Zeynəb Cavadlı: ilin finişində gümüş medal

 

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən redaksiyamıza bildirmişlər ki, 17 yaşlı Zeynəb Cavadlı Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirin gümüş mükafatçısı olmuşdur. Həmyerlimiz ip, halqa, gürzlər və lentlə çıxışlarının yekununda 63,635 xal toplayaraq ikinci yeri tutmuşdur. Qalib adını isə rusiyalı Vera Sesina qazanmışdır.

Yarış başa çatdıqdan sonra Zeynəb demişdir:

– Əgər turnirin proqramında ayrı-ayrı növlərdə də finallar nəzərdə tutulsaydı, ən azı iki dəfə fəxri kürsüyə qalxa bilərdim. Amma bu, o demək deyil ki, mən təkcə bir mükafat qazanmaqdan razı deyiləm. Zaqrebdə keçirilən turnir bu il mənim üçün son yarış idi və ili major notda başa vururam.

Xatırladaq ki, Cavadlı bu yaxınlarda Tokioda klublararası dünya çempionatında bürünc mükafatçı olmuş, Bratislavada “Qran-Pri”nin final yarışlarında isə beşinci yeri tutmuşdu.

İndi Azərbaycan gimnastlarını İtaliya klub çempionatınının A1 seriyasında final turu gözləyir. Dekabrın 6-da Folinyo şəhərində başlanacaq bu yarışda Aliyə Qarayeva “Ardor” klubunun, Anna Qurbanova isə “Komenze-1872" komandasının şərəfini qoruyacaqlar.

Bu arada Bakıda idman gimnastikası üzrə 15-ci Azərbaycan çempionatı keçirilmişdir. Çempionatın mükafatları uğrunda paytaxt idman cəmiyyətlərinin, Sumqayıt və Balakən klublarının təmsilçiləri mübarizə aparmışlar.

İdman ustaları arasında Azərbaycan çempionu adını ardıcıl ikinci il Şakir Şıxəliyev qazanmışdır. Qalib çoxnövlükdə 43,6 xal toplamışdır. Elvin Ağadədəyev ondan təxminən 6, çempionun qardaşı Faiq isə 10 xal geri qalmışlar.

Ustalığa namizədlərin yarışında Ruslan Balakişiyev yenidən ən güclü olmuşdur — 48,2 xal. Gümüş və bürünc medalları müvafiq surətdə Yevgeni Samarkin (41,9) və Uğur Xəlilbəyli (41,3) qazanmışlar.

Birinci dərəcəli gimnastlar arasında ilk üç yeri Anar Əlihəsənov (42,6), Altay Əhədov (42,5) və İlqar Əhmədli (42,4) tutmuşlar.

 

Oqtay BAYRAMOV.

 

Xalq qəzeti.-2008.-3 dekabr.-S.8.