Beynəlxalq Dəniz Təşkilatının
Dəniz Təhlükəsizlik
Komitəsinin 85-ci sessiyası
Cari ilin noyabrın 26-dan
dekabrın 5-dək Londonda Beynəlxalq Dəniz Təşkilatının
Dəniz Təhlükəsizlik Komitəsinin 85-ci sessiyası
keçirilir.
Sessiyanı giriş sözü ilə açıq elan edən BDT-nin baş katibi admiral E. Mitropoulus DTK-nin 84-cü sessiyasından keçən dövr ərzində dəniz nəqliyyatı sahəsində təhlükəsizlik üzrə əldə edilmiş nailiyyətlər, qarşıya çıxan problemlər və keçən sessiyada qəbul edilmiş normativ sənədlərin və qətnamələrin üzv dövlətlər tərəfindən icra vəziyyəti barədə geniş məlumat vermişdir.
BDT-nin baş katibi həmçinin qeyd etmişdir ki, son zamanlar Somali sahillərində baş vermiş dəniz quldurluğu halları haqlı olaraq nəinki dəniz dövlətlərini, eləcə də bütün dünyanı narahat edən, ciddi, özlüyündə təcili tədbirlərin görülməsini tələb edən problemdir və bu problemin həlli üçün bütün qüvvələr səfərbər edilməlidir. Admiral E.Mitropoulusun toxunduğu məsələlər iştirakçı dövlətlər tərəfindən dəstəklənərək problemin həllində üzv dövlətlərin həmrəy olmasının vacibliyi bildirilmişdir.
Sessiya ərzində komitə iştirakçıları tərəfindən yeni inşa edilən gəmilər üçün tətbiq olunmalı standartlar, dənizçilərin hazırlanması və sertifikatlandırılmasına dair məsələlər, dənizdə təhlükəsizlik tədbirləri üzrə insan faktorunun qiymətləndirilməsi, təhlükəli yüklərin daşınması ilə əlaqədar dəniz təhlükəsizliyi qaydalarına əməl olunması sahəsində vəziyyət müzakirə edilmiş və qeyd olunanlarla bağlı müvafiq normativ sənədlər və qətnamələr qəbul edilmişdir.
Azərbaycan Respublikasını sesiyada təmsil edən nümayəndə heyəti göstərilən məsələlərin müzakirəsi, müvafiq normativ sənədlərin və qətnamələrin hazırlanması və qəbul olunmasında yaxından iştirak edir.
Sessiyanın davam etdiyi günlərdə Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bir sıra dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirmiş və həmkarlarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində respublikada iqtisadiyyatın dinamik inkişafı, həmçinin Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların tələblərinin uğurla yerinə yetirilməsi, dəniz nəqliyyatı sahəsində əldə edilmiş nailiyyətlər barədə geniş məlumatlar verilmiş və Dövlət Dəniz Administrasiyası ilə BDT-yə üzv olan dövlətlərin dəniz administrasiyaları arasında gələcək əməkdaşlıq istiqamətləri hərtərəfli müzakirə edilmişdir.
Qabil YUSİFOĞLU.
Xalq qəzeti.-2008.-3 dekabr.-S.6.