Azərbaycan iqtisadiyyatı yeni yüksəliş mərhələsində

 

2009-cu ilin dövlət büdcəsi sosial proqramların daha geniş miqyasda həyata keçirilməsinə zəmin yaradır

Azərbaycanın uzunmüddətli dövrü əhatə edən sosial-iqtisadi inkişaf strategiyası böyük müvəffəqiyyətlə həyata keçirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən bu strategiya müasir dövrün reallıqları ilə uyğunlaşdırılıb.

Məhz bu məntiqli daxili və xarici siyasətin nəticəsi olaraq müstəqil dövlətimiz dünya iqtisadiyyatına və Avropa hüquq məkanına daha sürətlə inteqrasiya olunmaqdadır. Həyat səviyyəsinin gündən-günə yüksəlməsi, əmək haqlarının, sosial müavinətlərin tədricən artırılması, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun qorunub saxlanılması və daha da gücləndirilməsi qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirilmişdir. Bunun nəticəsi olaraq növbəti seçkilərdə də xalq Prezident İlham Əliyevə böyük etimad göstərərək onu ikinci dəfə dövlət başçısı seçmişdir. Bu etimad, ümid, inam bir daha təsdiqləmişdir ki, ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirməkdə cənab İlham Əliyevin alternativi yoxdur. Xalq öz gələcək xoşbəxtliyini yalnız ulu öndər Heydər Əliyev siyasətinin nurunda tapacaqdır. Son illərin uğurlu nəticələri bunu bir daha təsdiqlədi.

2009-cu ildə xalqın həyat tərzi daha da yaxşılaşacaq, əmək haqları, sosial müavinətlər, minimum əmək haqqı, əmək pensiyalarının sosial bazası yenidən artırılacaq. Bu sözlər heç də təsadüfdən deyilmir. Yaxın günlərdə müzakirəsi başa çatmış 2009-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsi və ona əlavə edilmiş sənədlərin layihələri Milli Məclisin daimi komissiyalarında müzakirə olunarkən də bunun şahidi olduq. Artıq layihələrin müzakirələri başa çatmış, “Azərbaycan Respublikasının 2009-cu ilin dövlət büdcəsi haqqında” Qanun qəbul olunmuşdur.

2009-cu ilin əsas maliyyə sənədi və büdcə zərfinə daxil olan digər qanun layihələri geniş müzakirələrdən sonra təsdiq olundu. Onu da qeyd edim ki, büdcə layihəsinin müzakirəsi çox gərgin və səmərəli keçdi. Hətta bəzi deputatlar emosiyalara qapılaraq çılğınlıq da etdilər. Lakin belə çıxışlara ehtiyacın olmaması diqqətə çatdırıldı və qeyd olundu ki, 2003-cü illə müqayisədə dövlət büdcəsi 10 dəfə artmışdır. Son beş il ərzində dövlət büdcəsinin belə sürətlə artması dünyada analoqu olmayan bir inkişafdır. Gələn ilin dövlət büdcəsinin gəlirləri 12 milyard 177 milyon manat, xərcləri isə 12 milyard 355 milyon manat həcmində təsdiqləndi. Qanun layihəsində icmal büdcəsinin gəlirləri 22 milyard 680 milyon manat, xərcləri isə 14 milyard 758 milyon manat qeyd olunmuşdur. 2009-cu ildə yaşayış minimumu adambaşına 84 manat, əmək qabiliyyətlilər üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçün 29 manat, ehtiyac meyarı 60 manat olacaqdır.

Qeyd edim ki, 2009-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsində deputatların çox fəal olması təbiidir. Çünki hər bir şəxs istəyir ki, növbəti illərdə də xalqın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan uğurlu islahatlar davam etdirilsin, iri infrastruktur layihələrin reallaşdırılması işi intensiv xarakter alsın, Azərbaycana kapital qoyuluşu daha da genişləndirilsin. Bütün bunlar ölkə iqtisadiyyatının inkişafında müstəsna əhəmiyyət kəsb edir. Çünki iqtisadi cəhətdən qüdrətli olan dövlətlərin beynəlxalq aləmdəki mövqeləri də davamlı olur. Biz son beş ildə bunun bir daha şahidi olduq. Bir vaxtlar əfsanə kimi görünən Bakı—Tbilisi—Ceyhan əsas ixrac neft və Bakı—Tbilisi—Ərzurum qaz kəmərləri reallaşdıqdan sonra ölkəmizin iqtisadi qüdrəti xeyli artmış, insanların rifah halı getdikcə yaxşılaşmış, regionların sosial-iqtisadi inkişafında sanki sıçrayış yaranmışdır. Məhz bunun nəticəsi olaraq 2003-2008-ci illərdə Azərbaycanda ümumi daxili məhsul 4,2 dəfə artaraq 7,2 milyard manatdan 30,4 milyard manata çatmışdır. Adambaşına düşən ümumi daxili məhsul istehsalının həcmi beş il əvvəl 888 manat olduğu halda, indi 3554 manat təşkil edir. Bu dövrdə dövlət büdcəsi 10 dəfədən çox artmışdır. Yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə düşmüş, 750 mindən çox yeni iş yeri açılmışdır.

2009-cu ilin dövlət və icmal büdcə layihələri Milli Məclisdə müzakirə olunan zaman 60-a yaxın deputat öz münasibətini bildirdi. Bu o deməkdir ki, büdcə layihəsi geniş müzakirə olunmuş, hər bir deputata öz fikrini bildirmək üçün əlverişli şərait yaradılmışdır. Deputatlar büdcədən ayrılan vəsaitlərin istifadəsində dövlət və ictimai nəzarətin artırılması, ölkənin müdafiəsinin, elm, təhsil, səhiyyə, mədəniyyət və idmanın, aqrar sektorun daha da gücləndirilməsi, regionların sosial-iqtisadi, qeyri-neft sektorunun inkişafına diqqəti daha da artırmaq baxımından təklif və tövsiyələrini irəli sürmüşlər. Əhalinin maddi- rifah halının daha da yaxşılaşdırılması istiqamətində əlavə tədbirlərin hazırlanması, 2009-cu ilin dövlət büdcəsində bu sahəyə xüsusi nəzarət edilməsi barədə daha çox fikirlər səsləndi.

Mən deputat seçildiyim Sabirabad rayonunun sakinləri ilə tez-tez görüşürəm. Seçicilərimlə keçirdiyim görüşlər zamanı onlar ölkəmizin iqtisadi qüdrətinin getdikcə artmasından, həyat səviyyəsinin yaxşılaşmasından, dövlət başçısının həyata keçirdiyi daxili və xarici siyasətdən çox razılıq edirlər. Bu gün regionların inkişafı, yeni müəssisələrin yaradılması göz qabağındadır. Seçicilər də yaxşı bilirlər ki, il ildən yaxşı gəlir. Dövlət büdcəmizin hər il yüksək sürətlə artması daha firavan həyatdan xəbər verir. Mən də 2009-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı yaradılmış fürsətdən istifadə edərək seçiciləri daha çox narahat edən məsələlərə münasibətimi bildirdim. Hər şeydən əvvəl qeyd etdim ki, son illər Sabirabad rayonunda tikinti-abadlıq işləri geniş vüsət alıb. Mən müasir tələblər səviyyəsində tikilmiş yeni məktəbləri xüsusi qeyd etdim. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Sabirabad rayonunda yeni məktəblər tikilmişdir. Növbəti ildə belə məktəblərin sayı daha da çoxalacaq. 2009-cu ilin büdcə layihəsində təhsilin inkişafına vəsait ötən illə müqayisədə artırılıb. Bu artım Sabirabad rayonunun təhsilində də özünü göstərəcək. Çıxışımda bildirdim ki, Sabirabad respublikamızın aqrar sahədə inkişaf etmiş rayonlarından biridir. Burada taxılçılığın, pambıqçılığın və heyvandarlığın inkişafına xüsusi önəm yetirilir. Rayonun bir sıra kəndlərində əkin sahələri mexaniki suvarma sistemləri ilə suvarılır. Lakin son illər bu sahədə bir sıra geriləmələr müşahidə olunur. Bunun da əsas səbəbi vəsait çatışmazlığıdır. Təklif etdim ki, 2009-cu ilin dövlət büdcəsində bu sahənin inkişafı nəzərə alınsın. Belə olduğu halda kənd təsərrüfatı məhsullarının istehsalında bolluq yaranar, əhali yetişdirdiyi məhsulu satmaqla yaşayış səviyyəsini daha da yaxşılaşdırar. “Kənd təsərrüfatı məhsulları istehsalçıları”na müddətli vergi güzəştlərinin verilməsi haqqında 2001-ci il 27 noyabr tarixli Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddətinin uzadılması barədə" qanun layihəsinin təsdiq edilməsi mənim səsləndirdiyim fikirləri demək olar ki, tamamladı. Həmin qanunda bildirilir ki, torpaq vergisi istisna olmaqla, digər vergilər üzrə güzəştlər 2009-cu il yanvarın 1-dən daha 5 il müddətində uzadılacaqdır. Bu da kənd təsərrüfatı məhsullarının istehsalında bolluq yaradacaq. 2009-cu ilin dövlət büdcəsindəki artım digər sahələrdə də öz müsbət təsirini göstərəcək.

Mən çıxışımda bələdiyyələrə dövlət tərəfindən verilən subsudiyaların artırılması təklifini də irəli sürdüm. Məlum olduğu kimi, bələdiyyələr müstəqil özünüidarəetmə qurumudur. Bu qurumlar arasında elələri var ki, büdcələrini artırmaq üçün gəlir mənbələri yoxdur. Ona görə də bələdiyyələrə dövlət yardımı bir qədər artırılmalıdır. Növbəti ilin dövlət büdcəsi buna imkan yaradır. Ümumiyyətlə, qeyd etmək istərdim ki, 2009-cu ilin dövlət büdcəsi ötən illərdə qazanılmış nailiyyətləri daha da gücləndirməyə imkan verəcək. Diqqətə çatdırmaq istərdim ki, 2009-cu ilin dövlət büdcəsinin formalaşmasının prinsipial müddəaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müəyyən olunub. Bu prinsipal müddəalar əsasən Azərbaycan iqtisadiyyatının daha da gücləndirilməsinə, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və digər vacib məqamlara istiqamətlənib. Növbəti ilin dövlət büdcəsi son beş ildə ölkəmizin bütün sahələr üzrə qazandığı uğurları daha da gücləndirəcək. Dövlət büdcəsinin ötən illə müqayisədə 1 milyard 294,4 milyon manat və ya 11,7 faiz artıq olması insanların daha yaxşı yaşamasından xəbər verir. Hər il olduğu kimi, növbəti ilin də dövlət büdcəsinin müzakirəsi zamanı büdcənin əsasən sosial yönümlü olması diqqətə çatdırıldı. Bir faktı qeyd edim ki, əmək pensiyalarının baza hissəsinin maliyyələşdirilməsi üçün 1 milyard 210 milyon manat, sığorta hissəsinin maliyyələşdirilməsi üçün 450 min manat vəsait ayrılıb. Digər məqsədlərin də uğurla həyata keçirilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsinin gəlirləri 1 milyard 775 milyon 547,4 min manat, xərcləri də həmin həcmdə olacaq.

Artıq 2009-cu ilin dövlət büdcəsi təsdiqlənmiş, ölkəmizin inkişafı, orada insanların firavan yaşaması üçün tələb olunan bütün məsələlər öz əksini tapmışdır. Dünyada baş verən maliyyə böhranı Azərbaycana bir o qədər də təsir göstərməyəcək. Çünki ölkə iqtisadiyyatı yeni mərhələyə qədəm qoymuş, ərzaq təhlükəsizliyi məsələsi prioritet məsələ kimi qarşıya qoyulmuşdur. 2009-cu ilin dövlət büdcəsi gələn il soydaşlarımızın daha yaxşı yaşayacağından xəbər verir.

 

Rüstəm XƏLİLOV

Milli Məclisin deputatı  

 

Xalq qəzeti.-2008.-4 dekabr.-S.3.