Vaşinqton – Bakı əməkdaşlığı qarşıdakı illərdə daha da genişlənəcək

 

Müstəqil Azərbaycanın 1993-cü ilin yayından etibarən həyata keçirdiyi xarici siyasət dünyanın bütün guşələrində hörmət və ehtiramla qəbul edilir. Bunun əsas səbəblərindən biri rəsmi Bakının müstəqil xarici siyasət yürütməsidirsə (yəni hansısa dövlətin arzu və istəyindən asılı olaraq deyil, bilavasitə Azərbaycan dövlətinin maraqlarına uyğun), digər səbəb balanslaşdırıcı diplomatik addımların atılmasıdır. Bu strateji xətdə ölkəmizin Amerika Birləşmiş Ştatları ilə ikitərəfli münasibətlərinin qurulması və uğurla inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Əslində Amerika Birləşmiş Ştatlarının Azərbaycana marağı son bir əsrin deyil, daha əvvəllərin məsələsidir. Hələ XIX əsrin ikinci yarısında Bakının neft şəhəri kimi ad çıxardığı illərdə ABŞ-ın iri neft şirkətləri Azərbaycan neftinə maraq göstəriblər. Məşhur amerikalı iş adamı Rokfellerin “Standart oyl” neft şirkəti xeyli müddət regionda neft məhsulları satışına nəzarəti ələ almışdı. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra Vaşinqtonun bu ölkəyə marağı daha da artmış, 1919-cu il mayın 28-də ABŞ prezidenti Vilson Parisdə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətimizlə görüşmüşdür. Görüşdə müzakirə edilən əsas məsələlərdən biri də Azərbaycan-ABŞ diplomatik münasibətlərinin yaradılması olmuşdur. Sonrakı il Bakıda ABŞ konsulluğu yaradılmışdı. Elə 1991-ci ildə Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini elan edəndə də onu ilk tanıyan ölkələrdən biri ABŞ olmuşdu (25 dekabr, 1991-ci il). Bir sözlə, Vaşinqtonun Azərbaycanla əməkdaşlığının çox zəngin tarixi vardır.

Ancaq bu tarixin Heydər Əliyev mərhələsi münasibətlərin iti sürətlə və daha geniş miqyasda irəliləməsi ilə xarakterizə edilir. Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənməsi üçün imzalanmış “Əsrin müqaviləsi”ndə ABŞ-ın iştirakı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün yaradılmış Minsk qrupunun üç həmsədrindən biri kimi ABŞ-a Azərbaycanda böyük inam ifadə edilməsi tarixi faktlardır. Ancaq ABŞ ekspertləri bir məqamı daha tez-tez yada salırlar. Belə ki, 1993-cü ilin yanvarında ABŞ Prezidenti vəzifəsinə seçilən Bill Klinton məhz elə həmin ayda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevdən məktub aldı. Ağ ev Naxçıvan rəhbərinin məktubuna dərhal cavab verdi. Cəmi bir neçə gün sonra ABŞ və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yaydılar. Daha sonra isə ATƏM-in Minsk Konfransının çağırılmasına tərəfdar olduqlarını bildirdilər. Bütün bunlar ölkələrarası siyasi anlaşmanın təzahürü idi. Ancaq ABŞ Prezidenti Bill Klintonun tapşırığı ilə həmin ölkənin Azərbaycandakı səfiri Riçard Maylsın fevralın 14-də Naxçıvana, Heydər Əliyevin görüşünə getməsi ulu öndərin siyasi nüfuzuna göstərilən ehtiramın ifadəsi idi. Öz dövlət başçısının məktubunu Naxçıvan rəhbərinə çatdıran səfir muxtar respublikaya tezliklə humanitar yardım göndəriləcəyi barədə Dövlət Departamentinin qərarı barədə də məlumat verdi. Beləliklə, ABŞ rəsmiləri Azərbaycanla əməkdaşlıq məsələsində Heydər Əliyev siyasi təcrübəsinə böyük inam və ümid bəslədiklərini ifadə etdilər. Heydər Əliyevin məktubuna layiqincə reaksiya verən Ağ ev “907-ci düzəlişə” baxmayaraq Naxçıvana humanitar yardım göndərdi.

Daha bir tarixi məqam da qeyd edilməlidir. 1994-cü il sentyabrın 25-də BMT Baş Məclisinin 49-cu sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına səfərə yola düşən Azərbaycan Prezidenti Heydər Əliyev Binə hava limanında jurnalistin sualını cavablandırarkən ABŞ-ın Azərbaycana marağını xarakterizə edən fikirlər söyləmişdi: “Son vaxtlar Amerika Birləşmiş Ştatları Azərbaycana daim müsbət münasibət göstərir. Cənab Klinton mənə dəfələrlə məktub göndərmişdir. Təkcə sentyabr ayında ondan iki məktub almışam. Bunlar hamısı onu göstərir ki, Amerika Birləşmiş Ştatlarında Azərbaycana münasibət müsbət istiqamətdə dəyişir və güman edirəm ki, daha da dəyişəcəkdir”.

Doğrudan da sonra bu münasibət daha geniş miqyasda dəyişildi və ABŞ-Azərbaycan əlaqələri dostluq və əməkdaşlıq müstəvisindən müttəfiqlik və strateji tərəfdaşlıq müstəvisinə qaldırıldı. Həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Vaşinqtona səfərləri münasibətlərin daha ha yaxşılaşmasına stimul vermişdir. Tarixçilər yazırlar ki, ABŞ-ın müdafiə naziri Donald Ramsfeldin 2001-2005-ci illərdə dörd dəfə Bakıya gəlməsi ölkələrarası münasibətlərin səviyyəsindən xəbər verir. Ümumiyyətlə isə ABŞ rəsmiləri təkcə yeni əsrin ilk 8 ilində Azərbaycana 60 dəfəyə qədər səfər etmişlər. Azərbaycan rəsmilərinin Vaşinqtona etdiyi səfərlər də təxminən elə bu qədərdir. Dövlət başçılarımızın və dövlət rəsmilərinin müxtəlif beynəlxalq sammit və görüşlərdə iştirakı zamanı keçirdikləri ikitərəfli görüşlər də əlavə edilərsə, Bakı-Vaşinqton əməkdaşlığının bir çox başqa dövlətlər üçün əlçatmaz səviyyədə olduğu barədə söylənilən fikirlərin təsdiqini görərik.

Azərbaycanla ABŞ arasındakı əlaqələr təkcə hər iki ölkənin maraq dairəsində olan məsələlərlə bitmir. Eyni zamanda bütün dünyada baş verən transmilli siyasi proseslərdə, demokratikləşmə sahəsində və digər ictimai-siyasi əlaqələrin dərinləşməsində birgə əməkdaşlığı da özündə ehtiva edir. ABŞ-ın dünyada fövqəldövlətlərdən biri kimi nüfuz qazanması, BMT Təhlükəsizlik Şurası, NATO, ATƏT və digər qurumlarda söz sahibi olması və digər amillər rəsmi Bakıya yaxşı məlumdur. Vaşinqtona yaxşı məlum olan məsələlər arasında isə Azərbaycanın yerləşdiyi geosiyasi məkan, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin və enerji daşıyıcıları infrastrukturunun bu ölkədən keçməsi, Azərbaycanın regionda ən demokratik ölkələrdən biri kimi nüfuz qazanması, istənilən seçkinin əvvəlkinə nisbətən daha şəffaf keçirilməsi, beynəlxalq terrorizmə qarşı yaradılmış koalisiyada fəal iştirakı, narko-ticarətə qarşı dünya ictimaiyyəti ilə birgə mübarizədə göstərdiyimiz fəallıq, sülhməramlılarımızın müxtəlif münaqişə bölgələrində nümunəvi xidməti və bir çox başqa məsələlər də vardır. Ona görə də ekspertlər ABŞ-Azərbaycan münasibətlərinin getdikcə daha da yaxşılaşacağını, ölkədə hakimiyyətin dəyişilməsinin bu münasibətləri daha da inkişaf etdirəcəyini söyləyirlər.

Yeri gəlmişkən, Birləşmiş Ştatların yeni seçilmiş Prezidenti cənab Barak Obama bir çox siyasətçilərin narahatlıq və həyəcanla gözlədiyi məsələlər barədə söz açarkən söyləyib ki, biz Amerika Birləşmiş Ştatlarının dövlət maraqları çərçivəsindən kənar heç bir addım atmayacağıq. Bu maraqlar isə uzun illərdən bəri formalaşıbdır və ənənəvi ABŞ siyasəti mövcuddur. Ənənəvi ABŞ siyasətinin Qafqaz və Mərkəzi Asiya üçün xarakterik olan cizgiləri isə SSRİ-nin çökdüyü günlərdə elan edilib və həmin xətt bütün dövlət başçıları tərəfindən davam etdirilir. Cənab Obamanın dünyaya vəd etdiyi bircə məsələ var ki, o da münaqişələrin ədalətli şəkildə çözülməsi məsələsində ABŞ-ın imkanlarından daha geniş şəkildə istifadə edilməsidir. Deməli, Minsk qrupunun həmsədrlərindən olan ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsi istiqamətində növbəti addımlar atacağı gözlənilir. Üstəlik indiki Prezident ABŞ qanunverici orqanının rəsmi nümayəndə heyətinin tərkibində Azərbaycanda olmuşdur. Deməli, Azərbaycanın problemləri dost ölkənin sonuncu Prezidentinə daha yaxşı məlumdur.

Təbii ki, Amerika Birləşmiş Ştatlarının xarici siyasətinin bir çox məqamlarının formalaşdırılmasında Dövlət Departamentinin xüsusi rolu vardır. Bu qurumun yeni rəhbəri, xanım Hillari Klinton isə hələ cənab Bill Klintonun dövründən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, nəticələri və danışıqların nəticəsiz qalmasına səbəb olan amillər barədə ətraflı məlumata malikdir. Üstəlik, xanım Klintonun əhatəsində xarizmatik fiqur kimi tanınan bir çox siyasətçilər vardır. Məsələn, Azərbaycanın və Cənubi Qafqazın ABŞ üçün əhəmiyyətini həddən artıq yüksək qiymətləndirən, ölkəmizə xüsusi marağı, ümummilli liderimiz Heydər Əliyevin siyasi təcrübəsinə hədsiz ehtiramı olan keçmiş dövlət katibi Madlen Olbrayt ulu öndərin dövründə Azərbaycana gəlmiş, ölkələrarası münasibətlərin genişləndirilməsi üçün geniş danışıqlar aparmışdır. Bundan başqa, xanım Klintonun əhatəsində olan siyasətçilərdən bir neçəsi Azərbaycanın yeni neft strategiyasının reallaşdırılmasında xüsusi xidmətləri olan şəxslərdir. Məsələn, Bill Klintonun ikinci dəfə prezidentliyi dövründə onun milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində işləmiş Sandi Bergeri Azərbaycanla bağlayan məqamlar vardır. Belə ki, cənab Berger Azərbaycanda da geniş fəaliyyət şəbəkəsi olan “Amoko” neft şirkətinin səhmlərinə malikdir. Bu şəxs Bakı—Tbilisi—Ceyhan neft ixrac kəmərinin reallaşması üçün əhatəli şəkildə lobbiçilik etmiş ABŞ rəsmisidir.

Bir sözlə, ABŞ rəsmilərinin bu ölkədəki erməni lobbisinin uydurduğu saxta “maraqlarına” deyil, bilavasitə Birləşmiş Ştatların həqiqi maraqlarına xidmət edəcəyi şəksizdir. Bu maraqlar isə rəsmi Vaşinqtonun Azərbaycanla əməkdaşlığa daha böyük önəm verməsini təmin edəcəkdir.

 

 

İttifaq MİRZƏBƏYLİ.

 

Xalq qəzeti.-2008.-6 dekabr.-S.3.