Nəsrin incə dili ilə
Yeni kitablar
“Mütərcim” nəşriyyatında
işıq üzü
görmüş “Görüşə
tələsən qızılgül”
kitabı haqqında qələmə aldığım
bu sətirlərin sərlövhəsi ilə
üçüncü cümləsi
arasında xeyli fərq görünəcək. Çünki kiçik hekayələrdən
və publisistik məqalələrdən ibarət
olan bu çap
məhsulu sözün
həqiqi mənasında
“nəsrin incə dili ilə” qələmə alınmış
narahat ürəyin döyüntüləridir. Amma təqdir edilməli ilk fikir kitabdakı nəsr nümunələrindən önə
çəkilmiş “Ana, ay ana” şeirindən götürülür: “Ay ana,
səni arzulayıram,
uyumağa həsrət
göz yuxu istəyən kimi”. Həsrətli, nigaran, ayrılığa
tab gətirməyən gözlər
üçün bir çimirlik yuxu da dinclik, rahatlıq,
ürək sakitliyidir.
Ona görə də anasını itirmiş insanın bir çimirlik yuxu qədər olsa belə anasını görmək arzusu təbiidir, inandırıcıdır.
Fəqət... mümkündürmü?
Anfisa Zinyəddinin “Görüşə tələsən qızılgül” kitabı müasirlərimizin arzu və istəklərindən, sevinc və kədərindən, zamanın reallıqları ilə barışa biləndə və barışa bilməyəndə keçirdikləri hisslərdən söz açır. Bütün yazıların lakonikliyi sentimentallıqdan uzaq olması, reallığı əks etdirməsi hekayələrin hamısını oxunaqlı edir. Maraqlıdır ki, bu yazıların əksəriyyətinin qəhrəmanı qadınlardır. Bu da təbiidir. Çünki dünyanın hər yerində olduğu kimi bizdə də cəmiyyətin ictimai-siyasi prosesləri, formasiyanın dəyişməsi, yeni dövlət quruculuğu istiqamətində başlanan hərəkatlar qadınları daha çox zərərdidə edir. Ona görə də bu kitabda qələmə alınmış əsərlərin qəhrəmanları əsasən Sovet hökumətinin Əfqanıstandakı hadisələrə müdaxiləsindən başlayaraq, 20 Yanvar hadisələri, Qarabağ uğrunda zərərdidə olmuş insanların ürək çırpıntılarından ibarətdir. Şəhid olmuş hər əsgər bir ananın övladı, bir qadının ömür-gün yoldaşı, körpələrin gözlədiyi ata və ya bir qızın ürəyindəki ümid işartısıdır. Anfisa xanım bu ağrı-acıları sevincli günlər və səadətli anlarla birlikdə qələmə ala bilmişdir.
Kitabın redaktoru və ön sözün müəllifi, filologiya elmləri namizədi Elşən Şükürlü ön sözdə yazır: “Bu kəşməkeşli həyatda insani xüsusiyyətlərin, mənəvi dəyərlərin qorunub saxlanılması, onların gənc nəslə aşılanması millətimizin gələcək inkişafında xüsusi rol oynayır. Anaya, qadına, uşağa, hörmət, qayğı, Vətənə sədaqət – bu anlayışların insanlara təlqin edilməsi vacib məsələlərdəndir... Müəllifin əsas məqsədi həyatdakı haqsızlıqları, göz yaşlarını görmək, duymaq və bunları qəlbin səsi ilə insanlara çatdırmaqdır”.
İ. QAÇAYEV.
Xalq qəzeti .-2008.-2 dekabr.-S.7.