Müslüm Maqomayev – vokal səmasının sönməz
ulduzu
Dünya şöhrətli
Azərbaycan musiqiçisi Müslüm Maqomayevin səsi vokal
aləmində tayı-bərabəri olmayan tembrə malik
yüksək diapazonlu lirik bariton idi. Bu səs onu dinləyənlərin
qəlblərinə dərindən nüfuz etməklə
böyük heyranlıq hissləri yarada bilirdi. Onun səsi
bütün registrlərdə rəvanlığını və
dolğunluğunu saxlayırdı. Buna görə də
Müslüm adi bariton repertuarının sərhədlərini
aşaraq öz professionallığı ilə xariqələr
yaradırdı . Onun səsi yeri gələndə bas-bariton
kimi gurlayır, yeri gələndə də ona
tenorsayağı oxu texnikası nümayiş etdirməyə
imkan verirdi.
Səsini tədricən gücləndirib, sonra yavaş-yavaş zəiflətməklə uzatmaq (buna vokalda filirovka deyilir), mahnı təranələrini dəqiq canlandırmaq, sözlərin tələffüzü zamanı dürüst diksiya nümayiş etdirmək, vokal cümlələrini ürəkdən duymaqla düzgün nizamlamaq, mahnının ovqatını tam incəliyi ilə çatdırmaq qabiliyyəti sayəsində Müslüm dinləyicilərin sevimlisinə çevrilmişdi. O, Azərbaycan bəstəkarlarının mahnılarını oxuyarkən muğam ifası texnikası elementlərindən də bacarıqla istifadə etməklə, onları dəfələrlə gözəlləşdirməsi sayəsində musiqisevərlərin böyük məhəbbətini qazanmışdı.
Müslüm bu və ya digər mahnının tempini ləngitmək yaxud sürətləndirməklə , ona bəstəkarın nəzərə ala bilmədiyi incə məqamlar qoşmaqla ifa nadirliyi yarada bilirdi. O, hərtərəfli savad , yüksək bədii mədəniyyət sahibi kimi oxuduğu mahnıların— rus, italyan, alman, Qafqaz mahnılarının milli xüsusiyyətlərindən bacarıqla yararlanırdı. Müslümün qeyri-adi, geniş intonasiyalı bariton səsi çox xarakterik olduğu üçün dərhal tanınırdı. Konsertlər zamanı konferansye növbəti nömrəni elan etmək üçün səhnəyə çıxıb “Oxuyur Müslüm...” ifadəsini tam dilə gətirməmiş “Maqomayev” kəlməsi tamaşaçı-dinləyicilərin gurultulu və sürəkli alqışları altında eşidilməz olurdu.Çox hallarda Müslümü tamaşaçılar ayaq üstə qarşılayırdılar. Bütün bunlar böyük ifaçıya geniş xalq məhəbbətinin bariz nümayişi idi.
Müslüm tanınmış sovet bəstəkarlarının mahnılarını yüksək ifa zirvələrində reallaşdırırdı. Onun ən sevimli bəstəkarı A. Paxmutova idi.Müslüm A. Paxmutovanın hər bir mahnısının simfoniya qədər tutarlı olduğunu söyləyirdi. M.Maqomayev bütün mahnı janrlarının böyük xiridarı idi. Onun oxuduğu mahnıları heç bir müğənni həmin gözəllikdə ifa edə bilmirdi. Günlərin birində bəstəkar A.Babacanyanın arvadı ( ermənilər tarixən həmişə öz arzularına arvadları vasitəsilə çatmalarına üstünlük vermişlər) Müslümə zəng vurub demişdi ki, əri Arno onun ifası üçün mahnı yazmaq arzusundadır. Həmişə xeyirxahlığı və xoş niyyətliliyi ilə seçilən həmvətənimiz həmin təklifi qəbul etmişdi.
Müslümün sayəsində bir qədər populyarlaşan erməni xislətli Arno bir qədərdən sonra oğlunu da məşhurlaşdırmaq məramı ilə onun üçün mahnılar bəstələməyə başlamışdı. Amma bunların heç biri Arnonun oğlunu məşhurlaşdıra bilməmişdi. Ona görə ki, oğul Babacanyan “Müslümün ayaqqabısını geyə bilsə də , onun yerişini yerimək qabiliyyətində olmamışdı”. Bundan sonra erməni bəstəkarın və azərbaycanlı müğənninin birgə yaradıcılıq birliyinə son qoyulsa da, M. Maqomayev erməni “dostu” öləndən sonra Moskvanın konsert salonlarının birində onun xatirə gecəsini keçirməklə əsl azərbaycanlı kimi öz alicənablığını bir daha sübuta yetirmişdi.
1960 – 1970-ci illərdə əcnəbi ölkələrdə və Sovet İttifaqında böyük müvəffəqiyyətlə konsertlər verən Müslüm Maqomayev həddindən artıq şöhrət qazanmışdı. Ona olan məhəbbət sitayiş səviyyəsinə yüksələrək Sovet İttifaqının hər yerinə epidemiya kimi yayılmışdı. Onun konsertlərinə bilet tapmaq müşkül bir işə çevrilmişdi. Müslümün oxuma manerası, xarici görkəmi, özünü səhnədə aparma qabiliyyəti, bir sözlə hər bir hərəkəti adamların ağlını aparırdı. O, ideal artist və ideal centlemen idi. Böyük Tanrı ona gözəl səs, bənzərsiz istedad və xüsusən qadınları heyran qoyan atletik görkəm vermişdi.
Müslüm oxuyanda bütün enerjisini sərf etməkdən çəkinmirdi, səs tellərinə rəhmi gəlmirdi. Səsi bəmdə də, ortada da, zildə də öz gözəlliyini və məlahətini saxlayırdı. Çünki bu səs, Allah vergisi idi. Bu isə hər musiqiçiyə qismət olmur. Müslüm operada da müvəffəqiyyətlə çıxış edirdi. Böyük italyan bəstəkarı Coakino Rossininin 19-cu əsrin ən yaxşı komik oprelarından sayılan “Sevilya bərbəri” operasında Fiqaronun böyük diapazonlu səs tələb edən çoxkeçidli kavatinasını Müslüm kimi xüsusi şövqlə və böyük məharətlə oxuyan olmamışdır. Bəzi məqamlarda bariton səsin onun üçün xarakterik olmayan soprano keçidləri Müslümün ifasını əlçatmaz edirdi.
Qalın kişi səsi – bariton üçün yazılmış bu partiyanın müəyyən yerində incə qadın soprano səsinə yer verilməsinin öhdəsindən yalnız dünyanın bir neçə məşhur baritonu , o cümlədən musiqi ifaçılığı tarixində silinməz iz buraxmış məşhur italyan baritonu Titta Ruffo gələ bilirdi. Müslüm Maqomayevin də Fiqarosu onun yüksək ifa texnikası sayəsində öz sevimli sələfindən geri qalmırdı. Onu da deyək ki,uşaq ikən müğənni olmaq arzusunun gerçəkləşməsi üçün var qüvvəsini sərf edən Müslümün gələcək karyerasına tenor Enriko Karuzonun və bariton Titta Rufonun patefon valları öz həlledici təsirini göstərmişdi.
Həyatda paradokslar az olmur. Musiqi məktəbində təhsil alan zaman uşaq xorunun solisti olmaq istəyən Müslümü səs tembrinin xoşagəlməzliyinə görə xordan kənarlaşdırmışdılar. O, gələcəkdə bir müğənni kimi ad çıxaracağına inamını itirmədiyindən həmişə dəniz kənarına gedir və saatlarla, həm də var qüvvəsi ilə oxuyurdu. Nəhayət, mutasiya dövrü yetişəndə yeniyetmənin səsi açıldı və xoş tembrə büründü. Müslüm yeddinci sinfi bitirdikdən sonra musiqi məktəbinin vokal şöbəsində oxumağa başladı. Məktəbdə konsert praktikasına geniş yer verildiyindən o, dinləyicilər qarşısında çıxışlara başlamaq imkanı tapmışdı.
Vokal şöbəsini bitirdikdən sonra Müslüm müxtəlif mədəniyyət ocaqlarında çıxışları ilə diqqəti cəlb edirdi. 1962-ci ildə isə gənc ifaçının başına xoşbəxtlik quşu qondu. Həmin ildə Kremlin qurultaylar sarayında keçirilən Azərbaycan mədəniyyəti festivalında ona “Buhenvald harayı” mahnısını və “Sevilya bərbəri” operasından Fiqaronun kavatinasını oxumaq nəsib oldu. Müslüm Maqomayevin ilk solo konserti 10 noyabr 1963-cü ildə Moskvanın Çaykovski adına konsert salonunda baş tutdu. Baxın, Hendelin, Motsartın, Rossininin , Şubertin, Çaykovskinin, Raxmaninovun, Hacıbəyovun vokal əsərlərini sürpriz gözəlliyi ilə oxuyan gənc müğənninin çıxışları sürəkli alqışlarla qiymətləndirildi.
Müğənni iki hissədən ibarət konsertdə nəzərdə tutulmuş on altı mahnı oxuyandan sonra proqram sona yetməli idi. Ancaq belə olmadı. Dinləyici-tamaşaçılar konsert salonunu heç cür tərk etmək istəmirdilər. Hamı ayaq üstə alqışlar yağdırmaqla müğənnini geri çağırmaq niyyətində idi. Müslümü müşayiət edən orkestrin səhnəni tərk etməsini görsələr də, öz istəklərinə nail olmaq niyyətindən əl çəkmək istəmirdilər. Çaykovski adına konsert salonunda belə sürəkli çağırışların olmasını heç kim xatırlamırdı. Tamaşaçıların istəklərinə etinasızlıq göstərə bilməyən Müslüm planlaşdırılmamış üçüncü şöbədə royal arxasına keçərək özünün müşayiəti ilə daha yeddi mahnı – italyan və sovet estradası mahnılarını oxudu. Bütün bunların şahidi olan SSRİ mədəniyyət naziri Yekaterina Furtseva demişdi: “Nəhayət ki, bizdə də əsl bariton peyda oldu”.
Müslüm 18 yaşında ikən Helsinkidə keçirilən gənclər festivalında uğurlu çıxışlarından sonra çox məşhurlaşmışdı. Bunu nəzərə alan Moskva onun İtaliyanın musiqi mərkəzi sayılan La Skala opera teatrında staj keçməsini lazım bilmişdi. Neapolda 1964–1965-ci illərdə məşhur vokal müəllimi maestro Cenarro Barradan mükəmməl vokal dərsi almış, yüksək ifaçılıq texnikasına yiyələnmişdi. O, həmçinin Coakkino Rossininin məşhur “Sevilya bərbəri” operasından hiyləgər bərbər Fiqaronun və Cakomo Puççininin ümümdünya şöhrəti qazanmış “Toska” operasından zalım polis rəisi Skarpianın partiyalarını və s. hazırlamışdı.
1963-cü ildə Azərbaycan Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlamış Müslüm Maqomayev eyni zamanda çox sevilən estrada mahnılarından ibarət uğurlu konsert proqramları ilə də tamaşaçıların sevimlisinə çevrilmişdi. Opera solistinin eyni zamanda estrada mahnıları ifaçısı kimi çıxışları görünməmiş bir hadisə idi. Dünyanın musiqi meridianlarında belə bir geniş ifa imkanlı müğənni heç vaxt çox olmamışdı.
Sonsuz populyarlıq qazanmış Müslüm 1966-cı ildə Parisin möhtəşəm “Olimpiya” konsert salonunda ilk konsertini vermişdi. “Olimpiya”nın direktoru Bruno Kokatris Müslümün daha bir il Parisin bu salonunda oxuması üçün kontraktı uzatmaq təklifini bildirmiş, onun az bir müddətdən sonra beynəlxalq miqyaslı ulduza çevriləcəyini vəd etmişdi. SSRİ Mədəniyyət Nazirliyi bu təklifə razılıq verməmişdi. Əsas səbəb kimi Müslümün hökumət konsertlərində çıxışlarının vacibliyi göstərilmişdi. Parisin mühacir dairələri də müğənninin Parisdə qalması və qeyri-leqal emiqranta çevrilməsi təklifini irəli sürmüşdülər. Müslüm onlara demişdi ki, “Azərbaycanı canımdan artıq sevdiyim üçün Vətənsiz qala bilmərəm”.
Şöhrəti durmadan artan müğənni sənətinin təkrarsızlığı ilə digər məşhur ifaçıları xeyli üstələmişdi. Ona vətənində və uzaqlarda məhəbbət durmadan artırdı. Müslüm 1969-cu ildə Polşanın Sopot şəhərində keçirilən beynəlxalq estrada mahnıları festivalında birinci mükafata, Fransanın Kann şəhərində keçirilən beynəlxalq festivalda isə “Qızıl val”a layiq görülmüşdü.
Ötən əsrin 60-cı illərində Müslüm Maqomayev SSRİ-nin böyük şəhərlərində “Toska” və “Sevilya bərbəri” tamaşalarında uğurla iştirak etmişdi. O, “Bolşoy teatr”ın truppasına keçmək təklifi ilə razılaşmamış, estrada müğənnisi kimi qalmağı üstün tutmuşdu.O, deyirdi: “Həyatımın 2–3 ilini operaya sərf etmişəm. Sonralar başa düşdüm ki, opera çərçivəsi məni sıxır. Ona görə ki, opera partiyası ən çoxu 40 dəqiqə çəkir. Tamaşa qurtarır. Mən isə elə hey oxumaq istəyirəm. Ona görə də solo konsertlər verməklə istəyimi reallaşdııra bildim. Solo konsertlərim olanda birinci şöbədə klassik əsərlər, ikinci şöbədə isə estrada mahnıları oxuyurdum. Buna görə də məni gözəgötürməyənlər məzəmmət etməyə başladılar. Və etirazlarını o vaxtkı mədəniyyət naziri Yekaterina Furtsevaya çatdırdılar”. Nazir qadın bu bədxahlara belə demişdi: “Bunun nəyi pisdir axı?! Oğlan yaxşı oxuduğu üçün konsertlərinə saysız-hesabsız tamaşaçı gəlir. Onlar estrada mahnıları dinləmək üçün gəlirlər, Müslüm onları həm də klassikaya qonaq edir. Buna ancaq sevinmək lazımdır”.
Müslüm Maqomayev SSRİ-də ilk xarici pop-mahnılar oxuyan müğənnilərdən biri idi. Bu, yüksək vəzifəli şəxslərin – Xruşşovun, Brejnevin, Andropovun, habelə Yekaterina Furtsevanın gənc müğənniyə yaxşı münasibətlərindən irəli gəlirdi. Həmin vaxtlar Müslümü stadionda verdiyi solo konsertinə görə xəbis məmurlara çox görünən miqdarda qonorar alması səbəbindən cəzalandırmışdılar. Onun yarım il ərzində səhnəyə çıxmasına qadağa qoymuşdular. Müğənni deyirdi ki, “bunun mənə xeyri o oldu ki, Bakıya qayıdıb konservatoriyanı bitirib diplom ala bildim».
Bir dəfə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Y. Andropov Y. Furtsevaya zəng vurub demişdi: “Bu yaxınlarda DTK-nın yubileyidir. İşçilərim Maqomayevə qulaq asmaq istəyirlər». Y. Furtseva buna cavab olaraq demişdi ki, ”Müslümün çıxışına qadağa qoyulmuşdur". Y.Andropov qətiyyətlə: “O, bizim siyahımızda son dərəcə təmizdir! Onun gəlişini təmin edin”— demişdi.
Müslüm Maqomayevin
repertuarı çox rəngarəng idi. Onun konsertlərində
rus dilində populyar mahnılardan savayı, italyan şlyagerləri
və dünya xitləri , kinofilmlərdən , müziklərdən
ən seçmə mahnılar səslənirdi, çox vaxt
da özü-özünü fortepianoda müşayiət
edirdi. Axı, Müslüm həm də əla pianoçu
idi, Azərbaycan konservatoriyasının eyni vaxtda fortepiano
sinfini də “beş üstəgəl ilə” bitirmişdi.
Müslümün ifasında Paxmutovanın, Feltsmanın və
özünün bir-birindən gözəl mahnıları
dinləyicilərin yaddaşlarında silinməz izlər
buraxmışdı. Hər istəyənə mahnı
yazmaqdan vaz keçən məşhur bəstəkar Boris
Feltsman Müslüm Maqomayev haqqında belə demişdi: “O, mənim
müğənnimdir. Yazdığım mahnıları mənim
istədiyimdən də yaxşı, ürəkdən oxuyur”.
Lakin aşağı
eşelonlardakı kiçik məmurların Müslümdən
xoşları gəlmir, ona hər cür pislik etmək məramlarında
qalırdılar. Ona görə də Müslümə
SSRİ xalq artisti fəxri adı verilməsi üçün
sənədlər Moskvaya göndəriləndən sonra bu təqdimata
uzun müddət əhəmiyyət verilməmişdi.
Müslümə belə bir münasibət Azərbaycan
xalqının atası sayılan Heydər Əliyevi çox
narahat etmişdi. Bir dəfə L.İ. Brejnevlə söhbət
zamanı Heydər Əliyev bu məsələyə
aydınlıq gətirilməsini istəmiş və
soruşmuşdu: “Bəlkə Müslümə bu adın
verilməsini onun azərbaycanlı olmasına görə
süründürməçiliyə salıblar?”. Ulu öndərimizin
sözləri baş katibə təsir etdiyindən tezliklə
31 yaşlı Müslüm Maqomayevə ”SSRİ xalq
artisti" fəxri adının verilməsi barədə fərman
imzalanmışdı. Müslüm Maqomayev həmin yaşda
bu böyük ada layiq görülmüş ilk ifaçı
idi.
1960 – 1970-ci illərdə
SSRİ-də Müslüm Maqomayevin populyarlığı
görünməmiş vüsət almışdı. Onun
stadionlarda verdiyi konsertlərə ən gözəl estrada
mahnılarını dinləyib zövq almaq üçün
on minlərlə adam gəlirdi , Hətta bir dəfə Lujniki
stadionunda konsert vermək üçün stadiona gələn müğənninin
avtomobilini fanatlar başları üzərində havaya
qaldıraraq xeyli apramış və sonra da ehmalca yerə
qoymuşdular.
Maqomayev bir neçə nəslin
sevimlisi idi. Onun konsert repertuarında 600-dən artıq əsər
– rus romansları, klassik mahnılar, estrada və neapolitan
mahnıları yer almışdı. O, “Nizami”, “Oxuyur
Müslüm Maqomayev” və “Moskva notlarda” filmlərində
çəkilmişdi. Maqomayev 20-dən artıq mahnı
müəllifi idi, kinofilmlərə musiqilər
yazmışdı. Onun məşhur “Toy” mahnısını
dinləyən musiqiçi dostları zarafatla deyirdilər ki, əgər
Müslüm bu mahnını toylarda oxusaydı yaxşı
qazanardı. Müğənni özü isə müsahibələrinin
birində həmin mahnını bir o qədər də sevmədiyini
etiraf etmişdi. O, Amerika müğənnisi Mario Lansanın sənətinin
vurğunu idi. Bu məşhur müğənninin həyat və
yaradıcılığına həsr olunmuş
televerilişlərin müəllifi və aparıcısı
kimi fəaliyyət göstərirdi. Mario Lansa haqqında kitab
da yazmışdı.
Müslümdə heykəltaraş
və qrafika ustası istedadı da vardı. O, yaxşı
şəkillər çəkir, heykəllər
yapırdı. Yaxşı təşkilatçı kimi də
tanınırdı. Yaratdığı Azərbaycan dövlət
simfonik-estrada orkestrinin 1975-ci ildən başlayaraq 1989-cu ilədək
bədii rəhbəri olmuş, SSRİ şəhərlərində
dəfələrlə konsertlər vermişdi. Onun
mahnıları yazılmış vallar böyük tirajlarla
çıxırdı.
Azərbaycanın məşhur
bəstəkarı və dirijoru Müslüm Maqomayevin şərəfinə
Müslüm adı verilmiş bu zəkalı nəvə
uşaqlıq və məktəb illərini doğma əmisi
Camaləddin Mavqomayevin himayəsində keçirmişdi.
Müslümün teatr rəssamı olan atası Məhəmməd
almanlarla savaş meydanında, müharibənin qurtarmasına
2—3 gün qalmış həlak olmuşdu. O, müharibəyə
gedəndə Müslüm bələkdə idi, oğlunun
xoşbəxt gələcəyinə inam bəsləyən
ata döyüş bölgəsindən oğluna məktub da
yazmışdı. O, həmin məktubunda oğlunun ədalətli
və xoşniyyət insan kimi böyüyəcəyinə
inamını bildirmişdi. Atanın bir arzusu da
Müslümün yaxın gələcəkdə həmin məktubu
oxuması idi. Müslümə ata nəvazişini duymaq
xoşbəxtliyi nəsib olmadı. Əmisi Camaləddin
Müslümü atadan da yaxşı saxladı və ərköyün
böyütdü. Müslüm musiqi məktəbində dəcəl
şagird kimi tanınırdı. Hətta bir dəfə onu cəzalandırmış,bir
müddət pioner qalstuku taxmamasına qərar vermişdilər.
Bundan sonra Müslüm özünü çox rahat hiss etməyə
başlamışdı. Demişdi ki, qalstuk taxmamaq daha
yaxşıdır, çünkü yazı yazanda onun
ucları mürəkkəb qabının içinə girərək
bulaşır.
Müslüm telemüsahibələrin
birində söyləmişdi ki, Camaləddin əmisi
dünyasını dəyişəndən sonra bir müddət
özünü tənha hiss etmiş, sonra ulu öndər Heydər
Əliyev ona ata qayğısı göstərmiş,
uğurlarına yol açmaq üçün əlindən gələni
əsirgəməmişdi. Müslüm evlənib Tamara
Sinyavskayanı alandan sonra toy səyahətinə Vətəni
Bakıya gələndə SSRİ xalq artisti, beynəlxalq
mükafatlar laureatı, “Bolşoy teatr”ın primadonnası
Tamara xanımı Azərbaycanın gəlini kimi hərarətlə
qarşılamışdılar. Ulu öndər gənc ər-arvadın
şərəfinə təntənəli qəbul düzəltmişdi.
Doğma Azərbaycanı
bütün varlığı ilə sevən və onu ana vətəni
hesab edən Müslüm Maqomayev obyektiv səbəblərdən
Moskvada sonadək bir bakılı kimi yaşamış, Rusiya
vətəndaşlığı almamışdı. O,
ümummilli lider Heydər Əliyevin yanına gəlib
demişdi: “Bilirsiniz ki, mən çoxdandır Moskvada
yaşayıram , lakin oranın vətəndaşı deyiləm.
Gördüyünüz kimi, Rusiyada ehtiraslar getdikcə
qızışır. Ola bilsin ki, günlərin bir
günü kimsə gəlib mənə desin ki, nə
üçün burada qeydiyyatsız yaşayırsan? Ona
görə də Moskva qeydiyyatına düşmək istəyirəm”
. Ulu öndərimiz Müslümə belə cavab vermişdi:
“Sən çoxdanın moskvalısısan, sənin Moskva
pasportun olmalıdır”. Müslüm Bakı
bağlarının birində dincələn zaman ona Azərbaycan
pasportu təqdim etmişdilər. Müslüm Maqomayev Heydər
Əliyevdən bunun səbəbini soruşanda belə bir cavab
almışdı: “Sən Rusiya vətəndaşısan,
lakin biz səni heç yerə buraxmarıq. Bilməlisən
ki, sən həm də Azərbaycan vətəndaşısan”.
Müslüm Maqomayev
böyük səxavət sahibi idi. Bir vaxtlar Moskvanın
“Rossiya” mehmanxanasının beşotaqlı lyuksunda
yaşayanda Müslümün qazancı dostlarına və
banketlərinə xərclənirdi. Hamı onu milyonçu
sayırdı. Amma o, milyonçu deyildi, sadəcə,
çox səxavətli adam idi, pul xərcləməkdən
zövq alırdı .Müslümün solo konsertlər verməsinə
son qoymaq xəbərini eşidən “dostlar” yavaş-yavaş
aradan çıxmağa başlamışdılar. O, Tamara
xanımla ailə həyatı qurduqdan sonra bədxərcliyinin
daşını atmışdı. Pul qazanmaq lazım gələndə
ildə bir dəfə arvadı ilə birlikdə konsertlər
verirdi.
Azərbaycan prezidenti Heydər
Əliyev Müslümün ifaçılıq karyerasına
son qoymasından sonra ona və arvadına aylıq dövlət
müavinəti ayırmışdı. Müslüm Prezident
İlham Əliyevin atasının ənənəsinə sadiq
qalaraq onun maddi təminatını bir qədər də
artırmasından çox razılıq edirdi.
Müslüm öz qədir-qiymətini
bilən adam idi. İran şahı Məhəmməd Rza Pəhləvi
öz arvadı Fərəhlə Bakıya gələn zaman
Müslümlə tanış olmuş və onu İrana dəvət
etmişdi. Şah sarayında qəbul vaxtı Müslüm
özünün zəngin repertuarından seçmə mahnılar
oxumuşdu. Məhəmməd Rza Pəhləvi
heyranlığını bildirməklə yanaşı,
Müslümə iri məbləğdə pul da hədiyyə
etmişdi. Müslüm bütün bunlara görə şaha
razılığını bildirmiş və nəzakətlə
pulu qaytararaq demişdi: “Mən qonaq olduğum yerdə pul
almıram”. Müslüm Maqomayevin bu nəcibliyini yüksək
qiymətləndirən şah ona öz üzüklərindən
birini bağışlamışdı. Müslüm həmin
üzüyü həmişə barmağında gəzdirirdi.
Azərbaycanlılar Müslümün bu hərəkətini
kişilik adlandırmışdılar, Moskva məmurları
isə qəzəblənmiş və müğənnini məzəmmət
etmişdilər.
Müslüm səhnə fəaliyyətini
dayandırdıqdan sonra bəzi sözgəzdirənlər
şayiə yaymağa başlamışdılar ki, guya,
müğənninin səsi batıb. Amma onun səsi əvvəlki
kimi yerində idi. O, səhnədən ləyaqətlə getməyə
üstünlük vermişdi. Hamının yaddaşında
şahanə səsi ilə qalmasını istəmişdi.
Bir dəfə görkəmli incəsənət xadimlərindən
kiminsə doğum günü münasibətilə təşkil
olunmuş məclisdə gözlənilmədən royal
arxasına keçərək “Piter boyu”, “İtalyano” və
daha bir neçə mahnını oxumuşdu. Salonda əyləşənlər
Müslümün tam dolğun və çox mələhətli
səslə oxuduqlarından vəcdə gəlib alqış
qoparmışdılar. Məşhur bariton İosif Kobzon
heyranlıqla demişdi: “Belə səsi olan da səhnədən
gedər?” Müslümün isə cavabı belə
olmuşdu: “Gedər, vaxtında gedər. Adamların səni
fikrən yola salmasını gözləmədən gedər.
Bir də ki,mən, böyük çıxmasın,
bülbül xislətliyəm. İstəyəndə oxuyuram,
istəməyəndə yox”.
Müslümü xeyli
müddət qastrollarda müşayiət etmiş istedadlı
pianoçu Çingiz Sadıxov danışırdı ki,
Moldaviyanın paytaxtı Kişinyovda təntənəli konsertdən
sonra otelə qayıdan Müslüm küçədən
onu çağıranların kimlər olduğunu bilmək
üçün pəncərədən baxanda
görmüşdü ki, az qala böyük bir
tamaşaçı ordusu yığışıb onun
oxumasını inadla tələb edir. Bu adamlar
Müslümün konsertinə düşə bilmədikləri
üçün onu otelin eyvanından dinləmək arzusunda
olanlar idi. O, Çingizdən soruşmuşdu: “Musiqi
müşayiəti olmadan necə oxuyum? Onda gəl belə edək,
sən get restoran çalğıçılarından
akkordeonlarını al gətir, çal, mən də oxuyum”.
Dinləyicilərini heç vaxt naümid qoymayan Müslüm
qaldığı otel nömrəsinin eyvanından akkordeonun
müşayiəti ilə yenidən konsert vermişdi.
Bir dəfə də Moskva
restoranlarının birində keçirilən Tamara Sinyavskaya
ilə toy mərasimində küçədə
toplaşmış fanatları üçün pəncərəni
açıb mahnılar oxumuşdu. Soyuq havada verdiyi “konsert” nəticəsində
əməlli-başlı soyuqlamışdı. Müslüm
fanatlarını son dərəcə çox sevən və
onlar tərəfindən dəlicəsinə sevilən nadir
müğənni idi.
Əfsanəvi müğənni
son zamanlar ürəyin işemik xəstəliyindən və
qan damarlarının aterosklerozundan əziyyət çəkirdi.
Buna görə də dəfələrlə xəstəxanada
yatmalı olmuşdu. 2008-ci il oktyabr ayının 25-də
Müslümün ölüm xəbəri bütün pərəstişkarlarını
sarsıtdı. Moskvanın Çaykovski adına konsert
salonunda – gənc yaşlarında solo konsertlə
çıxış etdiyi musiqi ocağında izdihamlı
vida mərasimi Bakıda, babasının adını
daşıyan Azərbaycan Dövlət Filarmoniyasında davam
etdirildi. Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi ilə
(Müslüm Maqomayevi böyük rus balerinası Aqreppina
Vaqanovanın adı ilə bağlı Vaqanova məzarlığında
dəfn etmək qərara alınmışdı) əfsanəvi
müğənninin cənazəsi xüsusi təyyarə ilə
Bakıya gətirildi və 29 oktyabr 2008-ci ildə Fəxri
Xiyabanda, babası Müslüm Maqomayevin yanında Vətən
torpağına tapşırıldı. Sənət fədaisi
66 yaşında əbədiyyətə qovuşdu.
1997-ci ildə Günəş
sisteminin kiçik planetlərindən birinə “974 SP” kodu
altında “4980 Maqomayev” adı verilmişdi . Onu sevənlərə
elə gəlir ki, Müslüm Maqomayev ölməmişdir, sənətkarın
ruhu onun adını daşıyan planetin trayektoriyası ilə
kainatı dolaşır və kosmosdan bütün dünyaya
mahnılar ərmağan edir.
Arif HÜSEYNOV, yazıçı-jurnalist
Xalq qəzeti-2008.- 5 dekabr.- S.6.