Meşə təsərrüfatının əsas problemləri həll olunmaqdadır

 

Azərbaycan özünün təbii zənginliyinə görə dünyanın aparıcı dövlətləri sırasında məxsusi yer tutur. Respublikamızın ərazisində 450-yə yaxın ağac və kol bitkilərinə rast gəlinir ki, bunlardan da bir çoxu nadir və endemik bitkilərə aiddir. Meşələrin sahəsinin azalması, onların cins tərkibinin qiymətli ağac cinslərinin ikinci dərəcəli cinslərlə əvəz olunmasına doğru dəyişməsi, mövcud meşələrin seyrəkləşməsi tendensiyası bu gün də davam edir. Bu proseslərin qarşısı vaxtında alınmazsa, respublikamız ağır ekoloji fəlakətlər, eroziya proseslərinin, bozqır ərazilərin artması, dağlıq ərazilərdə sel və sürüşmə, qar uçqunları, bulaqların və çayların quruması təhlükəsi ilə üz-üzə qalacaqdır. Odur ki, meşə təsərrüfatının problemləri və onun həlli istiqamətində aşağıdakı əsas istiqamətlərə diqqəti artırmaq vacibdir.

Respublikamızın ərazilərində, xüsusilə də az meşəli aran rayonlarında meşə-bərpa və qoruyucu meşə zolaqlarının həcmini bir neçə dəfə artırmaq lazımdır. Bu istiqamətdə respublikamızın əsas su arteriyası olan Kür və Araz çayları vadisində yerləşən Tuqay meşələrinin bərpası istiqamətində böyük miqyaslı işlər həyata keçirilməlidir.

Dağ yamaclarında su eroziyasının qarşısını almaq üçün geniş sahələrdə qoruyucu meşəliklər salınmalı, eləcə iri dağ çaylarının hövzələrinin islah edilməsi üçün kompleks tədbirlər (meşəbərpa hidromeliorativ) aparılmalıdır. Respublikamızda dərə-yarğanlarda Xəzər sahili qumluqlarda xüsusi layihələr əsasında yaşıllaşdırma işlərinin aparılması üçün tədbirlər planı hazırlanmalı həyata keçirilməlidir.

Respublikamızın kənd rayonlarının qaz digər yanacaq növləri ilə təmin olunmasında son dövrlər yaranmış çətinliklər əsas yanacaq növü kimi odundan istifadə edilməsinə gətirib çıxarmışdır. Xatırlatmaq lazımdır ki, sovetlər dövründə Rusiyadan hər il 1,2-1,5 mln. kubmetr odun, 200-250 min ton daş kömürün gətirilməsi demək olar ki, dayandırılmışdır. Bu da, öz növbəsində meşələrimizə olan təzyiqin xeyli artmasına səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, düzən meşələrimizin sahələrinin az doluluğunun aşağı olması üzündən bu ərazilərdə böyük həcmdə meşəqırma işlərinin aparılması mümkün deyildir. Dağ meşələrinə gəldikdə isə qeyd olunmalıdır ki, onların əksər hissəsi yüksək maillikli dağ yamaclarında yerləşir burada meşəqırma işlərinin aparılması həmin sahələri eroziya təhlükəsi altında qoya bilər.

Yerlərdə enerji qıtlığının aradan qaldırılması üçün xüsusi hökumət proqramının hazırlanması meşə oduncağından yanacaq məqsədi ilə istifadə edilməsinin qarşısını alar, beləliklə mikroiqlimin saxlanmasına səhralaşmanın qarşısının alınmasına nail oluna bilər. Şoran təkrar şoranlaşmaya məruz qalmış torpaqların yuyulması bu ərazilərdə iqlimə uyğun ağac cinslərindən ibarət qoruyucu meşə zolaqlarının salınması gələcəkdə istifadədən çıxmış xeyli torpaq sahələrini dövriyyəyə qaytarmağa imkan verər. Respublikamızın meşə təsərrüfatının maşın-traktor parkının yeniləşdirilməsi istiqamətində xeyli işlər görülməlidir.

İstər oduncaq hazırlığı, istərsə yaşıllaşdırma işləri üçün yeni maşın mexanizmlərin alınması da vacibdir. Dövlət meşə fondu torpaqları ilə yanaşı iri sənaye müəssisələri ətrafında böyük sahələrdə yaşıllıqların salınması da vacib istiqamətlərdən biridir. Qeyd etmək lazımdır ki, bütün meşə təsərrüfatı tədbirləri meşə quruluşu işləri nəticəsində tərtib edilmiş layihələr əsasında aparılır. Bununla əlaqədar 2002-ci ildə yaradılmış Topogeodeziya Meşə Quruluşu Ekspedisiyası tərəfindən bütün meşə mühafizəsi bərpası müəssisələrində meşə quruluşu işləri həyata keçirilir. Lakin bu işlərin müasir tələblərə cavab verən Avropa standartları səviyyəsində görülməsi üçün xeyli miqdarda maliyyə vəsaiti tələb olunur. Meşə oduncağından daha səmərəli istifadə etmək üçün ağac emalı mebel sənayesini inkişaf etdirmək vacibdir. Bu məqsədlə respublikamızda tez böyüyən ağac növlərindən məqsədli plantasiyalar salınmasının həcmini genişləndirmək lazımdır.

Respublikamızın meşə təsərrüfatı daha bir ağır problemlə üzləşib. Belə ki, mənfur qonşumuz tərəfindən ölkəmizə qarşı edilən təcavüz nəticəsində xeyli ərazilərimiz işğala məruz qalmışdır. Burada yerləşən meşələrimizə, xüsusilə , dağ meşələrimizə sağalmaz yara vurulmuşdur. Ermənistanın təcavüzü nəticəsində 246 min ha meşə sahəsi işğal altında qalmış vəhşicəsinə qırılıb talan edilir. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırmışdır. Azərbaycan meşələrinin vəhşicəsinə qırılması ilə Ermənistan ağac emalı sənayesinin güclü inkişafı müşahidə edilir. Belə ki, Ermənistanda 1989-cu ildə oduncaq daşınmasının ümumi həcmi 58 min kubmetr olduğu halda, 1993-cü ildə 3,5 dəfə artaraq 206,6 min kubmetr, işlik oduncağın hazırlanması daşınması həcmi isə 1988-ci ildə 7,2 min kubmetrdən 1,97 dəfə artaraq 1993-cü ildə 14,2 min kubmetr təşkil etmişdir. Bütün bunlara Azərbaycan meşələrinin vəhşicəsinə qırılması nəticəsində nail olunmuşdur.

Burada xatırlatmaq lazımdır ki, Ermənistan meşələrinin sahəsi respublikamızın ümumi meşə sahəsindən 3 dəfə azdır. İşğal olunmuş Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda 107 ha Şərq çinarının nadir təbii ağaclığı məhv edilir. Bu sahədə vurulmuş ziyanın miqdarının hesablanması ancaq beynəlxalq təşkilatların gücü ilə mümkündür.

Bu gün dünya dövlətlərinin əksəriyyəti dövlət xəzinəsini doldurmaq üçün turizmdən geniş istifadə edir. Respublikamızın təbiətinin füsunkar gözəlliyi, nadir təbiət abidələrinin olması, burada müxtəlif iqlim qurşaqlarının mövcudluğu bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.

Yuxarıda qeyd edilmiş problemləri həll etmək tədbirləri həyata keçirmək üçün xeyli maliyyə vəsaiti tələb olunur. Respublikamızın iqtisadi cəhətdən ildən-ilə güclənməsinin bu problemin həllinə müsbət təsir göstərəcəyinə inanırıq. Ekologiya Təbii Sərvətlər Nazirliyinin meşə problemlərinin həlli istiqamətində son illər həyata keçirdiyi tədbirlər artıq öz nəticəsini verməkdədir.

 

Rövşən CƏLİLOV,

Ekologiya və Təbii Sərvətlər

Nazirliyi Meşələrin İnkişafı

Departamentinin direktoru 

 

Xalq qəzeti.-2008.-4 dekabr.- S.4.