Uqo Çaves ömürlük prezident olmaq niyyətindədir

 

Venesuela Prezidenti Uqo Çaves ölkə Konstitusiyasında dəyişiklik etmək və prezident seçkilərində üçüncü dəfə iştirak etmək arzusuna düşüb.

Uqo Çaves bu bəyanatı Karakasda tərəfdarları qarşısında çıxışı zamanı səsləndirib. Deyib ki, Konstitusiyanın bir şəxsin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət qoyan maddəsini ləğv etmək üçün yenidən referendum keçirmək lazımdır.

Venesuelanın hazırkı dövlət başçısı ilk dəfə 1998-ci ildə ölkə prezidenti seçilib. Mövcud qanunlara görə, 2012-ci ildə onun səlahiyyət müddəti başa çatır və yenidən prezident seçkilərində iştirak edə bilməz.

Xatırladaq ki, Uqo Çavesin təşəbbüsü ilə ötən ilin sonunda Venesuelada Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilmişdi. Lakin o zaman ölkə vətəndaşları bir şəxsin qeyri-məhdud sayda prezident seçilməsinə səs vermədilər. Uqo Çaves tərəfdarları cüzi fərqlə uduzdular.

İndi həmin referendumdan bir il ötəndən sonra Uqo Çaves bu mövzunu təzədən gündəmə gətirir. O, Karakasdakı mitinq zamanı deyib ki, “ötən referendumda biz həqiqətən məğlub olduq. Lakin mən indi görürəm ki, ölkəm üçün faşistlər tərəfindən (müxalifət nəzərdə tutulur — red.) böyük təhlükələr üzə çıxıb. Ona görə də deyirəm: Çaves getməyəcək!”

Uqo Çavesin yenidən referendum keçiriləcəyi təqdirdə belə istəyinə nail olacağına əminlik yoxdur. Son rəy sorğularına görə, ölkə əhalisinin yalnız yarısı hazırkı dövlət başçısının siyasətindən razıdır.

Son vaxtlar dünya birjalarında neft qiymətlərinin aşağı düşməsi səbəbindən Venesuela iqtisadiyyatında geriləmə müşahidə olunur. Ölkədə işsizliyin, cinayətkarlığın artması təhlükəli həddə çatır. Hazırda Venesuelada inflyasiya 36 faizi ötüb ki, bu da əhalinin ciddi narazılığına səbəb olub.

 

M.ABDULLAYEV.

 

Xalq qəzeti.-2008.-2 dekabr.-S.7.