Təmir işləri davam edir

 

Azərbaycan İstilik Elektrik Stansiyasında payız-qış mövsümünə hazırlıqla əlaqədar təmir işləri davam etdirilir. Tədbirlər planına uyğun olaraq 1, 3, 7 saylı enerji bloklarında orta təmir, 8 saylı enerji blokunda isə əsaslı təmir işləri başa çatdırılıb. Aparılan planlı təmir işləri nəticəsində stansiyanın texniki-iqtisadi göstəriciləri yüksəlib təxminən 240 meqovat həddində yük məhdudiyyəti aradan qaldırılıb.

Bundan əlavə, işçilərin şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Qış mövsümündə istehsalat binalarının yerlərinin qızdırılması, ətraf mühitin hərarətinin aşağı olduğu hallarda texnoloji avadanlıq qurğuların zədələnməsinin qarşısını almaq məqsədilə əməli tədbirlər həyata keçirilib.

330 kilovoltluq açıq paylayıcı quruluşda Abşeron hava xəttinin zədələnmə yerinə qədər olan məsafəni təyin edən yeni qurğu quraşdırılıb işə qoşulub.

AzərenerjiASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, Azərbaycan İstilik Elektrik Stansiyasında hər birinin gücü 300 meqovat olan səkkiz enerji bloku var. Daxili imkanlar hesabına 5-ci enerji blokunda aparılan yenidənqurma işlərinin uğurla başa çatdırılması nəticəsində blokun gücü 330 meqovata çatdırılıb. Digər 7 blokun yenidənqurulması layihəsi üzrə işlər plana uyğun davam etdirilir. Blokların tamamilə yenidən qurulması nəticəsində energetika sistemi 600 meqovatdan artıq əlavə güc əldə edəcəkdir.

 

Qəzənfər QASIMOV.

 

Xalq qəzeti.-2008.-2 dekabr.-S.6.