Azərbaycanın Avropaya inteqrasiyası həm ölkəmiz,
həm də Avropa üçün mühüm əhəmiyyət
kəsb edir
İlham ƏLİYEV: Əminəm,
apardığımız islahatlar növbəti beş ildə
həyatımızın bir çox meyarlarını, o
cümlədən siyasi sistemi və iqtisadi azadlığı
Avropa İttifaqının meyarları səviyyəsinə gətirib
çıxaracaqdır
Ölkəmizin son illər
əldə etdiyi hərtərəfli uğurlar, xüsusilə,
xarici siyasətdəki nailiyyətlərimiz beynəlxalq aləmdə
cavabsız qalmır. Artıq nəinki Avroasiya məkanında,
hətta bütün dünyada Azərbaycanla əməkdaşlığa
böyük önəm verilir. Regionda isə artıq heç
bir layihə Azərbaycanın iştirakı olmadan
reallaşdırılmır. Noyabrın 25-də İtaliyaya səfəri
çərçivəsində bu ölkənin “RAİ
İnternational” telekanalının “Foks neks” proqramına
müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev
həmin məsələni xarakterizə edərkən
maraqlı açıqlama vermişdir: “...Biz enerji sahəsində
bütün qonşularımızla çox ciddi və səmərəli
əməkdaşlıq edirik. Bu, o deməkdir ki, təchizatçı
kimi, Azərbaycan ən mühüm məqsədlərindən
biri olan şaxələndirməyə nail ola bilibdir. Şaxələndirmə
təkcə istehlakçılar üçün deyil, təchizatçılar
üçün də vacibdir. Xüsusilə də
dünyanın enerji bazarına birbaşa
çıxışı olmayan ölkələr
üçün”.
Siyasətdə balanslaşdırma, iqtisadiyyatda şaxələndirmə. Heydər Əliyev siyasi kursunun ən mühüm tərkib hissələrindən olan bu iki amil son beş ildə ölkəmizə daha böyük səmərə gətirir və nüfuz qazandırır. İkinci dəfə prezident kimi and içən İlham Əliyevin seçkidən dərhal sonra Türkiyəyə, ardınca isə uzun illər Avropa Birliyində təmsil olunan İtaliyaya səfər etməsi siyasi balanslaşdırmadan xəbər verir. Bakı—Tbilisi—Ceyhan neft, Bakı—Tbilisi—Ərzurum qaz ixrac kəmərləri, “Nabukko” layihəsi və eləcə də Türkiyə—Yunanıstan—İtaliya qaz ixrac kəməri layihəsi ilə yanaşı, tamamilə başqa bir istiqamətdə enerji əməkdaşlığı edilməsi isə iqtisadi şaxələndirmənin təzahürüdür. Başqa istiqamət nədir? İtaliyalı jurnalist Azərbaycan Prezidentindən soruşur:
— Azərbaycan beynəlxalq səviyyədə get-gedə daha mühüm rol oynamağa başlayır. Bu baxımdan enerji əməkdaşlığı sahəsində İranla da müəyyən işbirliyi nəzərdə tutulurmu?
—Bəli, bizim İranın enerji sektoru ilə tərəfdaşlığımız var, ticarət əlaqələrimiz var, İran bazarına neft məhsulları ixrac edirik. Eyni zamanda biz iki ölkə arasında elektrik enerjisi mübadiləsi sahəsində əməkdaşlıq edirik, bizi birləşdirən elektrik xətlərimiz var. Son bir neçə il ərzində qaz sahəsində də çox ciddi əməkdaşlıq edirik, mübadilə əməliyyatları aparırıq, ölkələrimizin müxtəlif bölgələri üçün mavi yanacağın mübadiləsini həyata keçiririk. Beləliklə, bu əməkdaşlıq çox genişdir, qarşılıqlı surətdə səmərəlidir və eyni zamanda, enerji resurslarımızın axınını şaxələndirməyə kömək edir.
Ekspertlərin fikrincə, Azərbaycan Prezidentinin İtaliya televiziyasına verdiyi bu müsahibənin (Avropanın ən nüfuzlu telekanallarından olan “RAİ İnternational”a dünyanın hər yerində baxırlar) bütün məqamları maraqlı və diqqətçəkəndir. Ancaq Azərbaycan rəhbərinin ölkənin enerji ehtiyatlarının axınının şaxələndirilməsi məsələsindən söz açarkən Avropa və Qərb dünyası ilə bərabər İranla əməkdaşlığa da böyük önəm verilməsi barədə açıqlaması daha maraqlıdır. Hətta bəzi politoloqların fikrincə, İlham Əliyevin Avropanın mərkəzində bu şəkildə izahlar və şərhlərlə çıxış etməsi onun bir neçə il əvvəl “Biz öz ölkəmizin ərazisindən İrana və ya hər hansı region ölkəsinə qarşı hərbi məqsədlərlə istifadə edilməsinə imkan verməyəcəyik” — deyə nümayiş etdirdiyi siyasətçi qətiyyətinin təkrarlanması idi. İlham Əliyev bütün çıxış, müsahibə və nitqlərində sübut edir ki, Azərbaycan müstəqil xarici siyasət yeridir və yeridəcəkdir.
Dövlət başçımızın digər çıxış və müsahibələrində olduğu kimi, “Foks neks” proqramına verdiyi müsahibədə də rəsmi Bakının ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması ilə barışa bilmədiyi öz kəskinliyi ilə vurğulanır. Sual:
— Sizdən ölkənizin iqtisadi inkişafı ilə bağlı gözəl perspektivləri eşitməkdən məmnun oldum. Lakin Azərbaycanın müəyyən problemi də var. Bu, Dağlıq Qarabağ münaqişəsidir...
Azərbaycan Prezidenti avropalı jurnalistin bu sualına, xüsusən, bu yaxınlarda Rusiya paytaxtında imzalanmış Moskva Bəyannaməsi ilə bağlı səsləndirilən məqamlara bütün azərbaycanlıların və ədalətsevər insanların ürəyindən olan cavab verir: — Vəziyyət... aydındır. Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktı beynəlxalq birlik tərəfindən tanınır... Bəyannamədə “hesab edirik ki, siyasi həll yolu olmalıdır” — deyilməsi fundamental hüquqlarımızdan imtina etməyimiz deyildir. Bütün beynəlxalq normalara əsasən, hər bir ölkənin özünü müdafiə etmək hüququ var. Azərbaycan Ermənistanın təcavüzünün qurbanıdır. Bu təcavüz nəticəsində nəinki Dağlıq Qarabağ, hətta onun ərazisindən kənar və ermənilərin heç vaxt yaşamadıqları daha 7 rayon Ermənistan tərəfindən işğal olunmuşdur... biz bu vəziyyətlə barışa bilmərik. Ermənistanın iki onillikdən çox xalqımızın fundamental hüquqlarını pozması faktı ilə və heç nə baş verməməsi ilə razılaşa bilmərik. ...Qafqazda sülhün bərqərar olunması üçün biz tezliklə məsələnin həlli yolunu tapmalıyıq" .
Göründüyü kimi, Azərbaycan Prezidenti özünün enerji təhlükəsizliyinin qayğısına qalan, bu məqsədlə rəsmi Bakı ilə əməkdaşlığa və tərəfdaşlığa böyük önəm verən dünya dövlətlərinə açıq şəkildə başa salır ki, hər gün qapısını döydüyünüz Bakı təcavüzkar dövlətin işğalçılıq siyasətinin qurbanına çevrilibdir. Əgər dünya birliyi işğalçıya öz yerini göstərməsə, Qafqazda sabitlik yenidən pozula bilər və öz ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsi üçün dəridən-qabıqdan çıxan bəzi ölkələr yenidən dağa-daşa düşməli olarlar. Əslində Avropada bu incə məqamı bilməmiş deyillər və son zamanlar münaqişənin daha tez həll edilməsi üçün atılan addımlar da məhz həmin məqamın dərkindən irəli gəlir.
İlham Əliyevin İtaliya televiziyasına verdiyi müsahibədə bugünkü Azərbaycan cəmiyyətini narahat edən başqa bir məqam da öz əksini tapır. Belə ki, bu gün həm ölkə daxilindəki bəzi qaragüruhçu qüvvələr, həm də xaricdəki bəzi qeyri-peşəkar (bəzən də qərəzli) qeyri-hökumət təşkilatları Azərbaycanın sosial-iqtisadi inkişafının üstünə kölgə salmaq üçün bir sıra “neqativ hallar” barədə cəfəngiyyat uydururlar. İtaliyalı jurnalist Azərbaycan Prezidentinin həmin məsələlərə də münasibətini öyrənmək istəyir. Üstəlik, jurnalist öz sualını əvvəlcədən özü sığortalayır: “Dünyanın bir çox ölkələrində korrupsiya problemi var”. Azərbaycan Prezidentinin cavabı bir tərəfdən, ölkəmiz haqqında cəfəng uyduran qeyri-hökumət təşkilatlarının qeyri-peşəkarlığını sübut edirsə, digər tərəfdən də ölkəmizdə insan hüquqlarının qorunmasının səviyyəsindən xəbər verir:
“— Burada bir düzəliş etmək istərdim. Bu qiymətləndirmə Beynəlxalq Valyuta Fondu tərəfindən deyil, Transparency İnternational
adlandırılan QHT tərəfindən
hazırlanıbdır. Bilirsiniz, QHT-lər çoxdur. Bizim ölkədə QHT-ni iki gün ərzində
yaratmaq olar. Bundan sonra reytinqlər
açıqlanır, təəssürat
və ya maraqlar əsasında ölkələr həmin
reytinqdə yer alır... Biz ciddi
beynəlxalq təşkilatların
qiymətləndirmələrinə əhəmiyyət veririk.
Dünyada bir nömrəli
islahatçı olmaq
təsadüfən baş
vermir. Bu, özünü bizim
liberal iqtisadiyyatımızda, korrupsiyaya qarşı mübarizəmizdə göstərir.
Bu, onu göstərir
ki, Azərbaycanda biznes qurmaq asandır,
korrupsiya mühitində
bu, mümkün deyildir. Beləliklə, QHT-lərin qiymətləndirmələri
bəzən onların
subyektiv fikirlərinə
əsaslanır”. “Azərbaycanda
qeyri-hökumət təşkilatını
cəmi 2 günə yaratmaq olur”, “Azərbaycanda istənilən
şəxs maneəsiz
şəkildə biznes
qura bilir”, “Azərbaycan 1 nömrəli
islahatçı ölkədir”
və sairə bu kimi ifadələri
dilə gətirən
həm daxili, həm də xarici ekspertlər əslində ölkədə
insan hüquqlarının
qorunmasının səviyyəsi
barədə söz açmış olurlar. Dövlət
başçımız da
müsahibəsində bu
məqamları ustalıqla
yada salır.
Ümumiyyətlə, Azərbaycan Prezidentinin İtaliya televiziyasına verdiyi müsahibə bütün məqamlarına
görə həm ölkəmiz üçün,
həm də regionda marağı olan dövlətlərin təmsilçiləri üçün
olduqca əhəmiyyətli
bir fikir mübadiləsi idi. Ən başlıcası
isə, dövlət başçımız növbəti
dəfə sübut etdi ki, Azərbaycanda
müstəqil siyasət
yeridən qüdrətli
dövlət formalaşdırılıbdır.
Biz həm Şərq,
həm də Qərb dəyərlərinə
böyük hörmət
və ehtiramla yanaşır, dövlətin
idarə edilməsində,
cəmiyyətin inkişafında
hər iki dəyərin daha məqbul variantlarını
qəbul edirik. Sivil, dünyəvi, demokratik dövlət quruculuğunda
bu, çox mühüm amildir.
İttifaq MİRZƏBƏYLİ.
Xalq qəzeti.- 2008.-5 dekabr.-S.1.