Azərbaycanı ləyaqətlə təmsil edən geofizik alim

 

İnsan ömrü enişli-yoxuşlu yolları, bəzən də özünün acılı-şirinli xatirələri ilə yaddaşlarda həkk olunur. Hərə bir cür yaşayır öz ömür payını. Bəziləri başına gələnlərə seyirçi mövqedən baxaraq hər şeyi’ tale payı kimi qəbul edir. Bəziləri də öz mənalı ömrünü cəmiyyətin inkişafına, elmi-texniki tərəqqiyə həsr edir, insanların xoşbəxt yaşaması üçün bütün ömrü boyu yorulmadan çalışır, axtarışda olur...

Belələrindən biri də Davud Məmmədtağı oğlu Sadıqovdur. O, 1936-cı il dekabrın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Babası Mirzə Həbib Məşədi Sadıq oğlu XIX əsrin 80-ci illərində Azərbaycanın elm və mədəniyyət beşiyi olan Şamaxı şəhərində dövrünün tanınmış cərrahı olmaqla yanaşı, həm də poeziya həvəskarı kimi tanınmışdır. Görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin ana dilində yazdığı əsərlərini toplayaraq kitab halında tərtib etmişdir.

Atası Məmmədtağı Sadıqov isə Bakı Neft Texnikumunun yaradıcılarından biri olmuş, sıravi müəllimlikdən texnikumun direktoru vəzifəsinədək yüksəlmişdir. Bu gün Azərbaycan neft sənayesinin müxtəlif sahələrində çalışan yüzlərlə mütəxəssis Məmmədtağı müəllimin yetirmələridir.

Belə bir mühitdə doğulub boya-başa çatan Davud Sadıqov 1955-ci ildə Bakı Neft Texnikumunu bitirdikdən sonra tərəddüd etmədən sənədlərini Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə verərək oraya daxil olur. Seçdiyi ixtisasa vurğunluq D.Sadıqovu ali məktəbdə oxuduğu illərdən elmi biliklərə dərindən yiyələnməyə sövq edir, ilk günlərdən müəllim və tələbələrin sevimlisinə çevrilir. Hələ ali məktəbin dördüncü kursunda oxuyarkən-1959-cu ildə gənc Davud SSRİ Geologiya Nazirliyinin geofizika xidmətinin rəhbəri V.V.Fedınskiyə məktub göndərərək təhsilini başa vurduqdan sonra onu Arktika və ya Antraktidada fəaliyyət göstərən ekspedisiyanın tərkibində elmi-texniki araşdırmalar aparmağa göndərilməsini xahiş edir. Nazirlikdən məktubu Leninqraddakı Arktika və Antraktida İnstitutuna göndərsələr də məktub orada yoxa çıxır. Lakin çox keçmir Davudun öz bilik və bacarığını ortaya qoymaq üçün yeni imkanlar açılır. Ali təhsilini başa vurduqdan sonra onu Rusiyanın Tümen vilayətinə işləməyə göndərirlər. 1960-cı ildən 1964-cü ilədək Rusiya Federasiyasının Qərbi Sibir əyalətində zəngin neft-qaz yataqlarının mənimsənilməsi və kəşfində iştirak edir. Davud Sadıqov xüsusilə Punqinski qaz yatağının kəşfində gərgin əmək sərf etmişdir.

Bir müddət sonra vətənə qayıdan D.Sadıqov əvvəlcə Azərbaycan Neftçıxarma Elmi Tədqiqat İnstitutunda, 1965-ci ildən 1992-ci ilə kimi Azərgeofizika Elmi Tədqiqat İnstitutunda işləmişdir. Bu elmi müəssisədə mədən geofizikası şöbəsində kiçik elmi işçidən şöbə rəisinə qədər yüksələn Davud müəllim bütün bilik və bacarığını qəlbən bağlandığı sahənin inkişafına həsr etmişdir. 1992-ci ildən 2005-ci ilədək o, ARDNŞ-in Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyində baş direktorun müavini – baş geofizik vəzifəsində, 2006-cı ilin əvvəlindən ömrünün sonunadək isə birliyin bazasında yaradılmış Geofizika və Geologiya İdarəsinin geofizika və geologiya üzrə rəis müavini vəzifələrində çalışmışdır.

Quyuların geofiziki üsullarla tədqiqatı sahəsində aparıcı mütəxəssislərdən olan Davud Sadıqov mədən-geofiziki cihazqayırma , quyuların tədqiq edilməsində müstəqil texniki sistemlərin hazırlanması və qurulması sahəsində ciddi araşdırmalar aparmışdır. O, Azərbaycan, Qazaxıstan və Özbəkistanda, həmçinin Qərbi Sibir və Timan-Peçor əyalətlərində quyularda nüvə maqnit karotajı cihazlarının təcrübə nümünələrinin zavod buraxılışlarının işlənməsi və sınaqlarının təşkilində yaxından iştirak etmişdir. 1979-cu ildə məhz nüvə-maqnit karotajı sahəsindəki uğurlu fəaliyyətinə görə ona akademik İ.M.Qubkin adına yuksək mükafat təqdim edilmişdir. Onun 1984-cü ildə müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik dissertasiyası da məhz nüvə-maqnit karotajına həsr edilmişdir.

D.Sadıqovun apardığı elmi təcrübələrdə quyuların geofiziki tədqiqatı və nüvə-maqnit karotajı üsullarının inkişafı, dağ süxurlarının kollektor xüsusiyyətlərinin müəyyən edilməsi, həmçinin neft-qaz ehtiyatlarının hesablanması xüsusi yer tutur. Onun tərəfindən hazırlanmış çatlı-karbonatlı çöküntü kəsilişlərində iki yuyucu məhlul metodu ilk dəfə Azərbaycanda sınaqdan keçirilmişdir. O, ARDNŞ-in neft və qaz ehtiyatları üzrə komissiyasının üzvü kimi geofiziki materialların araşdırılmasında yaxından iştirak edir və öz tövsiyələrini verirdi.

Ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanda neft sənayesinin tənəzzül etdiyi dövrlərdə Davud müəllimə bir çox xarici ölkələrin nəhəng neft şirkətlərindən təkliflər gəlmişdir. O isə yüksək əmək haqqı, rahat şərait vəd edən həmin təkliflərdən imtina edərək doğma vətəndə çalışmağa üstünlük vermişdir.

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandıqdan sonra ölkəmizə gələn xarici neft şirkətləri ilə də əməkdaşlıq edən Davud müəllim bir çox neft və qaz yataqlarının istismarında onlara kömək göstərmiş, öz dəyərli məsləhətlərini vermişdir.

D.Sadıqov yerli və xarici mətbu orqanlarda dərc edilmiş 76 elmi məqalənin, həmçinin “Azərbaycanda quyu kəsilişlərinin nüvə-maqnit tədqiqatları” (1991) , Moskvada nəşr edilmiş “Axtarış-kəşfiyyat və istismar quyuları kəsilişləri öyrənilməsində nüvə-maqnit karotajının tətbiqi” (1984) kimi iki monoqrafiyanın müəllifidir.

Bütün mənalı ömrünü Azərbaycanda neft geofizikasının inkişafına həsr etmiş alim 15 elmi və təcrübi-konstruktor işləmələri haqqında şəhadətnamə də almışdır.

Dövlətimiz bu fədakar mütəxəssis alimin əməyini həmişə yüksək qiymətləndirmişdir. Belə ki, o , 1991-ci ildə “Azərbaycan Respublikasının Əməkdar mühəndisi”, 2003-cü ildə “Neftçilər Günü” münasibətilə ARDNŞ-in Fəxri Fərmanı, 2008-ci ilin sentyabrında isə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Böyük elmi-istehsalat təcrübəsinə, yüksək biliyə malik bir kadr kimi Davud müəllim pedaqoji fəaliyyətlə də məşğul olmuş, Bakı Neft Texnikumu və Azərbaycan Neft və Kimya İnstitutunda dərs demiş, illərdən bəri qazandığı bilikləri gənc nəslə həvəslə öyrətməyə səy göstərmişdir. Alim müxtəlif geofiziki məsələlərə həsr olunmuş 20-dən artıq beynəlxalq və regional elmi-praktik konfrans və simpoziumlarda iştirak və çıxış etmişdir (Moskva, Kiyev, Lvov, İran, Türkiyə, İngiltərə, Fransa, Çin, ABŞ və başqa ölkələrdə). Eyni zamanda Davud müəllim Bakıda keçirilmiş altı beynəlxalq geofiziki konfransların təşkilatçılarından biri olmuşdur.

Azərbaycan və MDB ölkələrinin geofizikasının inkişafında müstəsna xidmətləri olan alim kimi D.Sadıqov “Geofiziki Rossii” (Moskva- 2005) sorğu kitabçasına daxil edilmişdir. Həmçinin, o, 1990-cı ildə “Baş elmi işçi”, 2003-cü ildə “Azərbaycanın tanınmış neftçiləri” (XXI əsr), 2005-ci ildə “Amerika Kəşfiyyatçı Geofiziklər Cəmiyyətinin (SEG) 75 illiyi” diplomuna layiq görülmüşdür. O, eyni zamanda SEG-nin Azərbaycan üzrə nümayəndəsi idi.

Avro-Asiya Geofizika Cəmiyyətinin (EAGO), Amerikanın Karotaj Məlumatlarının Peşəkar İnterpretatorlar Cəmiyyətinin (SPWLA) və Azərbaycan Geofiziklərinin Milli Komitəsinin üzvü olan Davud Sadıqov “Azərbaycan neft təsərrüfatı” jurnalının redaksiya heyətinin üzvü seçilmiş, “Azərbaycanda geofizika yenilikləri” jurnalının isə redaktor müavini kimi nəşrin daha məzmunlu çap olunmasında bilik və bacarığını əsirgəməmişdir.

Yetişməkdə olan gənc geofiziklər nəsli üçün örnək olan zəngin bir həyat yolu keçmiş Davud müəllim həm də qayğıkeş həyat yoldaşı, sədaqətli dost və mehriban ailə başçısı idi. Oğlu Səid Sadıqov atasının yolunu ləyaqətlə davam etdirir. Hazirda o, ABŞ-ın iri neft şirkətlərinin birində geofizik vəzifəsində çalışır.

Görkəmli mütəxəssis və bacarıqlı təşkilatçı D.Sadıqov 2008-ci il noyabr ayının 10-da 72 yaşında vəfat etdi. Davud müəllimin ömür-gün yoldaşı, onun itkisi ilə hələ də barışa bilməyən, uzun müddət onunla bir təşkilatda şöbə rəisinin müavini vəzifəsində işləyən “Azərbaycanda geofizika yenilikləri” jurnalının məsul katibi Fatmaxanım Sadıqova bizimlə söhbətində bildirdi ki, bu itki təkcə Sadıqovlar ailəsinin deyil, eyni zamanda bütun kollektivimizin, Azərbaycanın geologiya və geofizika elminin itkisidir.

Yoldaşları və onu sevənlər D.Sadıqovu yüksək mədəniyyətli, zəhmətkeş, peşəsinə qəlbən bağlı olan bir ziyalı kimi həmişə xatırlayacaqlar. Onun geofizika sahəsində əldə etdiyi nailiyyətlər isə bundan sonra da neçə-neçə neft-qaz yataqlarının işlənməsi və mənimsənilməsində bu sahədə çalışanlara kömək göstərəcəkdir.

 

Qabil YUSİFOĞLU.

 

Xalq qəzeti .-2008.-6 dekabr.- S.7.