Azərbaycanda 1 226 338 nəfər
əmək pensiyası
alır
DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, hazırda Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı 137152 nəfər təşkil edir. Onlardan 19-u Azərbaycanın Milli qəhrəmanlarının ailə üzvləridir. Bundan başqa, əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 297668 nəfər təşkil edir. Onlardan 22336 nəfəri 1-ci qrup, o cümlədən 7617 nəfəri 1-ci qrup gözdən əlillərdir. Əmək zədəsi və peşə xəstəliyi ilə əmək pensiyası alan şəxslərin sayı isə 4615 nəfərdən ibarətdir.
Xatırladaq ki, ümumilikdə Azərbaycanda statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1.226 338 nəfərə çatıb. Onlardan 494755 nəfəri kişi, 771 nəfəri qadınlardır. Əmək pensiyaçılarının 123243-ü işləyən pensiyaçılardır. Qeyd etmək lazımdır ki, əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilir. Bu pensiya məcburi dövlət sosial sığortaolunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunan şəxslərin ölümü ilə əlaqədar ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir.
Azərbaycanda əmək pensiyasının qüvvədə olan 3 növü üzrə pul ödənişi aparılır: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği isə hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir övladı olduqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır.
Azərbaycanda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq 19 yaşınadək əlil olmuş və ya sağlamlıq imkanları məhdud sığortaolunana bir il sosial sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sosial sığorta stajı olduqda əlilliyə görə əmək pensiyası təyin edilir.
Z.BƏŞİRQIZI.
Xalq qəzeti.-2008.-3 dekabr.-S.5.