Prezident İlham Əliyevin Türkiyə və Türkmənistan prezidentləri ilə görüşləri ölkələrarası
əməkdaşlığa yeni təkan verəcək
Azərbaycan və Türkmənistan arasındakı
münasibətlərin təkcə bu ölkələr
üçün deyil, həm də bütün Mərkəzi
Asiya, Xəzər, Qafqaz regionu üçün böyük əhəmiyyəti
vardır. Xəzəryanı iki ölkə nəinki özlərinin
enerji təhlükəsizliyini təmin edir, həm də
başqa ölkələrin enerji təhlükəsizliyində
mühüm rol oynayır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Aşqabad, 28
noyabr, 2008-ci il
Hazırda iqtisadi yüksəliş yolu ilə,
xalqın maddi rifahının daha da yüksəldilməsi,
ictimai sabitliyin möhkəmlənməsi, beynəlxalq aləmdə
ölkənin nüfuzunun artırılması yolu ilə irəliləyən
Azərbaycanda görülən işlərə biz Türkmənistanda
böyük hörmətlə yanaşırıq. Biz xalqlarımızı
birləşdirən, onları çoxəsrlik dostluq telləri
ilə bağlayan hər şeyi qayğı ilə qoruyuruq.
Qurbanqulu BERDİMƏHƏMMƏDOV
Türkmənistan
Prezidenti
Bakı, 19 may, 2008-ci il
2008-ci il müstəqil
Azərbaycan dövləti üçün bir neçə cəhətdən
əlamətdar oldu. Sosial-iqtisadi inkişafın növbəti
vüsət alması, cəmiyyətin daha da demokratikləşdirilməsi
istiqamətində uğurlu addımlar atılması, prezident
seçkisinin yüksək səviyyədə başa
çatması və digər məsələlərlə
yanaşı xarici siyasətdə də böyük
uğurlar əldə edildi. Xüsusən, Ermənistan—Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsi
üçün Türkiyə və Rusiya prezidentlərinin
şəxsi təşəbbüslə çıxış
etməsi, ABŞ rəsmilərinin Ermənistanın
reallığı qəbul etməsi üçün cəhdlər
göstərməsi, Avropa Birliyinin qitənin enerji təhlükəsizliyinin
təmin edilməsi üçün Azərbaycanla əməkdaşlığı
daha da genişləndirmək niyyətləri və digər məsələlər
xarici siyasətimizin uğurları kimi qəbul edilir. Ancaq bu
il bizim üçün daha bir önəmli məsələ
ilə də yadda qaldı.
Ulu öndərimiz Heydər Əliyev 2000-ci ilin son günlərində yeni əsrin və yeni minilliyin başlanması münasibəti ilə Azərbaycan xalqına etdiyi tarixi müraciətdə əminliyini bildirirdi ki, yeni əsrdə türk dünyası ölkələri arasında əməkdaşlıq daha da genişlənəcək, heç bir türk dövləti bu mənəvi birlikdən kənarda qalmayacaqdır. Budur, rəsmi Bakı və Ankaranın təşəbbüsü ilə təkcə 2008-ci ildə bütün türk dünyası üçün misilsiz əhəmiyyət kəsb edən üç tarixi hadisə baş verdi: Birinci, Türkiyə Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsü ilə çıxış etdi və bu təşəbbüs beynəlxalq dəstək qazandı. İkinci, İstanbul şəhərində Türkiyə Cümhuriyyətinin dövlət başçısı cənab Abdullah Gülün iştirakı ilə Türkdilli Ölkələrin Parlament Assambleyası təsis edildi və dərhal bir çox türk ölkələri bu qurumda iştirak barədə razılıq bildirdilər. Üstəlik, lap yaxın gələcəkdə qurumun sırasının genişlənəcəyi şəksizdir. Üçüncü, noyabrın 29-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Abdullah Gülün və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun üçtərəfli görüşü keçirildi. Doğrudur, əvvəllər də türk dövlət başçılarının ikitərəfli və ya çoxtərəfli görüşləri keçirilirdi. Ancaq həmin görüşlər hansısa sammit və ya beynəlxalq tədbir çərçivəsində reallaşdırıldığına görə ekspertlər üç türk dövləti rəhbərinin Türkmənbaşı görüşünü xüsusi əhəmiyyət kəsb edən tədbir kimi qiymətləndirirlər. Elə dövlət başçılarının özləri də bu görüşü çox mühüm və səmərəli adlandırdılar.Cənab Abdullah Gülün ifadə etdiyi “Üç ölkə arasında əlaqələr yüksək səviyyədədir” — əminliyi, Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim aramızda dostluq, qardaşlıq əlaqələrinin möhkəmlənməsi işində bu görüşün çox gözəl nəticələri olacaqdır” — deməsi də təşəbbüsün yüksək qiymətləndirilməsindən xəbər verirdi.
Yeri gəlmişkən, prezidentlərin Türkmənbaşı görüşü ərəfəsində bəzi bədxah qüvvələr ortaya sual atmışdılar ki, bu görüş üç prezidentdən hansının təşəbbüsü ilə keçirilir? Yəni təşəbbüskarın kimliyini biləndən sonra əsas məqsəd barədə ehtimallar irəli sürmək istəyirdilər. Həmin suala Türkiyə telekanallarından birinin şərhçisi çox incə şəkildə cavab vermişdi: “Fərq etməz, təşəbbüskar kim olsa da, hər halda türk dövlət başçılarından biridir”. Ədalətli cavab idi. Çünki hər üç prezident, hər üç dövlət başçısı öncə türk dünyasının liderləridir və onların qəbul edəcəyi (hal-hazırda etdiyi) qərarlar ölkələrdən biri üçün deyil, bütövlükdə türk dünyası üçün önəmli olan qərarlardır. Üstəlik azərbaycanlı politoloqların fikrincə bu qəbildən olan tədbirlər bilavasitə dövlət başçılarının siyasi iradəsini ifadə etdiyinə görə orada təşəbbüskarın axtarılması sadəlövhlükdən başqa bir şey deyil. Hər halda söhbətin Xəzər hövzəsində, Qafqazda və Mərkəzi Asiyada sülhün, sabitliyin möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələlərindən getdiyi şəksizdir. Təbii ki, bu qəbildən olan görüşlərdə iştirakçı ölkələrin üzləşdiyi problemlərin həlli yollarının birgə axtarılması məsələsi də istisna olunmur. Deməli, görüşdə Ermənistan— Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gündəliyə gətirildiyi də şəksizdir.
Dövlət başçılarının Türkmənbaşı görüşündən əvvəl — noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri reallaşdırılmışdı. Bəzi ekspertlər bu səfəri Azərbaycan Prezidentinin cavab səfəri kimi də qiymətləndirirlər. Yəni bu ilin may ayında cənab Prezident Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda rəsmi səfərdə olmuş, ölkələrarası əməkdaşlığın müxtəlif sahələrini əhatə edən ikitərəfli sazişlər, müqavilələr imzalanmışdır. Azərbaycan Prezidentinin Aşqabad səfəri çərçivəsində də ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət edən daha bir sıra sənəd imzalandı.
Azərbaycan və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşü başa çatandan sonra dövlət başçılarının mətbuat üçün verdiyi bəyanatlarda rəsmi səfərin əhəmiyyəti daha aydın şəkildə görünür. Türkmənistan Prezidenti özünün azərbaycanlı həmkarı ilə təkbətək və geniş tərkibdə görüşdə müzakirə edilmiş məsələləri xarakterizə edərək demişdir: “Çox yaxşı danışıqlar aparılmış, ikitərəfli münasibətlərin bütün cəhətləri, regional sabitlik və təhlükəsizlik məsələləri, müasir dövrün terrorizm, ekstremizm, separatizm, mütəşəkkil cinayətkarlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi bəlaları ilə mübarizədə səylərin birləşdirilməsi məsələləri müzakirə olunmuşdur”. Azərbaycan Prezidenti İlham Əliyev isə öz bəyanatında qeyd etmişdir ki, həyata keçirdiyimiz sərmayələr və layihələr xalqlarımızın xoşbəxt gələcəyini təmin edir və hələ bir çox onilliklər ərzində təmin edəcəkdir. Dövlət başçımız əmin olduğunu bildirmişdir ki, Azərbaycan və Türkmənistan prezidentlərinin danışıqlarında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçiriləcəkdir.
Azərbaycan Prezidentinin Türkmənistana səfəri çərçivəsində reallaşdırdığı bütün tədbirlər — Saparmurad Türkmənbaşının məqbərəsini və məscidi, eləcə də müstəqillik abidəsini ziyarət, Birinci Prezidentin Muzeyi ilə tanışlıq, parlament sədri Akca Nurberdiyeva ilə görüş və nəhayət, dövlət başçımıza Məxdimqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru adının verilməsi regionun bütün kütləvi informasiya vasitələri tərəfindən maraqla izlənilmiş və geniş şəkildə işıqlandırılmışdır. Ancaq ən çox qeyd edilən ifadə “Türk dünyası daha sıx, daha yaxından əməkdaşlıq yolunu seçir” ifadəsi olmuşdur. Yəni, ümummilli liderimiz Heydər Əliyevin neçə il əvvəl siyasi uzaqgörənliklə söylədiyi proqnozlar həyatda özünün təsdiqini tapır.
İttifaq MİRZƏBƏYLİ.
Xalq qəzeti.-2008.-4 dekabr.-S.1.