Prezident İlham Əliyevin həyata keçirdiyi

siyasi kurs Azərbaycanı

 yeni inkişaf mərhələsinə çıxarmışdır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ildən bu günə kimi həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə xalqın etimadını, məhəbbətini qazanmış, dövlətin idarə olunmasının bütün məsuliyyətini şərəflə öz üzərinə götürməyə layiq olduğunu sübut etmiş və ulu öndərimiz Heydər Əliyevin etimadını doğrultmuşdur. Bu il oktyabr ayının 15-də xalqımızın mütəşəkkil iştirakı ilə keçirilən prezident seçkilərində qazanılan yüksək qələbə bunun əyani təzahürü idi.

Böyük uğurlarla zəngin olan beş il ərzində əsası ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi prinsiplərə əsaslanan çoxşaxəli sosial-iqtisadi inkişaf strategiyası inamla davam etdirilmiş, müstəqil Azərbaycan Respublikası bütün həyati əhəmiyyətli sahələrdə dinamik tərəqqi yolu keçmişdir. Hələ 2003-cü ilin prezident seçkilərində xalqımızın mütləq əksəriyyətinin etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyev respublikamızın yeni dövr prioritetlərini açıqlamış, çevik və işlək mexanizmlər üzərində proqressiv islahatları reallaşdırmaqla dərin ictimai rəğbət qazanmış, hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu sübuta yetirmişdir.

Builki prezident seçkiləri nəticə etibarı ilə Heydər Əliyev siyasi kursunun alternativsizliyini bir daha təsdiqlədi, eyni zamanda xalqımızın bu kursun davam etdirilməsində nə qədər maraqlı olduğunu açıq-aşkar göstərdi. Son beş ildə Azərbaycanın sosial-iqtisadi həyatında mühüm keyfiyyət dəyişikliklərinin baş verməsi, şəhər və kəndlərimizin simasının dəyişməsi, yeni infrastruktur layihələrinin reallaşdırılması, əhalinin həyat səviyyəsinin gündən-günə yaxşılaşması, bir sözlə, möhtərəm dövlət başçımızın çoxşaxəli, səmərəli, vətənpərvər, praqmatik fəaliyyəti onun Azərbaycan cəmiyyətində alternativsiz lider olduğu qənaətini gücləndirdi.

İlham Əliyevin son beş ildəki fəaliyyətini bir vətəndaş, bir sahibkar kimi sərf-nəzər etdikdə belə qənaətə gəlirəm: Dövlət başçımız vaxt, zaman baxımından o qədər də uzun bir müddəti əhatə etməyən birinci prezidentlik dövründə əgər belə demək mümkünsə, cəmiyyətin bütün arzu və istəklərini reallaşdırmış, bu yolda ən düzgün, çevik, qətiyyətli qərarlar qəbul etmişdir.

Sevindirici, eyni zamanda diqqəti çəkən, qibtə doğuran bir məqamı da xatırlatmaq yerinə düşər. Cənab İlham Əliyevin zəruri liderlik keyfiyyətlərindən biri odur ki, dövlət başçımız ölkənin taleyüklü məsələlərinin həlli zamanı mövcud reallığı obyektiv şəkildə qiymətləndirir, yaranmış ən ekstremal şəraitdə belə dəqiq variantlar seçir, ən optimal, düzgün qərarlar qəbul edir.

Prezident İlham Əliyevin son beş ildəki fəaliyyətində bir cəhəti də xüsusi vurğulamaq istərdim. Bu da Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitliyin qorunub saxlanılması ilə bağlıdır. Belə ki, istər 2003-cü ilin məlum 15-16 oktyabr hadisələri dövründə, istərsə də 2005-ci ilin 6 noyabr parlament seçkiləri ərəfəsində cənab İlham Əliyev ictimai-siyasi sabitlik və qanunçuluq naminə qətiyyət və yüksək prinsipiallıq nümayiş etdirdi. Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş xəyanətkar qəsdlərin qarşısını xalqın dəstəyilə aldı. Bununla da hər bir vətəndaş sabit ölkədə yaşadığına, baş verə biləcək hər hansı təhlükədə dövlətimizin başçısına arxalana biləcəyinə əmin oldu.

Son beş ildə cənab İlham Əliyevin xarici siyasəti də ona böyük nüfuz qazandırmışdır. Ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət kursunun davamlılığının təmin olunması nəticəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə daha da inkişaf etdirilmişdir. Dəqiq müəyyənləşdirilmiş prioritetlər, elmi əsaslara söykənən fundamental qərarlar, diplomatik münasibətlərdə balanslaşdırma prinsipinin qorunması Azərbaycanın beynəlxalq imicini daha da möhkəmləndirmişdir.

Beş il müddətində atılan məqsədyönlü addımlar, imzalanan çoxsaylı dövlət proqramları, fərman və sərəncamlar dövlət başçısının xalqın mənafeyinin daim qorunmasını öz fəaliyyətinin başlıca prinsipi kimi götürdüyünü bir daha təsdiqləmişdir. Prezident İlham Əliyev vətəndaşlarımız qarşısında verdiyi bəyanatlara sadiqliyini, yürütdüyü siyasətin reallığa adekvat olduğunu əməli işi ilə sübuta yetirərək formalaşdırdığı işlək mexanizmlər əsasında islahatların davamlılığını, ardıcıllığını təmin etmiş, Azərbaycan həyatında yeni bir intibah mərhələsinin başlanmasına nail olmuşdur.

Bu dövrdə qazanılan sosial-iqtisadi nailiyyətlərdən söhbət gedərkən, cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk aylarına təsadüf edən 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanın əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə məhz bu sənədlə start verilmişdir. Sözügedən fərman sonrakı mərhələlərdə imzalanaraq bu gün də uğurla icra edilən dövlət proqramları üçün bir növ baza rolunu oynamış, qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyllərinə böyük təkan vermişdir. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.

Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixdə imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004—2008-ci illər) Dövlət Proqramı” isə Azərbaycan regionlarının tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, mərkəzdə və əyalətlərdə özəl sektorun inkişafı, iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun inkişafı hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirilmiş, uğurlu göstəricilərlə nəticələnmişdir. Dövlət Proqramı çərçivəsində atılmış ardıcıl addımlar indiyə qədər regionların sosial-iqtisadi tərəqqisinə mane olan köklü problemləri aradan qaldırmış, yerlərdə infrastrukturun yeniləşdirilməsinə maddi zəmin yaratmışdır. Kənd təsərrüfatının inkişafına diqqətin artırılması, hər regionun malik olduğu təbii resurslardan məqsədyönlü istifadə, sərmayələrin qeyri-neft sektoruna cəlb edilməsi, yeni emal müəssisələrinin yaradılması, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafı yerlərdə yüz minlərlə yeni iş yerlərinin açılmasına imkan vermişdir.

Sözügedən Dövlət Proqramının uğurla yerinə yetirilməsi nəticəsində eyni zamanda iş adamlarının ölkəmizdə normal fəaliyyəti üçün də əlverişli biznes mühiti formalaşdırılmışdır. Respublikamızın mərkəzində olduğu kimi, ucqar rayonlarımızda, kəndlərimizdə belə nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, qaz, su, rabitə təminatı kimi sosial problemlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə yol açmışdır. Azərbaycanın regionları öz simasını dəyişmiş, vətəndaşlarımızın maddi-rifah halı yaxşılaşmış, əhalinin mərkəzə doğru axını səngimişdir.

Ötən müddətdə dövlət rəhbəri böyük uğurla icra edilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004—2008-ci illər) Dövlət Proqramı”nın icrasını ciddi nəzarətdə saxlamışdır. Vaxtaşırı ayrı-ayrı bölgələrə səfər edərək proqramın yerlərdə icrası vəziyyəti ilə tanış olmuş, vətəndaşların arzu və istəklərini onların özündən eşitmişdir. Mövcud problemlərin həlli, görülən işlərin səmərəliliyinin daha da artırılması üçün yerli icra orqanlarının rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Məmurlar qarşısında vəzifə məsuliyyətini, vətəndaşlara həssas münasibət məsələsini aktuallaşdırmışdır.

Azərbaycan Prezidenti bu beş il ərzində ölkəmizdə fəaliyyət göstərən yerli və xarici sahibkarların ən qüdrətli hamisi, qayğıkeşi kimi çıxış etmişdir. Sərbəst bazar iqtisadiyyatı münasibətlərinin tərəfdarı olan cənab İlham Əliyevin dövlətə rəhbərliyinin ilk mərhələsindən atdığı addımlar onun iqtisadiyyatın inkişaf perspektivlərində sahibkarlığın rolu barədə əsaslı konsepsiyaya malik olduğunu göstərmişdir. “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanda sahibkarlığın inkişafı ilə bağlı çoxsaylı məsələlər nəzərdə tutulmuş, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda sahibkarlığın inkişafına yönələn bir sıra zəruri tədbirlər əksini tapmışdır.

Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan vətəndaşların məvaciblərinin, pensiya və müavinətlərin, tələbə, magistr və aspirantların təqaüdlərinin davamlı olaraq artırılması, sosial müdafiə sisteminin getdikcə təkmilləşdirilməsi dövlətin, cənab İlham Əliyevin Azərbaycan vətəndaşlarına diqqət və qayğısının bariz təcəssümüdür. Azərbaycanda mövcud iqtisadi potensialın insan kapitalına çevrilməsi üçün bütün imkanlar səfərbər edilmişdir. Bütün respublika boyunca səhiyyə, mədəniyyət obyektlərinin, yeni məktəblərin tikintisi geniş vüsət almışdır. Yeni məktəblərin inşası, təmiri, təhsil ocaqlarının maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsil müəssisələrində informasiya texnologiyalarının tətbiqi, bir sözlə, təhsil sisteminin müasir standartlar çərçivəsində yenidən qurulması ümummilli hərəkata çevrilmişdir. Bu mədəni hərəkatın təşkilində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi təqdir edilməlidir.

Mən bu yazıda yuxarıda deyilənlərin təsdiqi kimi son beş ilin rəsmi statistikasından bəzi məqamlara da diqqət yetirməyi zəruri sayıram. 2003-2008-ci illərdə ümumi daxili məhsul 2,7 dəfə artmışdır. Hazırda adambaşına düşən ümumi daxili məhsulun həcmi 5800 dollardır. Bu, keçid dövrünü yaşayan ölkələr üçün çox böyük göstəricidir. Azərbaycanda sənaye istehsalı beş il ərzində 2,7 dəfə artmışdır. Bu, onu göstərir ki, ümumi daxili məhsulun artmasının əsas hissəsi sənaye ilə bağlıdır. Belə dinamika təsadüfi deyil. Prezident İlham Əliyevin dediyi kimi, ötən beş ildə ölkədə böyük sənaye potensialının yaradılması, sənayeləşdirmə layihələrinin uğurla icrası yüksək nailiyyətlərlə müşayiət olunmuşdur.

Bundan əlavə, dövlət büdcəsinin xərcləri 2003-cü ildə 1 milyard 200 milyon dollar olduğu halda hazırda isə Azərbaycanın icmal büdcəsi 15 milyard dollardan çoxdur. Gələn ilin proqnozlarına görə isə bu göstərici 17-18 milyard dollar təşkil edəcəkdir.

Son beş ildə iqtisadiyyata təxminən 44 milyard dollar investisiya qoyulmuşdur. Bu barədə Prezident İlham Əliyev demişdir: “... Bütün müstəqillik illərində Azərbaycana investisiya qoyuluşu 57 milyard dollar olubdur. Onun 44 milyardı, yəni 77 faizi son beş il ərzində təmin edilibdir. 2003-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1 milyard 600 milyon dollar təşkil edirdi. 2008-ci ilin oktyabr ayında təxminən 17 milyard dollardır və bu ilin sonuna qədər daha da artacaqdır... Bu çox böyük nailiyyətdir, çox böyük göstəricidir. Bu, bizə əlavə güc verir, əlavə arxayınlıq verir. Bizim valyuta ehtiyatlarımız dünya miqyasında artıq ən ciddi rəqəmlərlə ölçülür və növbəti illərdə bu məbləğ daha da artacaqdır. Çünki bizim enerji layihələrindən əldə edilmiş və gələcəkdə gözlənilən gəlirlər daha da çox olacaq və Azərbaycan valyuta ehtiyatları baxımından dünya miqyasında ən qabaqcıl ölkələrdən birinə çevriləcəkdir. Adambaşına düşən məbləğ isə hesab edirəm ki, dünya miqyasında birinci yerdədir...”.

Azərbaycan Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının uğurları bu gün getdikcə özünü daha qabarıq göstərir və milli iqtisadiyyatın inkişafına ciddi təkan verir. Dövlət başçısı neftdən əldə olunan gəlirlərin iqtisadiyyatın digər vacib sahələrinə yönəldilməsini, qeyri-neft sektorunda yeni istehsal müəssisələrinin açılması yolu ilə yeni iş yerlərinin yaradılmasını, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin daha da gücləndirilməsini özünün iqtisadi siyasətində prioritet vəzifə kimi nəzərdə tutur. Cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, neft Azərbaycan üçün son məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün bir vasitədir. Neftdən əldə olunan gəlirlərin düzgün idarə edilməsi, hasilatda şəffaflığın təmin edilməsi də hökumətin xüsusi diqqət yetirdiyi məsələlərdəndir.

Ötən müddətdə ölkəmizin neft sənayesində böyük uğurlar əldə edilmişdir. Bu sahədə hasilat 2003-cü ildə 15,4 milyon ton təşkil edirdi. Cari ildə də ölkəmizdə neft hasilatı 52 milyon tonu ötüb keçəcək. Göründüyü kimi, son beş il ərzində neft hasilatı 3 dəfədən çox artmışdır.

Qaz hasilatında da dinamika müşahidə olunmuşdur. Belə ki, 2003-cü ildə ölkədə 5,5 milyard kubmetr qaz istehsal olunmuşdur. Bu ilin sonuna kimi isə 26 milyard kubmetr qaz hasilatı gözlənilir. Onu da deyək ki, ötən ilə qədər Azərbaycan xaricdən qaz alırdı və buna görə böyük vəsait ödənilirdi. Lakin həyata keçirilən tədbirlər nəticəsində ölkə idxal asılılığından tam azad olundu, eyni zamanda xaricə qaz ixrac edilməyə başlandı.

Bundan əlavə, Azərbaycanda qazlaşdırma sahəsində mühüm uğurlar qazanılmışdır. Bunu müvafiq rəqəmlərdən də aydın görmək olar. Belə ki, əgər 2003-cü ildə ölkə üzrə qazlaşdırma 62 faiz idisə, bu il 84 faiz təşkil etmişdir. Son beş ildə 14 rayonun qaz təchizatı təmin olunmuşdur. Onlardan isə bəziləri heç vaxt qaz almamışdır. Bununla bağlı dövlət başçımızın fikirləri diqqət çəkir: “... Bu gün Azərbaycanda, işğal olunmuş rayonlardan başqa, elə rayon yoxdur ki, ora qaz verilməsin... Növbəti illərdə daha çox kəndlərə qaz veriləcəkdir...”

Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən və düşünülmüş siyasətinin məntiqi nəticəsi olan qlobal enerji layihələri də ötən beş ildə uğurla həyata keçirilmişdir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın etimadı ilə prezident seçiləndən sonra isə bu layihələrin sırasına Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də daxil edildi. Artıq bu mühüm, beynəlxalq səviyyəli nəqliyyat və infrastruktur layihəsinin reallaşdırılmasına başlanılıb. Bu da, heç şübhəsiz, uzun müzakirələrin, xüsusən də Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində mümkün olmuşdur. Bununla əlaqədar cənab İlham Əliyevin dedikləri xüsusi maraq doğurur: “...Bu da layihə kimi qala bilərdi. Əgər tədbirlər görülməsəydi, maliyyə məsələləri həll olunmasaydı, Azərbaycana Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərindən əldə edilmiş gəlirlər gəlməsəydi, biz 200 milyon dollardan çox krediti necə verə bilərdik? Heç vaxt! Nəyin hesabına verə bilmişik? Bax, bu layihələrin icrası nəticəsində! Bax, bu layihələr, neft-qaz layihələri başqa layihələrin icrasına gətirib çıxarıb, Azərbaycanın müstəqilliyini möhkəmləndiribdir. Bakı- Tbilisi-Qars dəmir yolu o layihələrdəndir ki, Azərbaycanın uzunmüddətli iqtisadi və siyasi maraqlarını təmin edəcəkdir. Mən çox şadam ki, layihə icra olunmağa başlamışdır və şübhə etmirəm ki, biz bunun tikintisinə vaxtında nail olacağıq...”.

Bütün bunlarla yanaşı, ötən müddətdə ölkə daxilində də nəhəng infrastruktur layihələrinin reallaşdırılmasına başlanılmışdır. Bakını təmiz su ilə təchiz edəcək Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi hazırda uğurla aparılır və gələn il istismara verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa Samur-Abşeron su kanalı, Taxtakörpü su anbarının inşası davam etdirilir. Son beş ildə Naxçıvan, Gəncə, Zaqatala, Lənkəran hava limanları istifadəyə verilmişdir. Hazırda Bakını üç sərhədlə birləşdirən avtomobil yolları salınır. Şəhərlərarası, kənd yolları yenidən, beynəlxalq standartlara uyğun qurulur.

Son beş ildə Azərbaycanın hərbi qüdrəti güclənmişdir. Bu, əlbəttə, mövcüd sahəyə diqqət və qayğının nəticəsidir, büdcədən bu sahəyə ayrılan xərclərin getdikcə artırılması ilə əlaqədardır. Bir faktı deyim: 2003-cü ildə Azərbaycanın ümumi hərbi xərcləri 163 milyon dollar olmuşdur. 2008-ci ildə isə 1 milyard 850 milyon dollar təşkil edir.

Cənab İlham Əliyev hərbi sahəyə göstərilən bu diqqətin təsadüfi olmadığını belə əsaslandırmışdır: “Bunun nə demək olduğunu hamı yaxşı başa düşür. Əminəm ki, bizim torpaqlarımızı işğal edən Ermənistan yaxşı başa düşür və daha da yaxşı başa düşməlidir. Onlar hərbi xərclərə imkan daxilində vəsait ayıra bilərlər. Biz isə istədiyimiz qədər”.

* * *

Yazının sonunda bir qədər keçmişə qayıtmaq istəyirəm. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il 1 oktyabr tarixli müraciətində deyirdi: “...Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bəli, o vaxt çoxcəhətli fəaliyyətilə özünü peşəkar, bacarıqlı və vətənpərvər siyasətçi kimi təsdiqləyən, intellektual imkanlarını, biliyini, təcrübəsini xalqının mənafeyi naminə səfərbər edən cənab İlham Əliyev xalqın ciddi istəyi, tələbi, ulu öndərimiz Heydər Əliyevin isə xeyir-duası ilə seçki marafonuna qoşuldu və şəksiz qələbə qazandı — ölkə Prezidenti seçildi. İlk dəfə dövlət başçısı olmaq etimadını qazanan möhtərəm İlham Əliyev inauqurasiya mərasimində dedi: “Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: ”Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik...".

İndi həmin vədlərin verildiyi gündən beş ildən çox vaxt keçir. Prezidentlik illəri cənab İlham Əliyevin öz sözünün sahibi olduğunu, xalqımızın dərin etimadını qazandığını, ulu öndərimizin yuxarıda adı çəkilən müraciətinə ləyaqətlə əməl etdiyini təsdiqlədi. Məhz elə buna görə də cənab İlham Əliyevin bu ilin oktyabr ayında keçirilən prezident seçkilərindəki ikinci tarixi qələbəsi də elə bu inamın, bu ümidin məntiqi nəticəsi idi...

 

Elşad ABBASOV,

“EMBAWOOD”

 şirkətinin prezidenti 

 

Xalq qəzeti.-2008.-27 dekabr.- S.5.