Maliyyə böhranının Azərbaycanın bank
sektoruna təsir edəcəyini proqnozlaşdırmağa əsas
yoxdur
Son vaxtlar ayrı-ayrı mətbuat orqanlarında qlobal maliyyə böhranının Azərbaycanın bank sisteminə, o cümlədən də bütövlükdə ölkə iqtisadiyyatına təsiri ilə bağlı həqiqəti əks etdirməyən yazılar dərc olunur. Guya hansısa bank müflisləşib. Guya real sektorun maliyyə mənbələri məhdudlaşıb və bu üzdən də ölkə iqtisadiyyatı çökməyə doğru gedir və s. Bəs əsl həqiqətdə vəziyyət necədir? Məsələnin aktuallığını nəzərə alaraq ölkənin nüfuzlu maliyyə qurumlarından birinin – “Texnikabank” Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının sədri, iqtisad elmləri namizədi Etibar Əliyevdən mövzuya öz mütəxəssis münasibətini bildirməsini xahiş etdik. O dedi:
— Əslində, hazırda bütün dünyanın diqqət mərkəzində olan qlobal maliyyə böhranı ilə bağlı mətbuatda müzakirələr aparılması təqdir olunası haldır. Mən özüm informasiya bolluğunun tərəfdarıyam. Hesab edirəm ki, cəmiyyət bizim misalda qlobal maliyyə böhranı ilə bağlı nə qədər çox məlumatlandırılsa, ona qarşı durmağa da bir o qədər güclü olar. Ancaq belə ciddi müzakirələrə diletantlar yox, yüksək peşəkarlığa malik yazarlar qoşulmalıdırlar. Onlar da cəmiyyət qarşısında öz yüksək mənəvi məsuliyyətlərini dərk etməli, həqiqəti yazmalı, faktları astar üzünə çevirməməlidirlər. Heç bir vəchlə yol vermək olmaz ki, belə həssas məsələnin müzakirəsində ambisiyalar, siyasi məqsədlər həqiqəti üstələsin. Təəssüf ki, son vaxtlar bəzi müxalifət qəzetlərində qlobal maliyyə böhranının Azərbaycanın bank sektoruna və bütövlükdə iqtisadiyyatımıza təsiri ilə bağlı dərc olunan yazılarda populizm ruhu hakimdir və onlar cəmiyyətdə süni ajiotaj yaratmağa, dövlətin iqtisadi kursunu qaralamağa yönəldilib. Məsələn, mətbuatda bəzi bankların iflasa uğraması barədə əsası olmayan məlumatlar yayılıb. Hər hansı bankın müflisləşməsinin nəzəriyyəsi var. Bu o deməkdir ki, bank öz öhdəliklərini bütünlüklə icra edə bilmir. Halbuki bu gün Azərbaycanın bank sektorunda öhdəliyini yerinə yetirməyən bank yoxdur. Bütün banklar öz öhdəliklərini yerinə yetirmələri üçün lazımi ehtiyatlara və likvid aktivlərə malikdirlər.
Bu günlərdə Milli Bankın rəhbərliyinin keçirdiyi mətbuat konfransında belə bir fikir xüsusi vurğulandı: Bank sistemi elə bir həssas xidmət sferası, iqtisadiyyat sahəsidir ki, orada əhalinin əksər hissəsinin marağı cəmləşdiyindən qərəzli məlumatlar insanların, iş adamlarının davranışına mənfi təsir edir. İndi görün mətbuatda faktlar əyri güzgüdən təqdim olunanda cəmiyyətdə necə mənfi emosiyalar, necə böyük gərginlik yaranır. Buna görə də mən təkrar etməyi zəruri sayıram ki, mətbuat nümayəndələri ümumi, milli mənafe daşıyan məsələlərə münasibətdə yüksək mənəvi məsuliyyət nümayiş etdirməlidirlər.
Bu gün Azərbaycanın bank sektoru, Milli Bankın rəhbəri Elman Rüstəmovun vurğuladığı kimi, sağlam durumdadır və çox effektiv fəaliyyət göstərir. Bu fikrin təsdiqi kimi, ölkənin bank sisteminin inkişaf dinamikasını əks etdirən çoxsaylı faktlar gətirə bilərik. Ötən il bank sisteminin artım göstəriciləri son dörd ildə ən yüksək səviyyəyə - 70-80 faizə çatmışdır. Bütövlükdə, ölkənin bank sisteminin aktivləri 2004-cü ildən etibarən 5 dəfə artmışdır və 2007-ci ildə bu göstərici 6,8 milyard manat təşkil etmişdir. Hazırda Azərbaycanın məcmu bank aktivləri Cənubi Qafqazın bank aktivlərinin təxminən 60 faizinə bərabərdir. Bütün bu və digər göstəricilər Azərbaycan iqtisadiyyatının inkişafının, həmçinin ölkədə sosial durumun getdikcə yaxşılaşmasının təzahürüdür.
Qlobal maliyyə böhranının Azərbaycanın bank sektoruna və bütövlükdə iqtisadiyyatımıza birbaşa təsiri ilə bağlı bəzi müxalifət qəzetlərində qaldırılan hay-küyün əsası yoxdur. Bəli, hazırda dünyada qlobal maliyyə böhranı ilə bağlı ciddi narahatlıqlar yaşanılır, çünki ayrı-ayrı ölkələr böhranın fəsadları ilə üz-üzə qalmışlar. Lakin qlobal maliyyə böhranından söhbət açarkən hər ölkənin fərqli xüsusiyyətlərini də nəzərə almaq lazımdır. Hər bir ölkə getdikcə daha çox dərəcədə qloballaşan dünya ilə sıx inteqrasiyaya can atmaqla yanaşı, həm də müxtəlif sahələrdə, o cümlədən də iqtisadi sahədə öz təhlükəsizliyini təmin etməlidir. Tam cəsarətlə deyə bilərik ki, bu gün Azərbaycan qlobal maliyyə böhranının birbaşa təsirindən qorunmaq iqtidarındadır.
— Etibar müəllim, istərdik ki, bu barədə daha geniş söhbət açasınız. Azərbaycanın qlobal maliyyə böhranının birbaşa təsirindən qorunmasını şərtləndirən amillər hansılardır?
— Məlumdur ki, bu və ya digər ölkənin hərtərəfli inkişafında, milli maraqlarının maksimum dərəcədə qorunmasında onun iqtisadi potensialı əsas rol oynayır. Bu cəhətdən ümummilli liderimiz Heydər Əliyev siyasi kursunu uğurla irəli aparan dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən bəri iqtisadi sahədə qazanılan nailiyyətlər çox sevindiricidir. Dövlətimizin iqtisadi siyasət kursunda bir-birindən fərqli, eyni zamanda, bir-birini tamamlayan iki istiqamət daha çox diqqəti cəlb edir. Bu istiqamətlərdən biri neft amili ilə bağlıdır. Nəzərə alsaq ki, Azərbaycan tarixən neft diyarı sayılır və respublikamızın zəngin karbohidrogen ehtiyatları vardır, bu, tamamilə təbiidir. Lakin Vətənimizin, xalqımızın xoşbəxtliyi həm də ondadır ki, dövlət başçısının uzaqgörənliyi və iradəsi sayəsində vaxtında Azərbaycanın neft amilindən asılılığını aradan qaldırmağa imkan verən ardıcıl tədbirlər həyata keçirilib. Başqa sözlə desək, son illərdə ölkəmizdə aparılan iqtisadi siyasətin digər mühüm istiqaməti qeyri-neft sektorunun inkişaf etdirilməsi, o cümlədən də bölgələrin inkişaf proseslərinə qoşulması, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılması ilə bağlı olmuşdur. Dövlətin qeyri-neft sektorunun inkişafı strategiyasının əsasları artıq uğurla reallaşdırılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illəri əhatə edən birinci Dövlət Proqramında öz əksini tapmışdır. Bundan başqa, ayrı-ayrı regionların sosial-iqtisadi inkişafı ilə bağlı ayrıca dövlət proqramları qəbul edilmişdir. Bütün bunlara istinadən deyə bilərik ki, ölkə iqtisadiyyatının çoxqütblüyünə nail olunması, bölgələrin potensialından maksimum istifadə edilməsi dövlətin iqtisadi konsepsiyasının prioritetini təşkil edir. Ən əsas məqam isə ondan ibarətdir ki, ölkənin iqtisadi potensialını bütün miqyası ilə hərəkətə gətirmək üçün lazımi dövlət dəstəyi göstərilir, layihələrin icrasına maliyyə təminatı verilir.
Bütün bunların nəticəsidir ki, son illərdə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf tempi ilə xarakterizə olunur. Son dörd ildə ölkə iqtisadiyyatında 3 dəfəyə yaxın artıma nail olunub. Respublikamız iqtisadi inkişafı xarakterizə edən əsas makroiqtisadi göstəricinin - ümumi daxili məhsul istehsalının həcmini 25 faizə çatdıraraq bütün dünya üzrə lider mövqeyə yüksəlmişdir. Əsas məqamlardan biri də odur ki, ümumi daxili məhsul istehsalında özəl bölmənin çəkisi getdikcə artır və hazırda bu göstərici 80 faiz civarındadır. Son beş ildə paytaxtda və bölgələrdə 750 mindən artıq yeni iş yerləri açılmışdır ki, onların da böyük əksəriyyəti daimidir.
Bu gün Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasını əks etdirən başqa statistik rəqəmləri də sadalamaq mümkündür. Lakin makroiqtisadi vəziyyətin qısa təhlili ilə bağlı yuxarıda gətirdiyimiz faktlar ölkə iqtisadiyyatının nikbinlik doğuran mənzərəsi barədə konkret təsəvvür yaratmağa kifayətdir.
Beləliklə, deyə bilərik ki, bir tərəfdən respublikanın zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə olunması, digər tərəfdən isə qeyri-neft sektorunun potensialının hərəkətə gətirilməsi Azərbaycan iqtisadiyyatının davamlı və sabit inkişafına, hər hansı xarici təhlükədən qorunmasına, konkret halda qlobal maliyyə böhranının təsirlərindən sığortalanmasına etibarlı zəmin yaratmışdır.
İqtisadiyyatın dinamik inkişafı, təbii ki, ölkənin maliyyə imkanlarını da genişləndirmişdir. Artıq respublikamızın strateji valyuta ehtiyatları 20 milyard dollar həcminə çatmışdır. Azərbaycanın beynəlxalq maliyyə qurumlarından asılılığına son qoyulmuşdur. Təkcə ötən il daxili investisiyalarda hökumətin payı daha 12 faiz artaraq 64 faizə yüksəlmişdir. Respublikamızın qlobal maliyyə böhranının birbaşa təsirinə məruz qalmadığını söyləməyə əsas verən başqa bir fakta diqqət yetirək: Əgər ölkənin xarici borclanmasının ümumi daxili məhsula nisbəti 2005-ci ildə 18 faiz, 2006-cı ildə 12 faiz, 2007-ci ildə 8 faiz olmuşdusa, hazırda analoji rəqəm cəmi 6,5 faiz həddindədir. Müqayisə üçün deyim ki, bu, bütün dünya üzrə ən az riski olan göstəricidir. Yeri gəlmişkən, beynəlxalq maliyyə qurumlarının, Dünya Bankının təmsilçiləri də Azərbaycanın iqtisadiyyatının əsasən güclü daxili potensial üzərində qurulduğunu vurğulayaraq respublikamızın qlobal maliyyə böhranının təsirindən qorunmağa daha yaxşı hazır olduğunu etiraf edirlər.
– Konkret olaraq, bank sektorunda vəziyyət
necədir? Qlobal maliyyə böhranının Azərbaycanın
bank sektoruna təsirsiz ötüşmədiyi barədə
söylənilən fikirlərin əsası varmı?
- Hələlik qlobal maliyyə
böhranının Azərbaycanın bank sektoruna təsiri
müşahidə olunmur və gələcəkdə də
bu təsirin olacağını proqnozlaşdırmağa əsas
verən arqumentlər yoxdur. Ölkənin bank sektoru sabit fəaliyyət
göstərir, tam idarə olunur və bütün proseslər
nəzarət altındadır. Elə bu günlərdə
Milli Bankın rəhbəri Elman Rüstəmov jurnalistlərlə
söhbətində qlobal maliyyə böhranının
respublikamızın bank sektorundan yan keçəcəyi barədə
nikbin fikirlərini bir daha ifadə etmişdir.
Bu nikbinlik ilk növbədə
Azərbaycanın bank sektorunun spesifik xüsusiyyətlərindən
qaynaqlanır. İlk növbədə onu qeyd edim ki, Azərbaycan
banklarının xarici kapital bazalarından
asılılığı minimal səviyyədədir. Belə
ki, hazırda ölkə banklarının xarici borclanması
bank aktivlərinin cəmi 18 faizini təşkil edir. Halbuki bu
göstərici, məsələn, Qazaxıstanda 78 faiz həddindədir.
Bundan başqa, respublikamızın banklarının dünya
birjalarında səhmləri dövriyyə olunmur. Bu gün fəlakətlə
üzləşən iri maliyyə qurumlarının səhmlərinə
Azərbaycan banklarının portfel investisiyaları yerləşdirilməmişdir.
Azərbaycanın bank
sektorunun qlobal maliyyə böhranının arzuolunmaz təsirlərindən
qorunmasını şərtləndirən başqa bir amil
ölkənin bank-maliyyə sisteminin kifayət qədər
sabit olması ilə bağlıdır. Milli Bankın
davamlı olaraq həyata keçirdiyi çevik monetar siyasət
ölkədə bank sisteminin sabitliyini daha da möhkəmləndirir.
Respublikada fəaliyyət göstərən banklar Milli
Bankın kredit təşkilatlarına nəzarət departamenti
tərəfindən ciddi nəzarətdə saxlanılır.
Ümumiyyətlə, Milli Bank ölkənin bank sektorunda tənzimləyici
funksiya yerinə yetirir, bankların likvidliyinin, kapitalın
adekvatlıq parametrlərinin ardıcıl təhlilini
aparır.
Başqa bir mühüm cəhət
isə ondan ibarətdir ki, son illərdə ölkənin
dinamik iqtisadi inkişafı bir xidmət sahəsi kimi
bankların işinə güclü təkan vermişdir. Yəni
banklarımız öz fəaliyyətlərini getdikcə daha
çox dərəcədə daxili öhdəliklər
hesabına genişləndirirlər. Bu, hər hansı xarici təsirdən
qorunmaq üçün güclü amildir. Deyilənlərə
onu da əlavə edək ki, ölkədə müşahidə
edilən iqtisadi yüksəliş əhalinin gəlirlərinin
çoxalmasına gətirib çıxarmışdır. Nəticədə
əhali tərəfindən banklara yatırılan əmanətlərin
artmasına yaxşı zəmin yaranmışdır. Digər
tərəfdən, əmanətlərin
sığortalanması fondunda sığortalanan əmanətlərin
həcminin getdikcə artması insanlarda bank sektoruna inamı
daha da gücləndirir. Bunu belə bir fakt da təsdiqləyir
ki, cari ilin əvvəlindən əhalinin banklardakı əmanətlərinin
həcmi 22,2 faiz artaraq 2 milyard manata
yaxınlaşmışdır. Bu gün Azərbaycanın
bank sektorunun ahəngdar fəaliyyətini təsdiqləyən
çoxlu belə misallar gətirə bilərik.
– Ancaq təbii amillərlə
yanaşı, qlobal maliyyə böhranının bank sektoruna
və bütövlükdə iqtisadiyyatımıza gətirə
biləcəyi fəsadlardan qorunmaq üçün həm də
qabaqlayıcı tədbirlər görülməsi zəruridir.
- Bəli, ölkənin bank
şəbəkəsində dinamikanı saxlamaq, heç də
asanlıqla yaradılmayan sağlam mühiti qorumaq, real sektoru
qlobal maliyyə böhranının hər hansı dolayı təsirindən
sığortalamaq məqsədilə hökumət və Milli
Bank tərəfindən ardıcıl qabaqlayıcı tədbirlər
görülür. Bu tədbirlər ilk növbədə əlavə
maliyyə alətlərindən istifadə edilməsinə
yönəldilmişdir. Milli Bank hələ ilin əvvəlində
maliyyə böhranının ilk simptomlarını nəzərə
alaraq bankların xarici borclanmasının idarəedilən təhlükəsiz
səviyyədə saxlanılması üzrə konkret
addımlar atmışdır və bu, hazırda öz bəhrəsini
verir. Milli Bankın kreditlər üzrə uçot dərəcəsini
və faiz dəhlizinin yuxarı həddini aşağı
salması da ölkədə maliyyə sabitliyinin
qorunmasına xidmət edir. Uçot dərəcələrinin
aşağı salınması kommersiya banklarına kreditləri
əvvəlki səviyyədə sabit saxlamağa imkan
yaradır. Bankların daxili öhdəliklərinə görə
yaradılan ehtiyat fondunun 12 faizdən 9 faizə endirilməsi,
xarici öhdəliklərinə görə yaradılan məcburi
ehtiyat fondunun ləğv edilməsi bütünlükdə
bankların normal fəaliyyətini tənzimləyəcəkdir.
Bir qədər bundan əvvəl hökumət bank və
sığorta təşkilatlarının mənfəətlərinin
kapitala yönəldilən hissəsinin vergidən azad edilməsi
barədə qərar çıxarmışdır. Hesab edirəm
ki, 2009-cu ildən həyata keçiriləcək bu tədbir
real sektor üçün böyük maliyyə dayağı
olacaqdır. Necə deyərlər, hökumət real sektorun
xeyrinə öz gəlirindən imtina etmişdir.
Belə səmərəli
qabaqlayıcı tədbirlərin gələcəkdə də
həyata keçirilməsi istisna deyildir. Hər halda hökumət,
eləcə də Milli Bank daxili vəziyyəti, dünya miqyasında
baş verən prosesləri ciddi şəkildə izləyir və
şübhə yoxdur ki, zəruri məqamlarda adekvat tədbirlər
görüləcəkdir. Bu barədə elə bu günlərdə
Milli Bankın rəhbərliyi ölkənin daha böyük
banklarının təmsilçiləri ilə geniş
müzakirələr aparmışdır.
İndiki məqamda ölkə
iqtisadiyyatını qlobal maliyyə böhranının
dolayı təsirindən belə qorumaq üçün
bank-maliyyə sektorunun üzərinə böyük məsuliyyət
düşür. Banklar real sektorun maliyyə resurslarına
yaranan ehtiyaclarını təmin etməlidirlər. Mənim qənaətimə
görə, ölkə banklarının risk menecmenti real
sektorun tələblərini ətraflı öyrənməli
və müvafiq qiymətləndirmə aparmalıdır.
İndiki durumda heç bir vəchlə real sektorun problemlərindən
uzaqda durmaq olmaz. Banklar yaranan çətinlikləri maliyyə
resursları hesabına bərpa etməyə
çalışmalıdırlar. Təbii ki, bu zaman maliyyə
resursları daha aşağı faizlə və daha uzun
müddətə müəyyənləşdirilməlidir.
– Son vaxtlar guya bankların
kredit verməkdə və əhalinin əmanətlərini
qaytarmaqda çətinliklərlə üzləşdikləri
barədə dövriyyəyə buraxılan şayiələr
də birmənalı qarşılanmır. Ölkənin
nüfuzlu maliyyə qurumunun rəhbəri kimi bu məsələlərə
aydınlıq gətirməyinizi xahiş edirik.
- Kreditləşmə
bankların fəaliyyətinin mühüm istiqamətini təşkil
etdiyindən onun dayandırılması bankların aqibətinə
çox ağır zərbə olardı. Buna görə də
qətiyyətlə bildirirəm ki, belə şayiələrin
heç bir əsası yoxdur. Ölkənin bank sektorunda kredit
dövriyyəsi heç vaxt
dayandırılmamışdır. Hazırda bankların kredit
portfeli 43 faiz artaraq 6,5 milyard manata çatmışdır. Təkcə
son vaxtlarda banklar tərəfindən 389 milyon manat məbləğində
yeni kreditlər verilmişdir və bu proses normal qaydada davam
etdirilir. O başqa məsələ ki, indiki şəraitdə
kreditləşməyə daha konservativ yanaşma zərurəti
yaranmışdır və banklar kredit verərkən daha
ehtiyatlı davranırlar. Belə ehtiyat tədbirləri
bankların öhdəliklərinin icrasını
yaxşılaşdırmaq, kredit riskini azaltmaq məqsədilə
həyata keçirilir. Xatırladım ki, hazırda
dünyanı çalxalayan qlobal maliyyə böhranı
öz başlanğıcını məhz riski çox olan
ipoteka kreditlərindən götürmüşdür.
Əhalinin banklara
qoyduqları əmanətlərin taleyi ilə bağlı
yaşanan gərginlik başadüşüləndir. Bu,
çox həssas məsələdir. İnsanlar zəhmət
hesabına qazandıqları, qənaət etdikləri vəsaitlərini
gələcəklərinin təminatı naminə banklarda
yerləşdirmişlər. İndi həmin əmanətlərin
taleyinin guya şübhə altında qaldığı barədə
yayılan şayiələr, təbii ki, cəmiyyətdə
müəyyən gərginlik yaratmışdır. Bəli,
etiraf edim ki, son vaxtlar bəzi insanlar öz əmanətlərini
banklardan geri götürməyə tələsirlər.
Halbuki belə ajiotaja heç bir real səbəb yoxdur.
Hazırda Azərbaycanın bank sektorunda likvidlik problemi
yaşanmır. Bank aktivlərinin təxminən 23 faizi likvid vəsaitlərdir
ki, bu da bütövlükdə ölkə banklarına qoyulan
əmanətləri qaytarmaq üçün yetərli həcmdir.
Mən Milli Bankın idarə heyətinin sədrinə istinadən
və aparılan təhlillərə əsasən qəti əminliyimi
ifadə edə bilərəm ki, hətta bütün əmanətçilər
eyni bir gündə əmanətlərini geri götürmək
istəsələr belə, ölkənin bankları həmin əmanətləri
yaradılmış resurslar hesabına ödəmək
iqtidarındadır.
Mən əmanətçiləri
şayiələrə uymamağa, qərəzli yazarları
isə obyektiv olmağa çağırıram.
Ayrı-ayrı mətbuat orqanları həqiqətdən uzaq
yazılar dərc edərkən fərqinə varmadan
soydaşlarımızın mənafeyinə ciddi ziyan vururlar.
Axı banklarda yerləşdirilən əmanətlər
insanların gələcəyi üçün etibarlı təminatdır,
onların sabit, davamlı gəlir mənbəyidir. İnsanlar
banklara əmanət qoymaqla öz vəsaitlərinin idarə
edilməsi üçün ən düzgün seçim
etmiş olurlar. Bununla onlar dividend qazanırlar, öz rifah
hallarını yaxşılaşdırmaq, müxtəlif
sosial problemlərini yoluna qoymaq imkanı əldə edirlər.
Uydurma məlumatlar yayıb onları bu imkandan məhrum etmək,
ən azı, insafsızlıqdır. İnsanları sensasiya
xatirinə çaşdırmaq yox, onları vətənpərvərlik
ruhunda kökləmək lazımdır. Mən insanların
qlobal maliyyə böhranı ilə bağlı psixoloji gərginlik
yaşadığı bir məqamda şəffaf, ədalətli
olmayan, ilk mənbədən dəqiqləşdirilməyən
informasiyanı ölkənin iqtisadiyyatına, real sektora təxribat
kimi qiymətləndirirəm.
Müsahibəni qələmə aldı:
Mübariz ABDULLAYEV
Xalq qəzeti.-2008.-3
dekabr.-S.5.