Balakən: təbiətin və görülən işlərin uğurlu harmoniyası

 

Bu yazını qələmə alarkən bilavasitə şahidi olduğum iki tarixi məqamı xatırladım. Birinci əhvalat lap çoxdan olub. 1991-ci ilin sentyabrında dahi şəxsiyyət Heydər Əliyevlə görüşmək üçün Naxçıvana gedəndə o vaxtlar Muxtar Respublikanın Ali Məclisinin sədri işləyən ümummilli lider “Ümid körpüsü”nün tikintisinə bizi də özü ilə aparmışdı. Oradan qayıtdıqdan sonra Şərur rayonunun kəndlərinin birində ulu öndəri görən insanlar onu buraxmaq istəmirdilər. Beş-on dəqiqənin içində bütün kənd buraya toplaşmışdı. Hamı elə bil bir sevinc dənizinə düşmüşdü. Onlar xalqın bu qeyrətli oğlu ilə görüşdükləri üçün özlərini dünyanın xoşbəxti sayırdılar.

Kəndin mərkəzində yerləşən, hər tərəfi mərmərlə bəzədilən çayxananın qarşısında iynə atsaydın yerə düşməzdi. Həmin gün əziz Heydər Əliyev çox adamlarla söhbət etdi, problemlərlə maraqlandı. Eşidəndə ki, su sarıdan çətinlik var, üzünü həmin kəndin kolxoz sədri işləyən şəxsə tutdu: “Mamoş, bu camaata əvvəlcə su, çörək, ondan sonra isə bu mərmər çayxana lazımdır”. Fikir verin, aradan neçə il keçib. Lakin Heydər Əliyevin dediyi bu müdrik, sərrast sözləri unuda bilmirəm ki, bilmirəm...

İkinci əhvalat isə lap bu yaxınlarda, təsadüfə baxın ki, o da sentyabr ayında Balakəndə baş verdi. Son iki il yarımda ikinci dəfə buraya gələn dövlət başçısı cənab İlham Əliyev bir səfər çərçivəsində 11 mühüm obyektin açılışında iştirak etdi. Daha doğrusu, bütün açılış lentlərini özü kəsdi. Yeni istifadəyə verilən obyektlər arasında 1200 metr uzunluğunda olan kanat yolu, park kompleksi, bölgənin unikal tikililərindən olan Heydər Əliyev muzeyi, ərazisinə görə bütün respublikada ən böyük parklardan olan Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı, avtovağzal, ticarət mərkəzi, yeni istehsal müəssisələri və digər obyektlər var idi. Ancaq bütün balakənlilərin və kütləvi informasiya vasitələri təmsilçilərinin heç zaman yadından çıxmayacaq məqam Siltikçay su mənbəyindən Balakənə çəkilmiş yeni xəttin açılışında baş verdi. 7 kilometr uzaqdan, böyük zəhmət və xeyli xərc hesabına şəhərə çəkilən içməli su xəttinin açılmasına dövlət başçısı bəlkə də tədbir iştirakçılarının hamısından çox sevinirdi. Sanki cənab Prezident bu suyu öz əli ilə çəkmişdi. Bax, məhz o an mən Naxçıvanda ulu öndərdən eşitdiyim fikri, xalqın rifahının, həyat səviyyəsinin yaxşılaşdırılmasının vacibliyi barədə ifadəni yenidən xatırladım. Balakəndəki su xəttinin açılışından təxminən bir ay sonra isə dövlət başçısının ikinci dəfə andiçmə mərasimində söylədiyi fikirlərin şahidi oldum: “Biz genefondumuza həmişə böyük diqqətlə yanaşmalıyıq”.

Diqqət verirsinizmi, həm ulu öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev ölkənin ümumi problemlərinin həlli, cəmiyyətin idarə olunması kimi möhtəşəm dövlətçilik tədbirləri fonunda ən incə məqamları belə yaddan çıxarmır, əksinə, həmin məqamlara daha böyük diqqət ayırırlar. Dövlət başçısının Balakənə çəkilmiş su xəttinin açılışındakı hisslərinin şahidi olan yerli iş adamı Ramazan Bazarov elə oradaca bizə demişdi ki, həqiqətən də onun xalqa, xalqın ona məhəbbəti qarşılıqlıdır. Oktyabrın 15-də növbəti dəfə xalqın öz liderinə inamının, etimadının və sədaqətinin şahidi olduq. Elə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədovla söhbətimiz də bu məsələlər üstündə davam etdi:

— Bilirsinizmi, min illərin təcrübəsi göstərir ki, xalq həmişə yaxşını pisdən, ağı qaradan ustalıqla seçib. Xüsusən, dövlət başçısının xalqa göstərdiyi qayğı və diqqət heç zaman nəzərdən yayınmır və cavabsız qalmır. Cəmi iki il yarımda iki dəfə Balakənə gələn cənab dövlət başçısı bu iki səfər çərçivəsində 20-dək obyektin açılışında iştirak edib. Amma bu 20 obyekt bizim həyata keçirdiyimiz tikinti-quruculuq işlərinin hamısı deyil. Siz özünüz də yaxşı bilirsiniz ki, bu gün Balakən başdan-başa tikinti-quruculuq, abadlıq meydanına çevrilib. İstifadəyə verdiyimiz bütün obyektlərin açılışında dövlət başçısının iştirakı həm fiziki cəhətdən mümkün deyil, həm də buna ehtiyac yoxdur. Biz sadəcə cənab Prezidentin tövsiyə və tapşırıqlarını məhz dövlət başçısının tələb etdiyi səviyyədə yerinə yetirməyə çalışırıq. Məmnunam ki, bu işin öhdəsindən layiqincə gəlirik və ondan da məmnunam ki, qazandığımız bütün uğur və nailiyyətlərin təməlində xalqın, konkret olaraq Balakəndən danışdığımıza görə, bizim camaatın cənab Prezidentin siyasətinə verdiyi dəstək dayanır.

O ki qaldı sizin müşahidə etdiyiniz məqama, yəni cənab Prezidentin xalqın rifahı üçün istifadəyə verilmiş obyektin açılışında mütəəssir olmasına, tam qətiyyətlə deyə bilərəm ki, bu, ulu öndər Heydər Əliyevin daim xalq üçün yaşamasının, ömrünü xalqa xidmətdə keçirməsinin davamıdır. Yəqin ki, yadınızdan çıxmayıb, ulu öndər bir dəfə qaçqın övladlarının toyunda necə qol götürüb rəqs eləmişdi? Cənab İlham Əliyevin də ən böyük siyasəti, ən möhtəşəm nailiyyəti daim xalqın arasında olması, onun dərd-səri ilə yaşamasıdır. Ona görə də bölgələrdə bütün problemlər həll olunur, insanların arzu və istəkləri həyata keçirilir. Dediyim bu fikirlərin hamısının təsdiqini Balakənin timsalında görə bilərsiniz.

Daha sonra başçı ilin geridə qalan aylarında rayonda həyata keçirilmiş tədbirlərin bir qismi barədə söz açdı. Qeyd etdi ki, 2008-ci ildə Balakəndə möhtəşəm tikinti-quruculuq və abadlıq işləri ilə yanaşı əhalinin içməli suya olan tələbatının ödənilməsi, elektrik enerjisi, qaz, istilik verilməsi, səhiyyə, təhsil, rabitə, nəqliyyat və digər sahələrdə xidmətin yaxşılaşdırılması istiqamətində ötən ilin müvafiq dövrünə nisbətən xeyli inkişaf və artım qeydə alınıb. Bütün bunlar Balakənə respublika çərçivəsində yeni nüfuz qazandırır. Qabaqçöl qəsəbə orta məktəbinin bir şagirdinin güləş üzrə yeniyetmələr arasında Avropa çempionu olması və Katex kənd sakini, əlil Uluxan Musayevin Pekin Paralimpiya Oyunlarında idmanın yadro itələmə növü üzrə qızıl medal qazanması isə bu dağlar diyarına beynəlxalq aləmdə hörmət və nüfuz qazandırıb.

Bəzi məqamları konkretləşdirmək istədik. Məlum oldu ki, əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə 9 ədəd güc transformatoru təmir edilib, müxtəlif güclü 8 transformator məntəqəsi quraşdırılıb. 200-dən çox elektrik dayağı, 59 kilometrlik hava xətləri əsaslı şəkildə təmir edilibdir. 440-dan çox mənzilə təbii qaz çəkilib və ümumi abonentlərin sayı 2700-dən çox olub. Qeyd edək ki, yeni qazlaşdırılmış mənzillərin hamısında qaz sayğacı da quraşdırılıb və ümumiyyətlə, rayonda qaz abonentlərinin sayğaclaşdırılması məsələsi 100 faiz yerinə yetirilib.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu il Balakəndə əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində çox mühüm tədbirlər reallaşdırılıb. Tülü, Qaysa, Şambul, Püştətala və Kortala kəndlərində 7 ədəd artezian quyusu qazılıb və əhalinin istifadəsinə verilib. Ümumiyyətlə, 9 ay ərzində Balakəndə 40-dan çox artezian quyusu qazılıb. Siltikçay və Qaraçay su mənbələri, su anbarları təmizlənib, anbardan müxtəlif istiqamətlərə gedən su xətləri təmir edilib, Hənifə, Qazma və Katex kəndlərinin su təminatının yaxşılaşdırılması üçün cari tədbirlər həyata keçirilib. Qaraçay su mənbəyinin hövzəsindəki drenajın bərpası və oradan yeni su xəttinin çəkilməsi davam etdirilir. Bu məsələlərin həllində bələdiyyə vəsaitlərindən də istifadə edilir. Bələdiyyələrin hesabına iki kilometrdən çox su xətti çəkilib.

Respublika əhəmiyyətli Zaqatala – Balakən və yerli əhəmiyyətli Gərəkli-Qabaqçöl, Balakən-Filizçay, Qazma-Darvazbinə və İtitala avtomobil yollarında asfalt-betonla, digər 5 yolda isə çınqılla təmir-bərpa işləri aparılıb. Yol sisteminin mühüm tərkib hissələrindən olan körpü tikintisi və mövcud körpülərin bərpası da daim diqqət mərkəzində olub. Məsələn, Mazımçayın Şərif kəndi ərazisində 24 metr uzunluğunda körpü tikilib istifadəyə verilib, Püştətala və Kortala kəndlərini birləşdirən 22 metr uzunluğundakı qəza vəziyyətinə düşmüş körpü daxili imkanlar hesabına sökülərək yenidən tikilibdir.

Balakəndə ekologiya məsələləri də daim diqqət mərkəzindədir. Su mənbələrinin təmiz saxlanması, içməli su xətlərinin daim diqqət və nəzarətdə olması, yerli emal müəssisələrində müasir standartlara cavab verən avadanlıqlardan istifadə edilməsi bu istiqamətdə həyata keçirilən “kiçikmənzilli” tədbirlərdəndir. Ancaq “uzaqmənzilli” tədbirlər daha geniş şəkildə həyata keçirilir. Məsələn, ilin əvvəlindən payıza qədər rayon ərazisində 46 hektar yeni meşə sahəsi salınıb, 580 hektar meşə sahəsinə aqrotexniki xidmət edilib, 48 hektar sahə isə meşə əkilməsi üçün hazırlanıb. Meşə bərpa tədbirlərinin keyfiyyətini və kəmiyyətini dəyişmək, əkin materiallarına olan tələbatı ödəmək məqsədilə 1,6 hektar sahədə tinglik salınıb. Hazırda həmin tinglik sahələrinə mövsümi qulluq göstərilir.

Balakənin adı həmişə təhsil sisteminin yüksək səviyyədə olduğu rayonlar sırasında çəkilib. Bu il də təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilib. Kifayət qədər tədris vəsaiti, minlərlə nüsxə bədii ədəbiyyat, 20 minə yaxın dərslik, 100-dən çox “Azərbaycan Milli Ensiklopediyası” və müxtəlif tədris ləvazimatları şagirdlərin istifadəsinə verilib. Rayon məktəblilərindən 4 nəfəri respublika miqyaslı müsabiqədə, 7 nəfəri isə olimpiadada qalib adını qazanıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı əsasında elan olunmuş “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qaliblərindən biri Balakəndəki texniki və humanitar təmayüllü liseydir. Elə ölkə üzrə Prezident təqaüdünə layiq görülmüş 125 nəfər 1-ci kurs tələbəsindən də biri Katex kənd orta məktəbinin məzunudur.

Balakən haqqında yazı qələmə alarkən turizm mövzusunun yada salınmaması mümkün deyildir. Bu istiqamətdə bir çox tədbirlər həyata keçirilir. Tarix və mədəniyyət abidələri təmir və bərpa olunur. Yuxarıda qeyd etdiyimiz və bu gün hər bir balakənlinin fəxrlə söhbət açdığı Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının, park ərazisindəki Heydər Əliyev muzeyinin, 1200 metr uzunluğunda kanat yolunun istifadəyə verilməsi turizmin inkişafına əsaslı töhfədir. Təbii ki, Zaqatala beynəlxalq hava limanının işə düşməsi də Balakəndə bu vacib sahənin inkişafına yeni təkan verəcək.

...SSRİ-nin çökdüyü illərdə müxtəlif sözlərdə və toponimlərdə milli məna axtaran ziyalılarımız Balakən sözünün də “bala kənd” (balaca kənd) mənası verdiyini söyləmişdilər. O zaman mən də az və ya çox dərəcədə həmin ifadəyə inanmışdım. Ancaq indi rayon icra başçısı ilə yeni tikilmiş obyektlərə baxmaq üçün şəhərin bu başından o biri başına gedəndə o zamankı inamım tamamilə itib getdi. Çünki Balakən qətiyyən bala kənd deyil, sözün həqiqi mənasında böyük şəhərdir. Suların durulması, toyların qurulması və minlərlə insanın arzularının, ümidlərinin reallığa çevrilməsi bu şəhəri daha da böyüdür. Əlbəttə, ilk növbədə insanların gözündə və ürəyində.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti .-2008.-5 dekabr.-S.4.