31 avqust Qubadlının işğalı günüdür

 

16 il Vətən həsrəti ilə yaşayan qubadlılar sosial qayğı ilə əhatə olunublar

 

Onlar yaxşı bilirlər ki, Prezident İlham Əliyevin siyasəti tezliklə bu həsrətə son qoyacaq

 

Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, zəbt olunmuş bütün torpaqlar işğalçılardan azad edilməlidir.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Uca dağları, şiş qayaları, sərin bulaqları, gözəl meşələri, gur çayları, münbit torpağı olan Zəngəzur mahalının qədim yaşayış məskəni Qubadlı 1993-cü il avqustun 31-də işğal olundu. 1988-ci ildən bu torpaq uğrunda qəhrəmancasına vuruşan, yüzlərlə şəhid verən Qubadlının 30 mindən çox əhalisi məcburi köçkün həyatı yaşamağa məhkum edildi.

Ermənistanın iki rayonu ilə (Qafan və Gorus) həmsərhəd olan bu rayonun əhalisinin uzun illər alın təri və zəhmətlə topladıqları var-dövlət, yaratdıqları imarətlər, yollar, körpülər, bir sözlə, hər şey ermənilər tərəfindən dağıdıldı, talan olundu. Əldə olunan videogörüntülər bir daha təsdiq edir ki, işğalçılar o torpaqda daşı-daş üstdə qoymayıblar. Evləri söküb, son daşına qədər aparıbar. Qubadlı, həqiqətən, viran edilmişdir.

Amma qubadlılar elə bu elin quruca torpağına qayıtmağa belə razıdırlar. Onlar mətin iradəli, məğrur, əyilməz insanlardır. Və elə günü bü gün Ali baş komandan səfərbərlik elan etsə, ön cərgədə qubadlıların dayanacağına heç bir şübhə yoxdur. Qubadlılar müharibənin dəhşətli illərində düşmənə baş əymədilər. Bu gün bu rayondan 12 Milli Qəhrəman var. Qubadlı rayonu bu döyüşlərdə yüzlərlə şəhid vermişdir. Onların ruhu qarşısında baş əyirik!

Qeyd etdiyimiz kimi, Qubadlı rayonunun 32 min əhalisi artıq 16 ildir ki, öz yurd-yuvalarından qovulmuş, respublikamızın 42 şəhər və rayonunda məskunlaşmışlar. Rayonun icra hakimiyyəti Sumqayıt şəhərində yerləşir. Bu insanlarla vaxtaşırı əlaqə saxlamaq onların problemlərini vaxtında həll etmək kimi çətin bir missiya məhz rayon icra hakimiyyətinin üzərinə düşmüşdür.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov deyir: “Bizim üçün rayon əhalisinin sosial problemlərinin həlli, mövcud strukturlarının qorunub saxlanılması başlıca vəzifədir. Ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin məcburi köçkünlərə xüsusi qayğısı problemlərimizin həllində bizə yaxından köməklik göstərir.

2004-cü ildə cənab Prezident İlham Əliyevin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluqlarının artırılması ilə bağlı Dövlət Proqramının qəbul edilməsi haqqında sərəncamı olmuşdur. Bu proqram demək olar ki, uğurla yerinə yetirilmiş və Qubadlı məcburi köçkünləri də bu proqramdan xeyli faydalanmışlar”.

Malik müəllim qeyd etdi ki, 2007-ci ildə həmin proqrama əlavələrin edilməsi ilə bağlı hörmətli Prezidentimizin yeni sərəncamında Qubadlı 1 saylı orta məktəbinin 125 illiyinin keçirilməsi haqqındaı xüsusi bənd verilmişdi və biz bu tədbiri böyük təntənə ilə Sumqayıt şəhərində keçirdik. Nəticə bu oldu ki, vaqonlarda yerləşən həmin məktəb üçün Təhsil Nazirliyi gözəl bina tikdi. İndi rayonun məktəbliləri çox yaraşıqlı, müasir tipli bir məktəbdə təhsil alırlar.

İcra başçısı bir məsələyə də münasibətini bildirdi. Qeyd etdi ki, Qubadlı əhalisinin böyük hissəsinin məskunlaşdığı Sumqayıt Şəhər İcra Hakimiyyəti, “Azərkimya” Dövlət Şirkəti, şəhərin digər strukturları burada məskunlaşmış əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yaxından kömək edirlər.

Ötən il “Azərkimya” Dövlət Şirkəti məcburi köçkünlərin məskunlaşdığı 15 binanın həyətində abadlıq işləri aparmış, istirahət guşələri yaratmış, 16 yerdə binaların dam örtüyünü dəyişdirmiş, 12 yerdə kanalizasiya və su xətlərini təmir etmiş, dörd məktəbin ümumi və cari təmirini, 3 seçki məntəqəsinin təmirini, 2 binanın qazlaşdırılmasını həyata keçirmişdir.

Bu il də “Azərkimya” Dövlət Şirkətinin köməkliyi ilə 6,9 min kvadratmetr sahəyə asfalt örtüyü döşənmişdir. Köçkünlərin yaşaığı ərazilərdə 35 ədəd istirahət oturacağı və 2 ədəd istirahət guşəsi düzəldilmişdir.

Malik müəllim Qubadlı əhalisinini sosial vəziyyətinin yaxşılaşdırılmasında Qaçqınkomun göstərdiyi qayğını da xüsusi olaraq qeyd etdi.

Hər il rayon icra hakimiyyətində olur, əhalinin vəziyyətindən xəbər tuturam. Bu il də rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverdi Haqverdiyevlə köçkünlərin Sumqayıtda məskunlaşdığı yerlərdə, məktəblərdə olduq. Məlum oldu ki, əvvəlki illərlə müqayisədə əhalinin sosial durumu xeyli yaxşılaşmışdır. Bir fakt maraqlı idi ki, rayon işğal olunandan sonra Qubadlı məcburi köçkünləri üçün 14 müasir tipli yeni məktəb tikilmişdir. Hazırda rayonun təhsil sistemində 31 orta məktəb, iki əsas və bir ibtidai məktəb fəaliyyət göstərir. 2008-2009-cu illərdə Qubadlı 1 saylı , Saray kənd, Xanlıq 1 saylı kənd, Hal kənd, Mahmudlu kənd məktəbləri, Mahmudlu musiqi məktəbi tikilib istifadəyə verilmişdir. Onların hər biri müasir avadanlıqlarla təchiz olunmuşdur. Bu il də məktəblərin bir neçəsində təmir işləri aparılır.

Bu yaxınlarda Qubadlı Rayon İcra Hakimiyyətində 2009-cu ilin 6 ayı ərzində görülmuş işlərin yekununa həsr olunmuş konfrans keçirilmişdir. Konfransda çıxış edən icra başçısı Malik İsaqov bildirmişdir ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi fəaliyyətimizin başlıca istiqamətini təşkil etmişdir. Qeyd olunmuşdur ki, məcburi köçkünlərin mənzil-kommunal problemləri rayon icra hakimiyyətinin daimi diqqət mərkəzindədir. Bu problemlərin həlli ilə bağlı müntəzəm iş aparılır.

2009-cu ilin yanvar-iyun ayları ərzində məcburi köçkünlərin kommunal-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Sumqayıt şəhəri 11-ci mikrorayonda 26 saylı binanın dam örtüyünün, giriş qapılarının, kanalizasiya xətlərinin və sanitar qovşağının təmiri başa çatdırılmışdır. 15-ci məhəllədəki 5 saylı, 41-ci məhəllədəki 14 və 15 saylı yataqxanalarda pilləkən qəfəslərinə qapılar qoyulmaqla əsaslı təmir işləri aparılmışdır. Dəhlizlər, mətbəxlər, sanitar qovşaqları təmir olunmuş, kanalizasiya xətləri yeniləşdirilmiş, dam örtüyündə zəruri bərpa işləri aparılmışdır.

“Kimyaçılar” qəsəbəsindəki 2 saylı yataqxananın təmir işləri tam başa çatdırılmışdır. Binəqədi rayonundakı B. Sərdarov adına zavodun 1 saylı yataqxanasında son tamamlama işləri aparılır. 15-ci məhəllədəki 16 saylı yataqxanada təmir işləri operativ qaydada həyata keçirilmişdir. Bunlarla bərabər, Sumqayıt şəhəri 42-ci məhəllədə 86 məcburi köçkün ailəsinin yaşadığı 4 saylı Peşə Liseyinin, “İnşaatçılar” qəsəbəsində 14 məcburi köçkün ailəsinin məskunlaşdığı Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin inzibati binasının, 18-ci mikrorayonda 7 məcburi köçkün ailəsinin məskunlaşdığı 63 saylı uşaq bağçasının dam örtükləri əsaslı təmir edilmişdir. “Kimyaçılar” qəsəbəsində yaşayan 1 şəhid ailəsinin mənzilinin döşəməsi təzələnmişdir.

28 May Mədəniyyət evinin birinci mərtəbəsində yerləşən Mahmudlu kənd uşaq musiqi məktəbi yenidən qurularaq istifadəyə verilmişdir.

Xanlıq kənd 2 saylı orta məktəbinin əsaslı təmiri üçün 21 may 2009-cu il tarixdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Bununla bərabər üç orta məktəbin tikintisi, altı orta məktəbin əsaslı təmiri, 23-dən çox ailənin yaşadığı yeddi məskunlaşma yerinin dam örtüklərinin təmiri və əsaslı təmiri ilə əlaqədar icmalar yaradılaraq layihələr hazırlanmış və Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna təqdim edilmişdir.

Sumqayıt “Su-kanal” TSC-nin nəzdində olan Oubadlı işçi qrupunun köməkliyi ilə köçkünlərin yaşadığı dörd binanın su basmış zirzəmisi qurudulmuşdur. 22 yaşayış yerində baş vermiş kommunal problemlər operativ qaydada aradan qaldırılmışdır.

Bununla yanaşı, sosial-iqtisadi sahədə bir sıra problemlər də vardır. Məsələn, məcburi köçkünlərin vaxtilə yığcam məskunlaşdıqları yataqxana, pansionat və mehmanxanalarda ailə quran gənclərin mənzil problemlərinin həllinə ciddi ehtiyac vardır. Çox vaxt mənzil olmaması üzündən gənclərin ailə qura bilməməsi sosial problemlər yaradır. Yaxud, bu cür problemlər gənc ailələrin dağılmasına, boşanma hallarının artmasına gətirib çıxarır.

Rayon əhalisinin 21,1 min nəfəri əmək qabiliyyətlidir. Son illər ardıcıl görülən tədbirlər nəticəsində iqtisadi fəal əhalinin 10.532 nəfərinin, yaxud 49 faizinin məşğulluğu təmin edilmişdir. Bu, respublika göstəricisindən xeyli yüksək olsa da (respublika üzrə 35 faizə yaxın) rayonda işsizlik problemi yenə də qalmaqdadır.

2000-ci ildən sonra iş yerini özlərindən asılı olmadan itirənlərin sayı 432 nəfər azalsa da, bunların ümumi sayı 1462 nəfər, başqa sözlə, əmək qabiliyyətli iqtisadi fəal əhalinin 7 faizi qədərdir.

Rayonlarda məskunlaşan köçkünlərin Bakı və Sumqayıt şəhərlərinə, Abşeron rayonunun yaşayış məntəqələrinə miqrasiyası müşahidə olunur. Bu meyl əsasən kənd rayonlarında torpaqların yerli əhali tərəfindən özəlləşdirilməsi ilə bağlı köçkünlərin kənd təsərrüfatı ilə məşğul ola bilməməsinin nəticəsidir.

Rayonlarda məskunlaşan 4085 nəfərin 1965 nəfəri, yaxud 48%-i son illərdə Bakı və Sumqayıt şəhərlərinə miqrasiya etmişdir.

Təhlil göstərir ki, rayonun köçkün əhalisinin orta aylıq əməkhaqqı 228 manat təşkil etməklə, respublika göstəricisindən 64 manat aşağıdır. Bu da köçkünlərə humanitar köməklik göstərilməsi zərurətini yaradır.

Qeyd edilmişdir ki, rayon üzrə 31600 nəfər məcburi köçkünün kommunal xərcləri dövlət tərəfindən ödənilir. Hər ilin əvvəlində kommunal xərcləri ödəniləcək ailələrin siyahısı tərtib edilərək müvafiq orqanlara göndərilir. Məcburi köçkünlərin su, işıq, qaz və digər kommunal xərclərlə bağlı problemi yoxdur. Bununla belə, verilmiş imtiyazlardan israfçılıqla istifadə edilməməsi, su, qaz, elektrik enerjisi sərfinə ayrılmış limitin gözlənilməsi üçün əhali ilə müntəzəm iş aparılır.

Sayğacların qoyulması rayonların yerli strukturları tərəfindən aparılır. Bu sahədə problem yarandığı hallarda rayonun müvafiq strukturları işə müdaxilə edir və operativ qaydada həmin problem həll edilir.

Bu dərs ilində istifadəyə verilən daha 2 yeni, əsaslı təmir olunan 3 məktəb, bütövlükdə, təhsil sisteminin maddi bazasının imkanlarını daha da artırmışdır.

Rayonda ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği ilə bağlı ardıcıl iş aparılır. Ümummilli liderin Qubadlı rayonu ilə bağlı fikirləri, görüşləri, fotoşəkilləri və digər tarixi sənədləri toplamaq, maarifləndirmə işində istifadə etmək üçün 19 nəfərdən ibarət tədqiqat qrupu yaradılmışdır.

Rayonda yaz mövsümündə 1163 ədəd ağac əkilmişdir. Payız mövsümündə isə 1006 ağacın əkilməsi nəzərdə tutlmuşdur. Bütün bunlar bir daha təsdiq edir ki, Qubadlı əhalisinə zəruri qayğı göstərilir. Ancaq Qubadlı torpağı bu gün düşmən tapdağı altındadır. O torpaqda babalarımızın qəbirləri uyuyur, tarixi abidələrimiz yerlə-yeksan olunub. Neçə-neçə günbəzlər, körpülər, məscidlər, türbələr işğalçı ermənilər tərəfindən tamamilə məhv edilib.

Dövlət başçımız İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət məcburi köçkünlərdə, o cümlədən qubadlılarda nikbin əhval-ruhiyyə yaradıb. Onlar yaxın illərdə torpaqlarımızın azad olunacağına inanır və səbirsizliklə “Böyük qayıdış”ı gözləyirlər.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-29 avqust.-S. 6.