Hərənin öz ulduzu var...

 

Dekabrın 3-ü dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Artıq ikinci dəfədir ki, Abşeron rayonunda bu tədbiri izləmək mənə nəsib olur. Rayon əhalinin sosial müdafiə mərkəzinin direktoru Ələkbər Ələkbərzadənin də vurğuladığı kimi, Xırdalan şəhərinin mərkəzində yerləşən “Nicat” şadlıq sarayının ev sahibliyi ilə keçirilən tədbirin bir qayəsi var: müxtəlif səbəblərdən sağlamlığını itirmiş insanlara, ahıl, tənha və kimsəsizlərə unudulmadıqlarını, həmişə kömək və qayğı əhatəsində, diqqət mərkəzində olduqlarını xatırlatmaq. İcra hakimiyyəti başçısının müavini İradə Gülməmmədovanın tədbir zamanı dedikləri də bütövlükdə ictimaiyyətin, eləcə də rayon rəhbərliyinin bu məqsədə xidmət etdiyini bir daha təsdiqləyir:

– İcra başçısı Zakir Fərəcovun rəhbərliyi ilə biz hamımız çalışırıq ki, ulu öndərimiz Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin bu zümrənin insanlarına, yəni sizlərə göstərdikləri incə və həssas münasibəti öz işimizdə əsas tutaraq problemlərinizin həllinə yardım edək. Özünüz də şahidsiniz ki, bu gün Abşeron rayonunda problemlər, illərlə yığılıb qalmış məsələlər genişmiqyaslı həll edilir, rayonun siması dəyişir, həmçinin sakinlərin güzəranı yaxşılaşır. Bunu sözsüz ki, unutmuruq: Hər bir əlilin, tənha və kimsəsizin qayğısını çəkmək bizim borcumuzdur, həm də müqəddəs borcumuz.

Əmək və əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Ələkbər Ələkbərzadə əlil, tənha, kimsəsiz insanlara yaradılmış şəraitə görə rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova minnətdarlığını bildirdi, verdiyi dəstək üçün “Nicat” şadlıq sarayının sahibi Hacı Canbalaya da təşəkkür etməyi unutmadı.

Digər çıxış edənlər də bildirdilər ki, insan üçün sayılmaq, özünə hörmət – ehtiramla yanaşıldığını hiss etmək sözlə ifadəsi mümkün olmayan çox gözəl bir duyğudur. Xarakterlər kimi, talelər də müxtəlifdir. Hamı eyni cür doğulur, amma eyni cür yaşamır. Və heç kəs sabah hansı aqibətlə üzləşəcəyini də bilmir. Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən tədbir Abşeron Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin işi ilə bir az da yaxından tanış olmaq imkanı verdi. Öyrəndim ki, burada tənha və kimsəsiz insanlara xidmət göstərən məişət xidməti şöbəsi var. Şöbə müdiri Münəvvər Cabbarovanın məlumatına görə, burada 157 tənha, kimsəsiz qeydə alınıb. Şöbənin 18 işçisi həftədə üç dəfə evlərə gedərək onların bütün qayğı və problemləri ilə məşğul olur. Vaxtilə müxtəlif sahələrdə çalışmış, vətənə, xalqa ləyaqətlə xidmət göstərmiş bu insanların özləri indi qayğıya, köməyə möhtacdırlar. Bəs onlara nə cür köməklik edilir, göstərilən diqqət və qayğı onları razı salırmı? Bu suala cavab axtarmaq məqsədilə bəzilərini dinləmək, özü də diqqətlə dinləmək pis olmaz. Ən azı ona görə ki, onların hər birinin həyatı, yaşantıları bizim üçün örnəkdir, nəticə çıxara bilmək üçün bəlkə də, bir şansdır. Çünki bu cür vəziyyətdən heç birimiz “sığortalanmamışıq”.

 

“...Öz doğma balam kimi”

 

1928-ci ildə Novxanı kəndində anadan olmuş 80 yaşlı Xədicə Absəmədzadənin dediklərindən:

— İki il Razin qəsəbəsində (indiki Bakıxanov rayonu) peşə məktəbində oxumuşam. Oranı əla qiymətlərlə oxuyurdum. Peşə məktəbində bizə bir gün dərs keçirdilər, o biri gün isə neft mədənlərində təcrübəyə aparırdılar. Həmin peşə məktəbini fərqlənmə ilə başa vurduqdan sonra məni 3-cü neft mədəninə operator təyin etdilər. 16 yaşından, yəni 1944-cü ilin avqust ayından əmək fəaliyyətinə başlamışam. 35 il neft mədənlərində operator vəzifəsində işlədikdən sonra, 1978-ci ildə təqaüdə çıxmışam. Öz sənətimin vurğunu idim, dəfələrlə medallarla və fəxri fərmanlarla mükafatlandırılmışam. 1961-ci ildə Novxanı kənd sovetinə, 1965-ci ildə isə Abşeron rayon sovetinə deputat seçilmişəm. Aldığım mükafatların arasında “Əmək əlaçısı” medalı, “Əmək veteranı”, “1973-cü il əmək qələbəsi” medalı da vardır. Mən indi tənha və kimsəsiz bir vəziyyətdə yaşayıram. Ancaq dövlətimizin göstərdiyi qayğı sayəsində bu tənhalığı və kimsəsizliyi unuduram. Ona görə ki, Abşeron Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin işçiləri mənə və mənim kimi insanlara tez-tez baş çəkirlər, yoxlayırlar. Bayram günlərində bayram sovqatları ilə bizləri yad edirlər.

Abşeron rayon ƏSMM-nin direktoru Ələkbər müəllimə, həmişə bizləri arayıb axtaran şöbə müdiri Münəvvər xanıma, mənə tez-tez baş çəkən, doğma qızım kimi xətrini istədiyim sosial işçi Tünzalə Əliyevaya xüsusi minnətdarlığımı bildirirəm.

 

“Sahibimiz dövlətimizdir, onun rəhbəridir”

 

1926-cı il təvəllüdlü İzmayılov Mustafa Qiyamoviçin dediklərindən:

— 1944-cü ildə 17 yaşında könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişəm. Almanlar neftə görə İranı, Bakını tutmaq istəyirdilər. Buna görə də 3 aylıq hərbi məktəbi bitirdikdən sonra bizi İrana göndərdilər. Mən 492-ci polkda təyyarədə atıcı idim. Müharibə qurtarandan sonra bizi hərbi hissədə ehtiyatda saxladılar. 1946-cı ildə bütün polk mükafatlandırıldı. Bəzilərimizi Yaponiyaya göndərmək istəyirdilər. Amerika Yaponiyaya atom bombası atdıqdan sonra dünyada vəziyyət qarışdı. 1951-ci ildə bizi evə buraxdılar. Bunları sadalamaqda bir məqsədim var: kimsə bizə “sahibsiz” deyib yan keçməsin. Bizim də öz ömür yolumuz var, deyərdim ki, şərəfli ömür yolumuz var. Sahibimiz isə dövlətimizdir, onun rəhbəridir.

Haşiyə: Tənha və kimsəsizlər sosial işçilərə elə bağlanıblar ki, hər dəfə bu insanlara baş çəkməyə gəlmələri onların böyük sevincinə səbəb olur. Tənhalardan birinin sözlər məni yaman kövrəltdi: dəfələrlə mənə xidmət göstərən, hər an qapımı açan, səsimə səs verən, dərd-sərimi onunla bölüşdüyüm bir insan 10 gündür ki, gözümü yolda qoyub, qapımı açmır.

Məlum oldu ki, ona xidmət göstərən sosial işçi Südabə xanımın avtomobil qəzasında həlak olması onun xidmət göstərdiyi tənha və kimsəsizləri yaman sarsıdıb.

 

Yeri gəlmişkən:

 

Məişət xidməti sektorunda əlillərə, tənha, kimsəsizlərə müalicə üçün ptyovka, şəhid ailələrinə isə vəsiqələr verilir. Maşın növbəsində olan Qarabağ və Böyük Vətən müharibəsi əlillərinə ildə 2 dəfə nəqliyyat xərci ödənilir, onlara maşınların verilməsində yaxından köməklik göstərilir. 2007-ci ilin dekabr ayında 8 nəfər Qarabağ əlilinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və mərkəzin əməkdaşlarının iştirakı ilə “OKA” markalı avtomobil təqdim olundu. 2008-ci ilin sentyabr ayında isə 102 yaşlı Böyük Vətən müharibəsi əlili, Novxanı kənd sakini Cəfərqulu Səfərova və 2 nəfər Qarabağ əlilinə “OKA” markalı avtomobil verilmişdir.

2007-ci ildə Abşeron Rayon İcra Hakimiyyətinin şəhid ailələrini və Qarabağ əlillərini evlə təmin etməsini isə təqdirəlayiq hal kimi xüsusi vurğulamaq lazımdır.

Novruz və Qurban bayramları, 1 oktyabr Ahıllar və 3 dekabr Əlillər günü münasibətilə icra hakimiyyətinin köməkliyi ilə şənliklər keçirilir, maddi yardımlar olunur. Xeyriyyə təşkilşatlarının vasitəsi ilə də, tənha və kimsizlərə, əlillərə imkan daxilində yardım edilir.

 

İnsan həmişə arzu ilə yaşayır

 

Cəfərqulu Səfərovun dediklərindən:

— Mən 1906-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunun Baharlı kəndində anadan olmuşam. 1941-ci il oktyabr ayının 22-də müharibəyə getmişəm. Əvvəl əsgər kimi vuruşmuşam, yaxşı döyüşçü olduğum üçün məni komandir vəzifəsinə təyin etdilər. Almanların xeyli tankını məhv etmişəm. Göstərdiyim şücaətlərə görə bir neçə dəfə medal və ordenlə təltif olundum. Döyüş yolum Almaniya və İtaliyaya qədər uzandı. Dəfələrlə yaralandım. 1945-ci ildə müharibə qurtardıqdan sonra Qafan şəhərinə qayıtdım və ailə qurdum. 1988-ci ildən isə məlum hadisələrlə əlaqədar Abşeron rayonunun Novxanı kəndində məskunlaşmışam. Dövlətimiz həmişə mənə qayğı ilə yanaşıb. Ulu öndərimiz Heydər Əliyevin diqqətini isə xüsusi qeyd etmək lazımdır. 102 yaşım var. Bu yaşda müharibə iştirakçısı çox azdır. Mən Prezidentimiz İlham Əliyevə öz minnətdarlığımı bildirirəm ki, məhz onun göstərişi ilə 2008-ci il sentyabr ayında mənə “OKA” maşını hədiyyə etdilər. Bir sözlə, onu demək istəyirəm ki, dövlətimizin bizə olan diqqət və qayğısını həmişə hiss edirik. Bu isə bizi yaşamağa ruhlandırır. Yaşından asılı olmayaraq hər bir insan həmişə arzu ilə yaşayır. Mənim də ən böyük arzum vətənə, dünyaya göz açdığım, ömrümün ən yaxşı çağlarını keçirdiyim Qafan şəhərinin Baharlı kəndinə qayıtmaqdır.

 

“... Özümü tənha hiss etmirəm”

 

Əliağa Rəsuli 1927-ci ildə Cəlilabad rayonunda doğulub. Onun söhbətindən:

— Həyatın hər cür üzünü görmüşəm. 1930-cu ildə məcburi surətdə İrana getmişdim. 16 yaşına qədər orada yaşadım. “21 Azər” hərəkatı başlandı. Qardaşımın biri inqilab zamanı həlak oldu. Məni də tutmaq istədilər. Məhbus həyatından yaxa qurtarmaq üçün Bakıya gəldim, burda işə düzəldim. 1954-cü ildə qorxutdular ki, inqilabçı olduğum üçün məni məhv edəcəklər. Ona görə də Özbəkistanın Fərqanə vilayətinin Kokan şəhərinə getdim. 1954-cü ildən 1989-cu ilə qədər Özbəkistanda yaşamışam. Tikintidə yükdaşıyan işlədim. Sonra tikinti materialları zavodunda əhəng bişirirdim. Əmək fəaliyyətimə görə bir sıra orden və medallarla təltif olunmuşam. 1987-ci ildə təqaüdə çıxdım. Ailəliydim, 3 övladım vardı. 1989-cu ildə Özbəkistanda baş verən hadisələr zamanı evim yandırıldı. Uşaqlar və yoldaşım qaçqın düşdülər. Onları 11 gündən sonra Smolenskdə tapdım. Orada yaşamaq mümkün olmadı. Üz tutub vətənimə qayıtdım. Məni yaxşı qarşıladılar. Abşeron rayonunun Çaylı kəndində yaşamağa başladım, çox çəkmədi, yoldaşım rəhmətə getdi. Hazırda tək və kimsəsiz yaşayıram. 1990-cı ildə ƏSMM-nin məişət xidməti şöbəsinə müraciət etdim. Həmin şöbənin müdiri Münəvvər xanım məni gülərüzrə qarşıladı. Mənə də digər tənha və kimsəsizlər kimi sosial işçi ayrıldı. Bu günə kimi mənimlə həmin işçilər maraqlanır, müntəzəm olaraq bayramlarda baş çəkirlər. Bunlar isə mənə heç zaman özümü tənha hiss etməyə imkan vermir.

 

Şəhid anasının minnətdarlığı

 

Şəhid anası Çimnaz Manafovanın dediklərindən:

— Oğlum İlham Cəfərov 1968-ci ildə Bakı şəhərində anadan olub. Nizami rayonunun 238 saylı orta məktəbini bitirib. Hərbi xidmətini Çeçenistanda tankçı batalyonunda başa vurub. 1990-cı ildə Bakıda 20 yanvar hadisələrinin şahidi oldu. 1993-cü ildə Nizami Rayon Hərbi Komissarlığı tərəfindən tankçı əsgər kimi Ağdama göndərildi. Orada xəstələnir və müalicə üçün Bakıya göndərilir. Müalicə alandan sonra təkrar Tərtər bölgəsinə qayıdır. 1994-cü il mayın 8-də Ağdərə bölgəsində döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Məzarı Bakıxanov qəsəbəsindədir. Mən bir şəhid anası kimi Prezidentimiz İlham Əliyevə, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova öz minnətdarlığımı bildirirəm. Onların diqqət və qayğısı əhatəsindəyəm. Xırdalan şəhərində 2 otaqlı mənzillə təmin edilmişəm.

 

“Bura mənim üçün çox doğma və əzizdir”

 

Mariya Vdarenko:

— 1931-ci ildə Saratov vilayətində anadan olmuşam, 2 yaşım olanda valideynlərim Bakı şəhərinə gələrək, burada məskunlaşıblar. Bakıdakı 45 saylı məktəbdə təhsil almışam. 7-ci sinfi bitirdikdən sonra Volodarski adına tikiş fabrikində dərzi kimi fəaliyyətə başladım. Bir müddət burada çalışdıqdan sonra məni 1957-ci ildə Azərbaycan xəz dəri fabrikinə işə göndərdilər. Orada əvvəlcə şagird, sonra isə mühasib kimi fəaliyyətimi davam etdirdim. Müntəzəm olaraq 45 il bu müəssisədə çalışdım. “Əmək veteranı” medalı ilə təltif olundum. İndi 15 ildən artıqdır ki, ƏSMM tərəfindən tənha və kimsəsiz kimi nəzarətə götürülmüşəm. Sosial işçi Firəngiz İsgəndərova müntəzəm olaraq mənə baş çəkir, ehtiyaclarımla maraqlanır. Bizə lazımi köməkliklər göstərirlər. ƏSMM-in əməkdaşları yeni ildə, Novruz bayramında və digər əlamətdar günlərdə mənə bayram sovqatları təqdim edirlər. Mən 76 ildir ki, bu diyarda yaşayıram, ömrümün uşaqlıq illəri, gənclik çağları, bir sözlə, ən gözəl anları bu möhtəşəm ölkədə keçmişdir. Buna görə də Bakı, Abşeron, bütövlükdə Azərbaycan mənim üçün çox doğma və əzizdir.

Burada kiçik bir haşiyə çıxaraq, dekabrın 8-də ad günü münasibətilə mərkəzin direktoru Ələkbər Ələkbərzadəni təbrik etmək istəyən kollektivə mən də qoşuluram və çətin, həm də şərəfli işdə onlara uğurlar arzulayıram.

... Deyirlər göydəki ulduzların sayı yerdəki insanların sayı qədərdir. Ancaq hərənin ulduzu bir cür işıq saçır – kimininki zəif, kiminki isə möhtəşəm. Bu da Tanrının məsləhətidir. Ancaq bizə düşən bu kəlamı heç vaxt unutmamaqdır: hər bir sağlam insan əlilliyə potensial namizəddir, eləcə də tənha və kimsəsizliyə...

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.-2008.-5 dekabr.-S.5.