Azərbaycanı yeni zirvələrə
qaldıran böyük tarixi şəxsiyyət
Azərbaycan xalqı
özünün tarixi boyu yetişdirdiyi ən görkəmli
şəxsiyyətlərdən birinin dünyasını dəyişməsinin
beşinci ildönümünü qeyd edir. Ancaq
xalqımızın və dövlətimizin itkisi nə qədər
böyük, ölçüyəgəlməz olsa da təsəllimiz
də bir o qədər möhtəşəmdir. Çünki
Heydər Əliyevin öz xalqına bəxş etdiyi qüdrətli
Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir.
Ona görə də ulu öndərin haqq dərgahına
qovuşmasından sonra xalqımız və dövlətimiz nəinki
büdrəmədi, əksinə, daha böyük bir
inkişaf yolu keçərək dünyanın ən
nüfuzlu dövlətləri sırasına qoşulmaq
üçün qətiyyətli və cəsarətli
addımlar atıldı. Son beş ildə Azərbaycan cəmiyyət
həyatının bütün sahələrindəki
inkişafa görə dünya dövlətləri arasında
liderlərlə eyni mövqedə durmaq haqqı qazandı. Bu,
tamamilə təbii idi. Çünki bu dövləti Heydər
Əliyev qurmuş, möhkəmləndirmiş və ona əbədilik
bəxş etmişdir. Odur ki, Azərbaycan ildən-ilə,
aydan-aya, gündən-günə inkişaf edir, daha da güclənir.
Heydər Əliyev fenomeni, Heydər Əliyev müdrikliyi. Onun haqqında söz açarkən Şərq müdrikləri barədə işlədilmiş bütün epitetlər, bütün dəyərli ifadələr yerinə düşür. Ancaq mən 1993-cü ilin yayından bəri Heydər Əliyev şəxsiyyəti barədə söz açarkən həmişə rejissor Kamil Rüstəmbəyovun yazıçı Fərman Kərimzadənin məlum əsəri əsasında çəkdiyi “Axırıncı aşırım” filmindən eşitdiyim bir ifadəni xatırlayıram. Filmdə belə bir məqam var. Abasqulu bəy Şadlinski iki nəfər siyasi həmkarı ilə birlikdə Kərbəlayi İsmayıl ilə görüşmək üçün Qarabağlar kəndinə gəlir. Müxtəlif adamlar Abasqulu bəyin ünvanına ən dəyərli ifadələri işlədirlər. Ancaq epizodik rol ifaçılarından biri, hətta tamaşaçı üzünü belə görə bilmədiyi kənd adamı deyir: “Bu kişinin hər gəlişi insanlara nicat, qurtuluş, ümid gətirir”. Bəlkə də mənim həmin ifadə ilə xalqın ulu öndər Heydər Əliyev barədə söylədiyi fikirlər arasında bir eynilik görməyimlə kimsə razılaşmayacaq. Ancaq qoy olsun. Fikir müxtəlifliyi tamamilə təbiidir. Mən fikrimdə israrlıyam ki, xalq ona nicat, qurtuluş, ümid gətirən insanları həmişə fərqləndirib, sevib və ehtiram göstəribdir. Xatırladılan sitatda üstündə dayanmalı mühüm məqam “hər gəliş” ifadəsidir. Nə üçün hər gəliş?
Bəli, əsas məsələ də məhz elə “hər gəliş” ifadəsindədir. Çünki Heydər Əliyevin Azərbaycan rəhbərliyinə ilk gəlişinin 1969-cu il 14 iyul plenumunda olduğunu düşünmək bir qədər sadəlövhlük olardı. Ulu öndər hələ o zamankı Dövlət Təhlükəsizliyi Komitəsində rəhbər vəzifələrə təyin olunarkən Azərbaycan xalqının bəxti gətirməyə başlamışdı. Həmin illərdə Mərkəzi Komitəyə rəhbərlik edən şəxslərin heç biri DTK sədri Heydər Əliyev qədər öz xalqına xidmət edə bilməmişdi. Daha sonra respublikanın rəhbəri, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büro üzvü kimi böyük vəzifələr Heydər Əliyevin Azərbaycana növbəti gəlişi, respublikamızın tərəqqi və inkişafının növbəti mərhələsinin başlanması idi. Ulu öndər 1990-cı il qanlı 20 Yanvar faciəsinin ertəsi günü Moskvadakı Azərbaycan daimi nümayəndəliyinə gələrək Mixail Qorbaçovun müttəfiq respublikalardakı əməllərini pisləyən, sovet rəhbərliyinin milli ayrı-seçkilik siyasətini lənətləyən bəyanat verməklə növbəti dəfə Azərbaycana qayıtmışdı. Məhz onun qətiyyətli və müdrikanə çıxışlarından sonra xalqımız tək olmadığını anlamış, milli-azadlıq hərəkatının daha kəskin, daha geniş mərhələsi başlanmışdı. Tarixçilər haqlı olaraq yazırlar ki, Heydər Əliyev bir görüşlə, bir bəyanatla bütöv respublikamıza, Azərbaycana qayıtmışdı.
Xalqımızın bəxtinə düşən, tarixi gəlişlərdən biri 1990-cı ilin yayında baş verdi. Ulu öndər ev dustağı olduğu (Mixail Qorbaçov onun bütün addımları üzərində nəzarət qoymuşdu) Moskvadan Vətənə, öz əli ilə qurub inkişaf etdirdiyi Bakıya qayıtdı. Fəqət, o günlər Azərbaycana Moskvanın nökərləri rəhbərlik edirdilər və ona görə də xalqın böyük oğluna Bakıda “yer tapılmadı”. Tapıla da bilməzdi. Çünki Heydər Əliyev hər addımda xalq üçün çalışırdı. Moskvanın diqtəsi ilə işləyən, imperiya maraqlarına xidmət edənlər isə Heydər Əliyevin Bakıda qalması ilə barışa bilməzdilər. Saysız-hesabsız hədə-qorxular və təhdidlər ulu öndəri nəinki Bakıda, heç Moskvada da qorxutmamışdı. Ancaq buna baxmayaraq siyasət dahisi Bakıda qalmaqdan imtina edərək birbaşa ata yurdu Naxçıvana getdi. Qohum-qardaşı ilə görüşən (6 ay əvvəl dünyasını dəyişmiş bacısının evinə düşmüşdü) siyasət dahisinin ilk ziyarət etdiyi ünvan Hüseyn Cavidin məzarı oldu. Tarixçilərin, siyasətçilərin və qələm əhlinin nəzərindən yayınmayan həmin məqamın çox böyük tarixi əhəmiyyəti var idi. Onun böyük çətinliklər hesabına Sibirdən gətirdiyi məzarın üzərindəki daşlar çat-çat olmuşdu. Həmin mənzərəni görən ulu öndərin gözlərinin yaşarması heç kəsin yadından çıxmırdı. Ancaq ulu öndərin həmin məqamda işlətdiyi bir ifadə daha təsirli idi: Əgər rəhbərliyin biganəliyi olmasa, xalq öz görkəmli övladına qarşı qətiyyən bu şəkildə biganəlik etməzdi.
Xalq öz görkəmli övladına qarşı qətiyyən biganəlik etmədi və qısa müddət ərzində Heydər Əliyev həm respublika Ali Sovetinə, həm də Muxtar Respublikanın Ali Məclisinə deputat seçildi. Daha sonra Muxtar Respublika Ali Məclisinin sədri vəzifəsinə seçilən Heydər Əliyev mühasirə şəraitində yaşayan, Ermənistanla 300 kilometr sərhədi olan Naxçıvanı məşəqqətlərdən və məhrumiyyətlərdən xilas etdi. Öz şəxsi nüfuzundan istifadə edərək Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə bir çox razılaşmalar, protokollar imzalayan ulu öndər sözün həqiqi mənasında Naxçıvana qurtuluş gətirmişdi. Heydər Əliyevin siyasi gücü və şəxsi fədakarlığı nəticəsində Qars müqaviləsinin şərtlərinin bərpa edilməsi Naxçıvanı əsrin sonundakı sərt sınaqlardan da uğurla çıxardı.
Fikrimcə, “qayıdış” ifadəsini təkcə ulu öndərin Moskvadan Bakıya və ya Bakıdan Naxçıvana gəlməsinə şamil etmək məsələnin mahiyyətini tam ifadə etmir. Elə 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi, xalqın önündə getməyi bacaran ziyalıların xahiş, təklif və tələbi ilə yeni siyasi quruma başqa bir siyasətçinin deyil, bilavasitə Heydər Əliyevin sədr seçilməsi məhz ulu öndərin növbəti qayıdışının təməli demək idi. Azərbaycanı aydın sabaha və işıqlı gələcəyə aparan Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi dühasının bəhrəsi, xalqın arzu və ümidlərinin reallaşması demək idi. Ancaq ən böyük qayıdış, xalqa və müstəqil dövlətimizə “qurtuluş” gətirən qayıdış hələ öndə idi. 1993-cü ilin iyun ayında xalq həmin qayıdışın da şahidi oldu və məhz həmin gündən Azərbaycan sivil, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə dirçəliş, inkişaf, tərəqqi mərhələsinə qədəm qoydu.
Respublikanın xaos və anarxiyadan, səfalət və məhrumiyyətlərdən, dövlətlə xalq, xalq ilə dövlət arasındakı inamsızlıqdan, ordudakı başıpozuqluqdan, özünü siyasətçi adlandıran hər kəsin at oynatmasından xilas edilməsi üçün çox qətiyyətli addımlar atıldı. Heydər Əliyev qarşıya qoyduğu bu məqsədlərin hamısına qısa müddətdə çata bildi. Çünki özündən əvvəlki fərari rəhbərlərin (Ə.Vəzirov, A.Mütəllibov və Ə.Elçibəy dövlət başçısı postunu qoyaraq qaçmışdılar və Heydər Əliyev həmin tendensiyaya son qoydu) hamısına nisbətən həm siyasi, həm də idarəçilik təcrübəsi, eləcə də şəxsi keyfiyyətləri yüksək olan Heydər Əliyev nədən başlayıb nədə qurtarmağı yaxşı bilirdi.
Nəticədə ölkədə ictimai sabitlik yarandı, cəbhədə atəşkəs əldə edildi, yeni neft strategiyasının icrası üçün genişmiqyaslı danışıqlar prosesinə start verildi. Ulu öndər sonralar xatırlatmışdı ki, neft strategiyasının Azərbaycan üçün uğurlu, səmərəli şəkildə icra edilməsindən ötrü aparılan müzakirə və danışıqlarda mənim ən yaxın silahdaşım İlham Əliyev idi. 1994-cü ilin sentyabrında Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənilməsi üçün əcnəbi neft şirkətlərinin yaratdığı konsorsiumla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Hasilatın Pay Bölgüsü Sazişi (“Əsrin müqaviləsi”) imzalandıqdan sonra beynəlxalq aləmdə Azərbaycana maraq qat-qat çoxaldı. Əcnəbi investisiyaların Azərbaycana gətirilməsi üçün isə iki mühüm şərt tələb olunurdu. Birinci, sərmayənin təhlükəsizliyinin qorunması üçün dövlət təminatı — yəni hüquqi baza, ikinci, ölkənin daxili ictimai-siyasi sabitliyi. Heydər Əliyev bu amilləri elə yüksək səviyyədə həll etdi ki, nəinki həmin illərdə, heç geridə qalan bütöv 14 ildə bir dəfə də olsun əcnəbi şirkətlərlə anlaşılmazlıq və ya mübahisə yaranmadı.
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi (1995-ci il, noyabr), ölkə iqtisadiyyatında dirçəlişin inkişaf meylləri ilə əvəzlənməsi (1996-cı il), xarici siyasətdə ilk ən böyük diplomatik uğur (1997-ci ilin dekabrında ATƏT-in Lissabon sammitində), Böyük İpək Yolunun bərpası üzrə Beynəlxalq Bakı Konfransı (1998-ci il, sentyabr), Azərbaycanın Avropa Şurasına tam və bərabərhüquqlu üzv kimi qəbul edilməsi (2001-ci il, yanvar), ölkə Konstitusiyasının müasir dünya qanunvericiliyinə uyğunlaşdırılması üçün keçirilən referendum (2002-ci il, avqust) və digər onlarla, yüzlərlə tarixi tədbir Heydər Əliyev siyasi dühasının nəticəsi idi. Ancaq ulu öndərin siyasi müdrikliyinin ən böyük nümunələrindən biri 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı müraciət idi. Prezident seçkiləri ərəfəsində ölkənin Baş naziri İlham Əliyevin xeyrinə öz namizədliyini geri götürən ulu öndər xalqa üzünü tutaraq deyirdi ki, mən ona özümə inandığım kimi inanıram. Əminəm ki, mənim başa çatdıra bilmədiyim planları, sizin köməyinizlə İlham Əliyev başa çatdıracaqdır.
Geridə qalan beş il sübut edir ki, siyasət dahisi tamamilə haqlı idi. Son beş ildə Azərbaycan bütün sosial-iqtisadi göstəricilər baxımından dünyada lider ölkəyə çevrilibdir. İstənilən rəy sorğusunda İlham Əliyev digər dövlət rəhbərlərindən öndədir. Ən mötəbər beynəlxalq təşkilatlar dövri olaraq Azərbaycanın hansısa göstəriciyə görə birinci yerdə olduğunu elan edirlər. Dövlət büdcəsinin beş ildə 10 dəfədən çox, sənaye istehsalının 2.6 dəfə artması, yoxsulluq həddinin 49 faizdən 16 faizə endirilməsi, 741 min yeni iş yerinin açılması, 1600 məktəb binasının tikilməsi, hər 29 şagirdə 1 kompyuter düşməsinə nail olunması (2003-cü ildə hər 1000 şagirdə 1 kompyuter düşürdü) və başqa məqamlar sübut edir ki, mərhum Heydər Əliyev cənab İlham Əliyevə etimad göstərəndə nə qədər haqlı imiş.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il oktyabrın 24-də ikinci dəfə dövlət başçısı kimi and içərkən söylədiyi tarixi nitqində ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi zərurətini xatırladaraq demişdir: “Beş il bundan əvvəl andiçmə mərasimində mən Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərtərəfli inkişafı üçün fəal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Çünki bu, Azərbaycanın bu günü və sabahı üçün, gələcəyi üçün yeganə siyasətdir. Bu siyasət Azərbaycanı böyük bəlalardan qurtardı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir. Azərbaycan xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atmışdır”.
Fikrimizcə, cənab İlham Əliyevin söylədiyi həmin fikirlərə dünyanın hər yerində yaşayan soydaşlarımız, eləcə də Azərbaycanın dostu olan bütün insanlar şərikdirlər.
Nəbi XƏLİLOV,
YAP Binəqədi rayon təşkilatının
sədri
Xalq qəzeti.-2008.-6 dekabr.-S.4.