifələrində geniş işıqlandırılmışdır.
Yarandığı ilk vaxtlarda kiçik həcmli və ikinci dərəcəli olan “Kommunist” qəzeti bütün Cənubi Qafqazda ən aparıcı bir qəzetə çevrilə bilmişdi. Onun təşəkkül və inkişaf dövrü kifayət qədər mürəkkəb və çətin olmuşdur. Həyatındakı çətinliklərə, yanılmalara və xətalara baxmayaraq, “Kommunist” qəzeti bütün çətinliklərə sinə gərib, özünü qoruya bilmiş, inkişaf etmiş, kütlələrlə geniş əlaqələr yarada bilmişdir. Azərbaycan milli ziyalılarının bir çox nümayəndələri bu qəzetin ətrafında cəmləşmişdi.
“Kommunist” qəzetinin ana dilimizin publisistik və təsvirçilik üslubunun inkişafı və mükəmməlləşməsindəki rolu və xidməti danılmazdır. Jurnalist kadrlarının yetişdirilməsində, savadsızlığın ləğvində və respublikada mədəniyyətin ümumi səviyyəsinin yüksəldilməsində bu qəzet mühüm rol oynamışdır.
Bu gün “Xalq qəzeti” adı ilə nəşrini fasiləsiz davam etdirən 90 yaşlı qocaman qəzetimiz əvvəlki kimi xalqa yüksək səviyyədə xidmət göstərir, müasir dövrün tələbləri ilə ayaqlaşır, nəinki özünün internet nəşrini də davam etdirir, hətta bu nəşrin mühüm materiallarının ingilis və rus variantlarını da yaymaqla dünya oxucularını sürətlə inkişaf edən Azərbaycan Respublikasının gerçəkliklərindən xəbərdar edir.
Elmar MƏHƏRRƏMOV
Xalq qəzeti.-2009.-29 avqust.-S. 4.