Türk ordusunun
Zəfər günü
münasibətilə
Ulu öndər Heydər Əliyevin “bir millət-iki dövlət” adlandırdığı Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin inkişafına yaradıcı ziyalılarımız da öz töhfələrini verirlər. Respublikanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, görkəmli bəstəkar Tofiq Bakıxanov bu sahədə daha çox yaradıcılıq nümunələri ərsəyə gətirmiş sənətkarlarımızdandır.
Türk folklorunu və qardaş xalqın musiqi ənənələrini dərindən öyrənən bəstəkar 1967-ci ildən bəri türk musiqisi və Türkiyə mədəniyyəti mövzusunda onlarla əsər yazmışdır. Musiqi yaradıcılığının müxtəlif janrlarında qələmə alınan bu əsərlər Türkiyədə və Şimali Kipr Türk Cümhuriyyətində keçirilən çoxsaylı festivallarda səsləndirilmiş, ən məşhur sənətkarlar tərəfindən ifa edilmişdir. Bəstəkarın son əsəri Türkiyə mövzusunda olsa da, burada əsas məsələ qardaş xalqın folkloru və ya musiqi ənənələri deyil, tamamilə başqa mövzudadır.
Məlumdur ki, hər il avqustun 30-da Türkiyədə türk ordusunun Zəfər günü qeyd edilir. Tofiq Bakıxanovun bu günlərdə musiqisevərlərə təqdim etdiyi “Dünya durduqca yaşa” marşı da məhz “Zəfər günü”nün müəllifi, böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkə həsr olunmuşdur. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin əməkdaşı Nizami Zöhrabinin sözlərinə yazılmış bu marşı oxucularımıza təqdim edirik.
“Dünya durduqca yaşa”
Türk Cümhuriyyətinin
qurucusu Mustafa Kamal Paşaya ithaf olunur
Sən Haqdan törəmisən,
Türkə Haqq kərəmisən.
Vermədin ömrü boşa,
Mustafa Kamal Paşa.
Nəqarət
Qurduğun Cumhuriyyət
Simgəsidir Türklüyün!
Türklüyünə dayanan
Qüdrətin, böyüklüyün!
Dar gündə zaman-zaman,
Xalqınla oldun haman
Əl-ələ, həm baş-başa,
Mustafa Kamal Paşa.
Nəqarət
Hər yerdə hörmət ilə,
Qurduğun dövlət ilə,
Çəkilir adın qoşu,
Mustafa Kamal Paşa.
Nəqarət
Keçsə də min il yenə
Deyəcək hər Türk sənə:
Durduqca dünya yaşa,
Mustafa Kamal Paşa.
Musiqisi — Tofiq Bakıxanovun
Sözləri — Nizami Zöhrabinindir
İttifaq Mirzəbəyli
Xalq qəzeti.-2009.-29 avqust.- S. 8.