Ölkəmizdə dəmir yolunun inkişafında Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur

 

Bu gün Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tamhüquqlu üzv olması, haqq səsimizin nüfuzlu kürsülərdən eşidilməsi ümummilli liderimiz Heydər Əliyevin uzun illər apardığı gərgin mübarizənin nəticəsidir. İndi ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan Dövlət Dəmir Yolu özünün sürətli inkişaf mərhələsindədir. Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin dəmir yoluna şəxsi köməyi, daimi qayğısı sayəsində həyata vəsiqə almışdır. Ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda onun həyata keçirdiyi məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı.

İyirminci əsrin 90-cı illərində ümümmilli liderimiz Heydər Əliyev iqtisadiyyatın əsas qollarından biri olan polad magistrallarda yaranmış gərgin vəziyyəti çox düzgün qiymətləndirdi. 18-19 iyul 1996-cı ildə cənab Heydər Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yığıncağı keçirildi və dəmir yolundakı neqativ hallar ölkə başçısı tərəfindən kəskin tənqid olunaraq prinsipial qiymət verildi. Yaranmış gərgin vəziyyətin aradan qaldırılması üçün ciddi tədbirlər görüldü. Ümummilli liderimiz öz səriştəli kadr seçmək bacarığından istifadə edərək peşəkar dəmiryolçu Ziya Məmmədovu Dövlət Dəmir Yoluna rəis təyin etdi. Bu dəmir yolunun tarixinə dönüş ili kimi daxil oldu. Qısa zamanda dəmir yolu tənəzzüldən inkişaf mərhələsinə qədəm qoydu. Hazırda bu estafeti ADDY rəisi Arif Əsgərov uğurla davam etdirir.

Mən bir dəmiryolçu kimi istər keçmiş İttifaq illərində, istərsə də müstəqillik illərində bu dahi şəxsiyyətin dəmir yoluna, onun inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açmaq istəyirəm. Əvvəla onu deyim ki, Heydər Əliyev müxtəlif sahələrdə çalışan hər bir mütəxəssislə onun öz “dilində” danışmağı bacaran, yüksək intellektual səviyyəli bir insan idi. Bəlkə də dəmiryolçu ailəsində dünyaya gəldiyi üçün dəmir yoluna, onun inkişafına xüsusi qayğı və diqqətlə yanaşırdı. Təkcə onu deyim ki, müstəqilliyimizin ilk illərində ölkəmizin məruz qaldığı nəqliyyat blokadasını dağıdan, keçmiş dəmir yolu əlaqələrini bərpa edən də ulu öndərin gərgin zəhməti və çevik xarici siyasəti olmuşdur.

Azərbaycan Dövlət Dəmir Yolunda istifadəyə verilən mühüm obyektlərin əksəriyyəti onun bilavasitə təşəbbüsü ilə həyata vəsiqə almışdır. İstər Sibir torpaqlarında inşa edilən Baykal -Amur Magistralı (yeri gəlmişkən qeyd edim ki, 2008-ci il iyulun 18-də Baykal-Amur Magistralının (BAM) Anqoya stansiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan vağzalın təntənəli açılışı olmuşdur), istərsə də Azərbaycan BAM-ı adlanan Yevlax-Balakən yolu da onun gərgin zəhmətinin bəhrəsidir.

Ulu öndər Heydər Əliyev hələ imperiya dövründə Azərbaycana rəhbərlik etdiyi zamanlarda milli dəyərlərə böyük önəm verərək milli kadrların hazırlanması işini yüksək səviyyədə həll etmişdir. Məhz bu böyük insanın qayğısı və təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş SSRİ-nin müxtəlif ali məktəblərində oxumağa göndərilmişdir. Təsadüfi deyil ki, həmin gənclərin bir çoxu məhz dəmir yolu mühəndisi ixtisasına yiyələnmişdilər və onların əksəriyyəti bu gün nəqliyyatın müxtəlif sahələrində mühüm vəzifələri ləyaqətlə icra edirlər. Bütün bunlar gələcəyə hesablanmış mətin addımlar idi. İstər-istəməz bu yerdə 1998-ci il avqust ayının 31-də 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərlə ulu öndər Heydər Əliyevin görüşünü xoş bir xatirə kimi xatırlayıram. O görüş ümümmilli liderin özünün dediyi kimi, tarixi bir görüş idi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti olan Heydər Əliyev gərgin iş şəraitində çalışmasına baxmayaraq iyirmi doqquz il əvvəl respublikadan kənarda ali təhsil almağa göndərməyə başladığı gənc mütəxəssislərlə görüşməyə vaxt tapmışdı. Əslində belə bir görüşün keçirilməsini hamımız arzulayırdıq. İnsanların ürəklərindən keçəni oxuyurmuş kimi, ulu öndər o tarixi görüşü reallaşdırmışdı.

Çünki 1970-1987-ci illər arası respublikadan kənarda ali təhsil alan 15000 gənc mütəxəssisdən biri kimi mənim də ürəyimdə deməyə sözüm çox idi. Mən 1981-ci ildə ulu öndər Heydər Əliyevin göndərişi ilə Ukraynaya ali təhsil almağa göndərilənlərdən biri idim. Ulu öndərin ümumrespublika toplantısında dediyi kimi, o vaxtlar Rusiyanın ali məktəblərinə oxumağa göndərilənlərin bəzi çətinlikləri var idi. Maddi çətinlik, rus dilini mükəmməl bilməmək və s. O zaman da böyük şəxsiyyətin qayğısı ilə əlaçı tələbələrə Azərbaycanın Maarif Nazirliyi tərəfindən hər ay 40 manat təqaüd ayrılmışdı. Görkəmli şəxsiyyət uzaqgörənliklə dərk etmişdir ki, vaxt gələcək respublikadan kənarda təhsil alan gənc mütəxəssislərə böyük ehtiyac olacaq. Mən ölkənin qan damarı sayılan dəmir yolunda çalışan mütəxəssis kimi öz müşahidələrimdə bunun həqiqət olduğunu bir daha hiss edirəm.

1981-1986-cı illərdə Xarkov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitunda ali təhsil aldıqdan sonra gənc mütəxəssis kimi vətənə qayıtdım, işlə, mənzillə təmin olundum. Əmək fəaliyyətimə Biləcəri vaqon deposunda başladım. 1986-88-ci illərdə həqiqi hərbi xidməti başa vurandan sonra Bakı vaqon deposunda vaqon müayinəçisi, mühəndis, usta, rəis köməkçisi, təmir və istismar üzrə depo rəisinin müavini vəzifələrində çalışdım. 1997-ci ilin may ayında mənə etimad göstərildi və əvvəlcə Azərbaycan Dövlət Dəmir Yolu Sərnişin Daşıma İstehsalat Birliyinin baş mühəndisi, sonra isə rəisi təyin olundum. 2004-cü ildən Azərbaycan Dövlət Dəmir Yolunun Baş mühəndisiyəm.“Fəxri dəmiryolçu”, texnika elmləri namizədiyəm.

Hazırda dəmir yolunun aparıcı sahələrində məsul vəzifələrdə çalışanların böyük bir hissəsi vaxtilə ulu öndərimiz Heydər Əliyevin xeyir-duası ilə respublikadan kənarda oxumağa göndərilən gənc mütəxəssislərdir. Onu deyim ki, həmin ərəfədə respublikadan kənarda təhsil alıb gənc mütəxəssis kimi bu gün polad magistralda çalışanların sayı 180 nəfərə yaxındır. Təsəvvür edin ki, o böyük insanın qayğısı ilə həyatda öz mövqeyimizi tapmışıq, indi də əməli işimizlə hesabat veririk.

Hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən nəqliyyat sahəsinə nəzarət edən məsul şəxs kimi ulu öndərimiz Heydər Əliyev Azərbaycanın polad magistralı üçün əvəzolunmaz işlər görüb. İndiki sərnişin parkındakı vaqonların əlli faizə qədəri həmin dövrdə, bu böyük şəxsiyyətin qayğısı sayəsində Azərbaycana gətirilib. İndiki keçid dövrü şəraitində bir sərnişin vaqonunun alınmasının 1, 2 milyon ABŞ dollarına başa gəldiyini nəzərə alsaq, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin dəmir yolları üçün nə qədər böyük işlər gördüyünü aydın şəkildə dərk edərik. İndiki şəraitdə bir sərnişin vaqonu almaq sadəcə olaraq imkan xaricindədir. Vaxtilə o böyük insanın Azərbaycan dəmir yolunun sərnişin parkı üçün gətirdiyi vaqonları bu gün əsaslı təmir edib yenidən sərnişinlərin istifadəsinə veririk. 1996-cı ildə ölkə dəmir yolunda startı verilən islahat və yeniləşdirmə işləri sabit və məhsuldar iş şəraitinin bərqərar olunmasına geniş meydan yaratmışdır. Keçmiş dövrdən fərqli olaraq bütün sahələr üzrə əsaslı təmir işlərini özlərinin təmir bazalarında həyata keçirən Azərbaycan dəmiryolçuları, son bir neçə il ərzində nəqliyyat vasitələrinin tam təhlükəsizliyini, istismara yararlılığını da təmin edə bilmişlər. Xüsusilə də dəmir yolunun sərnişin təsərrüfatında aparılan islahat işləri böyük fədakarlıq nümunəsidir. İstismarda olan və istismar müddəti keçmiş vaqonların bazasında əsaslı təmir yolu ilə ikinci həyata qaytarılan sərnişin vaqonlarından yeni -yeni qatarlar tərtib olunub müxtəlif istiqamətlərə reysə buraxılmışdır. Nəqliyyat blokadasından xilas olan azərbaycanlı sərnişinlər Moskva, Kiyev, Brest, Xarkov, Rostov, Həştərxan, Sverdlovsk, Lvov, Sankt-Peterburq, Tümen və başqa şəhərlərə rahat gedib-gəlirlər.

Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Dövlət Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edir. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi fəaliyyəti sayəsində respublika iqtisadiyyatının bütün sahələrində olduğu kimi dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.

1969-2003-cü illəri Azərbaycan Dövlət Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.

Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi bütün ölkədə, ilk növbədə, sənaye kompleksinin sürətli inkişafının başlanğıcı oldu ki, bu da öz növbəsində respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da aparıcı rol oynayırdı. Onun dəmir yoluna verdiyi böyük əhəmiyyət, onun inkişafına göstərdiyi şəxsi himayə, qısa zamanda öz bəhrəsini göstərdi.

Ümummilli lider Heydər Əliyev şəxsiyyəti o zaman Zaqafqaziya Dəmir Yollarının tərkibindən ayrılaraq Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi kimi müstəqil fəaliyyətə yenicə başlamış polad magistralımız üçün möhkəm dayaq oldu. Belə ki, bu qurumda stansiya təsərrüfatının tikintisi və inkişafı ən önəmli yer tutur. Əgər 1969-cu ilə qədər dəmir yolunda 159 stansiya fəaliyyət göstərirdisə, indi bunların sayı 176-ya çatıb. Bu dövrdə 17 yeni stansiya tikilib istismara verilmişdir. Bunların sırasında Dübəndi, Şirvan, Güzdək-neftdoldurma kimi nəhəng stansiyalar və yeni xətlər təkcə dəmir yolu üçün yox, bütövlükdə respublika və Zaqafqaziya regionu üçün xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisələr kimi tarixə yazılmışdır.

Respublikanın Şimal - Qərb zonasında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, həmçinin bu regionun iqtisadi inkişafında böyük əhəmiyyətli işlərdən biri də Yevlax – Balakən dəmir yolu xəttinin 1980-cı ildən başlanan tikintisi olmuşdur. Həmçinin, 1970-ci illərin sonlarında uzunluğu 26 kilometr olan Ağdam –Xankəndi dəmir yolu xətti də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi sayəsində tikilib istifadəyə verilmişdir.

1970-ci illərdə sərnişin axınının artması ilə əlaqədar Bakıda yeni müasir tipli vağzalın tikintisinə ehtiyac duyulurdu ki, Heydər Əliyevin şəxsi təşəbbüsü və köməkliyi sayəsində 1978-ci ildə yeni Bakı sərnişin vağzalı kompleksi tikilib istifadəyə verildi.

1971-ci ildə ulu öndər Heydər Əliyevin SSRİ hökumətinə müraciəti nəticəsində Azərbaycan Dəmir Yoluna 3360 Kvt və ya 5712 at gücünə malik VL8, VL10, VL15, VL22 seriyalı elektrovozlar gətirildi.

1970-ci ildən başlayaraq, şəhərətrafı elektrik qatarları müasir tələblərə cavab verən, yeni seriyalı EP2 elektrik qatarları ilə əvəz olunmağa başlandı. Yeniləşmə prosesi 1982-ci ilə kimi davam etdirildi. Həmin illərdə 75 seksiya EP2 elektrik qatarı alındı.

1978-1979-cu illərdə Biləcəri lokomotiv deposunda lokomotivlərin cari təmirini təşkil etmək, lokomotivlərin təmirdə boş dayanmanı azaltmaq məqsədi ilə elektrovoz sexi inşa olunmuşdur.

1979-1982-ci illərdə Gəncə lokomotiv deposunda yeni elektrovoz sexi tikilib istifadəyə verilmişdir. 1979-cu ildə gün ərzində 60 ədəd elektrovoz texniki baxış keçməyə malik olan Şirvan dövriyyə deposu tikilmiş, bununla da texniki baxışda boş dayanmanın vaxtı xeyli azalmışdır.

Azərbayan Dövlət Dəmir Yolunun vaqon təsərrüfatının inkişaf illəri 1969-cu ildən sonra başlanmışdır. 1969-cu ilədək vaqon təsərrüfatı cəmi 2 vaqon deposu və bir yuyucu-buxarlayıcı stansiyadan ibarət olduğu halda, hazırda 9 vaqon deposu fəaliyyət göstərir. 1981-ci ildə Ələt qəsəbəsində müasir tələblərə cavab verən refrijerator vaqon deposu tikilib istifadəyə verildi.

Azərbaycan Dövlət Dəmir Yolunun Qərb istiqamətində qatarların hərəkətinin artması yük vaqonlarının təmiri və istismarda texniki cəhətdən saz saxlanması məqsədi ilə ulu öndər Heydər Əliyevin köməyi sayəsində Gəncə şəhərində 1978-ci ildə texnikanın son nailiyyətlərinə uyğun müasir texnologiyalı yük vaqonlarının təmiri və istismarı deposu tikilib istifadəyə verildi. 1969-cu ildə qatarların intensiv hərəkəti zamanı Azərbaycan Dövlət Dəmir Yolunda bir vaqon deposu tərəfindən 6300 vaqon depo təmiri və 300 vaqon əsaslı təmir olunurdu. 1969-2003-cü illər ərzində yaranmış texniki-təmir bazasının hesabına 1993-cü ildən sonra ildə 10-11 min yük vaqonu depo təmirindən çıxmışdır.

1969-1971-ci illərdə uzunluğu 226,6 kilometr olan Sumqayıt-Dərbənd sahəsində avtoblokirovka modernizasiya edilərək stansiyalarda 349 yoldəyişən həcmində elektrik mərkəzləşməsi quraşdırılmışdır.

Azərbaycan Dəmir Yolunun elektrikləşdirilməsi əsasən 1969-2003-cü illərdə ulu öndərimiz Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə həyata keçirilmişdir. 2003-cü ildə dəmir yolunun elektrikləşdirilmiş sahəsinin istismar uzunluğu 1284 kilometrə çatdırılmışdır ki, bu da ümumi yolun 61faizini təşkil edir.

Ulu öndərimizin istər bilavasitə respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətdə olduğu 1982-87-ci illər ərzində, dəmir yolu müasir xarici texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilmişdir.

1969-cu ildən başlayaraq respublika hökumətinin qərarı ilə dəmir yolu hərbiləşdirilmiş mühafizə bölmələrinin texniki vasitələrlə, radiostansiyalarla, geyim formaları və digər ləvazimatlarla təchiz olunmasında, şəxsi heyətin maddi rifahının yaxşılaşdırılmasında mühüm işlər görülmüşdür. 1977-ci ildə bu iki təşkilat genişlənərək “Hesablama Mərkəzi” yaradılmışdır.

1994-cü ilin oktyabr ayında “Əsrin müqaviləsi” imzalandıqdan sonra konsorsiumun istehsal etdiyi neftin daşınmasında dəmiryolçuların da üzərinə mühüm vəzifələr qoyulmuşdu. Bu vəzifələri qısa zamanda yerinə yetirən dəmiryolçular 1998-ci il yanvarın 4-də Dübəndi terminalını və neftdoldurma stansiyasını istifadəyə verdilər.

Müstəqillik illərindən əvvəllər sərnişin vaqonları respublikamızdan kənarda təmir edilirdi.1997-ci ildə ilk dəfə olaraq Bakı vaqon deposunda vaqonların əsaslı təmiri işinə başlanılmışdır.

1998-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunda ilk dəfə olaraq Bakı lokomotiv deposunda elektrovoz və elektrik qatarlarının əsaslı təmiri təşkil olunmuşdur.

Böyük öndər Heydər Əliyevin gərgin əməyi və qonşu dövlətlərin rəhbərləri ilə apardığı intensiv danışıqlar sayəsində 1997-ci ilin may ayından etibarən Bakıdan Şimal istiqamətə sərnişin qatarlarının hərəkəti bərpa edildi, yerli istiqamətdə firma və “Ekspress” tipli qatarlar sərnişinlərin ixtiyarına verildi.

Müxtəlif istiqamətlərə hərəkət edən sərnişin qatarlarının sayının artması ilə əlaqədar, sərnişinlərə bilet satışının tezləşdirilməsi, əl əməyinin yüngülləşdirilməsi, bu sahədəki neqativ halların aradan qaldırılması məqsədilə 1997-ci il sentyabrın 1-dən etibarən Bakı vağzalında bilet satışı kompyüterləşdirilmişdir ( 2010-cu ilə kimi kompyuterləşmə prosesi respublikanın bütün stansiyalarında tam başa çatdırılacaqdır).

2001-ci ilin oktyabrından “TASİS” proqramı üzrə dəmir yolunun Bakı -Böyük Kəsik istiqamətində 503 kilometr uzunluğunda fibrooptik kabelin çəkilişinə və müasir rabitə sisteminin qurulmasına başlanılmış və qısa zamanda başa çatdırılmışdır.

1996-cı ildən Azərbaycan Dövlət Dəmir Yolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etməyə başladı. Lakin əsas daşıma dəhlizi TRASEKA dəhlizi hesab edilir. Bu sahə Böyük İpək Yolunun Bakıdan Böyük–Kəsik stansiyasına (Gürcüstanın dövlət sərhədlərinə) qədər məsafəni və daha sonra üçüncü dövlətlərə çıxışı əhatə edir. Sonralar bu nəqliyyat dəhlizi Qədim İpək Yolundan TRASEKA-yadək yol keçdi (əslinə qalsa, nəqliyyat dəhlizlərinin fəaliyyətinin bərpa olunması işi 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanmışdır).

Azərbaycan polad magistralının yüzlərlə ən yaxşı dəmiryolçusu SSRİ-nin orden və medalları ilə təltif olunmuşdur ki, bu da ulu öndər Heydər Əliyevin tərəfindən dəmir yoluna və dəmiryolçulara göstərdiyi böyük qayğı və diqqətin parlaq təzahürüdür.

1970-ci ildən 1988-ci ilədək üç nəfər dəmiryolçu-maşinist – Qəzənfər Əliyevə, qazançı Qənbər Balayevə və qatar tərtibatçısı Danil Bondaryova Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ad verilmiş, 21 nəfər Lenin ordeni, 241 nəfər “Qırmızı Əmək Bayrağı”, 302 nəfər “Şərəf nişanı”, 27 nəfər “Xalqlar Dostluğu” ordeni, 24 nəfər “Oktyabr inqilabı” ordeni ilə təltif olunmuşdur. Ümumiyyətlə, 843 dəmiryolçu ordenlərlə, 380 nəfər isə medallarla təltif olunmuşdur. Respublikanın yüzlərlə polad magistralı işçiləri SSRİ Yollar Nazirliyinin ən ali mükafatı olan “Fəxri Dəmiryolçu” döş nişanı ilə mükafatlandırılmışdır.

Sevindirici haldır ki,Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır. Bu gün dövlət başçısının birbaşa qayğısı və nəzarəti ilə əlverişli coğrafi məkanda yerləşməsinə rəğmən Azərbaycan, onun nəqliyyat strukturları “Şimal-Cənub” və “Bakı-Tbilisi-Qars” beynəlxalq və regional layihələrin reallaşması proseslərində yaxından iştirak edir.

Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan Dövlət Dəmir Yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir. Tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi olmasını təsdiqləyən bir faktor kimi də çox önəmlidir. Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev 21 fevral 2007-ci ildə “Bakı–Tbilisi–Qars yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalamışdır.

Sərəncama əsasən “Bakı–Tbilisi–Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə bağlı artan beynəlxalq daşımaların təmin edilməsi məqsədi ilə “Azərbaycan Dövlət Dəmir Yolunun 2009-2013-cu illərdə inkişafına dair Dövlət Proqramı layihəsi” hazırlanıb. Proqramda Azərbaycan Dövlət Dəmir Yolunun sürətli inkişafını təmin edən bütün məqamlar nəzərə alınıb. Vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə, rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, yüksək sürətli sərnişin qatarlarının istismara verilməsi, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramında öz əksini tapıb. Dəmir yolunun imkanlarından tam istifadə etmək üçün effektiv nəqliyyat siyasəti aparmaq, sərhədyanı infrastrukturu inkişaf etdirmək, gömrük qanunverisilyini təkmilləşdirmək, müasir texnologiyaları tətbiq etmək lazımdır. Sənəd öz təsdiqini tapandan sonra bu işlər daha da sürətləndiriləcəkdir.

Qeyd edim ki, 2008-cı ilin ötən 9 ayı ərzində Azərbaycan Dövlət Dəmir Yolunda bütün texniki-iqtisadi göstəricilər artıqlaması ilə yerinə yetirilmişdir. Əlbəttə, vaxtında güclü baza, kadr ehtiyatı yaradılmasaydı, bu uğurlara nail olmaq mümkün olmazdı. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası, ölkə başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasət əldə olunan uğurların təməlidir. Azərbaycan Dövlət Dəmir Yolunun öz partnyorları qarşısında öhdəliklərinin əsas təminatçısı bu qurumun yüksək texniki təchizatı və müasir texniki vəsaitləri, böyük buraxılış qabiliyyəti, zəruri maddi-texniki bazası, təhlükəsizlik normalarının qorunması və peşəkar kadr potensialıdır. Ölkə başçısı cənab İlham Əliyev nəqliyyat sisteminin, onun tərkib hissəsi olan dəmir yolunun inkişafını daim nəzarətdə saxladığı kimi, bu çətin sahədə çalışan insanların əməyini də qiymətləndirməyi yaddan çıxarmamışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 oktyabr 2005-ci ildə “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Bu sərəncama əsasən oktyabrın 13-ü Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi təsis olundu. Artıq dörd ildir ki, bu bayram təntənə ilə qeyd olunur, ölkə başçısı hər il bir qrup dəmiryolçunu ali dövlət mükafatları ilə təltif edir. 24 noyabr 2008-ci ildə cənab Prezident Azərbaycan Dövlət Dəmir Yolu işçilərinə fəxri adların, ali dövlət mükafatlarının verilməsi ilə bağlı üç Sərəncam imzaladı. Sevinirəm ki, Azərbaycan Dövlət Dəmir Yolunda səmərəli fəaliyyətlərinə görə əməyi qiymətləndirilənlər sırasında mənim də adım var. Mənə verilən “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adı ölkə başçısı cənab İlham Əliyevin dəmiryolçulara qayğısının bariz nümunəsi hesab edir, çoxsaylı kollektivimiz adından minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq üçün çalışdığım Azərbaycan Dövlət Dəmir Yolunda və müəllimi olduğum Azərbaycan Texniki Universitetində gənc kadrların hazırlanmasında daha böyük səylə çalışacağam.

Dəmiryolçular əldə olunan nailiyyətləri bundan sonra daha da artıracaq, dövlətimizin və hökumətimizin qarşımızda irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün potensial imkanlardan səmərəli istifadə edəcək, onlara göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan Dövlət Dəmir Yolu dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır.

 

Qurban NƏZİROV,

Azərbaycan Dövlət Dəmir Yolunun baş mühəndisi,

respublikanın əməkdar mühəndisi

 

Xalq qəzeti.-2008.-4 dekabr.- S.6.