Ana nəsihəti, nilufər gülünün sehri və
zəhmət ətri
Tanınmış ədəbiyyatşünas,
professor Məhəmməd İracoğlunun 60 yaşı tamam
olur.
...Rahat, hamar yolla,
asanlıqla məqsədinə çatmaq Məhəmməd
İracoğlunun (Əliyevin) taleyinə yazılmayıb. Çətinliklərə
sinə gərə-gərə niyyətinə, arzusuna
qovuşub. Belədə əldə etdiyi hər bir uğurdan
sonra onda həyata inam daha da artıb, zəhmətlə, bir də
istedadla insanın hər şeyə nail olmaq qənaəti
zehnində, şüurunda güclənib...
...Orta məktəbdə
oxuyanda da, ali məktəbdə təhsil alanda, elmi tədqiqatla
məşğul olanda da “zəhməti ömrünün bəzəyi
sanıb” — günlərini kitabxanalarda keçirməkdən,
tədqiqat işləri aparmaqdan usanmayıb, yorulmayıb...
Məhəmməd İracoğlu 1948-ci il dekabr ayının 10-da Xızı rayonunun Zöhrabkənd kəndində dünyaya göz açıb. 1966-cı ildə Siyəzən şəhər 1 saylı orta məktəbini bitirib. Çalışqanlığı, iti yaddaşı, daha çox mütaliə etmək, bilik qazanmaq həvəsi onu şagird yoldaşlarından fərqləndirib, müəllimlərinin diqqətini çəkib. Elə buna görə də sənədlərini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) filologiya fakültəsinə verdi və bu qədim ali təhsil ocağına qəbul olundu...
...Hələ tələbəlik illərində Məhəmməd İracoğlu akademiklər F.Qasımzadə, Ə.Dəmirçizadə, professorlar M.Təhmasib, M.Tahirli, yazıçı-alim İ.Şıxlı və digər tanınmış elm xadimlərinin mühazirələrini səbrlə, həvəslə dinləyər, Nizami, Füzuli poeziyasının romantikası, Sabir realizmi, Müşfiq lirikası qəlbində yeni bir dünya açardı.
M.İracoğlu 1970-ci ildə ADPU-nu “əla” qiymətlərlə bitirib Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olur. Burada akademik Məmməd Cəfərin rəhbərliyi altında “Azərbaycan xalq şeirinin forma və növləri” mövzusunda araşdırmalara başlayır. Elmi-tədqiqat işini 1976-cı ildə yekunlaşdıran Məhəmməd müəllim dissertasiyanı uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi alır.
Məhəmməd müəllim sonrakı illərdə də mövzu ətrafında elmi axtarışlarını, tədqiqatlarını davam etdirmişdir. Şifahi xalq ədəbiyyatında, ayrı-ayrı şairlərin yaradıcılığında geniş yer tutan heca vəzninin, onun ayrı-ayrı şəkilləri və durğu (bölgü) xüsusiyyətlərinin, ritm vasitələrinin — alliterasiya, assonas, təkrirlər, intonasiya, qafiyə, paralelizm, habelə heca vəznli şeirin tədqiqinin türk xalqları poeziyasında aktual məsələlərini araşdırmışdır. Bununla əlaqədar elmi nəticələrini Milli Elmlər Akademiyasının “Elmi xəbərlər”ində, “Azərbaycan”, “Ulduz” jurnallarında və digər nəşrlərdə dərc etdirmişdir.
M.İracoğlunun şeirimizin heca vəzninin öyrənilməsi ilə bağlı böyük səbr və həvəslə apardığı tədqiqat işinin nəticəsi uğurlu olur: “Azərbaycan şeirinin ritm vasitələri, qafiyənin təşəkkül və inkişafı (türkdilli xalqların poeziyası ilə tarixi-müqayisəli metodlar əsasında)” mövzusunda elmi-tədqiqat əsəri yüksək qiymətləndirilir və buna görə ona 1985-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsi verilir.
Etiraf edilməlidir ki, SSRİ kimi qapalı bir dövlətdə o dövrdə ümumtürk şeiri əsasında araşdırmalar, tədqiqatlar aparmaq alimdən böyük cəsarət tələb edirdi. M.İracoğlu bu işin öhdəsindən ləyaqətlə gəldi...
Mövzu dairəsində şifahi xalq ədəbiyyatının, habelə Y.Balasaqunlunun “Kutadqu-biliq” əsərindən başlayaraq müasir Azərbaycan poeziyasının nümunələri alim tərəfindən ümumtürk şeirinin intibahı kimi təqdim və tədqiq edildi.
Yeri gəlmişkən, görkəmli ədəbiyyatşünasların tədqiqat işilə bağlı fikirlərinə də diqqət yetirək.
Akademik M.Cəfər: “...Olduqca vacib və lazımlı tədqiqatdır...”.
Akademik E.Cavalidze: “...Dissertasiyanın nəticə və mülahizələri sovet şərqşünaslığında böyük elmi nəzəri və praktik əhəmiyyət kəsb edir...”.
Akademik A. Axundov: “...Azərbaycan heca vəznli şeirinin ölçüləri mövzusundakı doktorluq dissertasiyası bu sahədə ilk hərtərəfli monoqrafik tədqiqatdır...”.
Professor A.Xintibidze: “...Təəssüf ki, gürcü poeziyası ilə bağlı hələ ki, belə sanballı tədqiqat işi aparılmayıb...”.
***
M.İracoğlunun neçə illik elmi-tədqiqat işinin nəticəsi olan “Azərbaycan şeirinin vəzn və evfoniya problemləri” kitabı bu il yenidən işlənilib təkmilləşdirilmiş variantda çapdan çıxmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Azad Nəbiyevin adı çəkilən əsər haqqında fikirləri diqqəti cəlb edir: “Əkrəm Cəfərin əruz texnikasının araşdırılması ilə bağlı başladığı böyük işi şeirimizdə heca vəzninin öyrənilməsi sahəsində filologiya elmləri doktoru, professor Məhəmməd İracoğlu davam etdirməkdədir. Elə həmin böyük həvəslə, səbr və araşdırıcı inadkarlığı ilə... Məhəmməd İracoğlu sələfi kimi, tədqiqatını sözün sadədən mürəkkəbə gedən təkamülü üzrə deyil, mürəkkəbdən sadəyə qayıdışı üzərində qurmuşdur. Araşdırmalarında sözdən səsə qədər texniki modeli açıqlamış, onun səslərə ayrılma və bölünmə mənzərəsini şərh etmişdir. Problemi bütöv halda öyrənməyi qarşısına məqsəd qoyan müəllif özünəqədərki tədqiqatlara, xüsusilə türk şeir sənətilə bağlı yazılmış zəngin materiallara diqqətlə yanaşmışdır. ”Kitabi-Dədə Qorqud", “Divani-lüğət-it-türk” kimi ədəbi-mədəni abidələrdə, türk şeirinin Yunis İmrə, Ə.Yasəvi, Şah Qasım Ənvar, Xətai, Əmani, Vaqif kimi sənətkarlarının, eləcə də şifahi poeziyamızın Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Aşıq Ələsgər, Xaltanlı Tağı və digər nümayəndələrinin dilində şeir texnikası problemlərinə dair yazılmış əsərlərə laqeyd qalmamış, heca vəzni, onun xüsusiyyətləri, bölgü, qafiyə, rədif və başqa problemləri ümumtürk şeir sənəti kontekstində tədqiqata cəlb edə bilmişdir...".
Məhəmməd müəllimin tədqiqatlarında mövzuya yanaşma prinsipi özünəməxsusluğu ilə seçilir. Belə ki, alim araşdırma zamanı bütün mənbələrə, fikirlərə yenilikçi münasibəti ilə baxır. Bu barədə müəllif daha sonra yazır ki, M.İracoğlu ehkamları məharətlə söküb dağıdır, şeir sənətinin yeni nəzəriyyəsini yaradır. Onun sərbəst şeir haqqında mülahizələri də bu baxımdan orijinal təsir bağışlayır. “Sərbəst şeirin hansı poetik prinsiplərə, ritmik-melodik əsaslara malik olması sualının cavabı da ədəbiyyatşünaslığımızda verilməmişdir”, – deyən M.İracoğlu bu şeirin yaranmasında da heca vəzni texnikasının mühüm rol oynamasını haqlı olaraq sərbəst şeir üçün başlıca yaradıcılıq qaynağı hesab edir. Sərbəst şeirin vəznli-qafiyəli, vəznsiz-qafiyəli və vəznsiz-qafiyəsiz tiplərinin mövcudluğu ilə bağlı təsnifat prinsiplərini qəbul edən müəllif hər bir qrupun təhlili üzərində ətraflı dayanır və maraqlı nəticələrə gəlir...
Məhəmməd müəllimin ümumtürk şeirinin zəngin bir qolunu təşkil edən şeirimizin vəzn, qafiyə, bənd quruluşu ilə bağlı mülahizələri də maraqlıdır. Məsələn, o, qeyd edir ki, hecə vəzninin əlamətləri əsasında yaranan və formalaşan Azərbaycan şeirinin ritm vasitələri zəngin və rəngarəngdir. Bu vasitələr Azərbaycan dilinin fonetik quruluşunu, təbiətini əks etdirən heca vəzni ilə, hətta bu vəznin bir ölçü, qəlib şəklini almadığı mərhələ ilə bağlı yaranmış, əsrləri adlayaraq cilalanmış, özünəməxsus poetik dil qanunları çərçivəsində müasir şeirimizdə inkişaf etmişdir.
M.İracoğlunun tədqiqat obyekti olan heca vəzni ilə bağlı bir fikri də diqqəti çəkir:"Yazılı poeziyamızda hələ XVI-XVIII əsrlərdən başlayaraq realist sənətə, xalq şeiri ənənələrinə qüvvətli meyl müasir Azərbaycan şeirində özünün bariz ifadəsini tapdı. Keçən əsrin 20-ci illərindən hecayi Azərbaycan şeiri öz inkişafının yeni bir mərhələsinə qədəm qoyaraq əsaslı keyfiyyət dəyişmələrinə məruz qalmış, şeirin məna-emosional cəhəti ilə yanaşı, onun poetik vasitələri də zənginləşmiş, bu da təbii ki, heca vəzninin yüksək poetik yararlığı, onun ritm vasitələrinin imkan genişliyi sayəsində əldə edilmişdir. Bu, özlüyündə belə bir faktı bir daha təsdiq edir ki, heca ibtidai, başlanğıc vəzn deyil, Azərbaycan dilinin yüksək poetik qabiliyyətini, şeir dilinin zənginliyini, şirinliyini layiqincə əks etdirə bilən, özünəməxsus qanunauyğunluqları olan şeir sistemidir...".
“Azərbaycan şeirinin vəzn və evfoniya problemləri” kitabında əksini tapan bir məqam üzərində də xüsusi dayanmaq istərdik. Məlumdur ki, ayrı-ayrı vaxtlarda xalqımızın tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti ilə bağlı heç bir fakta, dəlilə əsaslanmayan, subyektiv mülahizələrə söykənən materiallar çap edilmişdir. M.İracoğlu adını çəkdiyimiz əsərində belə materialların müəlliflərinin səhv mövqeyini üzə çıxarır, araşdırır. Türk xalq şeirinin yaranma tarixini, yaradıcılıq ənənələrini ərəb-fars qaynaqları ilə bağlayanlara kəsərli cavablar verir, onların fikirlərindəki qeyri-müəyyənliyi açıb göstərir. Məsələn, Məhəmməd müəllim türk şeirinin tədqiqatçısı İ.V.Steblevanın elmi mülahizələri ilə bağlı yazır: “İ.V.Steblevanın da elmi yaradıcılığı qədim türk şeirinin vəzn xüsusiyyətlərinin öyrənilməsinə həsr edilmişdir. Lakin bu axtarışların nəticələri, onun müddəaları, əslində qədim türk şeirinə məxsus spesifik xüsusiyyətlərin inkarına çevrilmişdir. Əgər İ.V.Stebleva V-VIII əsrlər türk şeirinin təşəkkülünü səsli-tembrli vəznlə bağlayırsa, XI əsr türk şeirinin vəzn əsaslarını tamamilə əruzla bağlamış, türk dilinin ahəng və tələffüz xüsusiyyətləri ilə bağlı hecanı tamamilə kənara qoymuşdur.
“Kitabi-Dədə Qorqud”, “Divani-lüğət-it-türk” abidələri, habelə türk şeir sənətinin Yunis İmrə, Ə.Yasəvi, Molla Qasım, Şah Qasım Ənvar, Əmani, Vaqif kimi görkəmli nümayəndələrinin yaradıcılığı bütün zənginliyi ilə belə bir həqiqəti təsdiqləyir ki, hələ XI-XVII əsrlərdə heca vəzni özünün kamillik səviyyəsinə yüksəlmiş, şeir sənətinin “yüksək ahəng və melodizm” tələblərinə layiqli cavab verə bilmişdir...".
“Azərbaycan şeirinin vəzn və evfoniya problemləri” kitabında Məhəmməd müəllim, eyni zamanda, şeirimizdə paralelizm məsələsini araşdırmağı da unutmur. Qafiyə ilə bağlı düşüncələrini tədqiqatçılarla, ən başlıcası isə geniş oxucu kütləsi ilə bölüşür. Qafiyə haqqında çox yazılsa da, M.İracoğlu... polemika konteksində şeirimizdə qafiyəyə yeni baxış nümayiş etdirir. Bir sıra hallarda sait və samit səslərin ritminin, qafiyə yaratmaq məharətinin yeni imkanlarını açıqlayır. Bu tədqiqatda M.İracoğlu nəzəriyyəçi araşdırıcıdan daha çox səsin gözəlliklərini araşdıran musiqi tədqiqatçısını xatırladır.
Məhəmməd müəllim elmi axtarışlarını davam etdirməklə yanaşı, müxtəlif vəzifələrdə də səmərəli fəaliyyət göstərmişdir. Ayrı-ayrı vaxtlarda respublika Təhsil Nazirliyində ictimai fənlər üzrə inspektor, Azərbaycan İqtisad İnstitutunda kafedra müdiri, Mədəniyyət və İncəsənət Universitetinin Quba filialının direktoru olmuşdur. 2000-ci ildən isə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialına rəhbərlik edir.
M.İracoğlu bu ali təhsil müəssisəsində güclü tədris bazasının yaradılmasında, elmi potensiala malik kadrların toplanılmasında, bir sözlə, yeniləşən Azərbaycanda yeni pedaqoji təfəkkürə malik müəllimlərin hazırlanmasında mühüm rol oynayır.
Pedaqoji fəaliyyəti ilə elmi yaradıcılığı vəhdət təşkil edən Məhəmməd müəllim bu vaxta qədər bir-birinin ardınca dərs vəsaitləri, monoqrafiyalar, ədəbiyyat üzrə test tapşırıqları (“Kitabi-Dədə Qorqud” şeiri", “Azərbaycan şeirinin şəkilləri”, “Azərbaycan şeirinin vəznləri”, “Azərbaycan şeir sənəti”, “Əruzu necə öyrənməli”, “Əruz testləri”) çap etdirmiş, Prezident Aparatı yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən professor elmi adına layiq görülmüşdür.
***
Bu il
dekabr ayında professor Məhəmməd İracoğlunun 60
yaşı tamam olur. Keçdiyi ömür yolunu xəyalında
canlandırıb deyir: — Qırx iki il bundan
əvvəl Bakıya oxumağa gedəndə anam gözlərimdən
öpüb bir əhvalat danışdı: Oğlum, nilufər
adında ətirli-qoxulu bir çiçək var. Arılar rəngini
görüb iyini duycaq üstünə qonurlar. Çiçəyin
ətri onları elə məst edir ki, başları
qarışır, sonra da nilufərin ləçəkləri
qapanır, arılar da ləçəklərin arasında
qalıb məhv olur...
Anam sözünə ara verib susdu, sonra isə mənalı-mənalı:
— Oğlum, böyük şəhərlər də elə bu
nilufər gülü kimidir, — dedi. Gedirsən, başın
qarışar.. Bir vaxt ayılarsan ki,
yaş ötüb, illərsə ömründə heç
bir iz qoymadan ötüb keçib...
Anamın bu
sözlərini heç zaman unutmadım. Dəfələrlə
Bakıda qalmaq, vəzifə tutmaq təklifini alsam da, qəbul
etmədim. Rayonda yaşamağı, burada
elmi-pedaqoji fəaliyyətlə məşğul olmağı
üstün tutdum. Peşman deyiləm.
Hər bir uğuruna sevindiyim tələbələrimlə,
övladlarım qədər mənə əziz olan əsərlərimlə
fəxr edir, ölkəmizin şimalında hər cür
şəraitə malik belə bir ali təhsil
ocağına rəhbərlik etməyimlə qürur duyuram.
İnsana bundan artıq nə lazımdır?..
Məhərrəm QASIMLI,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.-2008.-5 dekabr.-S.7.