Şou biznes və novatorluq
Əgər əhali
arasında sorğu aparılsa yəqin ki, “şou biznes” kəlməsi
ən çox işlənən ifadələr ən
tanınmış şəxslər sırasında isə
estrada ulduzlarımız durar. Burada qəribə bir şey
yoxdur. Xalqımız sənəti və sənətkarları
sevən və qiymətləndirən xalqdır. 1941-45-ci illər
müharibəsindən sonra hansı uşaqdan soruşurdularsa
ya hərbçi, ya da kosmonavt olacağını deyirdi. 1950-ci
illərdə şairliyə, yazıçılığa
böyük həvəs başladı. Şairə,
yazıçıya olan böyük məhəbbətin təzahürü
idi ki, ADU-nun və APİ-nin filologiya fakültələrinə
böyük müsabiqə var idi.
Səməd Vurğunun “Vaqif” dramına dəfələrlə tamaşa edib, onu əzbər bilənlər vardı. Bəzi kitablar piştaxta altından baha qiymətə satılırdı. Xüsusi kitab kolleksionerləri ordusu yaranmışdı. Hətta kitab oxumayanlar da kitab alıb yığırdılar və bununla fəxr edirdilər. Hər bir yaxşı əsər böyük rezonans doğururdu. Təqaüdə çıxanların bəziləri əlinə qələm alıb özlərini ədəbi yaradıcılıq sahəsində sınayırdılar. Bu meyl uzun müddət davam etdi. Bir müddət sonra tarix və hüquq fakültələri, analoji olaraq partiya komitəsinin katibi, prokuror, hakim kimi vəzifələr dəbə mindi. Hətta xalq arasında tarix fakültəsinin adını dəyişib qoymuşdular “raykomfak”. Sov.İKP üzvü olan vəzifə iddiasına düşürdü. Əskərliyə oğul yola salan ata-ana “yaxşı xidmət elə, komandirin sözünə qulaq as” yerinə “çalış orada partiyaya keçəsən” öyüd-nəsihətini verirdi. Müstəqillik dövründə məscid tikdirmək, sonra şadlıq sarayları, daha sonra isə “novostroykalar” ucaltmaq moda mindi. O da artıq səngidi. Şou biznes isə hələ ki dəbdə qalır.
Bu həvəsi
səngiməyə, soyumağa qoymayan, əksinə, daha da
alovlandıran çox səbəblər var. Birincisi musiqi
texnologiyalarının meydana gəlməsidir. Əvvəlcə
sintezator ortaya çıxdı. Bu aləti İnternet dili ilə
desək “virus” da adlandırmaq olar, “Zinger” tikiş
maşını ilə də müqayisə etmək olar.
(Çünki Zinger tikiş maşınını icad etməklə
neçə-neçə əllə toxuyan, tikiş tikən
insanları işsiz, çörəksiz qoymuşdu). İndi
oxuyanlara bir sintezator çalan bəs edirdi. Təki bununla
işlər qurtaraydı. Axı, sintezatorla müğənni
heç olmasa canlı oxuyurdu. Bir müddət keçdi
“minusovka”lar meydana gəldi. Yəni musiqi maqnitofonda
çalınır, müğənni canlı oxuyur. Bu da demə
şükürlüymüş. Qarşıda bizi daha
böyük “sürprizlər” gözləyirmiş. Nəhayət,
fonoqramma və klip dövrü başlandı. Loru dildə desək:
bir dəfə əziyyət çək,
çalğıçıları bir araya gətir, oxu və
lentə alsınlar. Kompyuterin köməyi ilə səsini istəyirsən
zilə qaldırsınlar, istəyirsən bəmə
düşürsünlər. Xırıltı varsa təmizləsinlər.
Sonra da diski götür düş bu restoranların,
toyların canına. Bir gündə istəyirsən 100 dəfə
oxu yorulmazsan. Musiqi səslənsin, sən də özün
üçün züm-zümə elə. Toy aparıb,
canlı oxuyub özünə əzab-əziyyət vermə.
Toya yarım saatlıq get. 30 dəqiqəyə 1000, 2000, 3000,
4000, 5000 manat qatla qoy cibinə. Pulu-pul, hörməti də ki,
hörmət. Xarici maşınlar, evlər, geyimlər. Pullu pərəstişkarlar,
sponsorlar da ki, öz yerində. El diliylə desək “qaz vur,
qazan doldur”. Sual da verəndə ki, a bala belə
istedadlısınız, niyə axı Biləcəridən o
yana sizi tanıyan yoxdur? Deyirlər
ki, bəs sponsor yoxdur, pul yoxdur? Bəs onda
qazandığınız pullar hara gedir?....
Beləcə səsi
olmayanlar da sənətə ayaq açmağa
başladılar. Üzeyir bəy, Müslüm Maqomayevlə
musiqimizdə başlayan, Soltan Hacıbəyov, Süleyman Ələsgərov,
Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Şəfiqə
Axundova, Emin Sabitoğlu kimi bəstəkarlarımızla davam
etdirilən musiqimizin intibah dövrünün fonoqramma ilə
tənəzzülü başlandı. İndi musiqimizdə
estrada janrı meydan sulayır, at oynadır.
Arif Məlikov, Xəyyam Mirzəzadə,
Fərhad Bədəlbəyli, Zeynəb Xanlarova, Fidan və
Xuraman Qasımova kimi musiqiçilərimiz, bəlkə də
sonuncu mogikanlarımızdır.
Azərbaycan mədəni
fikrinin yaranmasında ədəbi tənqidin,
musiqişünaslarımızın, sənətşünasların
böyük rolu olub. Onlar bu gün də var,
danışırlar, tənqid edirlər, lakin səsləri
eşidilmir. Çünki mikrofon onların əlində deyil.
Bu yerdə Anarın “Evləri köndələn yar” əsərindən
bir məqam yadıma düşür: “Fərasətli
şairin kitabı çıxmazdan əvvəl resenziyası
çıxır”. İndi isə zəmanə dəyişib.
Meydan musiqi tənqidinin yox, musiqidən pul
qazananlarındır. Hətta tənqid ruhunda efirə gedən
verilişlər də reklama çevrilir. Çünki əvvəl
musiqi, klip meydana çıxır, televiziya və radiolar vasitəsilə
milyonların beyninə nüfuz edir. Bir müddətdən
sonra ayılırlar ki, bəs mahnı oğurluqdur, sözləri
düz deyil, oranjeman bərbad, oxuyan naşı, klip isə
“xaltura”dır.
Ona görə də mən
“musiqimizin (nəinki musiqimizin...) cılızlaşmasına həm
də əksər özəl telekanallar səbəbkardır”
fikrini dilimə gətirməkdən çəkinmirəm. Hər
aşığın bir dövranı var. Bu atalar
misalıdır. Ataların isə hər kəlməsində,
hər sözündə bir kəlam var. Təsadüfi deyil
ki, Azərbaycan tarixində az musiqiçilər yadda qalıb.
Barmaqla sayılır. Novator olanlar, musiqiyə yenilik gətirənlərin
adı çəkilir. Sadıqcan tara yeni sim əlavə edib.
Üzeyir Hacıbəyov Şərqdə ilk opera yazıb. Əliağa
Vahid qəzəlin dilin sadələşdirməklə
muğamda yeni dövr yaradıb. Aşıq Ələsgər
ustad aşıq olub. Ustad aşıq o vaxt kimə deyirdilər.
Müasir dillə desək, mahnının həm sözlərini,
həm də melodiyasını yazıb, özü də məharətlə
ifa edən şəxslərə. Bu gün musiqi mədəniyyətimizdə
belələrinə az rast gəlinir. Mən Namiq
Qaraçuxurlunu ustadların yolunu davam etdirmək, sənətə
yenilik gətirmək baxımından digər sənətkarlarımızdan
fərqləndirərdim. Meyxanaya Sovet dövründə
barmaqarası, qeyri-ciddi janr kimi baxıblar. Şeirimizin bu
çətin növü yalnız Bakının kənd
toylarının və evlərdə təşkil olunan məclislərin
hesabına bugünədək yaşayıb. Deyişmələr
səhərəcən davam edib. İndiki kimi bir SMS-lik
ömrü olmayıb. Müstəqillik qazandıqdan sonra
meyxana da bəraət qazandı və ekranlara
çıxmağa başladı. Şou-biznesə
yuvarlandı. Namiq Qaraçuxurlu da bu dalğada meydana gəldi.
Lakin məşhurluğu meyxanaya yeni nəfəs gətirməklə,
onun yeni qolunu yaratmaqla qazandı. “Rəvayət” adlı ilk
meyxanası və klipi isə bu istiqamətdə birinci
addım idi. Bu musiqi parçasının ritmi də, sözləri
də bizə meyxananı xatırladırdı. Lakin burada
deyişmə yox idi. Meyxana ritmiylə şeir kimi bir nəfərin
diliylə gedirdi. Bu artıq musiqimizdə, meyxanada bir yenilik
idi. Meyxananın sözləri isə ibrətamizliyi, tərbiyəvi
əhəmiyyəti baxımından fərqlənirdi. Bunun
ardınca “Papasının gül balası” adlı meyxana
musiqisevərlərə təqdim olundu. Bununla Namiq
Qaraçuxurlu musiqimizdə yeni nəfəs olduğunu
sübut etdi. Və onu musiqi arenasında tanıtdırmağa
başladı. Bu meyxanalar təkcə yeniliyi ilə fərqlənmirdi.
Bu mahnılarda cəmiyyətin problemlərinə toxunulurdu.
Deyilirdi ki, əlacsız xəstəliyini bilən qız ona
evlənmək təklifi ilə bulunan oğlana belə cavab
verməlidir, hətta onu sevsə də. Deyilirdi ki, var-dövlət,
uşağa ərköyün yanaşma həm övlad, həm
də ata-ana üçün böyük fəsadlara gətirə
bilər. Lakin biz həyatda bütün bu deyilənlərin əksinə
tez-tez rast gəlirik. Və ya “Şou-biznes” mahnısı. Bu
yeni mahnısıyla Namiq Qaraçuxurlu öz pərəstişkarlarını
sevindirməklə yanaşı, yeniliyin əsasını
qoydu. Mahnının özündə musiqimizin problemlərini
qaldıran tənqid janrını yaratdı. İstedadı
olmayan və oxumağa can atan, daha doğrusu, musiqi sənətimizi
zibilləməyə çalışanlara tutarlı cavab
verdi. Belə oxumaq istəyirsən, dözmürsən? Onda
get balana layla oxu! – məsləhətini verdi. Onu da nəzərə
alsaq ki, Namiq gündəlik olaraq bu cür müğənnilərlə
rastlaşır, istəsə də, istəməsə də
onların arasında olur, bu, onun tərəfindən atılan
cəsarətli addım idi. Namiq Qaraçuxurlunun məhəbbətlə
bağlı mahnıları, xalq artisti Aygün Kazımovayla
oxuduğu duetlər də orijinaldır. Burada ağlamaq,
sızıldamaq yox, yaxud yarın gözlərini,
qaşlarını, ləblərini tərənnüm etmək
yox, yara xitabən ərklə yazılan hisslər, səmimiyyət
üstünlük təşkil edir. “Məhəbbətinizi
qoruyun”, “əsas dedi-qodudan uzaq olun, hər şey yaxşı
olacaq” kimi məsləhətlər verilir. Əlbəttə
ki, bu cür ibrətamiz sözlərə yazılan
mahnılar böyük auditoriyanın məhəbbətini
qazanmaqla, şənliklərin bəzəyi olmaqla
yanaşı, birinci növbədə tərbiyəvi
xarakteriylə digərlərindən fərqlənir. Namiq
Qaraçuxurlu ustad xələflərinin yolunu inamla və
yenilikləriylə davam etdirməkdədir. Sənətdə
isə əsl sənətkarlar, xüsusilə də novator sənətkarlar
həmişə yaşayırlar.
MAHİR QABİLOĞLU
Xalq qəzeti .-2008.-5 dekabr.-S.5.