Azərbaycanda nanotexnologiyanın inkişaf perspektivləri
Yaşadığımız XXI əsrdə
elm və texnikanın
sürətli inkişafı
bəşəriyyət qarşısında
həlli dünənə
qədər mümkün
olmayan problemlərin həll olunması üçün geniş imkanlar açır. Ona görə bəşəriyyət
bu yüzillikdə hansı qlobal problemlərin həll oluna biləcəyi haqqında çox düşünür və
həlli mümkün
olmayan suallara cavab tapmağa çalışır. Son
illər dünya elminin əsas istiqamətlərindən biri
sayılan nanotexnologiya
çox böyük sürətlə inkişaf
edir. Bu sahənin
sürətli inkişafı
qarşıya fundamental tədqiqat
işləri aparmaq problemi qoymaqla yanaşı, universal biliyə
malik ixtisaslı kadrların hazırlanmasını
da ən vacib problem kimi ön plana çəkir.
Hazırda nanotexnologiyanın
inkişafını informasiya
texnologiyasından sonra
üçüncü elmi
texniki inqilab hesab edirlər və onun üçün
inkişaf etmiş ölkələrdə bu sahələrə böyük
maliyyə vəsaitləri
ayrılır. Nanotexnologiya 0,1-100 nanometr ölçülu hissəcikləri
və bu quruluşlarda baş verən fiziki, kimyəvi və bioloji hadisələri öyrənir. Bu elmi-texniki
istiqamətin əsasını
yeni nanoquruluşlu materialların alınması,
tədqiqi və tətbiqi təşkil edir.
Nanotexnologiya yeni qeyri-adi xassələrə
malik materiallar alınmasına imkan verir. Belə materiallardan elm və texnikanın müxtəlif sahələrində
— biotexnologiyada, hərbi
işlərdə, tibbdə,
ətraf mühitin mühafizəsində və
s. istifadə etmək
mümkündür. Nanotexnologiya, həm də geniş ixtisaslararası elmi istiqamətlərin də formalaşmasına kömək edir. Ona görə də bu istiqaməti seçən hər bir mütəxəssis riyaziyyat, fizika, kimya, biologiya, materialşunaslıq, tibb,
kompyuter texnikasından
minimal biliklərə malik
olmalıdır. Nanotexnologiyanın həll etdiyi problemlər fundamental və
texnoloji həllə bağlı olduğu üçün burada elmi və mühəndis
biliklərin sintezi mühüm şərtdir.
Eyni maddənin
xassələri onu təşkil edən hissəciklərin ölçülərindən
asılı olaraq kəskin fərqlənir. Fiziki və kimyəvi
xassələrin nanoölçülü
sistemlərdə kəskin
olaraq dəyişməsi
bu cür materialların texnikanın
müxtəlif sahələrində
tətbiqinə imkan yaradır. Məsələn,
yüksək möhkəmliyə
malik nanokristallik və amorf materiallar
mikroelektronika və optoelektronika üçün
nazik təbəqələrin
və heteroquruluşların,
kimya və neft kimyası üçün materialların
alınmasında, müxtəlif
təyinatlı çeviricilər
üçün yeni nanokompozisiya materialların
yaradılmasında, transplantasiya
üçün biouyğun
toxumaların, dərman
maddələrinin hazırlanmasında
və s.istifadə olunur.
Qeyri-adi xassələrə
malik nanoquruluşların
formalaşması yeni
üsulların və
vasitələrin istifadəsi
tələblərini qarşıya
qoyur. Alınan quruluşun nanoquruluş olmasını müəyyən
etmək üçün
elektron və atom qüvvət mikroskoplarından
istifadə edilməsi
ən vacib məsələlərdəndir. Nanomaterialların öyrənilməsi, tədqiqi və elmin bir çox
sahələrində onun
tətbiqi, dünya əhəmiyyətli istiqamətin
inkişafına nail olmaq
üçün elmi-tədqiqat
işləri ilə yanaşı, təhsilin də düzgün təşkil olunmasını
aktual edir.
Nanotexnologiyanın inkişafını stimullaşdıran əsas
amillərdən biri bu texnologiyaya əsaslanaraq yaradılmış
yarımkeçirici nanoquruluşlar
və onların bazasında gen mühəndisliyi, materialşünaslıq
(səthi möhkəmlətmə,
füllerenlər, katalizatorlar,
membranlar) və kompyuter çipləri informasiyanın saxlanılması,
ötürülməsi kimi
işləri yerinə
yetirə bilən, prinsip etibarilə yeni elektron qurğuların
yaradılması olmuşdur.
Keçən əsrin
80-ci illərində tunnel və
atom mikroskoplarının yaradılması
nanotexnologiyanın inkişafına
təkan verən ən vacib amillərdən
biri olmuşdur. Son illər
nanoölçülü sistem
və quruluşlar fizikasında əldə edilən nailiyyətlər
istiqamətdə aparılan
fundamental işlər maddənin
təbiəti haqqında
yeni fikirlərin formalaşmasına səbəb
olacaq nəticəyə
gəlməyə imkan
verir. Bu isə yaxın gələcəkdə kvant
qurğularının yaradılması
deməkdir.
Nanotexnologiyanın inkişafı
ixtisaslararası tədqiqat
işləri ilə xarakterizə olunaraq onların qarşılıqlı
ideya, material, üsul və prosesləri üzərində qurulur. Qeyri-üzvi, üzvi və
bioloji obyektlərin konvergensiyası nəticəsində
yeni prinsipial materiallar, mikromexanizmlər,
biokompyuterlər, intellektual
materiallar, yeni növ tibbi texnologiyalar yaradılır.
Ekspertlərin rəylərinə
görə, dünya bazarında nanotexnologiyanın
sənaye tətbiqi üçün çəkilən
xərclər 2015-ci ildə
1-2 trilyon ABŞ dolları
həcmində olacaq. Bu zaman nanotexnologiyanın nailiyyətlərdən
istifadə edilməsi
3 mərhələdə baş
verəcək:
- Birinci mərhələdə maşınqayırma,
yüngül sənaye,
kosmetika və əzcaçılıq sənayelərində
əldə edilmiş
yüksək texnoloji məhsullar üstünlük
təşkil edəcək;
- İkinci mərhələdə nanotexnologiyadan
mikroprosessor texnikasında,
nanosensor və nanoötürücülərin istehsalında, elektronika və yaddaş qurğularında istifadə
olunacaq;
- Üçüncü
mərhələdə isə
nanotexnologiyalardan ön
planda səhiyyə olmaqla istehsal sahələrində geniş
istifadə olunacaqdır.
Hərbi ekspertlərin
fikrincə, nanotexnologiya
müasir hərbi əməliyyatların xarakterini
də dəyişdirəcəkdir. Bu özünü silahlanmada, rabitədə,
hərbçilərin müdafiə
keyfiyyətli geyimində,
hərbi tibb sahəsində və s. biruzə verəcəkdir.
Xaricdə nanotexnologiya
sahəsində tədqiqatlar
2004-cü ildə 2003-cü illə müqayisədə
2 dəfə çox
maliyyələşdirmiş və 10 milyard dollar olmuşdur.
2004-cü ildən nanotexnologiya üzrə Milli Proqramlar dünyanın 60 ölkəsində
həyata keçirilməyə
başlanmışdır.
Dünyada nanotexnologiya
üzrə alınan patentlərin sayı və kapital qoyuluşlarının miqdarı
ekspertlərin rəyincə,
eksponensial qanunla artır.
2000-ci ildən
başlayaraq ABŞ-da
nanotexnologiyanın inkişafını
reallaşdıran “Milli
Nanotexnologiya Təşəbbüsü”
Dövlət Proqramı
həyata keçirilir
və ona xərclənən maliyyə
xərcləri ilbəil
artır.
Azərbaycan Respublikasında
çalışan alimlərin
nanotexnologiya sahəsində
apardığı elmi-tədqiqat
işləri elmi səviyyəsinə görə
aparıcı ölkələrin
işlərinə yaxındır. Respublikamızda bu işlər
yüksək nəzəri
və təchizatı
zəif eksperimental bazaya söykəndiyi üçün yaxın zamanlarda bu istiqamətdə
dövlət səviyyəsində
köklü dəyişiliklər
baş verməsə,
həmin tədqiqatlar
yüksək texnologiyaya
və diaqnostik tədqiqatlar sisteminə söykənməsə, ölkəmizdə
həm tədqiqat işlərinin, həm də nanosənayenin inkişafı dünya səviyyəsindən çox
geridə qalacaqdır.
Hazırda Azərbaycanda
nanotexnologiya sahəsində
aparılan elmi işlər dövlət büdcəsindən maliyyələşədirilən
və zəif təchizatlı laboratoriyalarda,
elmi-tədqiqat institutlarında
və universitetlərdə
həyata keçirilir.
Bütün inkişaf
etmiş ölkələrdə
nanotexnologiyanın inkişafı
ilə əlaqədar
Dövlət Proqramları
qəbul olunmuş və uğurla həyata keçirilir. Ona görə Azərbaycan
Respublikasında da bu istiqamətdə müəyyən elmi-tədqiqat
işləri ilə bərabər, maariflənmə
və kadr hazırlığı işləri
də həyata keçirilməlidir.
Avropa Birliyi ölkələri nanotexnologiya
sahəsində elmi-tədqiqat
işləri aparmaq üçün büdcədən
4,865 milyard avro ayırmışlar. Bu isə
onların elmə ayırdığı büdcənin
təqribən 9-10 faizini
təşkil edir.
Analoji rəqəmləri ABŞ, Rusiya
və Yaponiyanın dövlət büdcələrindən
də misal gətirmək olar. Azərbaycanda isə bu sahəyə demək olar ki, çox
cüzi pul vəsaiti xərclənir.
Azərbaycan Respublikasında hazırda nanotexnologiya sahəsi ilə məşğul olanların
elmi potensialının
aşağı və
sayının az olduğunu nəzərə alıb, bu istiqamətdə kadr hazırlanması işini təşkil etmək lazımdır. Yaxın gələcəkdə nanotexnologiya
məhsullarının Azərbaycana
daxil olması proqnozlaşdırılır və
bu faktın özü həmin istiqamətdə maarifləndirmə
prosesinə başlamağı
zəruri etmişdir.
BDU-nun rektoru, akademik Abel Məhərrəmovun
təşəbbusu ilə
ölkəmizdə yalnız
Bakı Dövlət Universitetində nanotexnologiya
üzrə kadr hazırlanmasına başlanmışdır.
BDU-da nanotexnologiya sahəsində elmi tədqiqat işlərini inkişaf etdirmək məqsədilə kimya, fizika, biologiya, tətbiqi riyaziyyat və kibernetika fakültələrinin bazasında
“Nano araşdırmalar
mərkəzi” açılmış
və hazırda nanotexnologiyalar istiqamətində
tədqiqat işləri
aparılır. BDU-nun alimlərinin nanotexnologiyalar
və nanomateriallar sahəsində apardığı
elmi-tədqiqat işləri
dünyanın bir sıra aparıcı jurnallarında dərc olunur. Onlar bu mövzuda
keçirilən beynəlxalq
konfranslarda və simpoziumlarda maraqlı və sanballı məruzələrlə çıxış
edirlər.
2007-ci ildə
akademik Abel Məhərrəmovun
rəhbərliyi altında
BDU alimləri tərəfindən
təşəbbüs qrupu
yaradıldı və
Azərbaycan Respublikasında
2015-ci ilə qədər
nanotexnologiyanın inkişaf
proqramının layihəsi
hazırlanaraq Nazirlər
Kabinetinə göndərildi. Ayrı-ayrı nazirliklər və
komitələr tərəfindən
layihənin yüksək
qiymətləndirilməsinə baxmayaraq onun qəbulu hələ də yubadılır.
Azərbaycan xalqının kifayət
qədər böyük
intellektual potensialı
var və ümidvar olmaq istərdik ki, yaxın gələcəkdə
elmin bu aktual sahəsinə dövlət səviyyəsində
diqqət artırılacaqdır.
Məhəmmədəli RAMAZANOV
Xalq qəzeti.-2009.-29 avqust.-S. 5.