Sumqayıt: günbəgün gözəlləşən
müasir şəhər
Sumqayıta gələndə sevinirəm ki, şəhər gözəlləşir, abadlaşır, yaxşı xiyabanlar, küçələr salınır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Məlum olduğu kimi, bu il Azərbaycanın ikinci sənaye mərkəzi sayılan Sumqayıtın yaradılmasının 60 illiyi tamam olur. Dövlətimizin başçısı İlham Əliyev bu yubileyin ölkəmizdə geniş qeyd edilməsi haqqında 24 aprel 2009-cu il tarixli sərəncam imzalamışdır. Respublikamızda hər hansı bir şəhərin yubileyinin ölkə miqyasında və ilboyu keçirilməsi barədə belə sərəncam verilməsi nadir hadisədir. Bu, Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında Sumqayıtın xüsusi rol oynadığını bir daha göstərir.
Bu gün Sumqayıt Cənubi Qafqazın sürətlə böyüyən, gözəlləşən ən müasir şəhəridir-desək, yanılmarıq. Vaxtilə SSRİ-nin əsas neft-kimya kompleksinin cəmləşdiyi gənc sənaye şəhəri inkişaf edərək müasir infrastrukturu, qabaqcıl texnologiyaları, mədəni-məişət şəbəkəsi olan coğrafi məkana çevrilib. Sumqayıtın artıq özünəməxsus ekoloji standartları formalaşır. Şəhərdə yaşıllaşdırma işləri müntəzəm aparılır. Son 5-6 ildə Sumqayıtda 100 minə yaxın yeni ağac əkilib. 16 hektardan artıq ərazini əhatə edən 13 yeni park, 10 xiyaban salınıb və yenidən qurulub. Şəhərdə hər adambaşına düşən yaşıllıq sahəsi 26 kvadratmetr təşkil edir ki, bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir. Şairlər əbəs yerə Sumqayıtı “Xəzərin zümrüd boyunbağısı” adlandırmayıblar.
Bu yaxınlarda “Sumqayıt-60:sosial-iqtisadi tərəqqi, inkişaf və perspektivlər” adlı ənənəvi elmi-praktik konfransda səslənmiş bir fikir isə nikbinliyə daha böyük əsas yaradır: “Yaxın vaxtlarda şəhərdə adambaşına düşən yaşıllıq sahəsinin 2 dəfə artırılaraq 50 kvadratmetrə çatdırılması bir vəzifə kimi ekoloji mühitin daha da sağlamlaşdırılmasına xidmət edəcəkdir.”
Sumqayıtın başlıca özəlliyi bu şəhərdə 60 ildən bəri tikinti-quruculuq və abadlaşdırma işlərinin davamlı aparılmasıdır. Məhz bu dinamiklik şəhərin simasının günbəgün dəyişməsini və gözəlləşməsini təmin edir.Şəhərin yubileyi ərəfəsində onun hüsnünə zəhməti ilə sığal çəkən sumqayıtlıların xidmətlərini qiymətləndirməmək olmaz. Həmin adamların hər biri üçün Sumqayıt arzular şəhəri, tale şəhəri olub.Gənc yaşlarından bura ömürlük bağlanıblar. Şəhərlə birlikdə ucalıblar, mənsəbə yetişib hörmət-izzət qazanıblar. Bu insanlar haqlı olaraq Sumqayıtın adı ilə fəxr edir, qürur duyurlar. Onlardan biri də Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismar Birliyinin rəisi Təvəkkül Məmmədovdur. Onun dedikləri:
– Sumqayıtın girəcəyində dalğavari şəkildə üst-üstə qoyulmuş tikinti bloklarının zirvəsində qanad açmış “Qağayı” abidəsi bu gün də tikilən-qurulan şəhərin rəmzi kimi xatırlanır. Sumqayıtın tikintisinə 1938-ci ildə başlanmışdır. O vaxt bir neçə sənaye obyektinin tikintisinə start verilmişdi, həmin komplekslərin ətrafında isə kazarma tipli yataqxanalardan, baraklardan və taxta evlərdən ibarət yaşayış fondu yaradılır, fəhlə qəsəbəsi salınırdı. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar tikinti işlərini aparan “Zaqafqaziya Sənaye Tikinti” təşkilatı müdafiə komitəsinin sərəncamına verildiyindən bu işlərdə fasilə yarandı. Yalnız 1944-cü ildə müharibədə Sovet Ordusunun xeyrinə dönüş yarandıqdan sonra tikinti işlərinin davamına icazə verildi. Lakin həmin illərdə kommunal strukturlar formalaşmadığından şəhərin tikintisi ayrı-ayrı nazirliklərə tapşırıldı ki, bu da ciddi mübahisələrə səbəb olurdu.Belə bir vəziyyətdə şəhər rəhbərliyinin ciddi səyi və respublika hökumətinin tələbi ilə “Azərdövlət Memarplanlaşdırma” İnstitutunun tərtib etdiyi şəhərin baş layihəsi SSRİ Dövlət Tikinti və Arxitektura Komitəsində təsdiq olundu.
1949-cu il noyabırın 22-də Sumqayıta şəhər statusu verildikdən sonra burada sənayenin tikintisi ilə yanaşı, şəhərin tikintisi də sürətlə davam etdirilmiş, eyni zamanda, şəhər üçün lazım olan infrastruktur yaradılmışdır.
Bir sözlə, insan əlləri ilə Xəzərin ləpədöyənində möhtəşəmliyi ilə diqqəti çəkən gözəl bir şəhər ünvan tapdı.
– Şəhərsalma nə qədər mürəkkəb və çətin olsa da, mənzil fondunun qorunub-saxlanması bir o qədər məsuliyyət tələb edir...
– Doğrudur.Sumqayıtda şəhər tikintisi ötən əsrin 50-ci illərindən hazırkı vaxta qədər davam edir və indi də şəhərimizin inkişafı, gözəlləşməsi üçün müasir üslubda yeni-yeni binalar tikilir, geniş abadlıq-quruculuq işləri aparılır. Mənzil fondunun qorunub-saxlanması, kommunal sahədə əhalinin rahatlığı üçün lazım olan işlər diqqət mərkəzində saxlanılır.
Əvvəllər mənzil fondunun qorunub-saxlanmasına və kommunal sahəyə nəzarət edən təşkilatlar həcmlərinə görə kiçik sayılsa da, sonralar şəhərin inkişafı ilə əlaqədar yaranmış tələbata uyğun olaraq idarələr, baş idarələr və birliklər kimi formalaşmışlar. Hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Mənzil- Kommunal Təsərrüfatı İstehsalat-İstismar Birliyi həcmcə böyük, əhəmiyyət etibarilə şəhərə çox lazım olan ən vacib strukturlardan biridir.Birliyin tabeliyində 6 idarə və 23 mənzil istismar sahəsi fəaliyyət göstərir, 1342 nəfər işçi çalışır. Balansda olan 1321 yaşayış, 41 yataqxana binasında, 54812 mənzildə yaşayan 200 minə yaxın şəhər əhalisinə və 22 minə yaxın məcburi köçkünə xidmət göstərilir. Şəhərdə 8191,5 min kvadratmetr sahə gündəlik süpürülərək yığışdırılır, 518 hektar yaşıllıq sahəsinə qulluq edilir. 52 küçədə 235 kilometr yol sahəsinə nəzarət olunaraq vaxtaşırı təmir işləri aparılır.Park və xiyabanlarda, məhəllə və mikrorayonlar daxilində mütəmadi abadlıq-quruculuq işləri həyata keçirilməklə sakinlərin normal istirahətləri üçün şərait yaradılır. Sumqayıt ulu öndər Heydər Əliyevin arzularının gerçəkləşdiyi şəhər kimi tariximizin şanlı səhifəsinə düşmüşdür.Şəhərin tikilib-qurulmasında, inkişaf etməsində ümummilli liderimizin misilsiz xidmətləri danılmazdır. Unudulmaz böyük insanın Azərbaycana rəhbərlik etdiyi 34 ildə 16 dəfə Sumqayıta gəlməsi, şəhərin problemləri ilə maraqlanması, tövsiyə və tapşırıqlarını verməsi hər birimizin qəlbində silinməz izlər buraxmışdır.
Son 5-6 ildə isə quruculuq işləri geniş miqyas almış, şəhərin siması memarlıq baxımından daha da gözəlləşmişdir.Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Vaqif Əliyevin rəhbərliyi və təşkilatçılığı ilə mənzil təsərrüfatının işində də köklü yeniliklər baş vermiş, zəruri infrastruktur yaradılmışdır.
Balansımızda olan binaların böyük əksəriyyətində zirzəmilər qurudulmuş, sıradan çıxmış boru xətləri dəyişdirilmişdir.Yaşıllıq sahələri daha da genişləndirilmişdir. İndi şəhərimizdə adambaşına düşən yaşıllıq sahəsi respublika üzrə yüksək göstərici hesab olunur. Vaxtilə şəhərdə 3-4 su fəvvarəsi var idisə, indi onların sayı 10-a çatdırılıb. Musiqili fəvvarə, rənglərə boyanmış şəlalə hər kəsdə xoş ovqat yaradır. Ulu öndərin adını daşıyan park, Nəsimi adına mədəniyyət və istirahət parkı simasını büsbütün dəyişmiş, “Göyərçin” abidəsinin ətrafı daha cazibədar olmuşdur. “Qarabağ” kinoteatrının yaxınlığındakı fəvvarə yenidən qurulmuş, ərazi abadlaşdırılmışdır. Babək küçəsinin 13-cü mikrorayondan keçən ərazisində geniş abadlıq işləri aparılmış, sakinlər üçün rahatlıq yaradılmışdır.
Zövq oxşayan səviyyədə yenidən qurulmuş 12 mərtəbəli yaşayış binalarının qarşısındakı fəvvarə kompleksi də sakinlərin ən çox sevdikləri istirahət guşəsinə çevrilmişdir. S.Vurğun adına mədəniyyət sarayının qarşısındakı fəvvarələr də yenidən qurulduqdan sonra möhtəşəmliyi və cazibədarlığı ilə diqqəti cəlb edir. Şəhərin girəcəyində ucaldılan “Tərəqqi” monumentinin ətrafı tam abadlaşdırılmışdır.İndi Çerkassı və Sahil küçələrinə baxdıqca göz oxşayır. Ümumiyyətlə, son altı ildə şəhərin bütün küçələrində yollar əsaslı təmir olunub.
2003-cü ildən bəri 800-dən çox yaşayış binasının dam örtüklərinin əsaslı təmir işləri aparılıb. Şəhərdə 240 binanın fasadı əsaslı təmir olunaraq zövqoxşayan boyalarla rənglənib və hazırda bu işlər davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə Sumqayıtımız gün-gündən inkişaf edərək gözəlləşir. Birliyin kollektivi bu işlərin icrasında, abadlıq və quruculuq yürüşündə yaxından iştirak edərək yorulmadan çalışır.
– Sumqayıt çoxları kimi mənim də tale şəhərimdir, – deyə müsahibimiz söhbətinə davam edir. – Ulu öndərimiz Sumqayıtı kiçik Azərbaycan adlandırıb. Həqiqətən də, respublikamızın hər bir guşəsindən coydaşlarımız buraya işləməyə, təhsil almağa, yaşamağa gəliblər. Mən də yeniyetmə yaşlarımdan ömrümü bu şəhərə həsr etmişəm, onun fəal qurucularından olmuşam. Heydər Əliyevin diqqəti və qayğısı sayəsində Sumqayıt, sözün həqiqi mənasında, sürətli yüksəliş yolu keçmiş, tərəqqi etmiş, müasir şəhərə çevrilmişdir. Mübaliğəsiz deyə bilərəm ki, indi Sumqayıtı Avropanın gözəl şəhərləri ilə müqayisə etmək olar.
Ulu öndərimizin respublikaya rəhbərliyə gəldiyi ilk dövrlərdə şəhərimizdə mənzil tikintisi ildən-ilə genişləndirildi. Məktəblər, xəstəxanalar, uşaq tərbiyə müəssisələri istifadəyə verilirdi.Ancaq böyüməkdə olan Sumqayıtda mənzillərə tələbat getdikcə artmaqda idi. Bu da, istər-istəməz, ciddi problemlərə səbəb olurdu. Yaxşı xatırlayıram, şəhər Soveti İcraiyyə Komitəsinin sədri işləyirdim. Sumqayıtda mənzil növbəsinə duranların sayı artdıqca narahatlıq yaranırdı. Heydər Əliyevin bu məsələyə müdaxiləsindən və göstərişindən sonra mənzil tikintisində ciddi dönüş yaranmağa başladı. Bir il ərzində 160 min kvadratmetr mənzil sahəsi istifadəyə hazırlandı,1100 yerlik iki məktəb binası, iki uşaq bağçası, bir xəstəxana tikildi.
Arxaya boylananda sumqayıtlıların fədakar vətənpərvərliyini, min zəhmətlə yaratdığı xarüqələri yada salıram. Vaxtilə burada məskən salan insanların indi övladları, nəvələri, nəticələri burada yaşayır, təhsil alır, ailə qurur və özlərini fəxrlə sumqayıtlı adlandırırlar. Ona görə də Sumqayıt hamımız üçün əziz və doğmadır.
Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismar Birliyi bütün dövrlərdə Sumqayıta və sumqayıtlılara layiqincə xidmət göstərmişdir. İndi dalandarların aylıq əmək haqqı 50 manatdan 103 manata çatdırılıb. Sahə ustalarının maaşı 200 manatı keçib. Eləcə də digər sahələrdə çalışanların sosial vəziyyəti yaxşılaşdırılıb. Əlbəttə,bütün bunlar ölkəmizdə aparılan güclü sosial-iqtisadi islahatların nəticəsində baş vermişdir. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasını möhtərəm Prezidentimiz İlham Əliyev layiqincə davam etdirir. Əldə olunan gəlirlər əhalinin güzəranının yaxşılaşdırılmasına, həyat səviyyəsinin daha da yüksəldilməsinə yönəldilir.
Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin kollektivi doğma şəhərin yubileyi ilində böyük əzmlə çalışır. Ötən 7 ayda 188 evin dam örtüyü təmir edilərək ruberoid və ya şifer vurulub, 16 yaşayış binasında zirzəmilərin suyu qurudulub və zibildən təmizlənib, 50 binanın fasad divarları rənglənib, məhəllə və mikrorayonların ərazilərində çoxlu həyət oturacaqları düzəldilib və təmir olunub. İlin əvvəlindən yol, küçə və mikrorayonlarda 100 min kvadratmetrədək asfalt örtüyünün əsaslı təmiri həyata keçirilib. Bakı küçəsində və Heydər parkında 210 poqonmetr səki daşı düzülüb.
Bundan başqa, “Göyərçin” abidə-kompleksinin ətrafında, Heydər Əliyev prospektindəki xiyabanda, 3-cü mikrorayondakı 12 mərtəbəli binaların ətrafında, “Qələbə”abidəsinin həndəvərində, Babək küçəsi boyunca, Qarabağ kinoteatrının yanında, “Tərəqqi” parkında səkilərə, döşəmə və divarlara üzlük plitələri qoyulub və digər abadlıq işləri görülüb. Park və xiyabanlarda 19500 gül şitili və kol bitkisi əkilib, hektarlarla gül sahəsinə qulluq göstərilib. Yaşıllıqların salınması üçün yeni su xətləri çəkilib."Acı dərə" kanalının bir hissəsi təmizlənib, 32 kilometrə qədər küçə, prospekt və yollarda cizgilər rənglənib.Yanğına qarşı 3 su hovuzu təmir edilib, Niyazi küçəsində yağış sularının axıdılması üçün 550 poqonmetr yeni su xətti çəkilib. Bütün bu kimi işlər digər ərazilərdə davam etdirilir.
Qeyd olunan tədbirlər Sumqayıtın 60 illik yubileyi ərəfəsində yalnız bir təşkilat tərəfindən görülən işlərdən ibarətdir. Yubileylə əlaqədar icra hakimiyyəti başçısının imzaladığı sərəncamla şəhər təsərrüfatı üzrə müəyyənləşdirilmiş tədbirlər planı layiqincə icra olunmaqdadır.Digər strukturlarda da abadlıq, təchizat sahəsində böyük iş həcmi həyata keçirilir.
Əli NƏCƏFXANLI
Sübhan QULİYEV
Xalq qəzeti.-2009.-30 avqust.- S.7.