Azərbaycanın dövlət büdcəsi və onun əsas parametrlərini şərtləndirən müasir makroiqtisadi şərait

 

2003-cü ildən etibarən Azərbaycan iqtisadiyyatında yaşanan davamlı iqtisadi artım son beş ildə ölkəni dinamik inkişaf mərhələsinə çıxarmışdır. Belə ki, ÜDM-in və adambaşına düşən milli gəlirin artımı ilə yanaşı, ölkəmiz dünyada və regiondakı iqtisadi proseslərdə də daha fəal iştirak edir və sosialyönümlü liberal iqtisadi siyasət həyata keçirir. Sabit iqtisadi inkişaf persperktivi baxımından həyati əhəmiyyətə malik olan güclü orta təbəqənin formalaşması prosesi davam edir.

2004-cü ildə Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri haqqında bildirmişdi: “Biz iqtisadiyyatı, iqtisadi siyasətimizi elə qurmalıyıq ki, — neft amili burada çox böyük rol oynayacaq, amma biz öz siyasi, iqtisadi planlarımızı bunu rəhbər tutub qurmamalıyıq, — sanki, Azərbaycanda neft yoxdur, sanki, Azərbaycan neft ölkəsi deyildir. Qeyri-neft sektorunun inkişafı, yeni texnologiyaların tətbiq olunması, müasir yanaşmanın həyatda öz əksini tapması bizim gələcək uğurlarımızın əsasını qoyacaqdır.”

Azərbaycanın maliyyə imkanlarının qat-qat artması iqtisadi inkişafın yeni mərhələsinin səciyyəvi xüsusiyyətlərindən biridir. Bu özünü, ilk növbədə, dövlət büdcəsinin artmasında göstərir. 2008-ci ilin proqnozlaşdırılan dövlət büdcəsi xərcləri 13,4 mlrd. dollar təşkil edir ki, bu da 2000-ci ilə nisbətən 14 dəfə, 2003-cü ilə nisbətən isə 9 dəfə çoxdur. Büdcə gəlirlərinin adambaşına həcmi isə son 10 ildə (1998—2008) 19 dəfə artaraq, 76 dollardan 1456 dollara çatmışdır. Büdcəmizin artması dövlətə genişmiqyaslı sosial və infrastruktur layihələrini həyata keçirmək imkanı vermişdir. Təkcə son bir ildə təhsil xərcləri 47 səhiyyə xərcləri 38, müdafiə xərcləri 65, sosial müdafiə və sosial təminat xərcləri 33 faiz yüksəlmişdir.

2008-ci ildən etibarən büdcənin əsas benefisiarlarından biri də vətəndaş cəmiyyətidir. QHT-lərin dəstəklənməsi məqsədi ilə cari ilin büdcəsində 1,5 mln. manat həcmində vəsait ayrılmışdır. Bu, dövlətin artan iqtisadi gücünün təkcə sosial-iqtisadi məsələlərə deyil, həm də institutsional inkişafa təsirindən xəbər verir.

Maliyyə imkanlarının artması ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi ilə müşayiət edilir. 2008-ci ilin dövlət büdcəsində müdafiə məqsədləri üçün 1,3 mlrd. manat və ya 1,6 mlrd. dollar nəzərdə tutulmuşdur ki, bu da 2007-ci illə müqayisədə 65 faiz çoxdur.

Təcrübə göstərir ki, neftlə zəngin olan bir çox ölkələr əldə olunan gəlirlərdən investisiya təyinatlı deyil, cari istehlak məqsədləri üçün istifadə etdiklərinə görə nə rəqabətqabiliyyətli, nə də səmərəli iqtisadiyyat qura biliblər. Təkcə 2008-ci ilin dövlət büdcəsində investisiya üçün nəzərdə tutulan xərclər 4,3 mlrd. manat və ya 5,2 mlrd. dollar təşkil edir. Bu isə genişmiqyaslı infrastruktur layihələrinin maliyyələşdirilməsi deməkdir. Həmin layihələrin həyata keçirilməsi bir neçə problemin həllinə şərait yaradır. Birincisi, yoxsulluğa təsir göstərən qeyri-valyuta amilləri aradan qaldırılır. İkincisi, rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması və yaxın perspektivdə qeyri-neft sektorunun inkişafı üçün əlverişli baza yaradılır.

Son üç ildə dünya bazarlarında kəskin qiymət dəyişikliklərinə və ərzaq balansının pisləşməsinə baxmayaraq, qeyd etmək lazımdır ki, dövlət rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlər ölkədə aparılan radikal islahatlar strategiyası, davamlı inkişafın təmin olunması və dayanıqlı nəticələrin əldə edilməsi kimi əsas hədəflərə nail olmağa imkan vermişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu uğurlar barədə danışarkən xüsusilə vurğulamışdır: “Bizim iqtisadi inkişafımız çox sürətli olubdur və belə yüksək sürətin saxlanılması onu göstərir ki, bizim bütün islahatlarımız həm konkret məsələlərin həllinə yönəldilib, həm də ölkəmizin uzunmüddətli inkişafını təmin edir. Dörd il ərzində iqtisadi inkişaf sürətinə görə dünya miqyasında birinci olmaq çox böyük nailiyyətdir. Azərbaycan dövləti öz siyasətini bu istiqamətdə davam etdirəcək və əminəm ki, ölkəmizin uğurlu iqtisadi inkişafı bundan sonra da davam etdiriləcəkdir... 2003–2008-ci illərdə Azərbaycanın iqtisadiyyatı, ümumi daxili məhsul 2,7 dəfə artıbdır. Mən hesab edirəm ki, bu, dünyada tarixi bir nailiyyətdir. Mən yaxın keçmişdə tarixdə ikinci elə ölkə tanımıram ki, beş il ərzində iqtisadiyyatı təxminən 3 dəfə artsın. Bizim iqtisadiyyatımız çox güclənibdir. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 5800 dollardır. Bu, keçid dövrünü yaşayan ölkələr üçün çox böyük göstəricidir”.

Bunun nəticəsidir ki, cari ildə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu “Doing Business- 2009" adlı hesabatda Azərbaycan dünyanın ən islahatçı ölkəsi elan edilmişdir. Ölkədə biznes mühitinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən əsaslı islahatlar nəticəsində 10 göstəricinin yeddisi üzrə Azərbaycan öz reytinqini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqla 181 ölkə arasında 33-cü yerdə qərarlaşmış, başqa sözlə, keçən illə müqayisədə öz reytinqini 64 pillə yaxşılaşdırmışdır.

“Büdcə zərfi”nə daxil edilən sənədlərin, 2009-cu ilin dövlət büdcəsinin təhlili göstərir ki, buradakı müddəalar hökumətin hazırladığı makroiqtisadi proqnozlara və ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğundur. Lakin bununla belə, bəzi makroiqtisadi parametrlərin və büdcə göstəricilərinin müəyyən edilməsində son illərdə mövcud olan ehtiyatlı (konservativ) yanaşma meyli qalmaqdadır və bu özünü xam neftin 1 barelinin qiymətinin müəyyən edilməsində də göstərir. Yuxarıda qeyd edilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələlərə toxunaraq göstərmişdir: “Bu günlərdə dünyada yaşanan maliyyə böhranı da, demək olar ki, bir çox ölkənin iqtisadi potensialına zərbə vurubdur. Amma Azərbaycan özünü tam əmin hesab edir. Biz beynəlxalq xəbərləri izləyərkən görürük ki, dünyada nə qədər böyük narahatlıq var... Amma biz düşünülmüş siyasətlə və yaradılan güclü iqtisadiyyatla özümüzü bu böhranlı vəziyyətdən qoruyuruq. Nə Azərbaycan dövləti, nə Azərbaycan iqtisadiyyatı, nə də Azərbaycan vətəndaşı bu böhranı hiss edir. Bu, böyük nailiyyətdir və bir daha onu göstərir ki, bizim düşünülmüş iqtisadi siyasətimiz, risklərə çox ehtiyatlı yanaşmağımız ən düzgün siyasətdir”.

2008-ci ilin yanvar–sentyabr aylarında ölkədə 30370,4 mln. manat həcmində (13,2 faiz çox) Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilmişdir. ÜDM-in 63,6 faizi sənayedə, 5,5 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 6,6 faizi tikintidə istehsal edilmiş, 4,8 faizi nəqliyyatda və 12,7 faizi isə digər xidmət sahələrində yaradılmışdır. 2008-ci ilin yanvar-sentyabr aylarında sənayedə 24182,0 mln. manat həcmində məhsul və xidmətlər istehsal edilmiş və ya onların həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 12, faiz, o cümlədən, neft sektorunda 12,4, qeyri-neft sektorunda isə 8,2 faiz artmışdır. Sənaye məhsulunun 17 faizi dövlət müəssisələrində, 83 faizi isə özəl bölmədə istehsal edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə özəl bölmədə artım sürəti dövlət bölməsindən 6,7 faiz bəndi çox olmuşdur.

Əvvəlki illərlə müqayisədə ölkənin maliyyə imkanlarının artması nəticəsində istifadə edilmiş investisiyanın strukturunda əhəmiyyətli dəyişikliklər baş vermiş və daxili investisiyanın həcmi 72,5 faiz təşkil edərək və ya 75,6 faiz artaraq xarici investisiyaları üstələmişdir. Cari ilin yanvar—sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz, o cümlədən, bitkiçilik məhsulları üzrə 10,9 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,4 faiz artmışdır.

2007-ci ilin ortalarından başlayaraq dünyada ərzaq məhsullarının qiymətinin kəskin artması nəticəsində yaranan inflyasiya dalğası ölkəmizdən yan keçməyərək öz təsirini göstərmişdir. Nəticədə 2008-ci ilin yanvar—sentyabr aylarında bu göstəricinin səviyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 121,5 faiz təşkil etmişdir. İnflyasiyanın qarşısının alınması üçün sərt monetar tədbirlərin görülməsinə, o cümlədən, uçot dərəcələrinin və məcburi ehtiyat normalarının artırılmasına baxmayaraq onun sürətlənməsi davam etmişdir ki, bu da əsasən dünyada enerji daşıyıcılarının və ərzaq məhsullarının qiymətinin artması, başqa sözlə, xarici amillərlə bağlıdır. İnflyasiyanın yüksək səviyyəyə çatmasına, eyni zamanda, daxili amillərin də təsiri olmuşdur. Belə amillərə mal və xidmətlər üzrə ödəməqabiliyyətli tələbin təklifə nisbətən daha sürətli artmasını, daxili qiymətlərin artan dünya qiymətlərinə, xüsusilə ərzaq məhsullarının qiymətinə doğru istiqamətlənməsini göstərmək olar.

2008-ci ilin yanvar–avqust aylarında dövlət büdcəsinə 6685,7 mln. manat (və ya nəzərdə tutulmuş proqnoza qarşı 103 faiz səviyyəsində) vəsait daxil olmuşdur ki, bu da 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 2722,2 mln. manat və ya 68,7 faiz çoxdur. Həmin dövrdə dövlət büdcəsinin xərcləri 5828,2 mln. manat məbləğində (və ya nəzərdə tutulmuş proqnoza qarşı 84,5 faiz səviyyəsində) icra edilmişdir ki, bu da 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 2439,6 mln. manat və ya 72 faiz çoxdur.

2008-ci ilin yanvar—avqust aylarında xarici ticarət dövriyyəsinin ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 dəfə, o cümlədən, idxal 31,9 faiz, ixrac isə 9,4 dəfə artaraq uyğun olaraq 42209,2 mln. –4505,7 mln. və 37703,5 mln. ABŞ dolları təşkil etmişdir. Başqa sözlə, ölkə üzrə çox böyük məbləğdə, yəni 33197,8 mln. ABŞ dolları məbləğində müsbət saldo yaranmışdır.

1 avqust 2008-ci il tarixinə əhalinin banklardakı əmanətləri ötən ilin eyni dövrü ilə müqayisədə 52,2 faiz artaraq 1826,2 mln. manata, əhalinin gəlirləri 35,6 faiz artaraq 14557,9 mln. manata, adambaşına gəlirlər isə 34,1faiz artaraq 1703,8 manata çatmışdır. Cari ilin ötən dövründə əhalinin gəlirlərinin artım sürəti istehlak qiymətləri indeksini 14,1 faiz üstələmişdir ki, bu da öz növbəsində ölkədə alıcılıq qabiliyyətinin yüksəlməsinə müsbət təsir göstərməklə yanaşı, real sektorun inkişafını şərtləndirən əsas amillərdən biri olmuşdur. Cari ilin doqquz ayında ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,1 faiz artaraq 256,9 manat təşkil etmişdir.

Beləliklə, 2008-ci ilin ötən dövründə makroiqtisadi göstəricilər üzrə əldə olunmuş nəticələr və ilin sonunda gözlənilən icra səviyyələri dövlətin iqtisadi əsaslarını daha da möhkəmləndirməklə hazırda daha çox prioritetliyə malik olan bir sıra məsələlər, o cümlədən, qeyri-neft sektorunun inkişafında sürətli artımın əldə edilməsi, aqrar sahənin intensiv inkişafına nail olunması, regionların sosial-iqtisadi inkişafında tarazlığın təmin olunması, yoxsulluğun azaldılması və s. üzrə əhəmiyyətli nəticələrin əldə olunmasına şərait yaratmışdır.

ÜDM-in gözlənilən artım səviyyəsinin 2008-ci ilin sonuna 2007-ci ilə nisbətən təqribən 3,7 faiz, növbəti ilə artım səviyyəsinin isə cari ilin gözlənilən icra səviyyəsi ilə müqayisədə 2,4 faiz aşağı düşməsinin proqnozlaşdırılmasına baxmayaraq, əldə olunan nəticələr dünya iqtisadiyyatında mövcud olan artım sürətindən təqribən 5 dəfə çoxdur. Başqa sözlə, ölkə iqtisadiyyatında mövcud olan davamlı inkişaf qorunacaqdır.

2005–2009-cu illərdə ÜDM-in proqnoz və faktiki həcm göstəricilərinin dinamikasının təhlili göstərir ki, mütləq ifadədə faktiki məbləğlər proqnoz göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir və bu kəmiyyət cari qiymətlərlə təqribən 3–8,4 mlrd. manat və ya 21–31 faiz arasında dəyişir. Növbəti büdcə ilində nəzərdə tutulan 18,9 faiz həcmində ÜDM-in artımı icra üçün müvafiq göstərici hesab edilir.

Qeyd etmək lazımdır ki, 2009-cu ildə əsas qiymətlərlə neft sektorunda ÜDM-in həcmi 2008-ci ilin gözlənilən səviyyəsinə nisbətən 588,1 mln. manat azalacağı halda, qeyri-neft sektorunda ÜDM-in həcmi, əksinə, 3109,5 mln. manat artacaqdır. Adambaşına düşən ÜDM-in həcmi 2008-ci ildə gözlənilən 4805,1 manata (və ya 5884,4 ABŞ dollarına) nisbətən 235,5 manat (və ya 416,4 ABŞ dolları) artaraq 5040,6 manat (və ya 6300,8 ABŞ dolları) təşkil edəcəkdir. Ortamüddətli perspektivə, yəni 2009–2012-ci illərdə ÜDM-in strukturunda sənayenin xüsusi çəkisinin təqribən 15 faiz azalmasına və 47,2 faiz həcmində qərarlaşması hesabına digər sahələrin xüsusi çəkilərinin əhəmiyyətli dərəcədə (xüsusilə xidmət, kənd təsərrüfatı və tikinti sahələrinin) artması nəzərdə tutulmuşdur. Nəticədə, ciddi struktur dəyişikliklərinə nail olunmaqla yanaşı, qeyri-neft sektorunun dayanıqlı inkişafı da əldə ediləcəkdir.

ÜDM-in strukturunda 2009-2012- ci illərdə qeyri-neft sektorunun payının 2009-cu ilə planlaşdırılan 41,0 faizdən (2008-ci ilə bu göstəricinin 36,0 faiz olacağı gözlənilir) 2012-ci ilə 57,1 faizə qədər, başqa sözlə, 16,1 faiz artırılması nəzərdə tutulmuşdur. Buna uyğun olaraq real artım sürəti də 2012-ci ildə qeyri-neft sektorunda neft sektoru ilə müqayisədə 15,8 faiz çox olacaqdır.

Azərbaycanda 2007-ci il ərzində 31 milyard ABŞ dollarlıq ÜDM istehsal olunmuş və 2006-cı ilə nisbətən real olaraq 25 faiz artmışdır. ÜDM-in çoxalması Azərbaycanın iqtisadi gücünü və potensialını yüksəltmişdir. Belə ki, əhalisinin nisbi azlığına baxmayaraq, 2003-cü ildə ÜDM-in həcminə görə dünyada 90-cı yerdə olan Azərbaycan, beş il sonra 71-ci yeri tutmuşdur.

Son beş ildəki yüksək iqtisadi artım Azərbaycanla inkişaf etmiş ölkələr arasındakı adambaşına düşən ÜDM-in fərqini tədricən azaltmışdır. Bu müsbət meyl gələcəkdə də davam edəcəkdir. Belə ki, Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, yaxın 6 il ərzində dünyada adambaşına düşən ÜDM-in ən yüksək artım sürəti (252,6 faiz) Azərbaycanda müşahidə ediləcəkdir. 2003-cü ildə ölkədə adambaşına düşən ÜDM 880 ABŞ dolları idisə, cari ilin sonunda 5.689 ABŞ dolları olacaqdır. Bütün bunlar ölkənin ulu öndər Heydər Əliyevin müəyyən etdiyi islahatlar, Prezident İlham Əliyevin adı ilə bağlı yüksəliş və hərtərəfli tərəqqi yolu ilə inamla irəlilədiyini bir daha təsdiqləyir.

 

Xanhüseyn KAZIMLI,

 Milli Məclisin üzvü, professor 

 

Xalq qəzeti.- 2008.- 2 dekabr.- S.5.