İnkişaf və yüksəlişin ünvanı — Yevlax

 

...Nə qədər cəld tərpənsəm də, operativ işləsəm də, Yevlax haqqında hazırladığım bu yazının əl-ayağını mümkün qədər tez yığışdırmağa çalışsam da əmin olduğum şəksiz bir həqiqət var: bu yazı qəzetdə çap olunana qədər Yevlaxda, necə deyərlər, az qala bir qəzetlik yenilik olacaq. Yox, elə çıxmasın ki, mən yazı üzərində həftələrlə işləmişəm. Qətiyyən. Məsələnin sirri, sehri, mahiyyəti ondadır ki, Yevlaxda həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinin sürəti, həyata keçirilən tədbirlərin dinamikası ilə ayaqlaşmaq sadəcə olaraq qeyri-mümkündür. Səbəbi isə çox sadədir: Yevlaxda sürət və dinamika aylarla, illərlə yox, həftələrlə, günlərlə, hətta saatlarla ölçülür.

Ola bilsin ki, bu dediklərimiz kimlər üçünsə inandırıcı görünməz, möcüzə, fantastika təsiri bağışlayar. Bax, belə yerdə yaxşı deyiblər: həqiqət faktdan doğar. Elə isə buyurun, mən sizi fakt və həqiqətlərlə üz-üzə qoyuram.

Bir əlavəm də var: qoy, həssas oxucu bizi fakt və rəqəmlərin, göstərici və diaqramların çoxluğuna görə qınamasın. Son illər Yevlaxda həyatın bütün sahələrində əldə edilən görünməmiş inkişaf və irəliləyişi, şəhərdə, necə deyərlər, yeni bir şəhərin yaradılmasını, tikilən evləri, salınan parkları, xiyabanları, fontanları, küçə, yol və körpüləri, əhalinin sosial ehtiyaclarının daha dolğun ödənilməsi istiqamətində görülən genişmiqyaslı tədbirləri, müasir və yüksək zövqlə qurulmuş, yaradılmış əsrarəngiz gözəllikləri göstərməyin, təqdim etməyin başqa yolunu görmədik...

 

Prezident İlham Əliyevin Yevlaxa səfəri bütün sahələrdə işlərin gedişinə böyük təkan vermişdir

 

Hər şeydən əvvəl, onu qeyd edək ki, son illər şəhər icra hakimiyyəti, onun yerli strukturları öz iş üslub və metodlarını, təşkilat-idarəetmə məsələlərini daha da təkmilləşdirmiş, adamlarla aparılan iş ön plana çəkilmiş, icra intizamı, tapşırılmış iş üçün intizam və məsuliyyət hissi diqqət mərkəzində saxlanılmış, bu sahədə ardıcıl və sistemli iş qurulmuşdur. Başlıca diqqət ölkə Prezidenti İlham Əliyevin keçən il oktyabr ayının 23-24-də Yevlaxa tarixi səfəri zamanı qarşıya qoyduğu vəzifələrin, göstəriş və tövsiyələrin uğurla yerinə yetirilməsinə yönəldilmişdir. Ölkə başçısının görülüb başa çatdırılmış işlərə verdiyi yüksək qiymət yevlaxlılara qol-qanad vermiş, ikiqat-üçqat səy və fədakarlıqla çalışmağa ruhlandırmışdır. Bütün bunlar isə öz ifadəsini əldə edilmiş konkret nəticələrdə göstərir.

Cari ilin ötən dövrü ərzində Yevlax rayonunda Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “Yevlax şəhərinin sosial-iqtisadi inkişaf Proqramı”nın yerinə yetirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, geniş quruculuq, abadlıq, tikinti işləri davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılmasına, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılmasına xüsusi fikir verilmişdir.

2008-ci ilin 9 ayında ümumi daxili məhsulun həcmi 269,5 milyon manat olmuşdur. İlin sonunadək daha 300 milyon manatlıq məhsul istehsal olunacaqdır. Bu isə 2007-ci ilin 9 ayına nisbətən 101,5 milyon manat və yaxud 60,5 faiz çoxdur. Ümumi daxili məhsulun artımı əsasən yeni sənaye müəssisələrinin yaradılması, məhsul istehsalının və xidmətlərin artması hesabına olmuşdur.

 

Yeni açılmış sənaye müəssisələri

 

“Lalə-tekstil” MMC — I mərhələnin smeta dəyəri 5,7 milyon manat, illik istehsal gücü 7 milyon manatdır. Hazırda işçilərin sayı 650 nəfərdir. Fabrikin 2-ci mərhələsi tikilir. Burada 450 nəfər işləyəcək və işçilərin ümumi sayı 1200 nəfər olacaqdır. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, Rusiya Federasiyasına və İrana ixrac olunur.

“Gilan dəri” emalı zavodu — smeta dəyəri 18,2 milyon manat, illik istehsal gücü 8 milyon manatdır. İşçilərin sayı 320 nəfərdir. İstehsal olunmuş məhsulların hamısı İtaliya, İspaniya, Ukrayna, Türkiyə və Çinə ixrac olunur.

“Dan” kərpic zavodu — smeta dəyəri 3,2 milyon manat, illik istehsal gücü 30 milyon ədəd kərpic, işçilərin sayı 350 nəfərdir. İstehsal olunmuş məhsul yerli bazarla yanaşı, Gürcüstana da ixrac olunur.

“Arfa” mebel fabriki — I mərhələnin tikintisinə 2,2 milyon manat vəsait qoyulmuşdur. Hazırda fabrikdə 80 nəfər işləyir. Gələcəkdə işçilərin sayı 250 nəfər olacaqdır.

“Qida” kombinatı — yenidənqurma və tikinti işlərinə 1,1 milyon manat vəsait qoyulmuşdur. Kombinatda 110 nəfər işləyir və burada pivə, şəkər əlavə edilmiş sular, çörək, makaron məmulatı, şirələr, meyvə və tərəvəz konservi istehsal olunur. Məhsullar daxili bazarla yanaşı, Rusiya Federasiyasına da ixrac olunur.

Saatda 160 ton asfalt istehsal edən zavod — smeta dəyəri 676 min manatdır, burada 15 nəfər işləyir.

Saatda 60 ton asfalt istehsal edən zavod — smeta dəyəri 496 min manatdır. 8 nəfər işləyir.

Dəmir-beton zavodu — smeta dəyəri 318 min manatdır. Saatda 30 kubmetr beton istehsal edir. 18 nəfər işləyir.

 

Sənaye

 

Ümumi daxili məhsulun 11,5 milyon manatını sənaye, 60,1 milyon manatını kənd təsərrüfatı, 97,2 milyon manatını tikinti, 81,9 milyon manatını ticarət, 2,4 milyon manatını nəqliyyat, 0,9 milyon manatını rabitə, 15,5 milyon manatını digər xidmətlər təşkil etmişdir. İstehsal olunmuş 5 milyon 666,3 min manatlıq sənaye məhsulu ixrac olunmuşdur. Bu, ümumi sənaye məhsulunun 49,2 faizini təşkil edir. 2008-ci ilin 9 ayında hər nəfərə 2299 manat ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2007-ci ilin 9 ayına nisbətən 851 manat və yaxud 58,8 faiz çoxdur.

2008-ci ilin 9 ayında 11,5 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bu, 2007-ci ilin 9 ayında olduğundan 1,8 milyon manat və yaxud 18,1 dəfə çoxdur. Rayon üzrə orta aylıq əmək haqqı 142 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 36,6 manat çoxdur.

9 ayda əhalinin pul gəliri 150,1 milyon manat olmuşdur. Bu, 2007-ci ilin 9 ayında olduğundan 49,4 milyon manat və yaxud 49 faiz çoxdur. Adambaşına (hər nəfərə) pul gəlirləri 1281 manatdır. Pul gəlirlərinin artımına müsbət təsir göstərən əsas amil əmək haqqının, pensiyaların artması, eyni zamanda, yeni iş yerlərinin açılması ilə əhalinin məşğulluğunun təmin olunmasıdır.

Cari ilin 9 ayında pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin ümumi həcmi 81,9 milyon manat olmuşdur. Bu da 2007-ci ilin 9 ayı ilə müqayisədə 37,4 faiz və yaxud 22,3 milyon manat çoxdur. Xaldan kəndində “Ərəş” şadlıq evi tikilib istifadəyə verilmişdir. 9 ay ərzində 133 ticarət obyekti tikilmişdir.

 

Aqrar sahə

 

Hesabat dövründə ümumilikdə 60,1 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 11,5 faiz çoxdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 yanvar 2007-ci il tarixli “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamına uyğun olaraq 8682 istehsalçıya 1 milyon 197 min manat dövlət yardımı verilməsi üçün sənədlər hazırlanıb təqdim edilmiş və ödənilmişdir. Torpaq mülkiyyətçilərinə 1526 tondan çox mineral gübrə güzəştli şərtlərlə satılmışdır. Nəticədə cari ildə taxıl sahələrindən keçən ilə nisbətən 7587 ton artıq məhsul yığılmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 2008-ci ilin 9 ayında 390 ton çox kartof, 1275,4 ton çox günəbaxan, 288 ton çox qarğıdalı, 35 ton çəltik, 11165 ton çox yonca otu istehsal olunmuşdur. 550,8 ton ət, 1846 ton süd, 5 ton yun, 174 min ədəd yumurta çox istehsal edilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 511 baş, davarlar isə 212 baş artmışdır.

Rayonda 9 bank filialı fəaliyyət göstərir. “Xalq bank”ın Yevlax filialı açılmışdır. 2008-ci ilin 9 ayında sahibkarlara, iş adamlarına 21 milyon 798 min manat kredit verilmiş, əhalidən 6 milyon 200 min manat əmanət qəbul edilmişdir. 2008-ci ilin 9 ayında 1050 iş yeri açılmışdır. Onlardan 604-ü daimidir. Son 4 il 9 ayda isə cəmi 11826 iş yeri açılmışdır ki, onlardan da 6054-ü daimidir.

 

Tikinti, quruculuq, abadlıq...

 

2008-ci ilin doqquz ayında bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 125,7 milyon manat olmuşdur. Bu 2007-ci ilin müvafiq dövrünə nisbətən 91,1 milyon manat və yaxud 3,6 dəfə çoxdur. Bütövlükdə son 4 il 9 ay ərzində kapital qoyuluşunun həcmi 237,8 milyon manat olmuşdur.

9 ayda kapital qoyuluşunun 97,2 milyon manatı əsas kapitala yönəldilmişdir. 2007-ci ilin müvafiq dövrünə nisbətən əsas kapitala 72 milyon manat və yaxud 3,8 dəfə çox investisiya qoyulmuşdur. Son 4 il 9 ayda əsas kapitala 190 milyon manat vəsait yönəldilmişdir.

Cari ilin yanvar-sentyabr aylarında Yevlax bələdiyyəsinin inzibati binası, gömrük idarəsinin inzibati binası və bazası, Biznes Ticarət Mərkəzinin binası, Dövlət Miqrasiya Xidmətinin əsas korpusu tikilib istifadəyə verilmişdir. Şahmat məktəbinin, B.Səfəroğlu adına Xalq Teatrının, Gənclər evinin, elektron kitabxananın, Regional televiziya mərkəzinin binalarının tikintisi də başa çatdırılmışdır. Şəhərdə 52 binanın dam örtüyü əsaslı təmir olunmuşdur.

Xaldan kəndində Heydər parkı tikilib istifadəyə verilmişdir. Parkda ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Heydər Əliyev meydanı, Müstəqillik parkı əsaslı surətdə yenidən qurulmuşdur. Əraziyə 9260 kvadratmetr qranit, 11568 kvadratmetr dekorativ plitə döşənmişdir. Ümumiyyətlə, şəhərin küçə və meydanlarına, parklara 24 min kvadratmetr dekorativ plitə, 10800 kvadratmetr mərmər, 23200 kvadratmetr aqlay vurulmuşdur. 3,6 km səkilər çəkilmişdir. Şəhərə Yuxarı Qarxun kəndi istiqamətində girişdə geniş abadlıq, quruculuq işləri görülmüşdür. 2 ədəd giriş qapısı tikilmişdir. Torpaqdan hazırlanmış təpə üzərində dekorativ ionim, gül kollarından Azərbaycan Respublikasının xəritəsi işlənmişdir. Şəhərin 7 küçəsində, Müstəqillik parkında 135 ədəd yeni işıqlandırma dirəkləri qoyulmuşdur. Heydər Əliyev prospektində 3 fəvvarə tikilmişdir. 4 il 9 ayda şəhərdə 22 fəvvarə tikilmiş, 6 məhəllə abadlaşdırılmışdır.

 

Əhalinin vacib sosial ehtiyacları həll olunur

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncamına əsasən içməli suyu olmayan 13 kənddə sutəmizləyici qurğular quraşdırılmışdır. O cümlədən, Aran qəsəbəsində, Aşağı Bucaq, Yuxarı Bucaq, Xaldan, Yuxarı Salamabad kəndlərində içməli sutəmizləyici qurğular cari ilin 9 ayında quraşdırılmışdır. Duzdaq, Xanabad, Əkşəm kəndlərində isə içməli sutəmizləyici qurğuların tikintisinin layihəsi hazırlanmışdır.

2008-ci ilin 9 ayında şəhərdə 21,3 kilometr, kəndlərdə 61 kilometr, cəmi 82,3 kilometr içməli su xətləri çəkilmişdir. 4 il 9 ay ərzində isə şəhərdə 49,9 kilometr, kəndlərdə 163,2 kilometr, cəmi 212,1 kilometr içməli su xətləri çəkilmişdir. 9 ayda 8 ədəd, 2004-2008-ci il ərzində 35 ədəd artezian və subartezian quyuları qazılmışdır. 44 ədəd subartezian quyuları bərpa edilmişdir. Hazırda Cırdaxan, Köyük, Hacımahmudlu, Qaramanlı və digər kəndlərdə subartezian quyularının qazılması üçün tədbirlər görülür.

2008-ci ilin 9 ayı ərzində Bakı prospektində, R.Rza, Füzuli küçələrində, Aran qəsəbəsində 1,9 kilometr kanalizasiya xətləri çəkilmişdir. 1 və 3 saylı nasos stansiyalarında əlavə elektronasoslar quraşdırılmış və təmir işləri aparılmışdır.

Əhali üzrə 20556 abonentlərin 20300-də, yəni 98,7 faizində elektrik sayğacları quraşdırılmışdır. Ümumi gücü 1 meqavat olan 5 ədəd transformator quraşdırılmış, 26 ədəd transformator təmir edilmiş, 13,6 kilometr elektrik verilişi hava xətləri çəkilmişdir. 9 ay ərzində 4,9 milyon manat enerji haqqı ödənilmişdir ki, bu 2007-ci ilin 9 ayına nisbətən 450 min manat və ya 7,3 faiz çoxdur. Bununla yanaşı, ümumi sərfiyyat 2,6 milyon kVt saat azalmışdır. Hesabat dövründə şəbəkə üzrə enerjinin dəyəri 73,4 faiz, o cümlədən əhali üzrə 97 faiz ödənilmişdir.

2008-ci ilin 9 ayında əhalinin təbii qaz təminatının yaxşılaşdırılması məqsədi ilə şəhərdə 5,5 kilometr, kəndlərdə 28,3 kilometr uzunluğunda qaz xətləri çəkilmişdir. 39,3 kilometr uzunluğunda qaz xətləri təmir və bərpa olunmuşdur. Sənaye müəssisələrinin qaz təminatının yaxşılaşdırılması məqsədilə 7,3 km uzunluğunda sənaye qaz xətti çəkilmiş və istismara verilmişdir. Sənaye qaz xəttinin çəkilməsi əhalinin qaz təminatına müsbət təsir göstərmişdir.

Kövər kəndi yaxınlığında Naxçıvan magistral qaz kəməri üzərində qazpaylayıcı stansiyası tikilmişdir. Həmin stansiyadan Kövər və Kolanı kəndlərinə təbii qaz verilmişdir. Qazpaylayıcı stansiyadan rayonun 8 kəndinə təbii qazın verilməsi üçün orta təzyiqli daşıyıcı qaz xətlərinin çəkilişi aparılır. Artıq Malbinəsi və Qaraoğlan kəndlərinə 5600 metr uzunluğunda qaz xəttinin çəkilməsi başa çatdırılmışdır. Qaramanlı, Hacımahmudlu, Köyük, Nəmərli, Nurallar, Dəlləklər kəndlərinə 6500 metr uzunluğunda qaz xəttinin çəkilişi aparılır.

2008-ci ilin 9 ayında Aran qəsəbəsinə və Yəldili, Nərimanabad, Nemətabad, Duzdaq, Kövər, Kolanı kəndlərinə təbii qazın verilməsi təmin olunmuşdur. Bu müddətdə əhali tərəfindən istehlak olunmuş qazın dəyərinin 90 faizinin ödənilməsi təmin edilmişdir. 9 ay ərzində əhali tərəfindən 365,6 min manat təbii qazın dəyəri ödənilmişdir. Bu, 2007-ci ilin müvafiq dövrünə nisbətən 59 min manat və ya 19,3 faiz çoxdur.

 

Təhsil, səhiyyə, mədəniyyət

 

Son illər təhsilin səviyyəsinin yüksəldilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər 2008-ci ildə də uğurla davam etdirilmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun Hacımahmudlu kəndində 280 şagird yerlik əsas məktəb binası, Bəydili kəndində 120 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir. Bununla da son beş il ərzində yeni tikilən məktəb binalarının sayı 10-a çatmış, əlavə 640 şagird yerlik 32 sinif otağı tikilmişdir. Hazırda şəhər 8 saylı orta məktəbin əsaslı təmir işləri davam etdirilir.

2008-ci ildə rayonun ümumtəhsil məktəblərinin XI sinfini bitirən 1367 nəfər məzundan 735 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermiş və 238 nəfər yevlaxlı məzun ali məktəbə qəbul olunmuşdur. Bu da ötən illə müqayisədə 34 nəfər çoxdur. Şəhər 3, 5, 8, Aran qəsəbə 2 nömrəli, Səmədabad, Hacıselli kənd orta məktəblərinin məzunlarından 7 nəfəri 600-dən, şəhər 1, 4, 5, 7, 8, 9, Aran qəsəbə 1, 2 nömrəli, Qoyunbinəsi, Əkşəm, Xaldan, Nərimanabad, Nemətabad, Tanrıqulular, Aşağı Qarxun, Qaraməmmədli, Havarlı və Səmədabad kənd orta məktəblərindən 25 nəfər 500-dən yuxarı bal toplamışdır. Həmin məzunlarla şəhər ictimaiyyəti nümayəndələrinin görüşü keçirilmiş və onlar şəhər icra hakimiyyətinin fəxri fərmanı və hədiyyələrlə təltif olunmuşlar. Məzunlardan 2 nəfəri Türkiyənin, 2 nəfəri ABŞ-ın, 2 nəfəri Rusiya Federasiyasının universitetlərinə qəbul olunmuşdur. Bu il orta məktəbi bitirmiş məzunlardan 25 nəfəri ali hərbi məktəb və akademiyalara, 15 nəfəri isə C.Naxçıvanski adına hərbi liseyə qəbul edilmişdir.

Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. 24 oktyabr 2007-ci il tarixdə təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulan, smeta dəyəri 22 milyon manat olan 235 çarpayılıq Mərkəzi Klinik Xəstəxanasının tikintisinə başlanılmışdır. 3 milyon 800 min manat smeta dəyəri olan Uşaq xəstəxanasında son tamamlama işləri başa çatmaq üzrədir. Mərkəzi Şəhər Xəstəxanasının doğum şöbəsi əsaslı təmir edilmiş, lazımi avadanlıqlarla təchiz olunmuşdur.

Əhaliyə göstərilən mədəni-kütləvi tədbirlərin səviyyəsi yüksəlmiş, mədəniyyət və turizm şöbəsinin bədii özfəaliyyət kollektivləri rəngarəng proqramlarla çıxış etmişlər. Bu tədbirlərdə on minlərlə yevlaxlı öz asudə vaxtını səmərəli keçirmişdir. Mərkəzi Şəhər Kitabxanasında əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmışdır ki, bu da elektron kitabxana sisteminin yaradılmasına, əhalinin informasiya almaq imkanlarının yaxşılaşdırılmasına xidmət edəcəkdir. Bəşir Səfəroğlu adına teatrda əsaslı təmir və yenidənqurma işləri, Aran qəsəbə mədəniyyət evində əsaslı təmir işləri başa çatmışdır.

 

Üzü sabaha doğru...

 

Yolumuz yenə Yevlaxadır. Aradan heç bir həftə də keçməyib. Ancaq yəqin bilirəm ki, artan rəqəmlərlə, faktlarla tanış olacağam, yeni tikintilər görəcəyəm, təzəcə salınan küçələrlə, səkilərlə addımlayacağam. Ən əsası isə odur ki, insanların gözlərində, çöhrəsində işıq, rahat, qayğısız həyat və yaşayışdan doğan xoşbəxt bir təbəssüm, sabaha olan böyük inam və ümidin şahidi olacağam.

Yadıma son vaxtlar Yevlaxda az qala hər addımda eşitdiyimiz sözlər düşür: belə getsə bir-iki ilə Yevlaxı nəinki qonaqlar, heç biz özümüz də tanımayacağıq.

Nə gözəl, nə xoşbəxt bir arzu...

 

Ziyəddin SULTANOV.

 

Xalq qəzeti.-2008.-6 dekabr.-S.4.