Axtarışlar, tapıntılar

 

Arxeoloqların uğurları

 

Müsahibimiz AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimovadır

 

— Maisə xanım, son vaxtlar Azərbaycan arxeoloqlarının əldə etdiyi yeni-yeni tapıntılar barədə xəbərləri tez-tez eşidirik. Bu nə ilə əlaqədardır? Arxeoloqlar fəallaşıb, yoxsa?!.

— Düzünü bilmək istəyirsinizsə, bütövlükdə Azərbaycan cəmiyyəti fəallaşıb. Tariximizə, keçmiş nəsillərin yadigarı olan abidələrə maraq artıb. Onların tədqiqinə, mühafizəsinə və təbliğinə olan dövlət qayğısı artıb. Keçən il ölkə Prezidentinin xüsusi sərəncamı ilə arxeoloji abidələrin tədqiqi üçün 1 milyon manat vəsait ayrıldı. Dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin miqdarı da ilbəil artırılmaqdadır. Bu isə təbiidir ki, aparılan arxeoloji tədqiqatların miqyasını və müddətini artırmaq baxımından çox önəmlidir. Təsəvvür edin, bu il institutumuz tərəfindən respublikanın ayrı-ayrı bölgələrinə 40-a yaxın arxeoloji ekspedisiya ezam edilmişdir. İlin sonunadək daha bir neçə ekspedisiyanın da çöl-tədqiqat işlərinə qatılacağı gözlənilir. Onu da bildirim ki, Qəbələ, Şəmkir, Göytəpə, Xaraba-Gilan, Mil-Qarabağ ekspedisiyalarının da hər biri ayrı-ayrı sahələrdə müstəqil tədqiqat aparan iki-üç dəstədən ibarətdir. Müqayisə üçün bildirim ki, arxeoloji tədqiqatların geniş miqyas aldığı sovet dönəmində Azərbaycanda ən çoxu 14-15 ekspedisiya işləyirdi. 80-ci illərin sonu — 90-cı illərin əvvəllərində isə arxeoloji tədqiqatlar demək olart ki, tam dayanmışdı. Etiraf edim ki, son vaxtlar arxeoloji tədqiqatların miqyasının artması ilə yanaşı, kütləvi informasiya vasitələri tərəfindən arxeoloji abidələrin təbliğinə marağın da artdığı hiss olunur. Mətbuat orqanları da, radio və televiziyalar da bu mövzuya kifayət qədər geniş yer ayırırlar.

— Çöl-tədqiqat işləri planlaşdırılarkən daha çox hansı abidələrin öyrənilməsinə önəm verirsiniz?

— Ekspedisiyalar bir qayda olaraq institutun elmi-tədqiqat işlərinə dair baş planı əsasında təşkil olunur. Həmin planda isə bütün dövrlərə və bütün bölgələrə aid abidələrin öyrənilməsi öz əksini tapıb. Bunun nəticəsidir ki, indi fəaliyyətdə olan ekspedisiyalar Azərbaycanın demək olar ki, bütün regionlarını və tariximizin bütün dövrlərini əhatə edən abidələrin tədqiqi ilə məşğuldurlar. Beləliklə, paleolit, neolit, eneolit, tünc və dəmir dövrü, habelə antik və orta əsr abidələrində eyni vaxtda genişmiqyaslı arxeoloji qazıntılar aparılmaqdadır. Bunlardan əlavə tikinti, abadlıq, quruculuq və təsərrüfat işləri, habelə təbii hadisələr nəticəsində üzə çıxan və dağılmaq təhlükəsi olan abidələri öyrənmək məqsədilə də xüsusi ekspedisiyalar təşkil olunur. Məsələn, bu yaxınlarda “Akkord” şirkətlər qrupundan daxil olan sifariş əsasında şimal istiqamətində çəkilməkdə olan şosse yolunun keçdiyi ərazilərdəki abidələri öyrənmək məqsədi ilə xüsusi ekspedisiya yaradıldı. Arxeoloq Əsgər Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən ekspedisiyanın apardığı müşahidə və yoxlama qazıntıları zamanı şosse yolunun Siyəzən və Dəvəçi rayonları ərazisindən keçən hissələrində antik dövrə və orta əsrlərə aid bir neçə abidə aşkara çıxarılaraq tədqiq olunmuşdur.

— İstərdim ilkin elmi nəticələr barədə oxuculara məlumat verəsiniz. Məsələn, poleolit ekspedisiyası bu il harada işləyir və ilkin elmi nəticələr necədir?

— Əvvəlcə, onu deyim ki, bir qayda olaraq hər il çöl-tədqiqat işlərinin yekunları müvafiq şöbələrdə nəzərdən keçirilərək ətraflı təhlil olunur, institutun elmi şurasında və Akademiyanın rəyasət heyətində xüsusi nailiyyətləri olan ekspedisiyaların hesabatları dinlənilir və nəhayət, elmi-praktiki konfrrans keçirərək nəticələri işgüzar şəraitdə müzakirə edirik. O ki qaldı bu ilki nəticələrə, doğrusu, uğurlar və nailiyyətlər həqiqətən çoxdur. Baxmayaraq ki, ekspedisiyaların əksəriyyəti çöl-tədqiqat mövsümünü hələlik başa vurmayıb. Elə poleolit ekspedisiyaları da hələ ki, çöl şəraitində axtarışları davam etdirir. Azad Zeynalovun rəhbərlik etdiyi poleolit ekspedisiyası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda, Mənsur Mənsurovun rəhbərlik etdiyi ekspedisiya isə Azərbaycanın qərb bölgəsində tədqiqatlar aparır. Artıq Ağstafa və Qazax rayonları ərazisində alt poleolit, üst poleolit və nustye dövrünə aid bir neçə yeni düşərgə aşkar edilib.

— Eşitdiyimizə görə, bu il neolit və eneolit dövrü abidələrində aparılan qazıntılar zamanı xüsusilə sevindirici nəticələr əldə olunub.

— Həqiqətən belədir. Bəzi ekspedisiyaların nəticələrini hətta sensasiya kimi də dəyərləndirmək olar. Məsələn, gənc arxeoloq Fərhad Quliyevin rəhbərliyi ilə Tovuz rayonunun Aşağı Quşçu kəndi yaxınlığında neolit dövrünə aid edilən Göytəpə abidəsində aparılan tədqiqatlar zamanı çox maraqlı tapıntılar əldə olunmuşdur. Belə ki, 200 kvadratmetr ərazidə 3 metr qalınlığında neolit dövrünə aid mədəni təbəqə təmizlənərkən orada dairəvi planlı memarlıq üslubuna, həm də bir-birinə sıx bağlı olan bina qalıqları aşkar olunmuşdur. Çiy kərpicdən höpülmüş binalar həyət və ocaq yerlərindən ibarətdir. Hələlik bu cür 15 tikili aşkar olunmuşdur. Qazıntılar zamanı çoxlu sayda obsidian və daşlardan ibarət əmək alətləri, keramika nümunələri tapılmışdır. Göytəpə neolit yaşayış yerindən aşkar olunan unikal materiallar arasında heyvan sümüyündən hazırlanmış müxtəlif tipli balta və çəkiclər mühüm elmi əhəmiyyət kəsb edir.

Ağstafa rayonunun ərazisində e.ə.VII minilliyin ikinci yarısı — VI minilliyin əvvəllərinə aid Həsənsu yaşayış yerində arxeoloq Nəcəf Müseyiblinin rəhbərliyi ilə aparılan qazıntılar zamanı da bölgənin neolit dövrü insanlarının təsərrüfatını, məişətini əks etdirən çoxsaylı maddi mədəniyyət qalıqları əldə edilmişdir. Bunlar ilk növbədə, erkən əkinçilik mədəniyyətini əks etdirən zəngin daş məmulatıdır. Obsidiandan (xalq arasında dəvəgözü daşı adlandırılan vulkanik şüşə) hazırlanmış yüzlərlə kəsici alət — lövhəşəkilli bıçaqlar, qaşovlar, oraq dişləri və s. aşkar edilmişdir. Axtarışlar zamanı taxılın üyüdülməsi üçün istifadə olunan dən daşları, sürtgəclər və döyün alətləri, sümükdən hazırlanmış onlarla biz və sancaqlar tapılmışdır.

Həsənsu abidəsindəki qazıntılara qədər Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda ən qədim əkinçilik mədəniyyəti hələ keçən əsrin 60-cı illərində Ağstafa rayonu ərazisində öyrənilmiş Şomutəpə və onunla eyni qəbildən olan abidələri özündə birləşdirən Şomutəpə arxeoloji mədəniyyəti hesab edilirdi. Keramika ilə müşayət edilən bu abidələrin memarlığı dairəvi planlı tikililərdən ibarətdir.

Həsənsu yaşayış yerində mədəni təbəqənin üst qatı Şomutəpə mədəniyyətinə aid olub keramika ilə müşayət olunur və bu qatdakı bütün tikililər Şomutəpədə olduğu kimi dairəvi planlıdır.

Həsənsu abidəsindəki qazıntıların mühüm nəticəsi ondan ibarətdir ki, burada alt qatda keramika məmulatı aşkar edilməmişdir və buradakı tikililər düzbucaqlı plana malikdir. Bununla yanaşı, alt qatda erkən əkinçilik məmulatları ilə birgə daha qədim dövrlərin — mezolit və erkən neolit dövrlərinin daş məmulatının xüsusiyyətlərini özündə saxlamış əmək alətləri aşkar edilmişdir.

Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycanda, o cümlədən Cənubi Qafqazda bu günədək elmə məlum olmayan, erkən əkinçiliyə aid keramikayaqədərki neolit mədəniyyəti mövcud olmuş və keramika mərhələsinə aid Şomutəpə mədəniyyəti məhz bu mədəniyyətin bazasında meydana çıxmışdır.

Tarix elmləri doktoru Tufan Axundovun rəhbərlik etdiyi Muğan neolit-eneolit ekspedisiyasının nəticələri də uğurlu olmuşdur. Cəlilabad rayonu ərazisindəki Polutəpə və Alxantəpə abidələrində tədqiqatlar davam etdirilərkən orada e.ə. V minilliyin sonu — IV minilliyə aid tikinti qalıqları və rəngarəng çeşidli maddi mədəniyyət nümunələri tapılmışdır. Hansı ki, bu tapıntılar 6-7 min il bundan öncə ərazidə baş vermiş təbii-iqlim və etno-mədəni prosesləri öyrənmək baxımından çox əhəmiyyətlidir.

Eneolit abidələrinin tədqiqi sahəsindəki uğurlardan bəhs edərkən Mil-Qarabağ ekspedisiyası tərəfindən Ağcabədi rayonundakı Kamiltəpə abidəsində aparılan qazıntıları xüsusi olaraq qeyd etmək istərdim. Xatırladım ki, orada V minilliyin ortalarına aid aşkar edilmiş mürəkkəb quruluşa malik çiy kərpic düzümü və platforma, boya naxışlı keramika nümunələri, daş və sümükdən əmək alətləri, gildən sapand daşları elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.

Neolit dövrünə aid daha bir abidə Ağdam rayonu ərazisində öyrənilmişdir. Professor Hidayət Cəfərovun rəhbərlik etdiyi Qarabağ arxeoloji ekspedisiyası Eyvazlı kəndi yaxınlığındakı “Əhəd təpəsi”ndə yoxlama qazıntıları apararkən eneolit dövrünə aid möhrdən tikilmiş dairəvi planlı binanın qalıqlarını və “samanlı keramika” nümunələri aşkar etmişdir. Qarabağ ekspedisiyasının Ağdam ərazisindəki Palıdlı nekropolunda apardığı axtarışlar zamanı isə e.ə. XII-XI əsrlərə aid maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Xatırladaq ki, bu, Qarabağ ərazisində son tunc və ilk dəmir dövrünə aid aşkar edilən ilk torpaq qəbir abidəsidir. Maraqlıdır ki, Palıdlı nekropolunda dəfn olunan insanlar sosial keyfiyyətləri baxımından fərqli durumda olmaları ilə diqqəti cəlb edirlər.

Son tunc — ilk dəmir dövrünə aid daha bir maraqlı abidə arxeoloq Şamil Nəcəfov tərəfindən Qazax rayonu ərazisində öyrənilmişdir. Bu, Sarvantəpə abidəsidir. Ərazisi 1,5 hektara yaxın olan yaşayış yerində qazıntı aparılarkən orada 1 metrə yaxın qalınlığı olan mədəni təbəqə qeydə alınmışdır. Axtarışlar davam etdirilərkən orada tikinti qalıqları, dulus kirəsi, ocaq yerləri və iri həcmli təsərrüfat küpləri aşkar edilmişdir.

— Bildiyiniz kimi, Azərbaycanın bütün bölgələri müxtəlif dövrlərə aid arxeoloji abidələrlə olduqca zəngindir. Bu mənada qədim Naxçıvan diyarının arxeoloji abidələri barədə yəqin ki, xüsusi təqdimata ehtiyac var.

— Mübaliğəsiz deməliyəm ki, Naxçıvan torpağının hər qarışı bir tarixdir. Ötən onilliklər ərzində Naxçıvan ərazisinin arxeoloji cəhətdən öyrənilməsi istiqamətində çox sanballı işlər görülmüşdür. Müsbət haldır ki, Naxçıvan abidələri bu gün də intensiv surətdə öyrənilməkdədir. Hazırda orada AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarından ibarət 8 ekspedisiya işləyir. AMEA-nın müxbir üzvü V.Əliyevin, professor Q.İsmayılzadənirn, t.e.d. A.Seyidovun, təcrübəli arxeoloqlar S.Aşurovun, B.İbrahimlinin, Q.Ağayevin, Ə.Bədəlovun və qeyrilərinin rəhbərlik etdiyi bu ekspedisiyalar Babək, Ordubad, Şərur, Kəngərli rayonları ərazisindəki abidələrdə tədqiqat aparır. Nəzərə alaq ki, Naxçıvan Elm Mərkəzinin alimləri tərəfindən də genişmiqyaslı arxeoloji tədqiqatlar aparılmaqdadır.

— Azərbaycan şəhərlərinin tarixinin öyrənilməsi həmişə arxeoloqların diqqət mərkəzində olub. Həmin ekspedisiyaların işi barədə də istərdim ki, məlumat verəsiniz.

— Bu gün Qəbələ, Gəncə, Bərdə, Şamaxı, Şəmkir, Torpaqqala (Qax) və Qalatəpədə geniş tərkibdən ibarət ekspedisiyalar işləyir. Onlardan bəziləri artıq çöl-tədqiqat işlərini yekunlaşdıraraq Bakıya qayıdıb. Nəticələr də ürəkaçandır. Məsələn, AMEA-nın müxbir üzvü İ.Babayevin rəhbərliyi ilə Qəbələdə antik şəhər yerində aparılan tədqiqatlar nəticəsində hələlik Qafqazda və Yaxın Şərqdə analoqu olmayan tikinti qalıqları və 90-a qədər iri təsərrüfat küpündən ibarət nəhəng anbar aşkar edilmişdir. Tarix elmləri doktoru Qafar Cəbiyevin rəhbərliyi ilə Qəbələ şəhərinin Qala hissəsində və ona yaxın ərazilərdə aparılan tədqiqatlar zamanı xüsusilə maraqlı tapıntılar aşkara çıxarılmışdır. Sutka ərzində 350-370 kubmetr su ötürmək gücündə olan baş su xətti, şəhərin Qala hissəsinin içməli su ilə təchizatına xidmət edən tunel-kəmər, Qəbələnin şimal darvazası önündə körpü qalıqları bu qəbildən olan tapıntılardandır. Qəbələ şəhərinin Qala hissəsində ilk dəfə olaraq antik dövrə aid tikinti qalıqları və tikinti materialları tapılması da ekspedisiyanın bu ilki nailiyyətlərindəndir. Bunlardan əlavə Qəbələ ərazisində ilk dəfə olaraq XII-XIII əsrlərə aid bir-birinin yaxınlığında olan iki hamam aşkar edilmişdir. Onlardan birinin döşəməsinə ölçüləri 39x38x4 sm olan plitə-metlaxlar düzülmüşdür. Hansı ki, Azərbaycan ərazisində bu biçimdə inşaat keramikasına ilk dəfədir ki, təsadüf olunur. Qazıntılar zamanı, həmçinin yerli ustalar tərəfindən istehsal olunmuş çox nəfis sənətkarlıq nümunələri aşkar edilmişdir. Kemamika nümunələrinin bir qisminin üzərində ərəb əlifbası ilə yazı nümunələrinin olması da diqqəti cəlb edir. Bütün bunlar Qəbələ sakinlərinin, o cümlədən ən ağır peşə sahibi olan dulusçu-ustaların belə mükəmməl yazı mədəniyyətinə malik olduğundan, şəhərin sanitariya-abadlıq məsələlərinin isə kifayət qədər sivil formada həll olduğundan xəbər verir.

Gəncə, Şamaxı, Xaraba Gilan, Bərdə, Qalatəpə və Şəmkir qazıntıları zamanı da maraqlı elmi nəticələr əldə olunmuşdur.

Digər ekspedisiyaların nailiyyətləri barədə də çox danışmaq olar. Məsələn, Abşeron arxeoloji ekspedisiyası (rəisi İdris Əliyev) Türkan ərazisində ilk dəmir dövrünə aid qaya üstü rəsmlər, tikinti qalıqları və içərisində duz saxlanan küplər aşkar edib. Cənub-şərqi Azərbaycan abidələrinin arxeoloji tədqiqi ilə məşğul olan ekspedisiya (rəisi Abuzəl Ələkbərov) Cəlilabad və Masallı rayonları ərazisində müxtəlif tarixi dövrlərə aid bir sıra yeni abidələr qeydə almış, onların bəzilərində isə ilkin kəşfiyyat işləri aparmışdır. Ağsu, İmişli, Quba, Xaçmaz və Goranboy rayonları ərazisində fəaliyyət göstərən ekspedisiyalar əvvəlki illərdə başlamış olduqları tədqiqatları davam etdirməklə yanaşı, bir sıra yeni abidələr də aşkarlayaraq qeydiyyata almışlar. Beləliklə də Azərbaycanın arxeoloji xəritəsi bu il tapılan onlarla yeni abidələr hesabına daha da zənginləşmişdir.

— Bildiyimizə görə, bu gün Azərbaycan ərazisindəki bir çox abidələr xarici ölkə alimlərinin də maraq dairəsindədir. Amerikalıların, almanların, fransızların, yaponların, koreyalıların Azərbaycan alimləri ilə birlikdə elmi tədqiqatlarda iştirakı buna sübutdur. Bu barədə nə deyə bilərsiniz?

— Bu il Azərbaycanda fəaliyyət göstərən beynəlxalq arxeoloji ekspedisiyaların sayı 5-ə çatdı. Amerikalılar Naxçıvanda, almanlar Ağcabədi və Şəmkirdə, fransızlar və yaponlar Tovuzda, koreyalılar isə Qəbələdə tədqiqat aparırlar. Bu, hər şeydən öncə Azərbaycandakı sabitliklə bağlıdır. Yəni, ölkədə sabitlik olmasa, heç kəs, o cümlədən heç bir arxeoloq burada işləməz.

Əcnəbilərin Azərbaycan abidələrinin öyrənilməsinə maraq göstərmələrinin bir səbəbi də buradakı abidələrin ümumdünya tarixinin araşdırılması baxımından xüsusi əhəmiyyət kəsb etməsi ilə bağlıdır. Birgə tədqiqatlar qarşılıqlı təcrübə mübadiləsi, xalqlar və dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin qurulması və getdikcə daha da möhkəmlənməsi baxımından da əhəmiyyətlidir.

— Maisə xanım, son olaraq, bu ilki arxeoloji tədqiqatlar Azərbaycan tarix elminə nə verdi?

— Məlum olduğu kimi, qədim tariximizə dair yazılı nümunələr olduqca azdır. Olan yazılı məlumatların da xeyli hissəsi ziddiyyətlidir. Odur ki, qədim və orta əsrlər tarixini arxeologiyasız öyrənmək qeyri-mümkündür. Bu mənada tapılan hər bir abidə və hər bir maddi-mədəniyyət nümunəsi yazısız tariximizin yeni-yeni səhifələrinin yazılması üçün ilk mənbədir. Özü də yazılı mənbələrdən fərqli olaraq bu mənbələrdə heç bir ziddiyyət və dolaşıqlıq yoxdur. Sadəcə, həmin abidə və materialları axtarıb tapmaq, düzgün və hərtərəfli tədqiq etmək gərəkdir.

 

 

Q.CƏFƏROĞLU

 

Xalq qəzeti.-2009.-29 avqust.-  S. 6.