Peşə təhsilinə
diqqət artırılır
Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bu günlərdə nazir Misir Mərdanov Avropa Komissiyasının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri cənab Alan Vaddamsla görüşüb.
Görüşdə ali və peşə təhsili üzrə bir sıra məsələlər, qarşılıqlı əməkdaşlığın istiqamətləri müzakirə olunub.
Təhsil naziri Misir Mərdanov son illər ölkəmizdə peşə təhsili sahəsi üzrə həyata keçirilən tədbirlər, bu sahəyə olan dövlət qayğısı, mövcud Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat verib. Nazir həmçinin Cənubi Koreyanın “DAEWOO” şirkəti ilə yaradılan əlaqələr, “British Council” tərəfindən müəyyən layihələrin reallaşdırılmasından söz açıb. Misir Mərdanov Dünya Bankı ilə birgə həyata keçiriləcək II layihədə bu sahənin inkişafına geniş yer ayrıldığını qeyd edib.
Sonra nazir Avropa Təhsil Fondu ilə peşə təhsili sahəsi üzrə qurulan əlaqələrdən söz açıb. Bu sahənin inkişafı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildiyindən danışan nazir bu il Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin fəaliyyətə başladığını qeyd edib. Eyni zamanda, Misir Mərdanov müvafiq işin İsmayıllı rayonunda da aparıldığını diqqətə çatdırıb, eləcə də nəzərdə tutulan digər işlər haqqında məlumat verib. Ölkəmizin ali təhsil sahəsi üzrə bir sıra addımlar atıldığını diqqətə çatdıran nazir Avropa ali təhsil əlaqələri, ERAZMUS-MUNDUS, TEMPUS proqramları və Boloniya prosesi çərçivəsində görülən işlər, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində reallaşdırılan tədbirlər haqqında danışıb. Alan Vaddams peşə təhsili sahəsi üzrə yeni layihədən söz açaraq, onun məqsədinin ölkəmizdə peşə təhsilinin inkişafına yardım etmək olduğunu qeyd edib, eyni zamanda Avropa təhsil proqramları üzrə əlaqələrin daha da genişləndirilməsi məsələsinə də toxunub. Görüşdə peşə təhsili kurrikulumunun hazırlanması, birgə əməkdaşlığın prioritet istiqamətləri, eləcə də digər vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mehdi MÜKƏRRƏMOĞLU.
Xalq qəzeti.-2008.-3 dekabr.-S.7.