Müəllim hazırlığı
təhsil islahatının
vacib komponentidir
“Təhsil millətin
gələcəyidir” –deyirdi ulu öndər Heydər Əliyev. Bu
böyük şəxsiyyətin başladığı təhsil
islahatı bu gün çox uğurla davam etdirilir. Son beş ildə ölkəmizdə 1600-ə
yaxın yeni məktəb inşa edilmiş, məktəblərə
informasiya texnologiyaları gətirilmiş, təhsilin məzmunu
əsaslı şəkildə yeniləşmiş, dərslik
problemi həll edilmiş, bir sözlə, milli təhsilimiz
yeni inkişaf yoluna qədəm qoymuşdur.
Söz yox ki, islahatların aparılması təhsilin bütün sahələrini əhatə etmişdir. O cümlədən müəllim hazırlığı sahəsində də əsaslı yeniliklər yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin xüsusi qayğısı nəticəsində müəllim hazırlığı diqqət mərkəzində olmuşdur. Belə ki, ulu öndər Heydər Əliyev 2000-ci il iyunun 13-də Azərbaycan Müəllimlər İnstitutunun yaradılması haqqında fərman imzalamışdır. Bu institutun və onun 11 filialının yaradılmasında məqsəd məktəbdənkənar tərbiyə müəssisələri və ibtidai siniflər üçün, eləcə də müxtəlif fənlər üzrə müəllimlər hazırlanmasını, habelə müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını təmin etməkdən ibarət idi. Müəllim əməyinə yüksək qiymət verən ulu öndər onları savadlı, yüksək dünyagörüşünə malik, müasir proseslərdən baş çıxaran bir mütəxəssis kimi görmək istəyirdi. Ona görə də bu dahi şəxsiyyətin xüsusi fərmanı ilə əsası qoyulmuş Azərbaycan Müəllimlər İnstitutu yarandığı vaxtdan müəllim kadrlarının yetişdirilməsində mühüm rol oynamağa başlamışdır. Bu institutun və onun ayrı-ayrı filiallarının yetişdirdiyi kadrlar bu gün ölkəmizin müxtəlif guşələrində çalışmaqla, təhsilimizin inkişafına öz köməkliklərini göstərirlər.
Qeyd edim ki, ötən beş ildə müəllim hazırlığına, onların ixtisaslarının artırılmasına və yenidən hazırlanmasına dövlətimiz tərəfindən xüsusi dəstək verilmişdir. Cənab Prezidentimiz İlham Əliyevin müəllim kadrların hazırlanmasına göstərdiyi diqqət artıq öz bəhrəsini verməkdədir. “2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsinin pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı”nın qəbul olunması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsini zəruri şərt kimi qarşıya qoydu. Proqramın həyata keçirilməsi üçün 5,4 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 5 ildə ümumtəhsil məktəblərinin ehtiyac olan 7 min kadrla təmin olunması, ixtisaslı kadr korpusunun yenidən hazırlanması, müəyyənləşdirilmiş kontingentin ixtisasının artırılması, yerlərdə gənc mütəxəssislər üçün müvafiq iş şəraitinin yaradılması, dövlət ali və orta ixtisas məktəblərini bitirmiş, rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən məktəblərə göndəriş almış və dərhal əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün həvəsləndirici tədbirlərin həyata keçirilməsini təmin etməli idi. Artıq bu sahədə çox ciddi addımlar atılmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala rayon filialı da bu proqramın reallaşmasına öz töhfələrini vermişdir. Müəllimlər İnstitutunun Zaqatala filialı son illər əsaslı şəkildə yeniləşmişdir. Təhsil naziri Misir Mərdanov və institutun rektoru Aqiyə Naxçıvanlı filialımızın fəaliyyəti ilə daim maraqlanır, hər vaxt lazımi köməklik göstərirlər. Məlumat üçün bildirim ki, filialımızda 2008-2009-cu tədris ilində tələbələrin sayı 343 nəfərə çatmışdır. Filialımızda hazırda pedaqoji fakültə iki kafedra vardır. Müasir təlim metodları, kredit sistemi kabinetləri yaradılmışdır.
Filialımızın yerləşdiyi bina da bir vaxtlar bərbad vəziyyətdə idi. Bu gün artıq binamız tam təmir olunmuşdur. Yaraşıqlı auditoriyalar, elektron kitabxana, akt zalı, kompyuter kabineti, yeməkxana yüksək səviyyədə təmir olunub, istifadəyə verilmişdir. Əlbəttə, bütün bunlar təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərir. Filialımızda yüksək ixtisaslı professor müəllim heyəti çalışır. Onların hər biri çalışır ki, hazırladığımız kadrlar cəmiyyətdə özlərinə layiqli yer tutaraq, yeni nəslin təlim-tərbiyəsində fəal iştirak etsinlər.
Biz yaxşı başa düşürük ki, respublikamızda müəllimlərin sayının son beş ildə 11 min nəfər artması kadr seçiminin ciddiləşməsinə səbəb olmuşdur. İndi yalnız yüksək hazırlıqlı müəllim kadrları cəmiyyətdə özünə yer tuta biləcək. Ona görə də çalışırıq ki, hazırladığımız kadrlar öz peşələrini dərindən öyrənsinlər, pedaqoji prosesin incəliklərindən baş çıxarsınlar.
Bəzən deyirlər ki, bu qədər pedaqoji kadrlara ehtiyac yoxdur. Ancaq mən təhsil nazirinin müəllimlərin qurultayında dediyi bir fikri diqqətə çatdırmaq istəyirəm: “Əgər 5 il əvvəlki dövrə nəzər salsaq, kənd yerlərində 7 min nəfərədək pedaqoji kadra ehtiyac yaranması ciddi narahatlıq doğurur”. Doğrudan da, indi bu problem qismən həll olunub. Bizim filialı bitirmiş məzunların əksəriyyəti kənd yerlərində işləməyi üstün tuturlar. Çünki dövlətimiz tərəfindən ucqar kənd yerlərində işləməyə göndərilən müəllimlərə xüsusi güzəştlər edilir, onlar üçün lazımi şərait yaradılır.Bu mənada mən təkcə bizim filialın deyil, ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən filialların da böyük xidmətləri olduğunu nəzərə çapdırmaq istəyirəm.
Bu il birinci siniflərdə kurrikulum tətbiq olundu. Bunu nəzərə alaraq, biz
də tələbələrimizə
kurrikulumun mahiyyəti,
bu islahatın keçirilməsinin əhəmiyyətini
dərindən mənimsəmək
üçün xüsusi
dərslər keçirilməsini
təmin etdik. İndi artıq bizim məzunlar kurrikulumla dərs aparmaqda çətinlik çəkməyəcəklər.
Yeni kurrikulumun özəlliklərindən
biri də odur ki, ibtidai
sinif müəllimləri
xarici dil bilmək və tədris etmək səriştəsinə malik
olmalıdır. İndi həmin
kurrikulumda xarici dilin tədrisinə ana dilinə ayrılan vaxt qədər saat ayrılmışdır. İbtidai siniflərdə
bu fənnin tədrisinin məsuliyyəti
ibtidai sinif müəllimlərinin üzərinə
düşdüyündən onlar xarici dilə
bir ixtisas fənni kimi yiyələnməli olacaqlar.
Biz istəyirik ki, məzunlarımız ancaq savadlı mütəxəssis kimi deyil, həm də yaradıcı, düşünən, öz
problemlərini müəyyənləşdirib
həll edə bilən, pedaqoji ustalığa və tədqiqatçılıq qabiliyyətinə
malik olan bir şəxs kimi yetişsinlər.
Zaman bizim qarşımıza yeni tələblər qoyur. Təhsildə hər
an yeniləşmə,
tərəqqi baş verir. Ona görə biz işimizi
elə qurmağa çalışırıq ki,
zamanla ayaqlaşa bilək.
Bu günlər ölkəmizdə
məktəbəqədər təhsil müəssisələrində
və ümumtəhsil
məktəblərində baş
verən yeniləşməni
biz aydın görürük. Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva təhsilimizin inkişafına, yeni məktəblərin, uşaq
evlərinin tikilməsinə
daim yardım göstərir. Biz də tikilən bu yeni məktəblərdə
çalışacaq yeni
düşüncəli, yüksək
hazırlıqlı müəllim
kadrları hazırlamağa
borcluyuq. Vəzifə borcundan əvvəl bu bizim vətəndaşlıq
borcumuzdur. Çünki müstəqil Azərbaycanımızın
gələcəyini quracaq
insanların tərbiyə
olunub yetişməsində
bizim hazırladığımız
müəllim kadrların
üzərinə çox
mühüm məsuliyyət
düşür.
Dövlət başçımız cənab
İlham Əliyevin müəllimə, bütövlükdə
təhsilə göstərdiyi
qayğı və diqqətə biz öz əməli işimizlə
cavab verməyə çalışacağıq. Filialımızda hazırlanan pedaqoji kadrların ölkəmizin
hansı guşəsində
çalışmasından asılı olmayaraq, cənab Prezidentimizin etimadını doğruldacağına
əminik. Çünki
onlar yüksək vətənpərvərlik ruhunda tərbiyə
olunurlar.
Tovuz EMİNLİ,
Azərbaycan Müəllimlər
İnstitutu Zaqatala
filialının direktoru
Xalq qəzeti.-2008.-3 dekabr.-S.6.