Azərbaycan Avrasiyanın
ən mühüm
dövlətlərindən birinə çevrilməkdədir
Tarixən siyasətçinin
öz dövlətinə və ya dövlətin öz rəhbərinə
nüfuz qazandırdığı məqamlar çox olub. Yəni
qüdrətli siyasətçi öz dövlətini
bütün dünyada tanıda bilib və ya bütün
dünya üçün gərəkli olan bir dövlətlə
əməkdaşlıq üçün onun rəhbərinə
də ehtiramla yanaşıblar. Tanrının Azərbaycan
xalqına bəxş etdiyi səadətdir ki, həm ölkəmiz
bütün dünya üçün gərəkli və
maraqlı olan ölkələrdən biridir, həm də
1993-cü ilin yayından sonra ölkəyə rəhbərlik
edən liderlər müstəqil Azərbaycana dünya
miqyasında nüfuz qazandırmaq iqtidarındadır.
Türk dünyasının məşhur simalarından olan Çingiz Aytmatov bu məqamı ifadə edərkən yazıçı və ya siyasətçi maneralarından uzaq, sadə bir türk fərdi kimi qürur duyduğunu dilə gətirmişdi: “Heydər Əliyev neftlə və mühüm geosiyasi əhəmiyyətlə dünyanın nəzər-diqqətində olan Azərbaycana deyil, heç bir təbii sərvəti olmayan, hansısa əhəmiyyətsiz səhrada yerləşən bir ölkəyə rəhbərlik etsəydi, yenə də öz ölkəsinə möhtəşəm nüfuz qazandıra bilərdi. Çünki Tanrı onu bu missiya üçün yaratmışdır”.
Bəli, 1993-cü ilin yayından başlanan islahatlar və ictimai-siyasi proseslər bu gün Azərbaycanı nəinki regionda, hətta, bütün dünyada sayılıb-seçilən, söz və nüfuz sahibi olan bir dövlətə çevirmişdir. Bu gün Azərbaycan öz problemlərini istənilən beynəlxalq təşkilatın tribunasından söyləyir və bu həqiqətlərin geniş şəkildə müzakirə edilməsinə nail olur. Çünki gənc müstəqil dövlətimiz öz siyasi xəttini seçərkən bəşəri idarəçilik prinsiplərini, demokratik dəyərləri, dövlətçiliyin Avropa təcrübəsini əsas götürmüşdür. Qloballaşmanın dönməz xarakter aldığı indiki zamanda dünyanın əsas siyasi qüvvələri bu prinsiplərə hörmətlə yanaşılmasını yüksək qiymətləndirirlər. Son beş ildə Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsini özündə ehtiva edən bir neçə mühüm qərar qəbul edilibdir. Bu özbaşına əldə edilən nəticə deyil, rəsmi Bakının nümayiş etdirdiyi siyasi iradənin nəticəsidir. Artıq beynəlxalq təşkilatlar “Biz Azərbaycan və Ermənistan rəhbərlərinin gələcəyi hər hansı bir razılaşmanı dəstəkləyirik” — kimi mücərrəd və ikibaşlı bəyanatları tamamilə gündəlikdən çıxarıblar. Bu gün hamının yekdil rəyi var: “Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkələrin ərazi bütövlüyünün bərpa edilməsi çərçivəsində, beynəlxalq hüququn normaları əsasında həll edilməlidir”. Beynəlxalq təşkilatların bu bəyanatları səsləndirilən dövrdə — 2008-ci ilin dekabrında Ermənistan istina olmaqla dünyanın bütün dövlətləri rəsmi olaraq elan ediblər ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və dünya birliyi Dağlıq Qarabağ adlı respublika tanımır. Deməli, ulu öndərin söylədiyi “dünya birliyinin Azərbaycanı bütövlükdə dəstəkləməsi üçün vaxt lazımdır, zamana ehtiyac var” — ifadəsi böyük bir siyasi uzaqgörənliyin nümunəsi idi. Həmin vaxt, müddət keçib və həmin zaman artıq yetişibdir.
Dünya birliyinin Azərbaycanı hərtərəfli şəkildə dəstəkləməsinin siyasi-diplomatik səbəbləri ilə yanaşı sosial-iqtisadi səbəbləri də çox böyükdür. Rəsmi Bakı “Əsrin müqaviləsi”nin imzalanması, Bakı — Tbilisi — Ceyhan neft, Bakı — Tbilisi — Ərzurum qaz ixrac kəmərlərini reallığa çevirməsi, Bakı — Tbilisi — Qars dəmir yolu layihəsinin uğurla icra edilməsində möhtəşəm qətiyyət göstərməsi, NABUKKO — qaz ixrac kəmərinin çəkilməsi üçün öz mövqeyindən çəkilməməsi, Azərbaycanın karbohidrogen ehtiyatları ilə yanaşı Qazaxıstanda istehsal edilən neft və qazında Avropaya nəqlinə şərait yaratması ilə dünya ictimaiyyətinin böyük hörmət və nüfuzunu qazanmışdır. Çünki bu gün ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi məsələsi dünya siyasətçilərinin qarşısında duran ən mühüm məsələlərdən biridir. Elə dövlət başçımızın oktyabr ayında ikinci dəfə Prezident kimi and içməsindən sonra etdiyi üç mühüm rəsmi səfər zamanı da müzakirə edilən əsas məsələlər Azərbaycanın maraqlarının təmin edilməsi ilə yanaşı (indiki məqamda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsindən başqa heç bir problemi yoxdur) dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin əhəmiyyətinin artırılması olmuşdur.
Dövlət başçımızın andiçmədən cəmi 9 gün sonra (noyabrın 5-də) Türkiyəyə rəsmi səfəri zamanı qeyd etdiyimiz hər iki məqam barədə ətraflı fikir mübadiləsi aparılmışdı. Çankaya köşkündə Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gülün adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə dövlət başçımız bu məqamları xüsusilə vurğulamışdır: “Türkiyə tərəfindən irəli sürülmüş Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının ilkin əlamətlərini biz görürük. Ümid edirik ki, bu təşəbbüs və bölgədə yaşanan digər hadisələr, digər təşəbbüslər Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə gətirib çıxara bilər. Bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında həll oluna bilər... Ümid edirəm ki, növbəti illərdə biz bu təşəbbüslərin daha da böyük nəticələrini görə biləcəyik”. Yəni Azərbaycan Prezidenti dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan regiona sabitlik gətirilməsinin region ölkələri ilə yanaşı dünya birliyinin də vəzifəsi olduğunu xatırladır.
Dövlət başçımızın Türkiyə səfərindən 20 gün sonra — noyabrın 25-də Avropa İttifaqının aparıcı ölkələrindən olan İtaliyaya rəsmi səfər etməsi və bu səfər çərçivəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm danışıqlar aparması rəsmi Bakının Avropaya inteqrasiya istiqamətində mühüm addımlarından biri kimi tarixə düşdü. Ancaq Türkiyə səfəri zamanı olduğu kimi İtaliya səfəri zamanı da Azərbaycan Prezidenti Avropa və dünya ölkələrinə növbəti xəbərdarlıq etdi. İtaliyanın “RAİ İnternational” televiziyasına müsahibə verən Azərbaycan Prezidenti dedi: “Bildiyiniz kimi, əfsuslar olsun ki, Cənubi Qafqaz regionunda vəziyyət sabit deyildir. Bu səbəbdən Azərbaycanın iqtisadi inkişafı və müsbət siyasi təsiri regionun təhlükəsizliyi üçün əhəmiyyətli rol oynayır”.
İtaliya səfərindən qısa bir müddət sonra Aşqabada səfər edən Azərbaycan Prezidenti İlham Əliyev orada həm Türkmənistan Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədovla, həm də Türkmənbaşı şəhərində Türkiyənin Prezidenti cənab Abdullah Güllə mühüm danışıqlar və müzakirələr apardı. Türkiyə, Türkmənistan və Azərbaycan prezidentlərinin görüşündə Xəzər, Aralıq dənizi, Qara dəniz bölgəsi, Qafqaz və Mərkəzi Asiya regionu üçün xüsusi önəm kəsb edən məsələlər müzakirə edildi. Dövlət başçıları bir daha bəyan etdilər ki, bu regionun sülh və sabitlik regionuna çevrilməsi üçün mütləq bütün qüvvələr və səylər birləşdirilməlidir. Artıq üç türk dövlətinin lideri bu istiqamətdə mühüm addımlar atıblar.
Dövlətimizin yeritdiyi siyasət və dövlət başçımızın həyata keçirdiyi tədbirlər Azərbaycanı bütünlükdə Avrasiyanın ən mühüm ölkələrindən birinə çevirir. Elə son bir ayda ölkə paytaxtında keçirilən beynəlxalq tədbirlər də bu məqamdan xəbər verir. 2008-ci il prezident seçkilərindən sonra idman yarışları da daxil olmaqla Azərbaycan paytaxtında irili-xırdalı 16 beynəlxalq tədbir keçirilib. Noyabrın 14-də Bakıdakı “Gülüstan” sarayında açılışı edilən “IV Enerji Sammiti” və dekabrın 2-də yenə də həmin sarayda öz işinə başlayan Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı imkanların və sülhün əsasıdır” adlı konfrans bütün dünyanın diqqət mərkəzində idi. Hər iki tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və nitq söyləməsi isə tədbir iştirakçıları tərəfindən çox böyük rəğbət və ehtiramla qarşılanmışdı. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Bakıda keçirilmiş “Azərbaycan XXI əsrdə — uğurun strategiyası” mövzusunda beynəlxaq “dəyirmi masa” iştirakçılarını qəbul edərkən müasir Azərbaycanın dünya miqyasında oynadığı rolun böyüklüyünü, regionun inkişafının qarşısındakı maneəni xarakterizə edən fikirlər söyləmişdi: “Bir daha demək istərdim ki, bizim nəzərdə tutduğumuz bütün planları həyata keçirmək üçün Qafqazda sülh zəruridir”.
Göründüyü kimi ölkədə, regionda və dünyada sülhün, sabitliyin bərqərar olunmasına çalışan Azərbaycan dövləti və dövlət başçımız istənilən tədbirdə dünya ictimaiyyətini Qafqazdakı qeyri sabitliyin aradan qaldırılmasına çağırır. Bu isə Heydər Əliyev sülh siyasətinin davam etdirilməsi, bəşəri dəyərlərin ən yüksək qiymətləndirilməsidir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-2008.- 7 dekabr.- S.1.