Avropa Şurasının
Baş katibi parlamentdə çıxış
edib
Milli Məclisin iclasında
Avropa
Şurasının Baş katibi parlamentdə
çıxış edib
Dünən Milli Məclisin
növbəti iclası keçirildi. İclasa sədrlik edən
birinci vitse-spiker Ziyafət Əsgərov gündəliyi səsə
qoydu. Sonra deputatlar gündəliyə münasibətlərini
açıqladılar, rəy və təkliflərini bildirdilər.
Cari məsələlərin
müzakirəsindən sonra beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr daimi
komissiyasının sədri Səməd Seyidov “Azərbaycan
Respublikası hökuməti ilə Meksika Birləşmiş
Ştatları hökuməti arasında diplomatik pasporta malik vətəndaşların
vizadan azad olunması haqqında ”sazişin təsdiq edilməsi
barədə" Azərbaycan Respublikası Qanununun layihəsini
təqdim etdi. Bildirdi ki, bu, çox böyük əhəmiyyət
kəsb edən bir sənəddir. Komissiyanın iclasında da
geniş müzakirə edilib. Qeyd olunub ki, belə sazişlərin
imzalanması ölkəmizin digər dövlətlərlə
əlaqələrini daha da möhkəmləndirəcək. Həmçinin
Azərbaycan Respublikası hökuməti və Slovakiya
Respublikası hökuməti arasında gömrük məsələləri
üzrə əməkdaşlıq və
qarşılıqlı yardım haqqında" sazişin təsdiq
edilməsi də vacib sayıldığından deputatlar hər
iki sənədi yekdilliklə qəbul etdilər.
“İşgəncələrə
və digər qəddar, qeyri-insani və ya ləyaqəti
alçaldan rəftar və ya cəza əleyhinə
Konvensiyanın fakültətiv protokolunun təsdiq edilməsi
haqqında” qanun layihəsi barədə məlumat verən
S.Seyidov sənədin ölkəmiz üçün vacib
olduğunu bildirdi. Belə konvensiyalara qoşulmaqla ölkəmiz
Avropa və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir.
Protokolun məqsədi işgəncələrin və digər
qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar
və cəza növlərinin qarşısının
alınması üçün azadlıqdan məhrum
edilmiş şəxslərin saxlanıldığı yerlərə
müstəqil beynəlxalq və milli orqanlar tərəfindən
mütəmadi başçəkmələr sisteminin
yaradılmasından ibarətdir. Digər vacib məqamları
da özündə əks etdirən Fakültətiv Protokolun
təsdiq edilməsi ölkəmizdə insan haqlarının
qorunmasına böyük diqqət göstərməsindən
xəbər verir.
Deputatlar bu sənədi
də yekdilliklə qəbul etdikdən sonra “Nüvə
terrorçuluğu əməlləri ilə mübarizə
haqqında” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə
qanun layihəsi müzakirəyə çıxarıldı. Qeyd
olundu ki, bu sənəd Milli Məclisin təhlükəsizlik
və müdafiə məsələləri daimi
komissiyasının iclasında geniş müzakirə olunub. Bu
sənəd 2005-ci il sentyabrın 15-də Nyu-York şəhərində
imzalanmışdır. Beynəlxalq Konvensiya imzalanan zaman Azərbaycan
tərəfindən bəyanat verilmişdir. Həmin bəyanatda
bildirilir: “Azərbaycan Respublikası bəyan edir ki, Ermənistan
Respublikası tərəfindən işğal olunmuş ərazilərində
konvensiyanın müddəalarının həyata
keçirilməsinə həmin ərazilər işğaldan
azad olunana qədər təminat vermək iqtidarında
deyildir”.
Bu sənədin də zəruriliyini
təsdiqləyən deputatlar sonra Azərbaycanın milli təhlükəsizlik
orqanlarının 90 illiyi (1919-2009) yubiley medalının təsis
olunması haqqında qanun layihəsinin təsdiqinə səs
verdilər.
“Torpaq islahatı
haqqında” Qanuna, Torpaq Məcəlləsinə və
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər
və əlavələr edilməsi barədə qanun layihəsini
parlamentin aqrar məsələlər daimi komissiyasının
sədri Eldar İbrahimov təqdim etdi. Qeyd olundu ki,
sözügedən dəyişiklik Xəzər dənizinin
sahillərində aparılan tikintilərlə
bağlıdır. Bu vaxta qədər Xəzər dənizinin
80-130 metrlik məsafəsinə qədər tikinti
aparılmasına icazə verildiyini diqqətə
çatdıran komissiya sədri dedi ki, dəyişikliyə əsasən
həmin məsafə 20-50 metrə qədər
azaldılıb. E.İbrahimov bunu Xəzər dənizi sahillərində
kifayət qədər ev tikildiyini və qanunvericiliyə dəyişikliyin
edilməsi ilə əhalinin mülkiyyət hüququnun
qorunmasına xidmətlə əlaqələndirdi.
Qanun layihəsi ciddi
müzakirələrə səbəb olsa da sonda qəbul
edildi.
Azərbaycanda səfərdə
olan Avropa Şurasının Baş katibi Terri Devis
günün ikinci yarısında Milli Məclisin iclasına
qatıldı. Özünü Azərbaycanın böyük
dostu hesab edən Avropa rəsmisi Avropa Şurasına üzv
ölkələrin mədəniyyət nazirlərinin
Bakıda beynəlxalq konfransının keçirildiyini
yüksək qiymətləndirərək dedi: “Bu gün Avropa
Azərbaycanda görüşür, sabah isə dünya Azərbaycanda
görüşəcək”.
Müzakirəyə
çıxarılmış digər qanun layihələri barəsində
də müvafiq qərar qəbul olundu.
Əliqismət BƏDƏLOV.
Xalq qəzeti.-2008.-3 dekabr.-S.6.