Gənc sənətçinin uğurları Vətənimizin adını ucaldır

 

Son illər Azərbaycanın qardaş Türkiyə ilə sənət əlaqələri daha geniş şəkildə inkişaf etməkdədir. Bu əlaqələr xalqlarımızın arasında mədəni yaxınlığın, mənəvi bağlılığın daha da intensivləşməsinə xidmət edir. Bu sahədə Turkiyədə yaşayıb-yaradan Azərbaycan sənətçilərinin xüsusi rolu vardır. Artıq bir neçə ildir ki, həyat və yaradıcılığını qardaş ölkə ilə bağlamış Azərbaycan rəssamı və heykəltaraşı Anar Eyni də ölkələrimiz arasında sənət əlaqələrinin genişlənməsinə öz töhfələrini verməkdədir. Gənc olmasına baxmayaraq, qonşu ölkədə Azərbaycan incəsənətini layiqincə təmsil edən Anar Eyni yaradıcılıq fəaliyyəti ilə birgə həm də Türkiyənin nüfuzlu universitetlərindən biri olan Selcuk Universitetinin gözəl sənətlər fakültəsində heykəltaraşlıq fənnindən dərs deyir.

Anar Eyni qısa zaman ərzində Türkiyə respublikasında görkəmli heykəltaraş kimi məşhurlaşmışdır. Onun yaradıcılıq məhsulları olan monumental və dekorativ kompozisiyalar qardaş ölkənin Ankara, İstanbul, İzmir, Konya, Antaliya, Adana kimi şəhərlərini bəzəyir, insanlara yüksək zövq verir.

2002-ci ildə Konya vadisinin vəsaiti ilə Anar haqqında ayrıca kitab nəşr edilmşdir. Bu kitaba Anarın 100-ə yaxın əsəri haqqında məlumat və elmi tədqiqat işləri də daxil edilmişdir. Eləcə də 2005-ci ildə Konya şəhərində xarici turistlər üçün ingilis dilində Cəlaləddin Rumi haqqında nəşr edilmiş kataloqda da Anarın əsərləri öz əksini tapmışdır.

2007-ci ildə Səlcuq Universitetinin qarşısında Anar Eyninin yaradıcılıq məhsulu olan Mustafa Kamal Atatürkün altı metrlik əzəmətli heykəli ucaldılmışdır.

2008-ci ildə Anar Eyni elmi araşdırmalarını böyük uğurla yekunlaşdıraraq heykəltaraşlıq elmləri doktoru adına layiq görülmüşdür.

Son günlər Anar Eyni Türkiyədə dünyanın 30-dan çox ölkəsinin sənətçilərinin iştirak etdiyi beynəlxalq sərgidə Vətənimizi böyük uğurla təmsil etmişdir.

 

Möhtərəm EYNİYEV,

texniki elmləri namizədi,

Jurnalistlər Birliyinin üzvü

 

Xalq qəzeti.-2008.-2 dekabr.-S.8.